Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Məktəbli formaları ilə bağlı suallara SON qoyuldu!

Məktəbli formaları ilə bağlı suallara SON qoyuldu!

08.09.2022 [10:19]

Yeni tədris ilinin başlamasına sayılı günlər qalıb. Avqust ayından etibarən məktəbli ləvazimatları satılan mağazalara axın başlayıb. Belə ki, valideynlər məktəb üçün lazım olan ləvazimatları almaqla yeni tədris ili üçün tədarük görürlər.

Yeganə BAYRAMOVA

Məlumdur ki, bu ilin mart ayında Baş nazir Əli Əsədov “Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirlərinin təsdiq edilməsi” haqqında qərar imzalamışdı. Qərara əsasən, yeni məktəbli formaları 2022-2023-cü tədris ilindən etibarən istifadə olunacaq. Lakin məktəblərdə yeni geyim formalarının 2022-2023-cü tədris ilindən tətbiq edilməsi nəzərdə tutulsa da, valideynlərin çoxu yeni dərs ilində övladlarının məktəbə hansı formada gedəcəyi barədə məlumatsızdırlar. Eyni zamanda, mövcud durum Bakı Tikiş Evində izdihamın yaranmasına səbəb olub. Çünki həm ibtidai sinif, həm də yuxarı sinif şagirdlərinin valideynləri yeni forma almağa tələsirlər. Lakin bütün siniflər forma ilə təmin oluna bilməyəcək. Valideynlərin çoxu istədikləri ölçüdə forma tapa bilmədiklərini qeyd ediblər.

Bakı Tikiş Evindən valideynlərin forma əldə edə bilməməsinə, yaşanan izdihama aydınlıq gətirilib. Bildirilib ki, valideynlərin bütün ölçüləri tapması mümkün olmayacaq. Tikiş Evinin əsas vəzifəsi ibtidai sinif şagirdlərini forma ilə təmin etməkdir.

Xatırladaq ki, elm və təhsil naziri Emin Əmrullayev yeni məktəbli formalarının məcburi olmadığını bildirib. Beləliklə, qarşıdan gələn tədris ilində ilkin mərhələdə ancaq ibtidai sinif şagirdləri yeni məktəbli formalarını əldə edə biləcəklər. Yuxarı sinif şagirdləri isə ancaq növbəti ildən etibarən yeni formada dərsə gedəcəklər.

Elm və Təhsil Nazirliyi məktəblilər üçün yeni geyim formalarının alınması ilə bağlı valideynlərin narazılıqlarına münasibət bildirib. Nazirlikdən verilən məlumatda qeyd olunub ki, yeni tədris ilinin sonunadək formaların dəyişdirilməsi məcburi deyil.

Bildirilib ki, hazırkı geyim formaları 2022/2023-cü tədris ilinin sonunadək istifadə edilə bilər: “Bu, Nazirlər Kabinetinin 17 mart 2022-ci il tarixli 96 nömrəli qərarında da yer alıb”.

Xatırladaq ki, sosial şəbəkələrdə bəzi məktəblərdə yeni geyim formasının məcburiliyi barədə məlumatlar yayılıb.

Qeyd edək ki, yeni formaların satışına avqustun 17-dən başlanıb. Bakı Tikiş Evi hər gün təxminən 500-600 yeni məktəbli formasının tikildiyini və bir o qədər də geyimin satıldığını açıqlayıb. Formalar BTE-nin mağazaları ilə yanaşı “Bravo” marketdə də satışa çıxarılır. Yeni formaların istehsalına gec başlandığı üçün tədris ilinin başlanmasına qədər geyimləri çatdırmaqda çətinliklər yaranıb. Bu səbəbdən bu il yuxarı siniflər üçün məktəbli formaları tikilməyəcək. Bu il Bakı Tikiş Evi yalnız ibtidai sinifləri təmin etmək gücündədir.

Təhsil üzrə ekspert Nadir İsrafilov “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, hər yeni dərs ilinin başlanması ərəfəsində məktəbli forması ilə bağlı məsələ ortalığa atılır, valideynlərin hansı formanı alıb-almayacağı, qiymətlərin əlçatan olub-olmaması, tikiş fabriki rəsmilərinin müxtəlif səpkili açıqlaması gündəm olur: “Əslində, 2020-ci tədris ilindən ölkə məktəblərində vahid məktəbli forması tətbiq olunmalı idi. Yeni eskizlər belə hazırlanmış və ictimailəşdirilmişdi. Bununla bağlı Elm və Təhsil Nazirliyinin müvafiq əmri də var idi. Nazirlik 2020-2021-ci tədris ili üzrə şagirdlərin geyim formalarının təsvirlərini müəyyən edən layihə irəli sürərək, layihəni ictimai müzakirəyə belə çıxarmışdı. Həmin ərəfələrdə birgə müzakirələrdə məktəbli forması tikməkdə maraqlı olan bütün tərəflər dinlənilmiş, müxtəlif fikirlər irəli sürülmüşdü. Bu məsələdə maraqlı olan tərəflər 1 ay müddətində məktəbli formalarının hazırlanması üzrə təkliflər paketini təqdim etmələri qərara alınmışdı. Lakin pandemiya ilə bağlı vəziyyət məktəbli forması məsələsini bir az da arxa plana keçirmiş oldu. Kiçik bir xatırlatmaq yerinə düşər ki, vahid məktəbli forması sovet dönəmində də olub, müstəqillik əldə etdiyimiz dövrdə də. Belə bir məktəbli formasının bütün məktəblərdə tətbiq oluna biləcəyi barədə məsələ Milli Məclisin Elm və təhsil komitəsində müzakirə olunan “Ümumi təhsil haqqında” qanun layihəsində də, Ümumtəhsil məktəbinin nümunəvi Nizamnaməsində də öz əksini tapmışdı. İndi, məsələyə yeni yanaşma və yeni eskizlər təqdimatilə yenidən baxılması zərurəti ortaya çıxıb. Nazirlər Kabinetinin “Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri”ni təsdiq etməsi ilə bağlı qərarı sözügedən məsələnin hökumət səviyyəsində diqqət mərkəzində olub, hazırda istifadədə olan geyim formalarının 2022/2023-cü tədris ilinin sonunadək tətbiq edilə biləcəyi ilə bağlı hazırlıq işlərinə müəyyən möhlət verilməsi qərara alınıb. Təhsilalanların geyim forması ilə valideynləri və ya digər qanuni nümayəndələri tərəfindən təmin edilməsi, bu Sənədin tələblərinə təhsilalanlar tərəfindən riayət edilməsinə məktəbin rəhbərliyinin nəzarət etməsi başadüşülən, geyim formasının qış və yay formalarından ibarət olması isə bəyənilən və təqdirolunandır”.

Paylaş:
Baxılıb: 269 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xarici siyasət

Siyasət

Prezident bu gün

Prezident bu gün

07 Dekabr 10:10

Xəbər lenti

Xəbər lenti

Sabahın hava proqnozu

06 Dekabr 12:28

Xarici siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31