Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Ağalıya qayıdırıq!

Ağalıya qayıdırıq!

08.09.2022 [10:11]

Böyük Qayıdışın ikinci mərhələsi

Günel ABBAS

44 günlük Vətən müharibəsindən bu yana xalqımız üçün ənənə halına çevrilmiş məqamlardan biri də ölkə başçısının müjdəli xəbərləri idi. Ənənəmiz bu gün də davam edir, vətəndaşlarımız Prezident İlham Əliyevin müşavirələrini diqqətlə və maraqla izləyirlər. Sirr deyil ki, Prezident bu çıxışlarda hər dəfə yeni bir xoş xəbər verir və prioritet hesab etdiyi məsələlər qısa müddətdə reallığa çevrilir. Bunun uğurlu nəticələrindən biri də ötən gün ilk dəfə Zəngilanın Ağalı kəndində baş tutan Böyük Qayıdışdır. Qürurlu və kövrək duyğularla izlədiyimiz görüntülərin memarı olan ölkə başçısı təntənəli günlərin müjdəsini bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirənin sonunda söylədiyi yekun nitqində bildirmişdi. Qeyd etmişdi ki, Ağalı kəndinin sakinləri bu il öz dədə-baba yurdlarına qayıdacaqlar.

Ötən gün ölkəmizdə Böyük Qayıdışın növbəti sevinci, təntənəsi baş tutub. Belə ki, sentyabrın 7-də Zəngilan rayonunun Ağalı kəndinə əhalinin köçürülməsinin ikinci mərhələsinə başlanılıb. Rayonun “ağıllı kənd” konsepsiyası əsasında yenidən salınmış Ağalı kəndinə Böyük Qayıdışa uyğun olaraq daha 25 ailə (125 nəfər) köçürülüb. On iki ailədən ibarət birinci köç karvanı Abşeron rayonunun Masazır kəndindəki “Zəngilan şəhərciyi”ndən yola düşüb. Digər 13 ailə isə ikinci köç karvanı ilə sentyabrın 9-da məcburi köçkünlük həyatına son verəcək.

Qeyd edək ki, Ağalı kəndinə əhalinin köçürülməsi Böyük Qayıdışın ilk qədəmləridir. İşğala qədər bu inzibati ərazi 3 kəndi birləşdirib. Həmin dövrdə Birinci Ağalıda 40 ailə (154 nəfər), İkinci Ağalıda 60 ailə (245 nəfər), Üçüncü Ağalıda 161 ailə (675 nəfər) yaşayıb. Hazırda bu kəndlərdən olan ailələrin ümumi sayı 352-dir (1 504 nəfər).

Bu günlərdə Azərbaycan xalqının qürurunun, sevincinin öz yeri, öz payı var. Ancaq bu sevincdən ən böyük payı elə Ağalı sakinlərinin özləri götürüb. Onlar doğma yurdlarına qovuşmağın ən ali xoşbəxtliyini yaşayırlar.

Ağalıya köçən kənd sakini Şıxnəsib Mahmudov sevincini bu sözlərə dilə gətirib: “Biz bu gün doğma yurdumuza qayıdırıq. Ağalıya getdiyimiz üçün həm həyəcan, həm də sevinc hisləri keçiririk. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində biz bu gün doğma yurdumuza qayıdırıq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin. Dünən əşyalarımızı maşınlara yığarkən çox qəribə hislər keçirdim. Çünki 30 ilə yaxın müddətdə yaşadığım evdən ayrılmışam. Amma buna baxmayaraq, sevinirəm ki, doğma torpağımıza qayıtmışıq”.

Ağalıya köçən 16 yaşlı Aytən Orucova bildirib ki, o, atasının yaşadığı Zəngilan rayonunun Ağalı kəndinə köçüb: “Ata yurdumuza gəldiyim üçün çox xoşbəxtəm. Həmin yerləri görməsəm də, dərslərdə bizə Qarabağ haqqında məlumatlar verilirdi. Lakin mən özüm də Qarabağ haqqında araşdırmalar etmişəm, oranın necə olması ilə maraqlanmışam.”

Aytən Orucova söyləyib: “Mən hər zaman işğaldan azad edilən ərazilərdə olmaq istəmişəm. Bu gün isə arzularım reallaşdı. Ağalıya köçmək məni həm sevindirir, həm də qürurlandırır”. A.Orucova Ağalı kəndinə böyük maraq və sevinc hissi ilə getdiyini əlavə edib.

Ağalıya köçən kənd sakini Məhərrəm Orucovun Zəngilandan ayrılanda 13 yaşı var idi. Bu gün 13 yaşlı balaca övladı ilə Ağalıya qayıdan Məhərrəm bəy yaşananların qismət olduğuna inandığını deyir: “Mən doğulub boya-başa çatdığım yerlərə qayıtdığım üçün çox sevinirəm. Bizə bu sevinci yaşadan Prezident İlham Əliyevə, Azərbaycan Ordusuna təşəkkür edirik. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə can sağlığı arzulayıram”,-deyə M. Orucov vurğulayıb.

Ağalıya köçən kənd sakini Fazil Səlimov bildirib ki, 1993-cü ildən məcburi köçkünlük həyatı yaşayıblar: “Allaha şükürlər olsun ki, bu gün doğma yurdumuza qayıdırıq. Dövlətimizə təşəkkür edirik ki, bizim Ağalıya köçməyimiz üçün şər?it yaradır”. 29 ildir doğulduğu yerdən kənarda yaşadığını bildirən Fazil Səlimov deyib:” Bu illər ərzində çox çətinliklərlə üzləşdik. Problemlərə baxmayaraq, bu gün uzun illərdir gözlədiyimiz an yetişdi, biz Ağalıya qayıdırıq. Torpaqların azad olunmasında canından keçmiş qəhrəman Vətən övladlarına rəhmət diləyirəm. Allah Prezidentimizi, Ordumuzu qorusun”.

Paylaş:
Baxılıb: 139 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xarici siyasət

Siyasət

Prezident bu gün

Prezident bu gün

07 Dekabr 10:10

Xəbər lenti

Xəbər lenti

Sabahın hava proqnozu

06 Dekabr 12:28

Xarici siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31