Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Azərbaycan üzərindən Şimaldan Cənuba

Azərbaycan üzərindən Şimaldan Cənuba

16.08.2022 [10:41]

Mübariz FEYİZLİ

Yaxın vaxtlarda Azərbaycan-İran-Rusiya hökumət rəsmilərinin üçtərəfli görüşünün keçiriləcəyi gözlənilir. Artıq görüşün gündəliyi də açıqlanıb. Üç ölkənin rəsmilərinin bir araya gələcəyi tədbirdə əsas müzakirə mövzusu Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi ilə bağlı olacaq. Bu barədə İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvi bildirib. “İran-Azərbaycan-Rusiya arasında keçiriləcək üçtərəfli görüşdə tranzit və gömrük məsələləri, həmçinin Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi marşrutlarının şaxələndirilməsi, eləcə də İranın nəqliyyat naziri ilə Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat nazirinin görüşundə dəmir yolu terminalı, yeni sərhəd körpüsü layihələrinin son vəziyyəti nəzərdən keçiriləcək”, - deyə səfir vurğulayıb.

Ən qısa və sərfəli nəqliyyat dəhlizi

Beynəlxalq daşımalarda dəhlizlərə verilən əsas tələblər yüklərin təyinat üzrə çatdırılmasına sərf olunan zamanın qısalığı, təhlükəsizlik, yaxşı infrastruktur, marşrut boyunca yerləşən ölkələr arasında koordinasiyalı fəaliyyət, xidmətlərin keyfiyyəti və əlbəttə ki, daşımaların mümkün qədər az xərclə başa gəlməsidir. Tam qətiyyətlə demək mümkündür ki, Azərbaycanın da qoşulduğu Şimal-Cənub dəhlizində bütün bu tələblər yüksək səviyyədə təmin olunur. Şimal-Cənub dəhlizi yükləri Hindistandan Rusiyaya, eləcə də Şimali və Qərbi Avropaya daha qısa müddətə çatdırmağa imkan verir. Əgər sözügedən marşrut üzrə indiyədək yüklərin daşınması 6-7 həftəyə başa gəlirdisə, Şimal-Cənub dəhlizi bu müddəti yarıyadək azaltmağa imkan verir. Bəhs olunan nəqliyyat dəhlizinin uzunluğu 7200 kilometrdir. İlkin qiymətləndirilmələrə görə hər 15 ton yükün bütün xətt boyunca daşınması zamanı yük sahibləri 2500 dollar qənaət etmək imkanı qazanırlar. Bütün bu amillər də beynəlxalq səviyyədə Şimal-Cənub marşrutuna marağın artmasını şərtləndirir.

Xatırladaq ki, Şimal-Cənub dəhlizinin təməli 2000-ci il 12 sentyabr tarixində Rusiya, İran və Hindistan arasında imzalanmış hökumətlərarası Saziş əsasında qoyulub. Azərbaycan bu Sazişə 2005-ci ildə qoşulub. Ümumilikdə 13 ölkə - Azərbaycan, Belarus, Bolqarıstan, Ermənistan, Hindistan, İran, Qazaxıstan, Qırğızıstan, Oman Sultanlığı, Rusiya Federasiyası, Tacikistan, Türkiyə və Ukrayna sözügedən Sazişi ratifikasiya ediblər.

Azərbaycanın fəal iştirakı

Özünün yol-nəqliyyat infrastrukturunu yüksək səviyyəyə qaldırmağı və Avrasiyada önəmli nəqliyyat habına çevrilməyi hədəfləyən Azərbaycan Şimal-Cənub dəhlizinin formalaşmasında fəal iştirak edir. Prezident İlham Əliyev “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin Azərbaycan Respublikasının ərazisindən keçən hissəsində işlərin sürətləndirilməsi haqqında” 7 dekabr 2015-ci il tarixində ayrıca Sərəncam imzalayıb. İndiyədək bəhs olunan Sərəncamın icrası çərçivəsində Astara (Azərbaycan) - Astara (İran) dəmiryolu xəttinin birləşdirilməsi məqsədilə ölkəmizin ərazisində Astaraçay üzərindəki körpüyə qədər 8,3 km yeni xətt çəkilib. Astaraçay üzərində dəmiryol körpüsü inşa olunub, Astaraçay üzərində dəmiryol körpüsündən İran İslam Respublikası ərazisində tikilmiş yük terminalına qədər 1,4 km uzunluğunda yol çəkilib. Azərbaycan tərəfi Astarada (İran) 35 hektar ərazidə dəmir yolu stansiyasının tikintisini və yüklərin boşaldılması üçün terminalların inşasını öz üzərinə götürüb. Eyni zamanda, 28 mart 2018-ci il tarixində İran İslam Respublikası Prezidentinin Azərbaycana səfəri çərçivəsində “Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında İran İslam Respublikası ərazisində Astara - Rəşt dəmir yolu hissəsinin tikintisinin maliyyələşdirilməsi haqqında Saziş” imzalanıb.

Müxtəlif istiqamətlərə daşımalar

Qeyd etdiyimiz kimi, gözlənilən üçtərəfli görüşün gündəliyində, həmçinin Şimal-Cənub marşrutunun şaxələndirilməsi ilə bağlı müzakirələrin aparılması da nəzərdə tutulub. Bu isə tam real hədəfdir. Məlumdur ki, Azərbaycanın  ərazisindən Şərq-Qərb marşrutu keçir. Eyni zamanda, respublikamız Trans-Xəzər marşrutunun - Orta Dəhlizin fəal üzvlərindən biridir. Son vaxtlarda regiondakı geosiyasi gərginliklər fonunda hər iki marşrutla daşımalarda yüksək intensivlik müşahidə edilir. Respublikamızın üstünlüyü ondan ibarətdir ki, Şimal-Cənub marşrutu da daxil olmaqla bütün nəqliyyat dəhlizləri bir-biri ilə inteqrasiya edilib. Eyni zamanda, Azərbaycan respublikamızın ərzisindən keçməklə Naxçıvana, oradan da Türkiyə vasitəsilə Avropaya qədər uzanacaq Zəngəzur dəhlizinin açılmasına qətiyyətli siyasi iradə nümayiş etdirir. Beləliklə, Şimaldan Cənub istiqamətində daşınan yüklərin respublikamızın ərazisində digər beynəlxalq marşrutlara istiqamətləndirmək mümkün olacaq.

İran ərazisindəki imkanlar da Şimal-Cənub dəhlizinin şaxələndirilməsinə geniş imkanlar qazandırır. Bu ölkənin ərazisindən də Şimal-Cənub dəhlizini Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvana və bu bölgə vasitəsilə Türkiyəyə birləşdirmək mümkün olacaq. Türkiyədən isə yüklər mövcud infrastrukturla Avropaya çatdırılacaq. Qeyd edək ki, 6 mart 2019-cu il tarixində İranda Şimal-Cənub dəhlizinin Qəzvin - Rəşt (175 km) sahəsinin rəsmi açılışı baş tutub. İranın şimalında yerləşən Gilan vilayətində təxminən 165 km uzunluğunda Rəşt-Astara dəmiryolunun tikilməsi ilə Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi tam aktivləşəcək. Mütəxəssislər Şimal-Cənub dəhlizinin funksionallığının təmin olunması baxımından İranın Çabahar limanının önəmini də yüksək dəyərləndirirlər. Çabahar coğrafi baxımdan Asiya, Avropa və Afrikanı birləşdirən bir limandır. Dünya əhalisinin 5 milyardı bu qitələrdə yaşayır və buradakı dövlətlər daim iqtisadi inkişafa can atır. İqtisadi inkişafı isə beynəlxalq əhəmiyyətə malik nəqliyyat yolları olmadan təsəvvür etmək mümkün deyil. Buna görə də Çabahar limanına Hindistan və Çinin sərmayə yatırmasını da təsadüfi hesab etmək olmaz. Çinin və Hindistanın inkişaf edən iqtisadiyyatı Avropaya yeni yolların açılmasını zərurətə çevirib. Bu baxımdan Şimal-Cənub dəhlizinin formalaşmasına xüsusi önəm verilir. Hindistanın Mumbai limanından yüklərin Çabahara, oradan isə Azərbaycan və Rusiya ərazisindən Avropaya daşınması mümkün olacaq.

Paylaş:
Baxılıb: 194 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xarici siyasət

Siyasət

Prezident bu gün

Prezident bu gün

07 Dekabr 10:10

Xəbər lenti

Xəbər lenti

Sabahın hava proqnozu

06 Dekabr 12:28

Xarici siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31