Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Qarabağın ekoloji vəziyyəti bərpa olunur

Qarabağın ekoloji vəziyyəti bərpa olunur

11.08.2022 [10:07]

Ağaclar əkilir, meşələr bərpa edilir...

Pərviz Sadayoğlu

2020-ci ildə baş verən 44 günlük  Vətən müharibəsinin Qələbə ilə başa çatması torpaqlarımızın işğaldan azad edilməsi ilə yanaşı, təcavüzkar Ermənistanın ərazilərimizdə apardığı ekoloji terror aktlarına da son qoydu. Rəsmi İrəvanın ölkəmizə qarşı yürütdüyü təcavüzkar siyasət 30 ilə yaxın müddətdə şəhərlərimizin, kəndlərimizin dağıdılması ilə yanaşı, ekoloji vəziyyətin də bərbad hala salınmasına yol açıb. Vaxtilə həmin bölgələrdəki meşə qoruqları və oradakı nadir fauna, floramız, çaylardakı zəngin sərvətimiz erməni vandalları tərəfindən dağıdılıb, qırılıb. Bir sözlə, Azərbaycanın işğal altındakı ərazilərində ermənilər tərəfindən həyata keçirilən ekoloji terror regionun ekosistemini, təbiətini və resurslarını məhv edib. Bu fakt beynəlxalq təşkilatlar tərəfindən də təsdiq olunub və bununla bağlı çoxsaylı qətnamələr qəbul edilib. Məsələn, Avropa Şurası Parlament Assambleyasının hələ 2016-cı ilin yanvarında qəbul etdiyi 2085 saylı qətnamədə bildirilir ki, Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ regionunu və ona bitişik rayonlarını işğal altında saxlaması nəticəsində Azərbaycanın Aşağı Qarabağda yaşayan vətəndaşları üçün ekoloji və humanitar problemlər yaranıb. Sənəddə bu qınanır. Avropa Şurası Parlament Assambleyası Ermənistan rəhbərliyini su resurslarından siyasi təsir vasitəsi kimi istifadə etməməyə də çağırıb. Bundan başqa, ATƏT missiyası hələ 2006-cı ildə Dağlıq Qarabağ və ona bitişik rayonlardakı yanğınlar nəticəsində ekologiyaya dəymiş zərərlə bağlı da hesabat hazırlamışdı. Ermənistanın həyata keçirdiyi ekoloji cinayətləri “Azercosmos”un peyk şəkilləri də sübut edir. Şəkillərdən görünür ki, işğal altındakı ərazilərin flora və faunası məhv edilib. Ekspertlərin ilkin hesablarına əsasən, Ermənistanın ətraf mühitə və təbii resurslara vurduğu zərər yüz milyardlarladır.

Konkret fakta müraciət etsək, Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan ərazilərində 13197, 5 hektar qiymətli meşə sahəsi misli görünməmiş vandalizmə məruz qalıb. İşğal olunmuş ərazilərdə 460 növdən çox yabanı ağac və kol bitir. Ermənistanın işğalı altında olan Bəsitçay və Qaragöl qoruqları, Arazboyu, Laçın, Qubadlı, Daşaltı təbiət yasaqlıqları kimi qorunan ərazilərdə “Qırmızı kitab”a daxil olmuş 60-dan çox fauna və 70-dən çox flora növünün əksəriyyəti artıq məhv edilib. Hətta müharibə dövründə ermənilər qadağan olunmuş fosfor bombalarından istifadə etməklə həmin ərazidəki bütün bitki örtüyünü məhv edib. Azərbaycanın işğal olunmuş ərazilərində qəsdən törədilmiş yanğınlar nəticəsində, təxminən 110 min hektar ərazi sıradan çıxıb. Ermənistan qəsdən zəhərli, söndürülməsi mümkün olmayan və istifadəsi qadağan olunmuş ağ fosfor bombalarından istifadə etməklə, Şuşa meşələrinə sağalmaz yaralar vurub.

Ermənistanın son 30 ilə yaxın müddətdə işğal edilən ərazilərin təbii sərvətlərinə və ətraf təbii mühitinə bərpası mümkün olmayan külli miqdarda ziyan vurması göz qabağındadır. Həmin ərazilərin ətraf təbii mühitinə vurulan ziyan isə regionda ekoloji tarazlığın pozulmasına yol açıb. Rəsmi qurumların işğaldan azad edilən ərazilərdə apardıqları monitorinq zamanı təbii sərvətlərimizin talan edilməsinin, meşələrdə çoxillik qiymətli ağacların kəsilməsinin (daşınmasında Ermənistan silahlı qüvvələrinin şəxsi heyətindən və ona məxsus olan hərbi texnikadan istifadə edilib) bir daha ortaya çıxıb.  Qazax rayonu istiqamətində, Murov dağ silsiləsi boyu, Ağdərə istiqamətində Talış, Gülüstan, Baranbart meşə ərazisində 100 hektarlarla sahədə fıstıq, saqqız, göyüş, şam, palıd və s. çoxillik ağaclar kəsilib və Ermənistana daşınıb.

Ötən ilin sentyabrında keçirilən BMT Baş Assambleyasının 76-cı sessiyasında ümumi müzakirələr çərçivəsində çıxışında bu məsələyə toxunan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bildirmişdi ki, Ermənistan Azərbaycanın keçmiş işğal edilmiş ərazilərində ekosid - ətraf mühitə qarşı genosid törədib. Göründüyü kimi, Ermənistanın həyata keçirdiyi terror siyasəti yalnız şəhərləri, kəndləri və ya orada yaşayan insanları hədəfə almır, həm də ekoloji tarazlığın pozulmasına yönəlib. Bu isə olduqca təhlükəli bir amildir. 44 günlük Vətən müharibəsində məğlub olan Ermənistan həm də bu hərəkətinə görə, beynəlxalq qanunlar qarşısında cavab verməlidir.

Torpaqlarını işğaldan azad edən Azərbaycan həmin regionda ekovəziyyəti yenidən bərpa etmək üçün də mühüm addımlar atmaqdadır. Füzuli, Zəngilan və Ağdam rayonları ərazilərində, əsasən, Şərq çinarı olmaqla, minlərlə müxtəlif növ ağac əkilib, palıd və digər meşə ağaclarının toxumları səpilib. Ağacəkmə aksiyaları Qubadlıda, Cəbrayılda da davam etdirilməkdədir. İşğaldan azad olunmuş bütün ərazilər minalardan təmizlənib təhlükəsiz vəziyyətə gətirildikcə ağacəkmə tədbirləri də davam etdirilir.

Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Ekologiya və ətraf mühitin mühafizəsi” istiqaməti üzrə hazırlanmışdır

Paylaş:
Baxılıb: 1082 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Siyasət

Xəbər lenti

Siyasət

Növbəti təxribat

28 Mart 10:05

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31