Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Səfirliyimizə hücum...

Səfirliyimizə hücum...

06.08.2022 [10:05]

Radikal qüvvələri kim qoruyur?

Avqustun 4-də Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyi bir qrup radikal dini dəstənin hücumuna məruz qalıb. Azərbaycan XİN-in verdiyi məlumata görə, səfirliyin binasına daxil olaraq, vandalizm aktı törədən qrup üzvləri binanın eyvanında dini bayraqlar qaldıraraq, radikal dini şüarlar səsləndiriblər. Yerli polisin müdaxiləsindən sonra qrup üzvləri binadan çıxarılıb və saxlanılıblar. Hadisə nəticəsində səfirliyin əməkdaşları xəsarət almayıb. Hadisə yerli hüquq- mühafizə qurumları tərəfindən araşdırılır. Məlumatda bildirilib ki, Vyana Konvensiyasına uyğun olaraq, diplomatların və diplomatik binaların təhlükəsizliyinin təmin edilməsi ilə bağlı xəbərdarlıq Azərbaycan XİN tərəfindən diplomatik kanallar vasitəsilə Böyük Britaniya qurumlarının diqqətinə çatdırılıb. Bu konvensiyaya görə, hər bir dövlət onun ərazisindəki səfirliklərin təhlükəsizliyini təmin etməyə borcludur. Azərbaycan İngiltərənin və başqa dövlətlərin Bakıdakı səfirliklərini keyfiyyətli şəkildə qoruyur və indiyə qədər də heç bir problem olmayıb.

“Mehdinin Xidmətçiləri” məsuliyyəti öz üzərinə götürdü

Dünyanın ən demokratik ölkələrindən biri sayılan Böyük Britaniyada Azərbaycanı səfirliyinə hücum edənlərin kimliyi ortaya maraqlı nüanslar çıxarıb. Belə ki, Yasir əl-Həbibin rəhbərlik etdiyi “Mehdinin Xidmətçiləri” təşkilatının bu hücuma görə məsuliyyəti öz üzərinə götürdüyü bildirilir. Azərbaycanın Londondaki səfirliyinə hücumla bağlı 8 nəfər saxlanılıb. APA-nın Britaniya bürosu bu barədə London polisinə istinadən xəbər verib. Bildirilib ki, hadisə zamanı xəsarət alan olmayıb, faktla bağlı araşdırma davam edir. London polisinin sözçüsü onu da vurğulayıb ki, yerli vaxtla saat 16:30 radələrində bir qrup etirazçının səfirlik binasına daxil olması barədə məlumat aldıqdan sonra hadisə yerinə gediblər. 8 nəfər səfirlik binasına qanunsuz daxil olmaqda və binaya zərər vurmaqda şübhəli bilinərək saxlanılıb.

Müvəqqəti işlər vəkili XİN-ə çağırıldı

Böyük Britaniyanın Azərbaycandakı səfirliyi də Azərbaycanın Londondakı səfirliyinə hücumu pisləyən açıqlama yayıb. Açıqlamada qeyd olunub ki, Böyük Britaniya Azərbaycanın Londondakı səfirliyinə daxil olan etirazçıların hərəkətlərini pisləyir və hal-hazırda bu məsələ ilə bağlı hərtərəfli araşdırma aparır. Polis binanın içərisindəki səfirliyin əməkdaşlarını təhlükəsiz şəkildə təxliyə edib, daha sonra etirazçıları oradan uzaqlaşdırıb. Böyük Britaniya ölkədəki diplomatik nümayəndəliklərin qorunmasına zəmanət vermək öhdəliyinə ciddi yanaşır və polis müvafiq təhlükəsizlik tədbirlərinin görülməsini təmin etmək üçün Azərbaycan səfirliyi ilə əlaqə saxlayır.

Londondakı Azərbaycan səfirliyinə qarşı dini radikal qrup tərəfindən törədilən hücumla bağlı XİN-ə çağırılan Britaniya müvəqqəti işlər vəkilinə qəti etiraz bildirilib. Bu təxribatın diplomatik nümayəndəliyin təhlükəsizliyinin təminatı məsələsini ciddi şəkildə üzə çıxardığını və ev sahibi olan ölkəsinin beynəlxalq hüquqi öhdəliklərinə uyğun olaraq təhlükəsizlik tədbirlərini görməli olduğu qarşı tərəfin diqqətinə çatdırılıb. Belə halların bir daha təkrarlanmayacağına dair qarşı tərəfdən zəmanət tələb edilib. Baş vermiş vandallıq aktı ilə bağlı Birləşmiş Krallığın müvafiq qurumları tərəfindən hərtərəfli istintaq-araşdırma tədbirinin aparılması və cavabdeh şəxslərin məsuliyyətə cəlb edilməsi tələbi səsləndirilib. Britaniya müvəqqəti işlər vəkili baş vermiş hadisə ilə bağlı dərin təəssüf hissi və narahatlıqlarını ifadə edib. Hadisə ilə bağlı istintaqın aparıldığını bildirilib.

2018-ci ildə İran, 2022-ci ildə Azərbaycan...

Sözügedən “Mehdinin Xidmətçiləri” təşkilatının Küveyt əsilli rəhbəri Yasir əl-Həbib (tam adı Yasir Yəhya Abdullah əl-Həbib ) ilk dəfə deyil ki, bu cür radikal cinayətlə gündəmə gəlir. 1979-cu ildə Küveytdə anadan olan əl-Həbibin ilk ali təhsili Küveyt Universitetində siyasət elmləri olub. Bu dövrdə siyasi fəaliyyətlə məşğul olub, eyni zamanda “Mehdinin Xidmətçiləri” təşkilatını yaradıb. Ancaq ifrat görüşlərinə görə, xüsusən də Peyğəmbər (s) səhabələri, raşidi xəlifələrini təhqir etdiyi üçün həbs olunub. Azad edildikdən sonra dini təhsil alıb, İranın Qum şəhərində radikal görüşlü şiə din xadimi Ayətullah Məhəmməd Rza Şirazinin tələbəsi olub. Şirazi ailəsi ilə qohum olan əl-Həbib Müctəba əl-Şirazinin kürəkənidir. 2008-ci ildən böyük Britaniyaya köçən əl-Həbib burada keçmiş kilsə binasını alaraq məscidə çevirib və radikal çıxışlarını burada edib. Eyni zamanda “Fədək” adlı telekanal açan əl-Həbib buradakı çıxışlarında Peyğəmbər səhabələrini, həmçinin mötədil görüşlü şiə üləmasını təhqir etməsi ilə “məşhurlaşıb”. 2018-ci ildə əl-Həbib tərəfdarları Londondakı İran səfirliyinə hücum edərək səfirlik binasındakı İran bayrağını endirərək özləri ilə gəti?dikləri bayraqları sancıblar. Həmin vaxt hücumun səbəbi kimi, Ayətullah Sadiq Şirazinin oğlu Hüseyn Şirazinin İranda həbs edilməsi göstərilib. Hüseyn Şirazi İranın dini və siyasi rəhbərliyini təhqir etməkdə günahlandırılırdı.

Hələ illər öncə Küveyt hakimiyyəti İnterpoldan Yasir əl-Həbibin həbsini tələb etsə də, bu tələb cavabsız qalıb. Bu da bir çox dairələrdə əl-Həbibin qorunduğu ilə bağlı iddialara səbəb olub. Həmçinin onun İranın Londondakı səfirliyinə hücum təşkil etməsi və səfirliyin ələ keçirilməsi Britaniya hakimiyyətinə qarşı Həbibin məqsədli olaraq qorunması ittihamlarına səbəb olub.

“Şirazi”lərin fətvası, əl-Həbibin “davası”

Əl-Həbibin dini “söykənəcəyi” olan məşhur “Şirazilər” isə “Mehdinin Xidmətçiləri” təşkilatının ideoloji lokomotivi kimi tanınmaqdadır. Qeyd edək ki, bu ailə İraqda və İranda (Qumda) yaşayıb fəaliyyət göstəriblər. Ailənin əsas siması Ayətullah Şirazi ötən əsrin 70-ci illərində İraqda Səddam Hüseynin təzyiqlərindən qaçaraq bir müddət Livanda yaşayıb, daha sonra Suriyaya köçüb və prezident Hafiz Əsədlə dostluq əlaqələri qurub. Məhz onun sayəsində Suriyada ilk şiə mədrəsəsi yaranıb. Ancaq “Şirazilər” İran İslam inqilabını dəstəkləməyiblər və vilayəti-fəqih nəzəriyyəsinə (fəqihin ali hakimiyyəti, yaxud dini iqtidar nəzəriyyəsi - K.R.) müxalif olublar. Bu müxaliflik ilk vaxtlarda daha çox nəzəri fikir ayrılığı şəklində olub, siyasi qarşıdurma olmayıb. Fikir ayrılığı sonradan daha da dərinləşib və düşmənçiliyə çevrilib. Hazırda Şirazi ailəsinin İranda ofisləri olsa da, əsasən İraqda, Küveyt, Bəhreyn və digər ərəb ölkələrində daha geniş yayılıb və şəbəkə formalaşdıra biliblər.

Maraqlıdır ki, şiəlik içərisində ifrat görüşləri ilə seçilən Ayətullah Şirazi tərəfdarları hazırda əsasən İraq və Böyük Britaniyada çoxluq təşkil edirlər. Britaniyada keçmiş müstəmləkələrdən, xüsusən də İraq, Pakistan, Hindistan, Küveyt, Bəhreyn kimi ölkələrdən şiə ailələri məskən salıb. Onların arasında İranın hazırkı dini hakimiyyəti ilə müxalif olan şiə qrupları, o cümlədən Ayətullah Şirazi tərəfdarları var.

Dini radikalizmə qarşı mübarizə sərtləşdirilməlidir

Hadisə ilə bağlı fikirlərini “Yeni Azərbaycan”a bölüşən Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Ceyhun Məmmədov bildirib ki, bu hadisə Azərbaycanın yürütdüyü müstəqil xarici siyasətlə barışmayan, ölkəmizə təzyiq etmək fikrinə düşən müəyyən qüvvələrin növbəti təxribatıdır. Millət vəkilinin fikrincə, günü-gündən güclənən, möhkəmlənən, müstəqil siyasət kursu həyata keçirən Azərbaycanın inkişafı bu gün bir sıra antimilli mərkəzləri, qüvvələri, hətta ölkələri narahat etməkdədir. Ortaya çıxan bu kimi təxribatlar da həmin narahatlıqların nəticəsidir: “Fikrimcə, Vətən müharibəsindəki qələbədən sonra qarşımızda duran ən mühüm vəzifələrdən biri dini radikalizmə qarşı mübarizənin daha da sərtləşdirilməsidir. Bu istiqamətdə bir sıra qanunvericilik islahatları da həyata keçirilməlidir. Çünki qarşıdakı dövrdə bu kimi təxribatların və təhdidlərin müşahidə edilməsi istisna deyil. Bunun da bir sıra səbəbləri var. Məsələn, hətta ölkə içində bəzi xarici təsirlərə düşən, fərqli maraqlara xidmət etməyə çalışan qruplara və şəxslərə rast gəlinir. Təbii ki, Azərbaycan mühafizə orqanları bütün bu qanunsuz qrupları zərərsizləşdirir. Amma hələ də bəzi xarici maraqlara təəssübkeşlik etməyə çalışanlara təsadüf olunmaqdadır. Təəssüf ki, ölkəmizdəki dini duruma kənar təsirlər də istisna deyil. Bəzi qruplar, hətta dövlətlər buna çalışırlar”.

Millət vəkili bildirib ki, zaman-zaman ölkə daxilində müəyyən təxribatlarla dini durumu gərginləşdirməyə çalışanlar da tapılır. Amma belələri ciddi bir nəticəyə nail ola bilmirlər və bilməzlər də. “Hesab edirəm ki, biz bu prosesləri ciddi şəkildə təhlil etməliyik. Həm daxildən, həm də xaricdən ola biləcək təhdid və təhlükələrin qarşısı çox ciddi şəkildə alınmalıdır. Azərbaycanda tam dini etiqad azadlığı hökm sürməkdədir. İnsan hüquqları qorunur, məscidlər fəaliyyət göstərir. Qanunun aliliyi təmin edilir. Fikrimcə, təxribatlara qarşı daha qətiyyətli mübarizə aparmalıyıq”, -deyə C.Məmmədov əlavə edib. 

P.İSMAYILOV

Paylaş:
Baxılıb: 468 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30