Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Dəmir yumruq yerindədir

Dəmir yumruq yerindədir

29.06.2022 [09:32]

Heç kim unutmasın!

Nurlan QƏLƏNDƏRLİ

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev iyunun 26-da - Silahlı Qüvvələr Günündə Kəlbəcər rayonuna səfəri çərçivəsində komando hərbi hissəsinə döyüş bayrağının verilməsinə həsr olunmuş təntənəli mərasimdə çıxışı zamanı çox mühüm məqamlara toxundu, önəmli mesajlar verdi. Dövlət başçısı möhtəşəm tarixi Qələbənin qazanılmasından, Zəfərin mənəvi-siyasi və hərbi-strateji əhəmiyyətindən, Azərbaycanın XXI əsrin müharibəsini aparmasından, yeni mərhələdə ordu quruculuğunun müasir çağırışlara uyğun davam etdirilməsindən və digər bir sıra mühüm məsələlərdən bəhs etdi.

- Prezident İlham Əliyev vurğuladı ki, Müzəffər Azərbaycan Ordusu tarixi missiyanı şərəflə yerinə yetirdi. Onun sözlərinə görə, “Biz Vətən müharibəsində xalqımızın böyüklüyünü göstərdik, yenilməz ruhumuzu göstərdik, güclü iradəni göstərdik və göstərdik ki, Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində deyildi. Azərbaycan xalqı bütün gücünü səfərbər edib tarixi şərəfli missiyanı yerinə yetirib”.

İkinci Qarabağ müharibəsi bir çox cəhətləri ilə dünya hərb və siyasət tarixinə əbədi həkk olundu. Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gün ərzində işğalçıları döyüş meydanında layiqincə cəzalandırdı, 5 şəhər, 4 qəsəbə və 300-dək kəndi işğaldan azad etdi. Başqa sözlə, güclü Azərbaycanın qüdrətli ordusu Ermənistanın 30 il müddətində havadarlarının dəstəyi ilə qurduğu ordunu darmadağın etdi. Çox sayda tank, artilleriya qurğuları, raket sistemləri, canlı qüvvə məhv edildi, hərbi texnika, silah-sursat ələ keçirildi. Ermənistan tərəfinin tankları, zirehli texnikaları, radar sistemləri və səngərləri Azərbaycanın hərbi dronları üçün ov oldular. PUA-lardan səmərəli istifadə olunması XXI əsrin müharibəsinin əvvəlki savaşlardan fərqli olduğunu göstərdi. Bütövlükdə, XXI əsrin modern müharibə modeli və hərb strategiyası Azərbaycana cəmi altı həftəyə Ermənistanı təslim olmağa məcbur etdi. Nəhayət, ermənilərin özləri haqqında yaratdığı “məğlubedilməzlik” mifi darmadağın oldu. Əlbəttə, bu qələbə təkcə silah-sursat və texnika hesabına təmin edilmədi. Yüksək döyüş qabiliyyəti, taktiki və strateji hazırlıq, nümunəvi vətənpərvərlik ruhu, milli həmrəylik və digər mühüm amillər Azərbaycanın mütləq qələbəsini şərtləndirən mühüm faktorlar kimi xüsusi qeyd edilməlidir. Bütün bunlar XXI əsrin müharibəsinin Azərbaycan modelini əks etdirir. Və bu təcrübənin dünyada, o cümlədən aparıcı hərbi məktəblərdə geniş öyrənilməsi - nümunə kimi göstərilməsi ölkəmizin hərbi-strateji qüdrətinin və siyasi prestijinin əyani ifadəsidir. Prezident İlham Əliyevin dediyi kimi, bizim şanlı müharibəmiz indi müxtəlif ölkələrin ali məktəblərinin hərbi dərsliklərindədir və bunu bir çox hərbi ekspertlər qeyd edirlər: “Çox çətin relyefi olan ərazini, Şuşa kimi alınmaz qalanı cəmi 44 gün ərzində azad etmək ancaq Azərbaycan əsgərinin ruhu, gücü hesabına mümkün olmuşdur. Biz bütün dünyaya göstərdik ki, həm ruhən, həm fiziki cəhətdən, həm peşəkarlıq, həm döyüş qabiliyyəti, həm də Vətənə olan sevgi və məhəbbət nöqteyi-nəzərindən böyük xalqıq”.

- Dövlətimizin başçısı söylədi ki, İkinci Qarabağ müharibəsindən sonra ordu quruculuğu prosesi sürətlə gedir və komando qüvvələri bütün digər silahlı birləşmələrlə bərabər ölkə qarşısında duran bütün vəzifələri yerinə yetirmək, ərazi bütövlüyünü müdafiə etmək və sərhədlərimizi qorumaq üçün bütün imkanlara malikdir. “Biz indi bütün sərhəd boyunca yerləşmişik. Bütün sərhədlərdə hərbi hissələr yaradılmışdır. Müharibədən keçən ilyarım ərzində biz gecə-gündüz çalışmışıq ki, ordumuzu daha da gücləndirək, daha da müasir silahlarla təchiz edək, sərhəd boyunca bütün əlverişli mövqelərə sahib olaq, yerləşək və buna nail olduq. Altı ay bundan əvvəl Hadrutda birinci komando hərbi hissəsi açılmışdır. Bu gün Kəlbəcərdə ikinci komando hərbi hissəsi açılır. Növbəti komando hərbi hissələrinin açılması nəzərdə tutulur və bu silahlı birləşmələrdə minlərlə azərbaycanlı xidmət edəcək. Bu, bizim gücümüzü daha da artıracaq” - deyə dövlət başçısı vurğuladı.

Torpaqlarımız işğaldan azad olunsa da, ordu quruculuğu keyfiyyətcə yeni mərhələdə - müasir çağırışlara uyğun davam etdirilir. Müharibədən sonra imzalanmış yeni  müqavilələr icra edilir, ordumuzun təchizatı üçün ən müasir silahlar, texnikalar alınır. Yeni silahlı birləşmələrin - Komando Briqadasının yaradılması isə böyük hərbi-strateji əhəmiyyətə malikdir.

- İlham Əliyevin toxunduğu mühüm məqamlardan biri də möhtəşəm Qələbənin necə və hansı şəraitdə qazanılması oldu. O qeyd etdi ki, bu şanlı Qələbəni əldə etmək üçün gecə-gündüz çalışmalı idik, güc toplamalı idik. “Çünki bu gün dünyada güc amili ön plandadır. Beynəlxalq hüququn norma və prinsipləri işləmir, beynəlxalq təşkilatlar faktiki olaraq fəaliyyəti formal şəkildə davam etdirir. Haqq-ədalət bizim tərəfimizdə idi, beynəlxalq hüquq bizim tərəfimizdə idi, bizim torpaqlar işğal altında idi. Ancaq işğalçıya heç kim “Azərbaycan torpaqlarından çıx!” deməmişdir. Ona görə biz güc toplamalı idik ki, özümüz bu vəzifəni icra edək və toplayırdıq. Siyasi güc topladıq, beynəlxalq aləmdə öz gücümüzü artırdıq. Bütün dünyaya sübut etdik ki, Qarabağ Azərbaycandır və Azərbaycan xalqı bu işğalla heç vaxt barışmayacaq. İqtisadi güc topladıq və iqtisadi müstəqillik əldə etdik. Əgər iqtisadi müstəqillik olmasaydı, imkanlarımız olmasaydı, biz müharibəni hansı vasitələrlə aparacaqdıq? Ona görə iqtisadi müstəqillik və sürətli inkişaf bizim Qələbəmizi yaxınlaşdırırdı” - deyə dövlət başçısı vurğuladı.

İlham Əliyev hələ 2003-cü ildə andiçmə mərasimində Azərbaycanın ərazi bütövlüyünün mütləq bərpa olunacağını qətiyyətlə ifadə etmişdi. O, ötən müddət ərzində güclü iqtisadiyyat quruculuğuna, ölkənin hərbi qüdrətinin və beynəlxalq nüfuzunun, dostlarının və strateji tərəfdaşlarının sayının artmasına nail oldu. Son söz isə Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə döyüş meydanında deyildi: “Qarabağ Azərbaycandır!”.

İlham Əliyev Azərbaycan xalqının haqq savaşını bütün cəbhələrdə - siyasət, dövlət quruculuğu, diplomatiya, informasiya-təbliğat və hərb meydanında uğurla apardı, hədəfə nail oldu. O, bir ölkənin geosiyasi koordinatlarından, ərazi xüsusiyyətlərindən, əhali sayından və digər bir sıra faktorlardan asılı olmayaraq öz strateji iradəsi əsasında ağıllı siyasət yeridə, hədəfə doğru əminliklə irəliləyə biləcəyini əyani şəkildə - əməli fəaliyyəti ilə sübuta yetirdi. Nəyi, nə zaman və necə etməyi hamıdan yaxşı bilən qətiyyətli və qüdrətli Lideri olan Azərbaycanı heç kim və heç nə dayandıra, öz haqlı yolundan döndərə bilmədi.

Təbii ki, Azərbaycanın 44 günlük müharibədə möhtəşəm qələbə qazanaraq torpaqlarını işğaldan azad etməsi təkcə ərazi bütövlüyünün və tarixi ədalətin bərpası deyil. Bu, eyni zamanda, dünyada yeni nümunənin - mühüm presedentin yaradılmasıdır. Söhbət Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının uzun illər kağız üzərində qalmış 822, 853, 874 və 884 saylı qətnamələrinin icrasına nail olmaqdan gedir. Bu, eyni zamanda, BMT-nin korlanmış imicinin bərpası üçün yeni nümunə yaradılması və ya şərait formalaşdırılması baxımından önəmlidir. Bu Qələbə, eyni zamanda, milli mənəviyyatın yenilənməsi, milli qürur və ləyaqətin bərpası, dövlətçiliyin gücləndirilməsidir. Zəfərin strateji prosesə çevrilməsi isə Azərbaycanın sarsılmazlığını təmin edən əsas sütunlardan biridir.

-  Müzəffər Ali Baş Komandan Kəlbəcərdə çıxışı zamanı bir daha inamla, qürurla və qətiyyətlə bildirdi ki, bizi Qələbəyə aparan ən başlıca amil milli ruh, ləyaqət, Vətənə sevgi idi və bunu gənc nəslin nümayəndələri, müstəqillik dövründə yetişən gənclər etdilər. Öz canlarını fəda edərək, ölümə gedərək bunu etdilər. Dövlət başçısı vurğuladı ki, “Biz bu gün qalib insanlar kimi yaşayırıq. Bütün dünya azərbaycanlıları yaşadıqları yerlərdə başlarını dik tutub qalib xalqın nümayəndələri kimi yaşayırlar. Biz tarix qarşısında, əcdadlarımızın ruhu qarşısında və gələcək nəsillər qarşısında tarixi missiyanı icra etdik. Bu tarixi Qələbə daim bizim tariximizdə olacaq. Biz daim bu tarixi Qələbə ilə fəxr edəcəyik”.

Dünyada indiyə qədər çox sayda müharibə baş verib. Öz müstəqilliyini, ərazi bütövlüyünü və suverenliyini qorumaq üçün milli mübarizəyə qalxan millətlər heç də həmişə qalib olmayıblar. Yalnız qətiyyətli lideri olan, güclü dövlət quruculuğuna müvəffəq olmuş və həmrəylik nümayiş etdirən xalqlar haqq-ədalətin təmininə nail olublar. Eynilə Azərbaycan xalqı kimi. Azərbaycan dövləti Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyətli Liderliyi, xalqımızın milli birliyi-həmrəyliyi, ordumuzun qüdrəti, əsgər və zabitlərimizin şücaəti sayəsində ərazi bütövlüyünü, tarixi ədaləti bərpa edib. Bu gün Azərbaycan xalqı dünyada qalib, müzəffər, qürurlu və qurucu xalq kimi tanınır. Xüsusi vurğulanmalıdır ki, vətənpərvərlik ruhunda, milli dəyərlər əsasında yetişmiş - formalaşmış Azərbaycan gəncliyi şərəfli və ləyaqətli mübarizə apararaq, döyüş meydanında öz sözünü deyərək, iradəsini nümayiş etdirərək, mübarizə ruhunu ortaya qoyaraq yeni qəhrəmanlıq salnaməsi yaratdı.

- Azərbaycan Prezidenti növbəti dəfə vurğuladı ki, Ermənistanda revanşist qüvvələr baş qaldırsa, bilməlidirlər ki, onları nələr gözləyir. Dövlət başçısı “Ermənistanla sərhəddə bizim mövqelərimiz daha da möhkəmlənəcək. Əgər Ermənistan sərhədlərin müəyyən edilməsi işində yenə də öz köhnə taktikasına qapılsa, vaxt uzatmağa çalışsa, nəticədə özü peşman olacaq. Biz Ermənistanda baş qaldıran revanşist qüvvələrin hərəkətlərinə diqqətlə baxırıq. Onlar da bunu bilsinlər. Bax, o dağın başında mənim sözlərim yazılıb: “Dəmir yumruq” yerindədir, bunu heç kim unutmasın” dedi.

Əlbəttə, hərbi-siyasi təxribatlar, vaxtı uzatmaq, prosesdən yayınmaq və sabotaj cəhdləri Ermənistan üçün, sadəcə, bumeranq effekti vəd edir: iqtisadi tənəzzülün sürətlənməsi, geosiyasi təcridin dərinləşməsi və s. Digər tərəfdən, Cənubi Qafqazda postmüharibə dövrü olsa da, hərbi-siyasi təxribatlar, üçtərəfli Bəyanatda əksini tapmış öhdəlikləri yerinə yetirməkdən, sülh müqaviləsini imzalamaqdan yayınmaq kimi siyasi sabotajlar eskalasiyaya səbəb ola bilər. Doğrudur, Azərbaycan sülh və məsələlərin diplomatik yolla həllinin tərəfdarıdır. Amma Ermənistanın yanaşması da adekvat olmalıdır. Hər halda, Bakı istənilən yolla hədəfinə çatacaq. İrəvanın taleyi isə öz seçimindən asılıdır. Ermənistan məsuliyyətini dərk etməli və öhdəliklərini yerinə yetirməlidir. Özü də vaxt itirmədən. Çünki vaxt itkisi onlar üçün daha böyük itkilərə səbəb ola bilər.

Dövlət başçısının “dəmir yumruğu” bir daha xatırlatması isə həm hərbi-strateji və mənəvi siyasi əhəmiyyətə, həm də xüsusi rəmzi mənaya malikdir. “Dəmir yumruq” ifadəsinə 44 günlük Vətən müharibəsi zamanı və ondan sonra dəfələrlə rast gəldik, bu söz birləşməsindən qürurla, şərəflə istifadə etdik. Ekran qarşısında Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin xalqa müraciətlərini, çıxışlarını izləyərkən, dövlət başçısının işğaldan azad olunmuş ərazilərə səfərləri çərçivəsində fikirlərini dinləyərkən yaddaşımıza həkk olunan “dəmir yumruğun” varlığına, gücünə-qüdrətinə və əzəmətinə şahidlik etdik. Prezidentimiz dəfələrlə qeyd etdi ki, işğalçılar Azərbaycan torpaqlarını tərk etməsələr, “dəmir yumruq” onların başını əzəcək. Cənab İlham Əliyevin istifadə etdiyi bu ifadə İkinci Qarabağ müharibəsində sonradan hərbi əməliyyat adı kimi tarixin yaddaşına yazılıb tarixiləşdi. Ali Baş Komandanımız qürurla qeyd etdi ki, biz “dəmir yumruq”la erməni faşizminin başını əzdik, belini qırdıq.  “Dəmir yumruq”, hər şeydən əvvəl, qətiyyət, güc və həmrəylik simvoludur. Dünyanın ən nüfuzlu şəxsiyyətləri sırasında olan İlham Əliyevin qətiyyəti, Azərbaycan dövlətinin, o cümlədən ordumuzun gücü, nəhayət, öz liderinin, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında birləşmiş xalqımızın həmrəyliyi, birliyi - bütün bunlar “dəmir yumruq”un rəmzi mənasını, mənəvi dəyərini və milli məzmununu əks etdirir. Və “dəmir yumruq” bu gün də yerindədir!

- İlham Əliyevin toxunduğu mühüm məsələlərdən biri Azərbaycanın yaratdığı reallıqların dünyada qəbul edilməsi oldu.  Dövlət başçısı “Dünyanın aparıcı qüvvələri postmüharibə reallıqlarını artıq qəbul ediblər və öz fəaliyyətini bu reallıqlar əsasında qururlar. Ermənistan da bu reallığı qəbul etməlidir. Müharibədən cəmi bir il yarım keçibdir. Bu müharibəni unutmasınlar - nə onlar, nə də ki, sonrakı nəsillər. Bilsinlər ki, Azərbaycan güclü dövlətdir, Azərbaycanın güclü ordusu var, Azərbaycan əsgəri, zabiti dövlətimizi qorumaq üçün canını fəda etməyə hazırdır, necə ki, İkinci Qarabağ müharibəsində canlarını fəda etdilər” - deyə vurğuladı.

Tarix dünənin siyasəti, siyasət isə bu günün tarixidir. İndi regionda yeni tarix yazılır - Azərbaycanın müəllifliyi ilə. Bu günün tarixində yer almaq dünənin siyasətindən düzgün nəticə çıxarmaqdan asılıdır. Hazırda bölgədə real praktiki əməkdaşlıq çərçivələri müəyyən olunur. Bu, həm də bölgənin geostrateji gələcəyinin inşasıdır. Ermənistanın gələcəyi də buradadır - təbii ki, İrəvanın yanaşmasından asılıdır.

Ermənistanın, bir zamanlar güvəndiyi (və hələ də sığınmağa, yarınmağa çalışdığı) qüvvələrin bu gün regional proseslərə təsir etmək və bölgədə geostrateji reallıqları dəyişdirmək imkanı yoxdur. Bir vaxtlar sülh müqaviləsinin imzalanmasını gündəmə belə gətirmək istəməyən, bu məsələdən yayınmağa çalışan, qondarma status məsələsindən danışan və uydurma “Dağlıq Qarabağ” ifadəsindən istifadə edən dairələr indi tamamilə fərqli - yeni mövqe sərgiləyirlər. Onların leksikonunda nə “status”, nə də Qarabağ sözünün əvvəlinə yamaq edilmiş “Dağlıq” anlayışı var. Görünən budur ki, Azərbaycanın “münaqişə bitib, “Dağlıq Qarabağ” məfhumu yoxdur” haqlı, obyektiv yanaşması beynəlxalq miqyasda - bütün səviyyələrdə siyasi-hüquqi müstəvidə qəbul edilib. İstər üçtərəfli bəyanatlarda, istərsə də Avropa İttifaqı Şurası prezidentinin mətbuata açıqlamalarında “Dağlıq Qarabağ” ifadəsinin yer almaması, qondarma status məsələsindən bəhs olunmaması, bir müddət əvvəl Rusiya Prezidentinin münaqişənin bitməsi barədə fikirləri də bu reallığın ifadəsidir.  Azərbaycan müharibənin bitməsi - yeni mərhələnin başlanması reallığını qəbul etdirib, yeni strateji yanaşmaların ortaya qoyulmasını zərurətə çevirib. Artıq regionda postmüharibə mərhələsidir və bölgədə geosiyasi təqvim Bakı vaxtı ilə müəyyənləşir. 44 günlük müharibədə qələbə qazanaraq 100 illik regional geosiyasi vəziyyəti dəyişdirən Azərbaycan yeni nizam yaradır.

Paylaş:
Baxılıb: 1334 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Maraqlı

Mədəniyyət

Sosial

İqtisadiyyat

MEDİA

Siyasət

ABŞ izi azdırır

19 Aprel 10:23

Xəbər lenti

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30