Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Kinematoqrafiya sahəsində 2 oxşar qurum olsa da...

Kinematoqrafiya sahəsində 2 oxşar qurum olsa da...

23.06.2022 [10:39]

Keyfiyyətli filmlər çəkilmir

Y.SAHİB

Azərbaycanın kino tarixi və mədəniyyəti əksər ölkələrdən üstün olsa da, bu gün səs sala biləcək və baxımlı bir film üzə çıxarılmır. Ortaya qoya biləcəyimiz filmlər yalnız sovet dönəmində çəkilənlərdir. Halbuki milli kino ənənələrinin qorunması və Azərbaycan kinematoqrafiyasının yeni şəraitdə fəaliyyət göstərə bilməsi istiqamətində mühüm addımlar atılıb. “Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı” kino sahəsi üçün genişmiqyaslı mühüm sənəddir. Hər il film sektorumuzun inkişafı üçün dövlət tərəfindən kifayət qədər maliyyə vəsaiti ayrılır. Ancaq bu sahədə problemlər bitmir ki, bitmir. Necə deyərlər, “köhnə hamam, köhnə tas”. Sanki bu vəsaiti qaytarmamaq üçün filmlər çəkilir. Təəssüflə qeyd etməliyik ki, həmin vəsait hazırda Azərbaycan teleməkanını zəbt edən bayağı seriallara və “komediya” filmlərinə sərf edilir. Milli mənəvi dəyərlərimizi, tariximizi əks etdirən filmləri isə görə bilmirik. Bəzi rejissorlar vaxtı ilə tarixi filmlərin çəkildiyini və təkrarçılığa ehtiyac olmadığını qeyd edirlər. Ancaq bir nüansı vurğulayaq ki, tariximizi əks etdirən bir sıra filmlər sovet dönəmində çəkilib və bəziləri də sovet ideologiyasına uyğun olaraq dəyişikliklərə məruz qalıb. Hətta gənclər arasında sorğu keçirilsə, əksəriyyətinin o filmlərə baxmadığını, hətta bu cür filmlərin varlığından xəbərsiz olduğunu görərik.

Ölkəmizdə mədəniyyət və kino sahəsində ciddi islahatlara ehtiyac olması ilə bağlı dəfələrlə deyilib və yazılıb. Bu məsələ bir neçə dəfə parlamentdə də qaldırılıb. Millət vəkilləri qonşu ölkələrlə müqayisədə Azərbaycanda kino sənayesinin pis vəziyyətdə olduğunu dilə gətiriblər. Kino sənayemizin bugünkü vəziyyətindən narazı olan deputatların əksəriyyəti “Kino haqqında” qanunun üzərində işləməyin lazım olduğunu bildirirlər.

Qeyd edək ki, hazırda Azərbaycanda iki ictimai kinematoqrafiya təşkilatı fəaliyyət göstərir. Biri 1963-cü ildə təsis edilən Azərbaycan Kinematoqrafçılar İttifaqı, digəri isə 2012-ci il iyunun 21-də “Nizami” Kino Mərkəzində “Kino və konseptual problemlər” mövzusunda keçirilmiş tədbirdə yaradılan Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqıdır. Onu da bildirək ki, Azərbaycan Kinematoqrafçılar İttifaqına hazırda xalq artisti Rasim Balayev, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqına isə digər xalq artisti Şəfiqə Məmmədova rəhbərlik edir.

Bir-birinə bənzər iki qurumun kino sahəsində effektiv fəaliyyəti varmı? Hansı işlər görülməlidir ki, dövlətin ayırdığı vəsait qeyri-ciddi kinolardansa daha baxımlı və faydalı filmlərin çəkilməsinə sərf olunsun?

Azərbaycan Kinematoqrafçılar İttifaqının Katibi, ssenarist, əməkdar incəsənət xadimi Baba Vəziroğlu “Yeni Azərbaycan”a açıqlamasında hazırda çəkilən filmlərlə bağlı müəyyən narazılıqların olduğunu etiraf edib. Onun sözlərinə görə, məhz ən birinci narazılıq kinematoqrafçılar arasındadır: “Yəni onlar hamıdan çox dərk edirlər ki, sovet dönəmində olan Azərbaycan milli kino ənənələrinin şöhrəti bu gün yox səviyyəsindədir.  Təbii ki, sövet dönəmində çəkilən milli kinolarımızla indikiləri müqayisə etsək, uduzarıq. Lakin Moskva birdən-birə qurulmayıb, zamana ehtiyac var. İşlər yavaş-yavaş yoluna düşür, kino sahəmizdəki işlər həm texnoloji, həm təşkilati baxımdan qaydasına salınır”.

B.Vəziroğlu katibi olduğu Azərbaycan Kinematoqrafçılar İttifaqının gördüyü işlərdən də söz açıb: “Respublika Kinematoqrafçılar İttifaqının fəaliyyətindən danışmaq istəmirəm, çünki buna səlahiyyətim çatmır. Məlumdur ki, ölkəmizdə Azərbaycan Yazıçılar Birliyi, Rəssamlar İttifaqı, Memarlar İttifaqı kimi qurumlar var. Azərbaycan Kinematoqrafçılar İttifaqı da öz ətrafına kino sahəsində çalışan insanları toplayır. Bura rejissorlar, operatorlar, aktyorlar, işıqçılar, redaktorlar, ssenaristlər və kino sənayesində çalışan digər insanlar daxildir. Azərbaycan Kinematoqrafçılar İttifaqı uzun illərdir ki, çox gözəl fəaliyyət göstərir. Təbii ki, məlum keçid dövrü adlanan xaos dövrü var idi. Əlbəttə, həmin dövrdə bir çox dəyərlərimiz itdi, müqəddəs bildiyimiz nəsnələr unuduldu və bu tənəzzül bütün sahələrə təsir göstərdi. O cümlədən kino yaradıcılığına, eləcə də Azərbaycan Kinematoqrafçılar İttifaqının işinə böyük zərbələr dəydi. Lakin fədakar kinematoqrafçılar sayəsində bu ittifaq qorunub saxlanıldı. O zamanlar dövlət tərəfindən Azərbaycan Kinematoqrafçılar İttifaqına pul ayrılmırdı, 2019-cu ildən sonra isə dövlət büdcəsindən vəsait təyin edildi”.

Azərbaycan Kinematoqrafçılar İttifaqının kino çəkməklə məşğul olmadığını söyləyən B.Vəziroğlu bildirib ki, bu ittifaq sanki kino işçiləri üçün yaradılan bir evdir, səmimi ortamdır: “Azərbaycan Kinematoqrafçılar İttifaqı kino işçilərinin hüquqlarını qoruyur, onların məişət qayğıları ilə maraqlanır, xəstə kinematoqrafçıların səhhəti və müalicəsi ilə məşğul olunur, yeni kino əsərlərinin müzakirəsi keçirilir. Bizim ittifaqın nəzdində kino məktəbi də fəaliyyət göstərir, dünyanın hər yerindən ustad kinematoqrafçılar gəlib həmin məktəbdə dərs keçirlər. Şəkinin gözəl bir güşəsində yaradıcılıq evimiz də var. Kinematoqrafçılar hər yay həmin yaradıcılıq evində həm istirahət edirlər, həm yay məktəbləri keçirilir. Əvvəllər “Şərq-Qərb” adlı festival keçirilirdi və bu ənənə yavaş-yavaş bərpa olunacaq”.

B.Vəziroğlu Azərbaycan Kinematoqrafçılar İttifaqının Türk ölkələrinin Kinematoqrafçılar İttifaqı Konfederasiyasının yaradılması təklifini irəli sürdüyünü qeyd edib: “Təbii ki, təklif alqışla qarşılandı, bunun üçün sədrimizə tapşırıqlar verildi ki, təklifin nizamnaməsini, coğrafiyasını müəyyənləşdirsin və təsdiq üçün Azərbaycan Kinematoqrafçılar İttifaqına təqdim olunsun. Əlbəttə ki, dövlətin dəstəyi olmadan belə böyük layihələri yerinə yetirmək çox çətindir və qərara gəldik ki, cənab Prezidentə müraciət olunsun. Yəni Azərbaycan milli kinosunun dünyaya təqdimatı, eləcə də dünya kinosunun Azərbaycanla tanışlığı, ümumiyyətlə, dünya kinematoqrafıyasının inteqrasiyası məsələsi ön planda olsun. Hazırda məhz bu layihələr üzərində çalışırıq. Sədrimiz Rasim Balayev də işə başlayıb, yeni layihələr və tədbirlər planlaşdırılır. Məlumdur ki, avqus­tun 2-si Azərbaycan Kinosu Günüdür. Hazırlıqlar görürük, müxtəlif görüş və tədbirlər, ehtiyacı olan kinematoqrafçılara yardımlar, onların yubileyləri və çəkdikləri kinoların təqdimatı planlaşdırılır.

İttifaqımız vaxtaşırı olaraq ssenarilərin yazılması və kiçikmetrajlı filmlər üçün müsabiqələr keçirir və yetərincə pul mükafatları ayrılır. Bir sözlə, rəqabət meydanı yaradırıq ki, filmlər çəkilsin, ssenarilər yazılsın”.

B.Vəziroğlunun sözlərinə görə, hazırda ən çətin iş filmlərin tərcüməsidir: “İngilis subtitrləri ilə filmlərin yenidən istehsalına ehtiyac vardır. Azərbaycan Kinematoqrafçılar İttifaqı bu işi öz öhdəsinə götürüb. Filmlər ona görə tərcümə olunub, subtitrlərlə nümayiş etdirilir ki, xarici festivallara göndərilsin”.

Növbəti sayımızda Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının (ARKİ) mövqeyi dərc olunacaq.

Paylaş:
Baxılıb: 467 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

Siyasət

Siyasət

Siyasət

Miqrant axını...

17 Aprel 10:32

MEDİA

Siyasət

Mina terroru...

17 Aprel 10:13

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30