Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Qadınlar təbii doğuşdan niyə qaçır?

Qadınlar təbii doğuşdan niyə qaçır?

22.06.2022 [10:38]

Qeysəriyyə əməliyyatının ana və uşaq üçün mənfi tərəfləri

Yeganə BAYRAMOVA

Bütün hamilə qadınlar təbii doğuş qorxusu yaşayır, xüsusən də birinci dəfə ana olmağa hazırlaşanlar. Çox qadınlar qorxunun təsiri altında qərara gəlirlər ki, qeysəriyyə əməliyyatı ilə hamiləliyi başa çatdırsınlar. Hər şey çox asandır: yatdın, durdun, uşaq artıq yanındadır. Ölkəmizdə qeysəriyyə əməliyyatı ilə dünyaya uşaq gətirən qadınların sayının artdığı bir həqiqətdir. Hamıya bəllidir ki, heç bir cərrahi müdaxilə nəticəsiz ötüşmür, insan orqanizmində mütləq izlər qoyur. Qeysəriyyə əməliyyatı da istisna deyil.

Hazırda ölkəmizdə təbii doğuşla qeysəriyyə əməliyyatı arasında 400-500 manata yaxın fərq olur. Məsələn, “Leyla Medical Center”də təbii doğuşun qiyməti 900-1000 manat, qeysəriyyə əməliyyatı isə 1400-1500 manatdan başlayır. Klinikadan verilən məlumata görə, bu rəqəmlər hələ başlanğıcdır və hər həkimin fərqli qiyməti var. Digər özəl klinikalarda da təxminən eyni qiymətlərdir.

Statistik göstəricilər

Dünyanın əksər ölkəsində qadınların təbii doğuşa daha çox üstünlük verdiyi danılmazdır. Ümumdünya Səhiyyə Təşkilatı qeysəriyyə əməliyyatı üçün konkret rəqəm göstərmir. Qeyd edilir ki, yalnız lazımi situasiyada bu əməliyyat icra olunmalıdır və lüzumlu qeysəriyyə əməliyyatı tibbi xidmətlərə sərf olunan maddiy?atı artırır. Dünyada bir sıra ölkələrdə qeysəriyyə əməliyyatlarında azalma qeydə alınıb. 5 il ərzində Danimarka və Finlandiyada 0,5 faiz, Estoniyada 2 faiz, İtaliyada 3 faiz, Litvada 3.3 faiz, Portuqaliyada isə 3.4 faiz azalma olub.

Son 10-15 ildə Azərbaycanda anaların qeysəriyyə yolu ilə övlad dünyaya gətirməyə marağı artıb. Ölkəmizdə Səhiyyə Nazirliyinin “Qeysəriyyə kəsiyinə göstərişlər” adlı protokolu var. Məhz bu protokol əsasında həqiqətən də ana və ya uşağın həyatı üçün təhlükə olarsa, qeysəriyyə əməliyyatı aparılmalıdır. Lakin bu protokola nə dərəcədə düzgün əməl edildiyi şübhələr doğurur. Düzdür, əksər hallarda qadınlar özləri təbii doğuşdan imtina edirlər, ancaq ortada bir həqiqət var: Adətən həkimlər qeysəriyyə əməliyyatının daha yüksək qiymətə olması, həmçinin öz rahatlıqları üçün pasiyentləri bu əməliyyata yönləndirirlər.

Qeysəriyyənin mənfi tərəfləri

Keysəriyyə kəsiyindən sonra əksər qadınlar baş verənlərin natamam olması və düzgün olmaması kimi hisslər yaşayır, ilkin vaxtlarda bəzən öz övladları ilə əlaqə hiss etmirlər. Bəzən əməliyyat keçirmiş qadınlar çox narahatlıq çəkirlər, çünki həm körpəyə, həm də əməliyyat yarasına qulluq etməli olurlar. Orqanizmin bərpası keysəriyyə əməliyyatından sonra daha uzun çəkir. Həm də bərpa normal getsin deyə qadına bir çox məhdudiyyətlər qoyulur. Məsələn, əməliyyatdan sonra siz bir müddət uşağı ayaqüstə qucağınıza götürə bilməyəcəksiniz, əsasən də uşaq böyük doğulubsa. Həmçinin ağırlıq qaldırmaq, kəskin hərəkətlər, cinsi əlaqə və s. bir müddət olmaz, çünki əməliyyatdan sonra hələ uzun müddət qarında ağrılar olacaq, tikişlər dartılacaq, bunlar da aktiv və o cümlədən cinsi həyata maneçilik yaradacaq.

Körpə üçün xoşagəlməz məqamlar

Çoxları belə hesab edir ki, keysəriyyə əməliyyatı uşağı təbii doğuş zamanı aldığı ağrı və travmalardan xilas edir. Əslində isə keysəriyyə əməliyyatında uşaq təbii doğuş prosesini keçmir, hansı ki, onu yeni şəraitə hazırlamalı, tənəffüs və qan-damar sistemini adaptasiya etdirməli, yeni temperatur və mühitə uyğunlaşdırmalıdır.

Dünyaya belə tez gəlməsi körpədə şok yarada bilər, nəticədə immunitet və infeksion xəstəliklərə müqavimət azalır. Bundan başqa, təbii doğuş zamanı uşağın tənəffüs yollarından dölyanı maye tədricən basılıb çıxarılır, hansıki, keysəriyyə əməliyyatında bu olmur, nəticədə asfiksiya və pnevmoniya kimi ciddi ağırlaşmalar baş verə bilər.

Qeysəriyyəyə səbəb: Vaginizm

Cərrah mama-ginekoloq Fəxranə Hüseynzadə “Yeni Azərbaycan”a açıqlamasında bir həkim olaraq təbii doğuşun tərəfdarı olduğunu söyləyib. Onun sözlərinə görə, normal və savadlı həkim bilməlidir ki, təbii doğuş ana və uşaq üçün daha yaxşıdır, nəinki qeysəriyyə əməliyyatı: “Düzdür, müəyyən istisnalar ola bilər, məsələn, ananın və yaxud körpənin həyati təhlükəsi varsa, o zaman məcbur qalıb qeysəriyyə əməliyyatı aparılır. Fikrimcə, savadlı həkim ana və uşaqda hansısa problem yoxdursa, qeysəriyyə əməliyyatı etməz. Adətən pasiyentlər özləri təbii doğuş istəmirlər, bu, danılmaz bir faktdır. Gənc xanımların böyük əksəriyyəti təbii doğuşdan qorxur. Bunun da əsas səbəbi vaginizm xəstəliyidir. Bu xəstəlik psixoloji bir faktordur və ginekoloji problemlə əlaqədardır. Qızlar evliliyə qədər olan yeniyetməlik dönəmində müəyyən qorxu yaşayırlar. Buna səbəb olan əsas amil isə anaların uşaq vaxtında övladlarına bədənləri haqqında ətraflı və düzgün məlumat verməməsi, məktəblərdə psixoloqların qızlar və oğlanlarla ayrılıqda söhbətlər aparmamasıdır. Yeniyetməlik dövründə adi görünsə də, bu durum evlilik zamanı böyük problemlərə, hətta fəsadlara gətirib çıxarır. Vaginizm elə xəstəlikdir ki, xanımlar cinsi əlaqədən belə qorxurlar, o ki qaldı təbii doğuş etsinlər”.

Təbii doğuş zamanı körpənin travma alıb-almamasına gəlincə, ginekoloq vurğulayıb ki, körpənin doğuş vaxtı zərbə alması mümkündür. Lakin bu individualdır və işinin peşəkarı olan həkim ana və uşağın doğuşdan sağlam çıxmasına nail olur: “Hər bir doğuşun yan təsirləri ola bilər. Məsələn, təbii doğuş zamanı körpənin çiynində, qollarında çıxıntıların olması mümkündür. Bəzən dölün uşaqlıq yolunda ilişməsi baş verir, bu zaman peşəkar həkim müxtəlif manevrlər edərək uşağın sağlam dünyaya gəlməsinə şərait yaradır. Bir çox həkim isə uşağın başı enməsə də təbii doğuşu üzərinə götürür, bu zaman həm ana, həm də uşaq həyatını itirə bilər”.

Həkim əvvəllər təbii doğuşun çox olma səbəblərindən də söz açıb: “Əvvəlki illərdə ekologiya, həyat tərzi tamamilə fərqli idi, insanların çoxu aktiv həyat tərzi keçirirdi. Rayonlarda yaşayış çox idi və orqanik qidalardan daha çox istifadə edirdilər. İndi isə orqanizm təbii qidaları çox qəbul etmir, passiv həyat tərzi isə xəstəliklərin çoxalmasına şərait yaradıb, xüsusilə endokrinoloji problemlər artıb. Əvvəllər heç həkim yox idi, qadınlar tarlada iş gördükləri zaman da dünyaya uşaq gətirirdilər. Lakin o zamanlar statistika olmurdu, araşdırma getmirdi, doğuşda neçə qadın və uşağın öldüyü bilinmirdi. İndi isə belə deyil, statistika aparılır və bütün məlumatları əldə etmək mümkündür”.

Qeysəriyyə əməliyyatı zamanı narkoz verilməsi və bunun sonrakı fəsadlarından danışan F.Hüseynzadə qeyd edib ki, beldən anesteziya verilən zaman iynə ilə sinirə toxunmaq mümkün deyil. Ona görə də qeysəriyyədən sonra beldə hansısa ağrıların ömürlük qalması haqqında fikirlər yanlışdır və bu ağrılar zamanla keçib gedir: “Həkimlər beldəki sinirlərə yox boşluğa düşərək iynə vururlar. Xəstəyə narkoz vurularkən sinirə toxunma kimi hallar varsa, deməli, həmin həkimin savadı ümumiyyətlə, 1-ci kursda oxuyan tələbə səviyyəsindədir. Qeysəriyyədən sonrakı ağrılar isə orqanizmə bağlıdır. Məsələn, necə ki hər bir dərmanın yan təsirləri var, o cümlədən də narkozun. Ağrıkəsici dərman kiməsə allergiya verə bilər, kiməsə yox. Çünki hər orqanizmin verdiyi reaksiya fərqlidir. Beldən alınan anesteziya da belədir. Qeysəriyyə əməliyyatında sonra boyun ağrıları olur, ancaq bir müddət sonra keçib gedir. Bir həkim olaraq qeysəriyyə əməliyyatı olacaqsa, spinal anesteziyanın tərəfdarıyam. Çünki bu anesteziya həm ana, həm də uşaq üçün təhlükəsizdir və uşağa hansısa yan təsiri yoxdur”.

Tibb aləmində hər gün yeniliklərin baş verdiyini bildirən ginekoloq qeyd edib ki, qeysəriyyə əməliyyatının neçə dəfə baş tuta biləcəyinə dair konkret bir göstəriş yoxdur: “Düzdür, adətən ana üçün daha təhlükəsizi 3 dəfədir, amma qeysəriyyə əməliyyatı 3 dəfədən də çox ola bilər. Sadəcə 3-dən artıq qeysəriyyə əməliyyatı ana və döl üçün risk faktorudur. 4-cü və 5-ci dəfə qeysəriyyə əməliyyatını hər həkim üzərinə götürmür. Bir xanımı qeysəriyyə əməliyyatı etmişdim, lakin 6 ay sonra yenidən hamilə qaldı. 9 ay sonra 2-ci dəfə qeysəriyyə əməliyyatı oldu, şanslı bir qadın idi, amma hamiləliyini başa vurana qədər çox çətinliklər çəkdik. Ona görə də qeysəriyyə əməliyyatının 3 dəfədən çox olmaması məsləhətlidir”.

Paylaş:
Baxılıb: 144 dəfə
Multi-media

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xarici siyasət

Prezident bu gün

Prezident bu gün

10 Avqust 10:25

Siyasət

Azərbaycan vaxt qoydu

10 Avqust 10:17

Xəbər lenti

Xəbər lenti

Maraqlı

444 il əvvəl...

09 Avqust 11:20

İqtisadiyyat

İqtisadiyyat

Prezident bu gün

Prezident bu gün

09 Avqust 11:00

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Xarici siyasət

İqtisadiyyat

Siyasət

Xarici siyasət

Gündəm

Beşinci zəng...

09 Avqust 10:00  

Xəbər lenti

Neft cüzi ucuzlaşıb

09 Avqust 09:57

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31