Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Quru sərhədləri niyə açılmır?

Quru sərhədləri niyə açılmır?

21.06.2022 [10:53]

MÜBARİZ

Yeni növ koronavirus pandemiyasının həyatımıza gətirdiyi çətinliklərdən biri də ölkələr arasında gediş-gəlişin məhdudlaşdırılması ilə bağlıdır. Pandemiyadan əvvəl insanlar quru, su və hava məkanlarından istifadə etməklə yaxın və uzaq ölkələrə maneəsiz şəkildə səfərlərə gedirdilər. Çağırılmamış qonaq sayılan pandemiya bu sərbəstliyi əlimizdən aldı.

Bağlı qalan sərhədlərin o tayı...

Yeni növ koronavirusa ilk yoluxma faktının 2020-ci il fevralın son ongünlüyündə qeydə alındığı Azərbaycan da pandemiyaya qarşı sərt mübarizə tədbirləri çərçivəsində sərhədləri boyunca gediş-gəlişə nəzarəti gücləndirdi. O cümlədən 2020-ci ilin mart ayından etibarən quru sərhədlərimiz bağlandı. Artıq quru sərhədlərinin bağlanmasından iki ildən artıq vaxt keçib.

Son vaxtlarda dünya üzrə pandemiyanın əhəmiyyətli dərəcədə səngidiyi müşahidə edilir. Azərbaycan da yeni növ koronavirusa qarşı mübarizədə səmərəliliyə nail olan ölkələr sırasında yer alır. Ümumdünya Səhiyyə  Təşkilatı (ÜST) Azərbaycanı pandemiyaya qarşı nümunəvi qaydada mübarizə aparan ölkə kimi dəyərləndirib. Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına əsasən, son günlərdə respublikamızda yeni növ koronavirusa yoluxanların sayı 15-25 nəfər civarında dəyişir, ölüm sayı isə sıfıra enib.

Belə müsbət mənzərə nəzərə alınmaqla karantin rejimində ciddi yumşalmalar edilib. Ölkənin quru sərhədlərinin açılması ilə bağlı qərar isə verilmir. Quru sərhədlərinin bağlı qalması müddəti hər dəfə qeyri-müəyyən vaxtadək uzadılır və sərhədlərin o tayı bizim üçün bir sehrli dünya kimi qalır.

Cəmiyyətin sosial istəyi

Hazırda cəmiyyətdə, KİV-də quru sərhədlərinin açılmaması ilə bağlı ciddi müzakirələr aparılır. Quru sərhədlərinin açılması cəmiyyətin sosial sifarişinə çevrilib, desək, əsil həqiqəti ifadə etmiş olarıq. İnsanlar sual edirlər: Dünya üzrə pandemiyanın pik mərhələsi arxada qalıbsa, qonşu dövlətlər sərbəst gediş-gəlişi təmin edirlərsə, bəs bizdə niyə sərhədlər açılmır? İnsanların sərhədlərin bağlı qalması səbəbindən narahatlıq keçirmələri heç də əbəs deyil. Çoxlu sayda vətəndaşımız müxtəlif səbəblərə görə xarici ölkələrə getməyi və yaxud xarici dövlətlərdən geri qayıtmağı artıq iki ildən çoxdur ki, gözləyirlər. Pandemiyanın pik mərhələsində sərhədlərin bağlı qalması anlayışla qarşılanırdı. Xəstəliyin səngidiyi, yoluxma sayının azaldığı indiki mərhələdə isə quru sərhədlərinin bağlı qalması suallar yaradır.  Bir qədər bundan əvvəl hökumətin verdiyi açıqlama Dağıstanda sərhəddə qalan soydaşlarımızın ağır durumu barədə konkret təsəvvür yaratdı. Yalnız müvafiq qurumların müdaxiləsindən sonra vəziyyəti sabitləşdirmək mümkün oldu. Ancaq heç bir təminat yoxdur ki, belə hallar yenidən təkrarlanmayacaq.

İndiki halda quru sərhədlərini keçmək üçün Xarici İşlər Nazirliyindən icazə tələb olunur. Ancaq icazəni almaq elə də asan deyil. Əvvəla, bu istəkdə olanların sayı kifayət qədər çox olduğuna görə XİN-in müvafiq idarəsinin qarşısında saatlarla növbə gözləmək lazım gəlir. Müvafiq icazəni alanların bildirdiklərinə görə, bundan ötrü hətta bir neçə gün vaxt itirməli olursan.  Əslən Gürcüstan Respublikasından olan bir vətəndaş bizimlə söhbətində bildirdi: “Dünyanın əksər ölkələrində quru sərhədləri açılıb. Bəs biz niyə qohumlarımızın yaşadıqları Gürcüstana gedib-gələ bilməyək? Orada bizim xəstələrimiz var, baş çəkə bilmirik. Hətta elə hallar olub ki, dəfn mərasimlərinə də gedə bilməmişik. Nə üçün quru sərhədləri açılmır, hava məkanı ilə gediş-gəlişə isə icazə verilir? Axı təyyarə ilə uçmağa hamının imkanı çatmır - qiymətlər bahadır. Digər tərəfdən, bilet tapmaq da çətinləşib. Belə vəziyyət nə vaxtadək davam edəcək? “

İqtisadiyyat üçün mənfi təsirlər

İndiki halda quru sərhədlərinin bağlı qalması yalnız hava məkanı ilə daşıma fəaliyyəti ilə məşğul olan qurumlar üçün faydalıdır. Bunun iqtisadiyyata mənfi təsirləri isə daha böyükdür. “Mənim hesablamama görə, 1 milyon insan quru sərhədlərini keçərək kiçik ticarətlə məşğul olurdu və ailəsini dolandırırdı. Görün, indi  bu qədər insan gəlirdən məhrum qalıb. Bu, dövlətin üzərinə yük kimi düşür”. Bu fikirləri millət vəkili Razi Nurullayev ifadə edib. Onun sözlərinə görə, belə nüanslar nəzərə alınmaqla quru sərhədləri açılmalıdır.

Milli Məclisin deputatı Vüqar Bayramov da “Yeni Azərbaycan”a açıqlamasında ölkənin quru sərhədlərinin açılmasının zəruriliyini vurğulayıb. Millət vəkilinin sözlərinə görə, turizm neftdən sonra Azərbaycan iqtisadiyyatının ən gəlirli istiqamətidir. O xatırladıb ki, pandemiyadan öncə  ölkəmizin illik turizm gəlirləri 2.7 milyard dollara yaxın idi. Bu sektor, həmçinin məşğulluğa da xüsusi töhfə verir. “Artıq əksər ölkələrdə karantin qaydaları kəskin yumşaldılıb. Azərbaycanda da karantin qadağalarının əksəriyyəti aradan qaldırılıb. Bununla yanaşı, turizm sektorunun inkişafı baxımdan quru sərhədlərinin mərhələli açılışı ölkəyə gələn turistlərin sayının kəskin artmasına səbəb ola bilər. Statistika da göstərir ki, Azərbaycana səfər edənlərin əksəriyyəti qonşu ölkələrdən gəlirlər. Onlar, eyni zamanda, quru sərhədlərdən istifadəyə üstünlük verirdilər. Bu ilin 4 ayında da Azərbaycana gələn turistlərin 72.3 faizi quru sərhədlərimizin olduğu ölkələrin payına düşüb. Yəni Azərbaycana gələn hər 10 turistin 7-sinin vətəndaşlığı olduğu ölkə ilə quru sərhədlərimiz var. Bu baxımdan, quru sərhədlərin açılması ölkəyə daha çox turistin gəlməsinə səbəb olmaqla real sektorun inkişafına müsbət təsir göstərə bilər”, - deyə Vüqar Bayramov vurğulayıb.

Paylaş:
Baxılıb: 419 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30