Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / “Qığılcım” necə yarandı?

“Qığılcım” necə yarandı?

10.06.2022 [11:00]

F.Zəkəriyyə: Müəllimliyin təməlində böyük sevgi var...

Günel QABİLQIZI

Rəssamın peşəsi insan ruhunun dərinliklərini işıqlandırmaqdır. Bu mənada rəssamlığı müəllimlik peşəsinə də bənzətmək olar. Gənc rəssam və müəllim Fəzail Zəkəriyyənin sosial mediada böyük maraqla qarşılanan “Qığılcım” adlı yeni rəsm əsərini də belə rəsmlər sırasına aid etmək olar. Fəzail bəy bu əsəri ilə sanki insanları bəzi məqamları təkrarən düşünməyə vadar edir, daxilindəki qaranlıqlara bir növ işıq tutur. Fəzail Zəkəriyyə yaxşı rəssam olmaqla yanaşı, həm də yaxşı müəllimdir. O təkcə insanların ruhunu işıqlandırmır, eləcə də gənclərin gələcəyinin daha aydın, parlaq olması üçün çalışır...

- Müəllim, yeni kompozisiya ideyanız haradan qaynaqlandı?

- 2020-ci ilin payız aylarında ailəsindən Polad Həşimovun fotolarını əldə etmişdim. Həmin fotolarda generalın anası ilə şəkli yox idi. Mənim də anamla şəklimin olmaması rəsm üçün fikir formalaşdırdı. Polad Həşimovun ailəsi üçün ən dəyərli rəsm anası ilə birlikdə rəsmi olar deyə düşündüm və belə bir kompozisiya qurmağa başladım. Adının “Qığılcım” olma səbəbi mənim inancıma görədir. Mənə görə həyatımızda atdığımız hər addım beynimizdəki fikir qığılcımlarından qaynaqlanır. Bəzi qığılcımlar da var ki, onlar daha böyük nailiyyətlərə səbəb olur. Polad Həşimov ölkəmiz üçün belə qığılcımlardan biri oldu. Çıxdığı yol o qədər ali idi ki, hər birimiz onun qığılcımından bir alov yandırdıq, bir-birimizə işıq olduq və eyni düşüncəylə bir məqsədlə qələbəni qazandıq. Rəsmdə ifadə olunan detallardan biri də budur. Polad Həşimovun bel hissəsində təsvir etdiyim qığılcımlar cücərən tumurcuqlara, tumurcuqlar da qələbənin rəmzi olan xarıbülbülə çevrilir və yaşıllıqlar arasından qələbəni qeyd edən insanlarımız özünü göstərir.

Rəsmin yuxarı hissəsində isə mənimlə anamın əlləri yer alır. Maraqlı hissələrdən biri budur ki, indiyə qədər heç vaxt anamın rəsmini çəkməmişəm. Onunla da bir izimiz olsun deyə, Mikalancelonun “Adəmin yaradılışı” əsərindən ilhamlanaraq əllərimizi qeyd etmişəm. Təbii ki ortada olan yaşıl qlobus, Qarabağ hissəsinə sancılan lələk, qollara dolanan yaşıl iplər də daxil hamısının geniş anlamı var.

- Müharibədən sonra “Vətənim kimiyəm” rəsmini çəkmişdiniz. Bugünkü rəsminiz onunla eyni pillədədir, yoxsa ifadə etdiyi məna etibarilə daha üstündür?

- “Qığılcım” rəsminin “Vətənim kimiyəm”lə eyni pillədə olub-olmamağını deyə bilmərəm, ancaq tələbələrdən fərqləndirib birini digərindən üstün tutanlar var. Hər birinin ən azından həmin zamanlardakı xatirələrimə görə mənim üçün başqa yeri var.

- Növbəti rəsm əsəriniz üzərində işləməyə başlamısınızmı?

- Yeni rəsmə başlamamışam. Çalışdığım sahə fərqli olduğuna görə təəssüf ki, rəsmə ayırmağa çox zamanım olmur, ancaq yeni rəsmin ideyası hazırdır. Reallaşarsa, ən fərqli, ən dəyərli rəsmimin məhz o olacağını düşünürəm.

- Müəllimlik müqəddəs peşədir, yükü də ağırdır. Sizi bu sahədə cəlb edən əsas məqam nədir?

- Fərqli insanları tanımaq, onların həyatında az da olsa qığılcım olmaq mənim üçün böyük xoşbəxtlikdir. Təməlində böyük sevgi var, ona görə uzaqlaşa bilmirəm müəllimlikdən.

- Tələbələrə təmannasız kömək edir, YouTube kanalında mütəmadi dərs videoları paylaşırsınız. Bu təmənnasız dəstəyin kökü haraya dayanır? Bəlkə vaxtında özünüz bu barədə çətinlik yaşamısınız?

- Bəli, özüm universitetə hazırlaşarkən maddi baxımdan hazırlığa gedə bilmirdim. Hazırda yüzlərlə belə tələbə var, az da olsa, dəstək olmaq məni sevindirir. Həmin insanların xoş rəyləri sayəsində mən də böyük dəstək hiss edib davamlı olaraq videolar paylaşıram. Artıq, bu bir növ gözəl vərdişə çevirilib.

- Gənclərlə işləmək çətindir. Daim dinamik və gənc olduğunuzdan yəqin bu barədə çox da problem yaşamırsınız. Ancaq hər halda hansısa çətinliklər var...

- Yaşım artıq 28-ə yaxınlaşsa da, ruhən özümü daha gənc hiss etdiyim üçün tələbələrlə olduqca maraqlı vaxt keçirirəm. Dinamikliyi sevirəm. Sıxıcı olmağı sevmirəm, xoşbəxtlik yoluxucudur, onu yaymaq əsas məqsədlərimdəndir. Məncə, insanın ruhu uşaq kimi qalmalıdır. Yaşımız böyümək məcburiyyətindədir, ruhumuz əsla...

- Sosial şəbəkələrə təxminən nə qədər vaxt ayırırsınız?

- Magistr sahəsində müəllim kimi çalışdığım üçün vaxtımın çox az hissəsini sosial şəbəkələrdə keçirirəm. Əsasən hər hansı bir rəsm və ya mövzu ilə bağlı video hazırlayıb paylaşıram. Bunu nəyəsə görə yox, daha çox sevdiyim üçün edirəm. Həm də bu şəkildə kamera qarşısında müəyyən mövzu ətrafında danışaraq nitqimi və özümü inkişaf etdirmiş oluram.

- Rəssamlığa olan marağınız haradan gəlir?

- Uşaqlığımdan atamın çəkdiyi rəsmləri böyük maraqla izləyirdim. Elə o vaxtdan bu sənətə qarşı xüsusi rəğbətim yaranıb. Atamın rəssamlıqla bağlı yaxşı ideyaları var. Bir gün fürsətim olsa, onları da davam etdirmək istəyərəm. Hələlik öz sevdiyim rəsmləri çəkməyi düşünürəm. Onu da qeyd edim ki, rəsm çəkməyi atamdan yox, özüm öyrənmişəm. Atamla janrlarımız tamam fərqlidir. Sadəcə, evdə rəsm çəkən birini gördüyüm üçün mən də sınamağa başlamışam. Əgər mənim qədər sınasa, çox insan bunu bacara bilər. Həyatda zəhmətin istedaddan daha çox rol oynadığına inanıram. Unutmayın ki, hər işin çətinliyi o işin öyrənildiyi ana qədərdir.

- Magistr sahəsində müəllim kimi fəaliyyət göstərdiyinizi dediniz. Ali təhsiliniz rəssamlıqla bağlıdırmı?

- Bəli, ali təhsilim rəssamlıqdan tamamilə fərqli bir sahə üzrədir. Bakalavrda Azərbaycan Dövlət İqtisad Universitetində Biznesin idarə edilməsi ixtisası, magistrda isə Dövlət İdarəçilik Akademiyasında Heyətin idarə olunması ixtisası üzrə təhsil almışam. Hazırda “Magistr OL Tədris Mərkəzi”ndə Məntiq, İnformatika və İqtisadiyyat müəllimi kimi çalışıram.

- Rəsmlərinizdə həm də sətiraltı mənalar var. Daha çox hansı mövzulara toxunursunuz?

- Qarşı olduğum əsas məqam insanlarımızın özlərini inkişaf etdirməyə az zaman ayırmalarıdır. Müəllim kimi hər il potensialı olan xeyli tələbə görürəm. Ancaq bunu büruzə vermədiklərinə görə ətrafdakı insanlara da qarşı şikayətləri artır. Düşünürəm ki, hər birimiz öz bacarıqlarımızı maksimum ortaya qoymağa səy göstərsək, ölkəmizi və millətimizi daha yaxşı yerlərə gətirə bilərik. Ona görə də, rəsmlərdə, videolarda bu kimi nüanslara toxunmağa çalışıram.

- Sosial mediada başqa bir rəsminiz də olduqca diqqət çəkmişdi. Öz əllərinizin rəsmini çəkmişdiniz, bu rəsmin ifadə etdiyi əsl mənanı qeyd etmədiniz.

- Bundan sonra çəkməyi planladığım iki rəsmdə də əllərim olacaq. Bunun çox təsirli olacağını düşünürəm. İndi həmin rəsmlə bağlı demək istədiklərimi tam formada ifadə edə bilmirəm. Rəsmlərin mənalarını ayrıca kitab halında yazıram. Çox vaxt aldığına görə bəzən günlərlə bunun üzərində düşünməli oluram. Ona görə də, hazırda konkret bir cavab verə bilmirəm.

- İncəsənəti çox sevirsiniz. Ədəbiyyatı necə?

- Son zamanlar özümü inkişaf etdirə biləcəyim kitabları oxuyuram. Əvvəllər isə bədii və digər janrlarda olan kitablara maraq göstərirdim. Amma şəxsi inkişaf kitablarına nisbətən romanlar rəsmlə bağlı ideyalarımı daha çox artırır. Ona görə də, bir müddət sonra bədii kitabları oxumağa davam edəcəyəm.

- Fəzail bəy, kimləri yaxşı rəssam hesab edirsiniz?

- Rəsmdə səliqəyə, incəliyə, dəqiqliyə xüsusi önəm verirəm. Fərqli ölkələrdə realizm yüksək inkişafa çatdığı üçün yağlı boya ilə çəkilən rəsmlərdə belə, dəqiqlik üst səviyyəyə qalxıb. Ölkəmizdə də belə rəsmləri görəndə çox xoşbəxt oluram. Konkret ad deyə bilməyəcəyəm. Bacardığımız qədər hər bir rəssama dəstək olmalıyıq. Mən rəssam yox, müəlliməm. Bacarığımı da rəssamların əsərlərini incələyərək inkişaf etdirmişəm. Hətta rəsmlərə baxıb rəssamın hansı hissələrdə tələsdiyini, rəsmin hansı hissəsində çətinlik çəkdiyini hiss edirəm. Ömrümün sonuna kimi öyrənməyə çalışacağam. Bir gün tanınmış rəssam olsam da, özümü hər zaman tələbələrimin müəllimi kimi hiss edəcəyəm.

- Bir rəssam kimi dünyanın bugünkü görüntüsünü necə təsvir edirsiniz?

- Tam şəkildə olmasa da, “Bizdən uzaqlarda” adlı rəsmimdə bu suala cavab verməyə çalışmışam. Düzdür, ilk baxışda rəsmdə sadəcə, yer kürəsi görünür. Amma orada xırda-xırda anlamlı fiqurlar yerləşdirməyə çalışmışam.

- Gələcəkdə həm rəsm, həm müəllimlik, həm də ümumi hansısa yeniliklərlə bağlı planlarınız varmı?

- Gələcəkdə rəsm və müəllimlik, həm də bundan əlavə bir çox şeylərlə bağlı planlarım var. Özümü keçmişimlə müqayisə edərək addım-addım irəliləyirəm. Möhtəşəm olacağına inancım tamdır. Reallaşmayan planları indidən deyə bilmirəm. Niyyətim kiçik qığılcımlarla zamanla alovlanmaqdır.

Paylaş:
Baxılıb: 296 dəfə
Multi-media

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Dünya

Ədəbiyyat

Ədəbiyyat

Sosial

Siyasət

Xəbər lenti

Karantin qayıdacaq?

11 Avqust 10:19

İqtisadiyyat

Prezident bu gün

Prezident bu gün

11 Avqust 10:09

İqtisadiyyat

Xəbər lenti

Xəbər lenti

Xarici siyasət

Prezident bu gün

Prezident bu gün

10 Avqust 10:25

Siyasət

Azərbaycan vaxt qoydu

10 Avqust 10:17

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31