Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Halala haram qatanlar...

Halala haram qatanlar...

10.06.2022 [10:52]

M.FEYİZLİ

Qida təhlükəsizliyi hər bir ölkənin milli təhlükəsizliyinin tərkib hissəsi sayılır ki, bu da təsadüfi deyildir. Sağlam qida sağlam gələcək, genefondumuzun, əhalinin sağlamlığının qorunması deməkdir. Kütləvi istehlak məhsullarının keyfiyyətinin yüksək standartlara cavab verməsi, vətəndaşlara təmiz və zərərsiz məhsulların təqdim olunması ölkəmizdə davamlı olaraq diqqət mərkəzində saxlanılır. Bununla belə, bir sıra hallarda keyfiyyətsiz məhsulların da istehlak bazarına çıxarıldığının şahidi oluruq. Bu dəfə söhbət respublikamıza xaricdən gətirilən və pərakəndə satış şəbəkələrində alıcılara təklif olunan ucuz quş ətlərindən gedir.

Daxili tələbatdan artıq istehsal

Hazırda respublikamızda özünütəminat səviyyəsi yüksək olan pozisiyalardan biri məhz quşçuluq sahəsidir. Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının (APEPEA) idarə heyətinin sədri Mürvət Həsənli bir qədər bundan əvvəl İqtisadiyyat Nazirliyi yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) nümayəndələri ilə keçirilən görüşdə  bildirib ki, ölkəmizdə dövlət tərəfindən kənd təsərrüfatı istehsalının, ona bağlı emal sənayesinin inkişaf etdirilməsi üçün mühüm dəstək tədbirləri həyata keçirilir. Belə dəstək tədbirlərindən biri də kənd təsərrüfatı istehsalçılarına öz məhsullarının  ixracının təşkilində yardımı ehtiva edir. Bu dəstəyin nəticəsində Azərbaycandan xaricə qeyri-neft sektoruna aid məhsulların ixracı sürətlə artmaqdadır: “Məlumat üçün bildirirəm ki, son illərdə Azərbaycanda quşçuluq sahəsi ciddi inkişaf yolu keçib. Hazırda ölkəmizdə fəaliyyət göstərən quşçuluq müəssisələri nəinki daxili bazarı yumurta və quş əti ilə tam təmin etmək imkanındadır, həmçinin xarici ölkələrə ixrac üçün də ciddi potensial formalaşıb. Bu, xüsusilə yumurta istehsalında daha yüksəkdir. Belə ki, son aylarda quşçuluq təsərrüfatları tərəfindən ölkənin daxili tələbatından on milyonlarla ədəd artıq yumurta istehsalı qeydə alınmaqdadır. Hazırda anbarlarda daxili tələbatdan artıq qalan 43 milyon ədəd süfrə yumurtası var. Bu təsərrüfatların bəziləri yumurtanın xaricə ixracına nail olurlar”.

İstehsalçılar mövcud şəraitdə yumurta istehsalının daxili tələbatdan artıq olduğunu, istehsal olunan həcmlərin tam satılmamasının onlara ciddi ziyan vurduğunu bildiriblər. Eyni zamanda, qeyd olunub ki, yem və yem əlavələrinin qiymətində baş verən bahalaşma nəticəsində istehsal olunan yumurtanın maya dəyərində ciddi artım baş verib. Bu şəraitdə məhsulun satılmaması növbəti mərhələdə yem tədarükünə zərbə vurmaqla, istehsalın azalmasına gətirib çıxara bilər. Ölkədə quşçuluq sahəsinin inkişafının davamlılığının təmin edilməsinin ən optimal yolu daxili tələbatdan artıq qalan məhsulun xarici bazarlara çıxarılmasıdır. Məhz bu yolla ölkədə quşçuluğu stimullaşdırmaq mümkündür.

Qiymətlər ucuzdur, amma...

Ölkədə quş əti və yumurta istehsalının artmasına rəğmən, KİV-də və sosial şəbəkələrdə ticarət şəbəkələrində satılan quş ətləri ilə bağlı müzakirələr də səngimək bilmir. Alıcıları narazı salan bir sıra məqamlar var. Qiymətlərin artması, mağazalardakı saxlanma şəraiti, quşların süni yollarla şişirdilməsini əks etdirən videoların yayılması bu qəbildəndir. Düzdür, bəzi istehsalçılar açıqlamalar verərək ajiotajı səngitməyə çalışırlar. Ən iri istehsalçılardan olan “Səba” ASC istehlakçıların birbaşa istehsal müəssisələrinə turlarını təşkil etdi. Həmin turlar zamanı minlərlə istehlakçı toyuqların bəslənməsi, kəsim şəraiti, mağazalara göndərilən məhsulların qablaşdırılması prosesi ilə yerindəcə tanış olmaq imkanı qazandılar. Açıq deyək, bu qəbildən olan tədbirlər öz nəticəsini verdi. Belə ki, bütün ölkə üzrə sənaye üsulu ilə yetişdirilən quş əti məhsullarına alıcı inamı müəyyən qədər bərpa olundu.

İndi isə işbazlar quş ətinə inama növbəti zərbə olacaq daha bir arzuolunmaz əmələ əl atıblar. Bu barədə Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasından “Yeni Azərbaycan”a daxil olan məlumatda bəhs olunub. Məlumatda oxuyuruq: “Mağazalarda alıcılara ucuz qiymətə təklif olunan toyuqlar ölkəmizə Belarusdan gətirilərək pərakəndə ticarət nöqtələrində 1 kiloqramı 3-3,5 manata satılır. Bu isə o deməkdir ki, həmin toyuqlar ölkəmizin gömrük sərhədini ən uzağı 2-2,5 manatla keçir. Belarusdakı istehsalçının ətin üzərinə qoyduğu marjanı da çıxdıqda, belə məlum olacaq ki, bu toyuqların maya dəyəri 1-1,5 manata, yəni 1 dollardan aşağı başa gəlir. Hazırda qlobal əmtəə bazarlarındakı qiymət səviyyəsini nəzərə alsaq, nəinki Belarusda, heç bir ölkədə keyfiyyət standartlarına uyğun yetişdirilən 1 kq toyuq ətinin maya dəyəri 1 dollardan aşağı başa gələ bilməz.

Dörd ay əvvələ qədər Azərbaycana gətirilən toyuq əti gömrükdən ən ucuz 2,2 manata keçirilirdi. İdxalçıya bu, 2,65 manata başa gəlirdi və ticarət şəbəkələrinə bu qiymətə verilirdi. Lakin son aylarda dünyada heyvan və quş istehsalında istifadə edilən yem və yem əlavələrinin kəskin bahalaşması maya dəyərinin də artmasına səbəb olub.  Buna görə də indi Belarusdan gətirilən toyuqların ucuz olması onların ətlik məqsədli yetişdirilən quş olmadığından xəbər verir. Belarusdan gətirilən bu toyuqlar ya yumurtadan kəsilmiş ana toyuqlardır, ya da hansısa xəstəlik səbəbilə kəsilib. Ana toyuqların, adətən, sümüyü ağır olur, hər kiloqramını 400-450 qramı sümük təşkil edir”.

Qurum digər bir məsələ ilə də bağlı narahatlıq ifadə edib. Adətən, bəhs olunan məhsulların  üzərində “Belarus kənd toyuğu” və eyni zamanda, 2-ci növ olduğu qeyd edilir. “Kənd toyuğu” ifadəsi Azərbaycanda ən keyfi?yətli toyuq ətinin rəmzi sayılır - bunu ölkədə bilməyən yoxdur. Bu halda sual yaranır: “Kənd toyuğu” hara, 2-ci növ quş əti hara? Sualın cavabı aydındır: Belarusdan gətirilən bu toyuqlar yumurtadan kəsilmiş ana toyuqlardır. Onların ətinin qida dəyəri çox aşağı olduğuna görə istehsalçı üzərində “2-ci növ” qeydini yazır.  İşbazlar isə diqqəti bu qeyddən yayındırmaq üçün iri hərflərlə “Belarus kənd toyuğu” sözlərini məhsulun üzərinə əlavə edirlər. Broyler fabriki necə kənd toyuğu istehsal edə bilər?

“Nəhayət, bir məsələni də qeyd etməyə ehtiyac duyuruq. Bu toyuqların üzərində “Halal” sözü yazılır. Belarusda, yaxud Rusiyada, Ukraynada halal toyuq əti necə istehsal oluna bilər? Bu halallığı kim təyin edib? Həm də belə toyuqlara çəkini artırmaq üçün çoxlu su vurulduğunu adi gözlə də görmək mümkündür”,-deyə məlumatda bildirilib

İstifadə müddəti bitmiş toyuq əti

Qurumun məlumatında bildirilir ki, ölkə qanunvericiliyinə zidd olaraq toyuqlar Belarusdan iri qablaşdırmada, dondurulmuş halda gətirilir və Azərbaycanda təzədən qablaşdırılır. Məlumatda vurğulanıb: “Azərbaycanda satılan toyuqların istehsalçısı Belarusun “Soliqorsk” fabriki,  Minsk Birinci Toyuq Kombinatı, “Skildelskiy” broyler fabrikləridir.  Minsk Birinci Toyuq Kombinatı sırf  süfrə yumurtası istehsal edir, ətlik müəssisə deyil. Onların internet saytında təqdim etdikləri məhsulların siyahısına baxmaqla da bunu müəyyən etmək olur (http://1mpf.by/prodayom ). Lakin Azərbaycanda satılan toyuq ətinin bir qisminin üzərində istehsalçı şirkət kimi həmin müəssisənin adı qeyd olunur”.

Digər tərəfdən, Azərbaycanda satılan Belarus toyuqlarının üzərində saxlama müddəti olaraq 12 ay qeyd edilir. Halbuk istehsalçı şirkətlər bu müddəti cəmi 4 ay müəyyən ediblər - sübut üçün linkləri təqdim edilir: https://molodeckie.by/index.php/ru/pages/prajs-list, (http://www.ghp.by/ru/production/

Bu faktlar onu göstərir ki, işbazlar istehlakçılara bilərəkdən yalan məlumat verir, eyni zamanda, məhsulun saxlama müddətini saxtalaşdırırlar.

İstehlakçılara çağırış

Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası istehlakçılara üz tutaraq onları işbazların əməllərinə aldanmamağa çağırıb. Bildirilir ki, hazırda da bir sıra marketlərdə, bazarlarda Belarus toyuqlarının satışı davam edir. İstehlakçılar diqqətli olmalı və qiymət ucuzluğuna aldanaraq aşağı keyfiyyətli məhsulla qidalanmağı özlərinə rəva görməməlidirlər. “Dünya təcrübəsi göstərir ki, qida təhlükəsizliyinə əməl olunmasına ən yaxşı nəzarəti vətəndaşların özləri tətbiq edirlər. İnkişaf etmiş ölkələrdə istehlakçılar keyfiyyətinə əmin olmadıqları, mənşəyi bilinməyən məhsulları nəinki almırlar, hətta belə məhsulları satışda gördükdə müvafiq dövlət nəzarəti orqanlarını məlumatlandırırlar. Bu baxımdan, ölkəmizdə də qida təhlükəsizliyi normalarına əməl olunmasına nəzarət etmək hər bir vətəndaşın borcudur”, - deyə məlumatda qeyd olunub.

Paylaş:
Baxılıb: 176 dəfə
Multi-media

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Dünya

Ədəbiyyat

Ədəbiyyat

Sosial

Siyasət

Xəbər lenti

Karantin qayıdacaq?

11 Avqust 10:19

İqtisadiyyat

Prezident bu gün

Prezident bu gün

11 Avqust 10:09

İqtisadiyyat

Xəbər lenti

Xəbər lenti

Xarici siyasət

Prezident bu gün

Prezident bu gün

10 Avqust 10:25

Siyasət

Azərbaycan vaxt qoydu

10 Avqust 10:17

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31