Heydər Əliyev yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Rusiyanın şərtləri yerinə yetirilərsə...

Rusiyanın şərtləri yerinə yetirilərsə...

01.06.2022 [10:29]

Türkiyə Qara dəniz və Azovda ərzaq daşınması rolunu öz üzərinə götürə bilər

P.İSMAYILOV

Rusiya - Ukrayna müharibəsi dünya üçün ən qorxulu böhranlardan birini - ərzaq təhlükəsi məsələsini aktuallaşdırır. Qara dəniz ətrafında yaranan situasiya dünyada ərzaq qıtlığına səbəb ola bilər. Bunun qarşısını almaq, həm də müharibənin sülh yolu ilə tənzimlənməsi üçün isə vasitəçilər yenidən “qol çırmayıblar”. Bu mənada, Türkiyənin səyləri daha səmərəli görünür. Yeri gəlmişkən, bir neçə gün öncə Rusiya prezidenti Vladimir Putin ilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub. V.Putin bildirib ki, Rusiya sanksiyaların ləğvi şərti ilə gübrə və ərzaq ixracına hazırdır. Bundan başqa, Putin Ərdoğanla söhbətində Rusiyanın Türkiyə ilə razılaşdırılmış şəkildə malların maneəsiz dəniz tranzitini asanlaşdırmağa hazır olduğunu qeyd edib: “Ukraynadakı vəziyyət müzakirə edilərkən Qara və Azov dənizlərində təhlükəsiz naviqasiyanın təmin edilməsi, onların sularında mina təhlükəsinin aradan qaldırılması məsələləri vurğulanıb. Vladimir Putin Rusiya tərəfinin türk tərəfdaşları ilə razılaşdırılaraq malların maneəsiz dəniz tranzitini asanlaşdırmağa hazır olduğunu qeyd edib. Bu, Ukrayna limanlarından taxıl ixracına da aiddir”.

Prezidentlər Rusiya Baş nazirinin müavini Aleksandr Novakın Türkiyəyə son səfərini də müzakirə ediblər və digər təmaslar barədə razılığa gəliblər.

Məsələ ilə bağlı fikirlərini bölüşən politoloq İlyas Hüseynov qeyd edib ki, iki dövlət başçısı arasındakı təmas zamanı Türkiyə lideri İstanbulda tərəflər arasında yeni görüşün keçirilməsi təklifi ilə də çıxış edib. Belə ki, Rusiya və Ukrayna nümayəndə heyətləri ilə yanaşı bu dəfə BMT nümayəndə heyəti də görüşdə iştirak edə bilər: “Türkiyə sülhün və təhlükəsizliyin qorunması istiqamətində təşəbbüsləri davam etdirir və bu işə həm də BMT-ni cəlb etməklə beynəlxalq zəmanət qazanmağa çalışır. Ərdoğanın mövqeyi həm də bundan ibarətdir ki, əgər Moskva və Kiyev arasında razılaşmalar əldə olunacaqsa, Türkiyə mümkün müşahidə mexanizmlərində yer ala bilər”.

Politoloqun fikrincə, digər önəmli məsələ Rusiyanın istəkləri və mövqeyi ilə bağlıdır. Rusiya Qara dənizdə və Azovda yüklərin daşınması ilə bağlı hər hansısa maneələr törədilməməsi üçün şərtlər irəli sürür. “Eyni zamanda, qida və gübrələrlə bağlı məsələlərdə bu şərtlər aktuallıq daşıyır. Putinin “əgər Rusiyaya qarşı məhdudiyyətlər, iqtisadi sanksiyalar aradan qaldırılarsa, Rusiya bu malları eksport edə bilər” fikirləri böyük maraq kəsb edir. Görünür rəsmi Moskva hərbi sahədə Mariopol və Azovstal istiqamətində əldə etdiyi nailiyyətlə yanaşı, siyasi-diplomatik sahədə də gücünü artırmaqda israrlıdır. Eyni zamanda, Rusiya tərəfi ərzağın çatdırılmasında əsas günahkar kimi Qərbi görür”, - deyən İ.Hüseynovun fikrincə, bu kimi təmasların qurulması onu göstərir ki, Rusiya Türkiyəni etibarlı vasitəçi kimi qəbul edir, onunla hesablaşır. Rusiya ilə Ukrayna arasındakı müharibə bütün dünya üçün ən vacib məsələlərdən olan ərzaq təhlükəsizliyinə zərbə vurub: “Müharibənin davam etməsi bu sahədə olan təhdidlərin və təhlükələrin daha da genişlənməsinə səbəb olacaq. Bu xüsusda, Türkiyə öz tələbatını ödəməklə yanaşı bir sıra dövlətlərə yükdaşımaların həyata keçirilməsində yardımçı rolunu təklif edir. Bir sıra dövlətlərə taxılın, gübrənin bu yolla nəqli Türkiyə iqtisadiyyatı üçün də əlavə dividendlər vəd edir. Bu baxımdan, Ankara sülh təşəbbüsləri ilə yanaşı öz geostrateji imkanlarından geniş şəkildə istifadə etməkdə maraqlıdır. Bu, həm də Türkiyənin beynəlxalq imicinin və reytinqinin artmasına xidmət edəcək”.

Paylaş:
Baxılıb: 297 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Maraqlı

Yuxu...

31 Mart 10:48

Ədəbiyyat

Analitik

Siyasət

Gündəm

Xəbər lenti

Ədəbiyyat

Sosial

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31