Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / İşğaldan azad edilən Qarabağın çayları

İşğaldan azad edilən Qarabağın çayları

01.06.2022 [10:02]

M.FEYİZLİ

44 günlük Vətən müharibəsində işğaldan azad edilən ərazilərdə Böyük Qayıdışı təmin etmək üçün aparılan infrastruktur quruculuğu və bərpa işləri müxtəlif istiqamətləri əhatə edir. O cümlədən  bərpa proqramı çərçivəsində sözügedən ərazilərin bol su ehtiyatlarından səmərəli istifadə edilməsi ilə bağlı layihələrin hazırlanaraq həyata keçirilməsinə başlanıb. Su layihələrinin reallaşdırılması Qarabağa həyat verəcək. Bu layihələr, eyni zamanda, keçmiş məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasına, məşğulluğun artırılmasına və ölkədə ərzaq təhlükəsizliyinin təmin olunmasına hesablanıb.

Qarabağdan keçən 14 çay

Təxminən 11 min kvadratkilometrə bərabər olan işğaldan azad edilmiş ərazilər həyat rəmzi olan su ehtiyatları ilə zəngin olan bir diyardır. Buradan axan Tərtərçayın uzunluğu 200 km, hövzəsinin sahəsi 2650 km-dir. Əsas qolları soldan Levçay (uzunluğu 36 km), Ağdabançay (uzunluğu 19 km), sağdan Turağayçay (uzunluğu 35 km) çaylarıdır. Axımının 14%-i yağış, 28%-i qar, 58%-i isə yeraltı sular hesabına əmələ gəlir. Məşhur İstisu kurortu Tərtərçayın yuxarı axın hissəsindədir. Burada səthə çıxan İstisu mineral suyu tərkibinə görə Çexoslovakiyanın Karlovı Varı, Şimali Qafqazın Yessentuki mineral bulaqlarına oxşayır. Müalicə və çimmək üçün geniş istifadə edilir.

Həkəri Kiçik Qafqazın Azərbaycan daxilində Tərtərçaydan sonra ikinci böyük çayıdır. Onun uzunluğu 113 km, hövzəsinin sahəsi 2570 km2-dir. Başlanğıcını Mıxtökən silsiləsinin cənub yamacından götürən Həkəri Şəlvəçay və Hocazsuçay çaylarının qovuşmasından əmələ gəlir, Zəngilan rayonunda Araz çayına birləşir.

Bazarçay və ya Bərgüşad çayı Ermənistandan və Azərbaycanın Qubadlı rayonundan keçir. Onun uzunluğu 178 km, hövzəsinin sahəsi 2711 km-dir. Başlanğıcını Zəngəzur silsiləsinin şimal yamacından, 3040 m yüksəklikdə yerləşən Zalxa gölündən götürür. Həkəriçaya qovuşandan sonra nisbətən düzənlik sahə ilə axaraq bir sıra qollara ayrılır. Bütövlükdə, işğaldan azad edilmiş ərazilərdən 14 çay keçir. Bərgüşad, Lev, Zabux, Tutqun, Turqay, Bəsitçay, Qarqarçay, Quruçay, Köndələnçay  kimi bol su mənbələri də bu sırada yer alır.

İşğal dövründə mənfur düşmən, hətta su mənbələrindən də respublikamıza qarşı təzyiq vasitəsi kimi istifadə edirdi. Yayda suyun qarşısı kəsilir, qış aylarında isə bəndlər açılır və beləliklə də keçmiş təmas xətti boyunca torpaqlarımız su altında qalırdı.

Ölü çaya çevrilən Oxçuçay

Ermənilərin 30 il ərzində ekologiyamıza vurduqları ziyandan söhbət açarkən Oxçuçayın ekoloji fəlakət zonasına çevrilməsini xüsusilə qeyd etmək lazımdır. Oxçuçay Ermənistanın Qafan rayonu və Azərbaycanın Zəngilan rayonu ərazisindən keçən çaydır. Uzunluğu 85 km, hövzəsinin sahəsi 1140 km olan bu çay başlanğıcını Zəngəzur silsiləsinin Qapıcıq dağından (3285 m) götürür. Sululuğu qar və yağış sularından, eləcə də yeraltı mənbələrdən yaranır.

Oxçuçay, əslində Qafan və Qacaran dağ-mədən sənayesinin tullantılarını Ermənistan ərazisindən kənara çıxardan kollektor rolunda çıxış edir. Çünki bu mədənlərin tullantıları təmizlənmədən birbaşa Oxçuçaya buraxılır. Çayda zəhərli maddələrin miqdarı o qədər çoxdur ki, burada heç bir canlı yaşamır. Hətta bu çayın suyu ilə suvarılan torpaqlarda yetişdirilən məhsullarda da zərərli maddələr aşkarlanıb.

Ekspertlər və mütəxəssislər çayda apardıqları müşahidələrin, götürülən analizlərin nəticələrinə əsaslanaraq həyəcan təbili çalırlar. “Ermənistan Oxçuçayı ölü əraziyə çevirib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti bu günədək Oxçuçayda 58 monitorinq keçirib. Lakin nəticə dəyişməyib”. Bu fikirləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəhbəri Umayra Tağıyeva ifadə edib. Onun sözlərinə görə, nazirlik tərəfindən Oxçuçayda mütəmadi analizlər aparılıb. Analizlər çayın 3 müxtəlif istiqamətindən götürülüb: “Su nümunələri üzərindən 150-dən çox, dib çöküntülərindən isə 180-dən çox nümunə götürülüb. Həmin nümunələr əsasında fiziki-kimyəvi analizlər aparılıb. Məlum olub ki, çayda çirklənmə normadan 5-7 dəfə çoxdur. Təəssüf ki, çirklənmələr bu gün də davam edir”, - deyə U.Tağıyeva vurğulayıb.

“Cronimet” şirkəti cavab verməlidir

Oxçuçayın ölü çaya çevrilməsində “xidmətləri” olan qurumlardan biri də Almaniyanı təmsil edən “Cronimet” şirkətidir. Sözügedən şirkət Ermənistandakı mis və molibden ehtiyatları ilə zəngin olan Kacaran mədənini idarə edir. Mütəxəssislərin hesablamalarına görə, Kacaranda 1 milyard tondan çox filiz ehtiyatı mövcuddur. Gündəlik olaraq, buradan 24 min ton filiz və 5-6 min kubmetr boş süxur hasil edilir. Şirkət Ermənistanın mədənçıxarma sektorunda 1996-cı ildən təmsil olunur.

Yayılan xəbərlərə görə, “Cronimet”in Ermənistanın mədən sənayesindəki fəaliyyəti şəffaf olmayan prinsiplər üzərində qurulub. Bizim sözügedən şirkətə qarşı iddialarımız isə qurumun mədən sənayesinin tullantılarını heç bir təmizləmə əməliyyatları aparmadan Oxçuçaya axıtması ilə bağlıdır. Şirkət Azərbaycan ərazisindən keçən çayın ölü zonaya çevrilməsinə görə məsuliyyət daşıyır və əməllərinə görə cavab verməlidir. Ölkəmizin məsələ ilə bağlı qəti mövqeyini ifadə edən Prezident İlham Əliyev bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədəki nitqində Oxçuçayı çirkləndirən “Cronimet” şirkətinin cəzalandırılması məsələsini yenidən gündəmə gətirib: “Oxçuçay suyunu sarı rəngə boyayan “Cronimet” şirkəti gəlsin o zibilini təmizləsin. Yoxsa hesab edirlər ki, vaxt keçdi və biz hər şeyi unutduq. Biz heç nəyi unutmamışıq və unutmayacağıq”.

Su anbarlarının yenidən qurulması

Vaxtilə ulu öndər Heydər Əliyev Suqovuşan su anbarını inşa etdirəndə Bərdə, Ağdam, Goranboy, Yevlax, Ağcabədi və digər rayonların 100 min hektar torpağının suvarılması nəzərdə tutulmuşdu və sözügedən rayonlara lazımi həcmlərdə su verilirdi. Təxminən 30 il davam edən işğal dövründə Azərbaycan bu imkandan məhrum qalmışdı. Eyni zamanda, 1 milyard 600 milyon kubmetr su tutumuna malik Xudafərin, eləcə də Qız qalası, Suqovuşan, Xaçın, Köndələnçay-1, Köndələnçay-2, Aşağı Köndələnçay, Ağdamkənd kimi su anbarları da işğal altında idi.

İndi bütün bunlara son qoyulub. 44 günlük müharibədə düşməni diz çökdürən Azərbaycan həm də özünün su mənbələrini işğaldan azad edib. Yuxarıda bəhs etdiyimiz müşavirədə Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərdə icrası nəzərdə tutulan su layihələri barədə ətraflı bəhs edib.  “Konkret layihələrə gəldikdə, mən bu sahədə hansı işlər görüləcəyini də bildirməliyəm. Həkəriçay su anbarının tikintisi nəzərdə tutulur, yeni su anbarı olacaq. Suqovuşan su anbarının və kanalın təmiri. Kanalın uzunluğu 5,2 kilometrdir, təmirdən sonra Suqovuşandan daha böyük əraziyə suyun verilməsi mümkün olacaq. Xaçınçay su anbarının və 7 kilometr uzunluğunda kanalın təmiri”, - deyə dövlətimizin başçısı vurğulayıb.

Mövcud su anbarlarının bərpası, yenilərinin tikilməsi sayəsində işğaldan azad olunmuş ərazilərdə və keçmiş təmas xəttinə yaxın bölgələrdə minlərlə hektar torpaq sahələrini əkin dövriyyəsinə cəlb etmək mümkün olacaq. Bu barədə Prezident İlham Əliyevə Füzuli rayonunda Köndələnçay su anbarlarında aparılacaq təmir-bərpa işləri ilə tanış olarkən məlumat verilib. Bildirilib ki, mövcud su anbarlarının qəsdən məhv edilməsi Ermənistanın Qarabağda aqrar sahədə dağıdıcı fəaliyyətinin nəticəsidir. Köndələnçay su anbarı buna bariz misaldır. Ümumi sistemə daxil olan “Köndələnçay-1”, “Köndələnçay-2” və “Aşağı Köndələnçay” su anbarlarının bərpası ilə Füzuli rayonu ərazisində 6200 hektar əkin sahəsinin suvarılması mümkün olacaq.

Hazırda işğaldan azad edilmiş ərazilərdəki digər su anbarlarında da bərpa işləri həyata keçirilir. Bütövlükdə, sözügedən ərazilərdə 9 su anbarı tikilir və yaxud əsaslı şəkildə bərpa olunur.

Paylaş:
Baxılıb: 283 dəfə
Multi-media

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xarici siyasət

Prezident bu gün

Prezident bu gün

10 Avqust 10:25

Siyasət

Azərbaycan vaxt qoydu

10 Avqust 10:17

Xəbər lenti

Xəbər lenti

Maraqlı

444 il əvvəl...

09 Avqust 11:20

İqtisadiyyat

İqtisadiyyat

Prezident bu gün

Prezident bu gün

09 Avqust 11:00

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Xarici siyasət

İqtisadiyyat

Siyasət

Xarici siyasət

Gündəm

Beşinci zəng...

09 Avqust 10:00  

Xəbər lenti

Neft cüzi ucuzlaşıb

09 Avqust 09:57

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31