Cümhuriyyət dövrünün gerçək qəhrəmanları...
28.05.2022 [10:19]
İrəvanın güzəştə gedilməsinə etiraz edən Milli Şuranın üç üzvü
Azərbaycan xalqı onları niyə tanımır?
Nurlan QƏLƏNDƏRLİ
Bu gün Şərqin ilk parlamentli respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasından 104 il ötür. Bu tarixi reallıq Azərbaycanın zəngin dövlətçilik ənənələrinə malik olduğunu göstərməklə yanaşı, xalqımızın Şərqdə ilk demokratik respublika və Türk dünyasında ilk dünyəvi dövlət qurması gerçəkliyini ifadə edir.
Ümumiyyətlə, Cümhuriyyətin yaranması və fəaliyyətinin siyasi fəlsəfəsinə diqqət yetirdikdə, bu xüsusda müasir dövrün reallıqlarına nəzər saldıqda 5 mühüm qənaət ifadə edə bilərik:
- Azərbaycan Xalq Cümhuriyyətinin yaranması XX əsrin əvvəllərində mürəkkəb beynəlxalq münasibətlər sistemində xalqımızın milli istiqlaliyyət mücadiləsinin şanlı səhifəsi kimi tarixi hadisə idi;
- Cümhuriyyət XX əsrin Şərqi üçün milli dövlətçilik ənənələri baxımından perspektiv inkişafın siyasi modelinə çevrildi;
- Xalq Cümhuriyyəti dövründə mühüm dövlətçilik ənənələri və idarəetmə mədəniyyəti formalaşdırıldı. Cəmi 23 ay yaşayan Cümhuriyyət dövlət quruculuğu, eləcə də milli dövlətçiliyin əsaslarının gücləndirilməsi sahəsində əhəmiyyətli qərarları ilə yadda qaldı;
- Bir əsrdə ikinci dəfə müstəqilliyini əldə etmiş Azərbaycan ümummili lider Heydər Əliyevin milli maraqlara əsaslanan uğurlu siyasəti nəticəsində Xalq Cümhuriyyətinin taleyini yaşamaq - müstəqilliyini itirmək təhlükəsindən xilas oldu;
- Cümhuriyyətin ənənələrini yaşadan müasir müstəqil Azərbaycan Respublikası yeni zirvələr fəth edərək zəngin dövlətçilik tariximizin növbəti şərəfli səhifələrini yaradır. Heydər Əliyev ideyaları sayəsində və Prezident İlham Əliyevin müasir çağırışlara əsaslanan proqressiv siyasəti nəticəsində tarixi nailiyyətlər qazanan, öz ərazi bütövlüyünü bərpa edən Azərbaycan çoxəsrlik dövlətçilik tarixində heç vaxt indiki qədər güclü - qüdrətli olmayıb.
Xalq Cümhuriyyətinin yaranması və 23 aylıq fəaliyyəti barədə çox yazılıb, tarixi faktlar və dövrün reallıqları dəfələrlə ifadə olunub. Amma nəinki həmin dönəmin, hətta dövlətçilik tariximizin ən kritik - taleyüklü hadisələrindən biri - İrəvanın verilməsi məsələsi ya yetərincə tədqiq olunmayıb, ya da zəruri məsələlər diqqətə çatdırılmayıb - reallıqlar kölgədə qalıb. Ona görə də cəmiyyətdə, hətta tarix ixtisası üzrə müvafiq ali təhsilə malik olan şəxslərdə bu barədə ümumi bilgisizlik var. Belə olmasaydı, Azərbaycan toplumu Cümhuriyyət dövrünün gerçək qəhrəmanlarını da yaxşı tanıyardı. Söhbət Nəriman bəy Nərimanbəyli, Bağır bəy Rzayev və Mir Hidayət bəy Seyidovdan gedir.
Bəhs olunan şəxsiyyətlərin tarixi xidmətləri, həyat və fəaliyyətləri barədə söz açmamışdan əvvəl qeyd edək ki, Azərbaycan Milli Şurası 1918-ci il mayın 29-da keçirilmiş iclasda səs çoxluğu ilə İrəvan şəhərini Ermənistan respublikasının paytaxtı kimi tanımağı mümkün sayıb və bu şəhəri ermənilərə “bağışlayıb”. İrəvana sahiblənən ermənilər sonralar yaranmış şəraitdən sui-istifadə edərək digər ərazilərdən də azərbaycanlıları qovmağa, deportasiya etməyə başlayıblar və bu yolla öz ərazilərini genişləndiriblər.
Təfərrüatlara varsaq: 1918-ci il mayın 29-da Tiflisin Canişin sarayında toplaşan Milli Şuranın iclasında Fətəli xan Xoyski bildirmişdi ki, Azərbaycan və Ermənistan öz sərhədlərini müəyyənləşdirməyi qərara alıb, Ermənistan federasiyasının yaradılması üçün siyasi mərkəz lazımdır. O vaxtadək ermənilər özləri üçün indiki Gümrü (o zaman Aleksandropol) şəhərini mərkəz hesab edirdilər. Brest-Litovsk sülh müqaviləsinə əsasən, Qars və Ərdahanla birgə Aleksandropol Türkiyəyə verilmişdi. Buna görə də ermənilər İrəvanın siyasi mərkəz kimi onlara verilməsini istəyirdilər. Fətəli xan Xoyski də öz çıxışında İrəvanın ermənilərə güzəştə gedilməsinin zəruriliyini bildirdi. Söhbət İrəvanın Ermənistan dövlətinə yox, Ermənistan federasiyasına siyasi mərkəz olaraq verilməsindən gedirdi.
Burada iki məqama xüsusi diqqət yetirmək lazımdır. Birincisi, bu qərar verilməmişdən hələ iki ay əvvəl 1918-ci ilin mart ayından başlayaraq Azərbaycan xalqına qarşı soyqırımı həyata keçirilmişdi; ikincisi isə, İrəvanın verilməsindən sonra ermənilər iddialarını davam etdirdilər. Nəzərə almaq lazımdır ki, İrəvan quberniyasının xeyli ərazisi Azərbaycan Cümhuriyyətinin inzibati ərazi vahidi kimi qalırdı. Ermənilər İrəvanı şəhər kimi əldə etdikdən sonra daha geniş ərazilər barədə iddia qaldırdılar. 1920-ci ilin aprelində bolşeviklər Azərbaycanı işğal etdilər və noyabrda Zəngəzur da Ermənistana verildi.
Prezident İlham Əliyev 2021-ci il?? bu hadisələr barədə danışaraq qeyd etmişdi: “Azərbaycan Xalq Cümhuriyyətinin Azərbaycan xalqı qarşısında böyük xidmətləri var. Ancaq biz tarixi malalamamalıyıq, bilməliyik tarixi. Bilməliyik, 1918-1920-ci illərdə ki, Azərbaycan Xalq Cümhuriyyəti fəaliyyət göstərirdi, müstəqilliyimiz yarımçıq idi. İrəvanı verdik Ermənistana. Halbuki buna o vaxt İrəvandan olan nümayəndələr etiraz edirdilər. Onların səsinə fikir verən olmamışdı... Biz elə saxta tarixin girovuna çevrilmişik. Hər şeyi bilməliyik - kimin tarixdə hansı rolu var və nəticə nədən ibarətdir”.
Qeyd etdiyimiz kimi, İrəvanın Ermənistana verilməsinə qarşı yalnız 3 nəfər çıxış etmişdi - Nəriman bəy Nərimanbəyli, Bağır bəy Rzayev və Mir Hidayət bəy Seyidov. Onlar Milli Şuranın İrəvanın ermənilərə güzəşt edilməsinə dair qərarına qarşı ərizə ilə müraciət (etiraz) etdilər. Amma... Maraqlı və təəccüblüdür ki, həmin yazılı müraciət arxiv sənədlərindən yoxa çıxarıldı. Üstəlik, İrəvan şəhəri ermənilərə peşkəş edilərkən şəhər əhalisi arasında hansısa rəy sorğusu və ya səsvermə keçirilməmişdi.
Milli məsələdə sağlam əqidə və qətiyyətli mövqe ortaya qoyan Cümhuriyyət dövrü qəhrəmanlarını yaxından tanımaq (və tanıtdırmaq) xalq, dövlət qarşısında məsuliyyətli olmaqla yanaşı, şərəfli vəzifə və zərurətdir.
Azərbaycan milli istiqlal hərəkatının fəal iştirakçısı, 1918-ci il mayın 28-də Müstəqillik Aktını imzalayanlardan biri, Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin üzvü, ictimai-siyasi və dövlət xadimi Nəriman bəy Nərimanbəyli 1889-cu ildə Şuşa şəhərində anadan olmuşdu. O, uşaq olarkən ailəsi İrəvana köçdüyü üçün orta təhsilini İrəvan Gimnaziyasında almış, Moskva Universitetinin fizika-riyaziyyat şöbəsində, sonra isə Xarkov Universitetinin hüquq fakültəsində oxumuşdu. Təhsil alarkən “Azərbaycanlı tələbələrin həmyerlilər cəmiyyəti”nə rəhbərlik edirdi. Cəmiyyət üzvlərinin verdikləri tamaşaların gəliri ? Dünya müharibəsindən zərər çəkmiş müəllimlərin ailələrinə paylanırdı. N.Nərimanbəyli 1915-ci ildə ali təhsilini başa vurub vətənə qayıtdıqdan sonra öz ixtisası üzrə vəkil işləməklə yanaşı, “Müsəlman xeyriyyə cəmiyyəti”nə rəhbərlik edib.
1917-ci ildə “Müsavat” partiyasına daxil olan N.Nərimanbəyli 1918-ci ilin fevralında Zaqafqaziya Seyminin üzvü seçilmiş, Seymin müsəlman fraksiyasının, Zaqafqaziya Federasiyasının süqutundan sonra isə Azərbaycan Milli Şurasının üzvü olmuşdu. Nərimanbəyli 4-cü hökumət kabinəsində dövlət müfəttişi vəzifəsini daşıyırdı. 1920-ci ilin aprelində bolşeviklərin Cümhuriyyəti süquta uğratmasından sonra Nəriman bəy Nərimanbəylinin həyatının ağır günləri başlayır. O təqiblərə məruz qalır, “Müsavatçı” adına görə sıxışdırılır. 1923-cü il iyunun 21-də həbs edilir, işgəncələrə məruz qalır. Bir neçə ay sonra azadlığa buraxılsa da, həmin il oktyabrın 5-də yenidən həbs olunur. Bir müddət sonra azad edilsə də, 1925-ci ilin mayında üçüncü dəfə həbs olunur. Lakin həmin il iyunun 10-da azad edilir. Ömrünü milli azadlıq ideyasına, istiqlaliyyət məfkurəsinə həsr etmiş şəxsiyyətin bu dəyərlərə görə azadlıqdan məhrum edilməsi taleyin acı ironiyası idi.
Buna baxmayaraq, ona Bakını tərk etmək, müstəqil hərəkət etmək qadağaları qoyulur. Bundan sonrakı illərdə Nəriman bəyin hüquqları məhdudlaşdırıldı, seçici hüququndan məhrum edildi, işdən uzaqlaşdırıldı. 1937-ci il repressiyaları zamanı Nəriman bəy bir qrup “müsavatçı” ilə birlikdə Solovki düşərgəsinə sürgün edilir. Nəriman bəy Nərimanbəyli 48 yaşında Sovet hökumətinin qərarı ilə güllələnib...
1893-cü ildə İrəvan şəhərində anadan olan, gimnaziyada oxuyan, 1911-ci ildə Moskva Universitetinin hüquq fakültəsinə daxil olan Bağır bəy Rzayev isə Müsəlman Sosialist Blokunun üzvü olaraq Zaqafqaziya Seyminə üzv seçilmiş, burada müsəlman fraksiyasının və Müsəlman Sosialist Bloku qrupunun üzvü olmuşdu. 27 may 1918-ci il tarixində Müsəlman Sosialist Bloku sıralarından Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının üzvü seçilmişdi. B.Rzayev 7 dekabr 1918-ci il tarixində Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının sıralarından birbaşa parlament üzvlüyünə qəbul olunmuş, Sosialistlər fraksiyasını təmsil etmişdi. O, Nəriman bəy Nərimanbəyli və Mir Hidayət bəy Seyidovla birgə İrəvan Milli Komitəsinin üzvü idi. Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının 1 iyun 1918 tarixli sayca 3-cü və Tiflis Canişin Sarayında baş tutan iclasında Bağır bəy Rzayev İrəvana göndəriləcək nümayəndə heyəti ilə bağlı müzakirələrdə demişdi: “Mən əminəm ki, İrəvan quberniyasına sizlərdən heç kim getməyəcək. Oraya biz İrəvanlılar - mən və Seyidov gedəcəyik. Sizdən bir xahiş edirik: öz Azərbaycanınızın müstəqilliyini təmin edib, bizi - Ermənistan Respublikasının ərazisində qalanları yaddan çıxarmayın”.
Bağır bəy Rzayev parlamentin 17 iyul 1919-cu il tarixli iclasında isə demişdi: “Bir il əvvəl İrəvanda 22 min müsəlman yaşayırdı. Şəhərə tək-tək qayıdanlar evlərini və əşyalarını dağıdılmış görürlər”.
Məmmədhəsən Hacınski rəhbərliyində qurulması planlaşdırılan 6-cı hökumətdə sosialistlər hərbi nazirlik postuna Bağır bəy Rzayevi irəli sürmüşdülər, lakin hökumət qurmaq nəsib olmadı. 1920-ci ildə bolşeviklərin işğalından sonra mühacirət həyatı yaşayan Bağır bəy daha sonra Azərbaycana geri dönmüşdü. Lakin tarixi mənbələrdə göstərildiyi kimi, siyasi təzyiqlərə, davamlı təqiblərə dözməyərək 1927-ci ildə intihar edib.
1887-ci ildə Gəncədə (o vaxtlar Yelizavetpol adlanırdı) anadan olan və gimnaziyada, daha sonra Kazan Universitetinin hüquq fakültəsində təhsil alan Mir Hidayət bəy Seyidov İrəvan və Naxçıvan quberniyalarının Müsəlman Milli Şurasının sədri olub, Zaqafqaziya Seymində müsəlman fraksiyasının fəal üzvlərindən biri kimi tanınıb. O, Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin 44 nəfər Milli Şura üzvündən biri kimi fəaliyyət göstərib.
Mir Hidayət bəy 1918-ci ildən başlayaraq ermənilərin hücum etdikləri Naxçıvana gələrək Ordubadın müdafiə olunmasında iştirak edib. Tədqiqat mənbələrində göstərilir ki, o, müxtəlif vaxtlarda Ordubad Milli Müdafiə Şurasının sədri olub.
23 fevral 1919-cu ildə Ordubadda vəfat edən Mir Hidayət bəy bolşeviklərin işğalını - Azərbaycan Xalq Cümhuriyyətinin süqutunu görmədi, digər əqidə yoldaşları kimi amansız təqiblərə və işgəncələrə məruz qalmadı. Amma adını tarixə əbədi həkk etdirən əqidə və mənəviyyat adamı, əsl vətənpərvər və istiqlalçı olduğunu tarixin mühüm anında bir daha sübuta yetirdi.
Azərbaycan Prezidentinin daim diqqət mərkəzində saxladığı əsas məsələlərdən biri xalqımızın öz tarixi irsinə sahib çıxması, milli keçmişimizə aid reallıqların öyrənilməsi və geniş təbliğ olunmasıdır. Bu, şübhəsiz ki, milli yaddaşın bərpası baxımından mühüm əhəmiyyətə malikdir. Dövlət başçısı xalqımızın milli hafizəsinin yenilənməsini təkcə tarixi məsələ kimi deyil, həm də siyasi, mənəvi, mədəni və ideoloji hadisə kimi nəzərdən keçirir. Çünki Azərbaycanın gələcək hədəflərinə nail olmaq - perspektiv inkişaf yolu həm də milli keçmişimizə sahib çıxmaqdan, tarixi yaddaşımızın siyasi-ideoloji, mədəni-mənəvi qatlarını yeniləməkdən keçir. Ona görə də Azərbaycan Prezidenti vaxtaşırı milli-ictimai yaddaşa mühüm tarixi məsələləri təqdim edir, bununla bağlı müvafiq addımlar atılır. Məsələn, dövlət başçısı 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti yaradılandan bir gün sonra İrəvan şəhərinin Ermənistan dövləti üçün paytaxt şəhəri olmasına razılıq verməsini, eləcə də indiki Ermənistanın tarixi Azərbaycan torpaqlarında yaradılmasını xüsusi olaraq vurğulayır. Prezident İlham Əliyev qətiyyətlə vurğulayır ki, “İrəvan bizim tarixi torpağımızdır və biz azərbaycanlılar bu tarixi torpaqlara qayıtmalıyıq. Bu, bizim siyasi və strateji hədəfimizdir və biz tədricən bu hədəfə yaxınlaşmalıyıq”. Şübhəsiz ki, bu siyasi-strateji hədəfimizə uyğun müvafiq addımlar atılır, həmçinin tarixi-mədəni və mənəvi-ideoloji əhəmiyyəti çox böyük olan işlər görülür.
Tarixi faktlar həm də siyasi reallıqdır. Tarix isə dərs - nəticə çıxarmaq üçün əvəzsiz vasitədir. Çünki tarix dünənin siyasəti, siyasət isə bu günün tarixidir.
Xəbər lenti
Hamısına bax
Xəbər lenti
27 Sentyabr 23:00

Xəbər lenti
27 Sentyabr 21:25

Xəbər lenti
27 Sentyabr 19:00

Xəbər lenti
27 Sentyabr 18:35

Siyasət
27 Sentyabr 18:04

Xəbər lenti
27 Sentyabr 17:25

Xəbər lenti
27 Sentyabr 16:46

Xəbər lenti
27 Sentyabr 16:34

Xəbər lenti
27 Sentyabr 16:08

Dünya
27 Sentyabr 16:05

Xəbər lenti
27 Sentyabr 15:21

Xəbər lenti
27 Sentyabr 15:13

İqtisadiyyat
27 Sentyabr 15:12

Xəbər lenti
27 Sentyabr 14:45

Siyasət
27 Sentyabr 14:42

Xəbər lenti
27 Sentyabr 14:39

Xəbər lenti
27 Sentyabr 14:17

Xəbər lenti
27 Sentyabr 14:10

Xəbər lenti
27 Sentyabr 14:08

Xəbər lenti
27 Sentyabr 13:54

Xəbər lenti
27 Sentyabr 13:32

Xəbər lenti
27 Sentyabr 13:12

Xəbər lenti
27 Sentyabr 13:00

Xəbər lenti
27 Sentyabr 12:54

Turizm
27 Sentyabr 12:32

Xəbər lenti
27 Sentyabr 12:24

Siyasət
27 Sentyabr 12:20

Xəbər lenti
27 Sentyabr 12:10

Xarici siyasət
27 Sentyabr 12:03

Xəbər lenti
27 Sentyabr 12:01

Xəbər lenti
27 Sentyabr 11:57

Xəbər lenti
27 Sentyabr 11:56

İqtisadiyyat
27 Sentyabr 11:51

Xəbər lenti
27 Sentyabr 11:48

MEDİA
27 Sentyabr 11:40

Xəbər lenti
27 Sentyabr 11:30

Xəbər lenti
27 Sentyabr 11:23

Sosial
27 Sentyabr 11:22

Siyasət
27 Sentyabr 11:10

Xəbər lenti
27 Sentyabr 11:09

İqtisadiyyat
27 Sentyabr 11:00

Siyasət
27 Sentyabr 10:50

İqtisadiyyat
27 Sentyabr 10:40

Siyasət
27 Sentyabr 10:30

Gündəm
27 Sentyabr 10:29

Siyasət
27 Sentyabr 10:20

Xəbər lenti
27 Sentyabr 10:18

Siyasət
27 Sentyabr 10:10

Xəbər lenti
27 Sentyabr 09:42

Gündəm
27 Sentyabr 09:30

Gündəm
27 Sentyabr 00:52

Gündəm
26 Sentyabr 23:37

Xəbər lenti
26 Sentyabr 21:59

Siyasət
26 Sentyabr 21:56

Gündəm
26 Sentyabr 21:54

Xəbər lenti
26 Sentyabr 19:09

Xəbər lenti
26 Sentyabr 18:13

Xəbər lenti
26 Sentyabr 18:09

Xəbər lenti
26 Sentyabr 17:40

Xəbər lenti
26 Sentyabr 17:06

Xəbər lenti
26 Sentyabr 16:30

Xəbər lenti
26 Sentyabr 16:15

Xəbər lenti
26 Sentyabr 16:13

Xəbər lenti
26 Sentyabr 16:07

Turizm
26 Sentyabr 16:05

Xəbər lenti
26 Sentyabr 15:45

Xəbər lenti
26 Sentyabr 15:00

Dünya
26 Sentyabr 14:47

Xəbər lenti
26 Sentyabr 14:36

Xəbər lenti
26 Sentyabr 14:25
