Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Məratibül-vücud, yaxud Beşmərtəbə varlıq evinin altıncı mərtəbəsi

Məratibül-vücud, yaxud Beşmərtəbə varlıq evinin altıncı mərtəbəsi

28.05.2022 [11:33]

Yazdıqlarıyla yaşadıqları arasında uçurum olmayan tək-tək sənətkarlardan biri - vur-tut otuz beş yaşında intihar eləmiş böyük yapon yazıçısı Akutaqava bu mənada həm yaradıcılığı, həm də həyatıyla fələyin gərdişinə poetik-absurdçu baxışı qəddarcasına sərrast ifadə eləyən böyük qələm adamıdır. “İnsan ömrü Bodlerin bir misrasına dəyməz” kimi qəzəbli aforizmin müəllifi (yeri gəlmişkən, XIX əsrdə yaşamış böyük fransız şairi Şarl Bodler də haqqında danışdığımız təfəkkür tipinin ən qəddar, ən sərt ifadəçilərindəndir) başqa bir yerdə yazırdı ki, dünyada nə əxlaq, nə mənəviyyat var, yalnız əsəb telləri, sinirlər var. Yəni heç kəsi heç nəyə görə nə qınamağa, nə də öyməyə dəyməz, sinir sistemimiz bizdən nə yapıb düzəldibsə oyuq, əməllərimizə görə bütün məsuliyyəti anamız təbiətin əsəb tellərimizdən bizə can toxuyan barmaqları daşıyır.

Məgər Emil Zolya bizi genlərimizin, təbiətimizin əsiri olduğumuza inandırmaq üçün dalbadal iyirmi roman yazanda eyni həqiqətə tapınmırdımı? Çexov da, Kafka da dünyaya öz sinirlərinin qəfəsindən baxmırdımı? Demokritdən ayrılıb stoiklərdən keçən cığırın Kafkaya, epikürçülərdən keçən cığırın Kamyuya gəlişini izləyə bilsək, zahirən bir-birinə daban-dabana zidd görünən bu iki dahi söz adamının, əslində bir medalın iki üzü kimi nə qədər yaxın olduğunu sezə bilsək, “poetik təfəkkür” anlayışı altında nələri ümumiləşdirdiyimiz tam aydın olar...

***

Çoxlarının (elə bəndənizin də) dünya nəsrinin şah əsəri saydığı “Hərb və sülh” epopeyası çap olunanda başqa bir böyük rus yazıçısı Saltıkov-Şedrin dörd cilddən ibarət bu romanı çərənçi dayələrin uzun qış gecələri boyu uşaqlara danışdığı bitməz-tükənməz mənasız nağıllara bənzətmişdi. Kiməsə elə gələr ki, Şedrin Tolstoyun paxıllığını çəkirmiş, mən buna əsla inanmaram. Sadəcə, bu yazıçılar fərqli düşüncə yiyəsidirlər, təfəkkür binasının ayrı-ayrı mərtəbələrində məskunlaşıblar. Şedrin ictimai həyata, hadisələrə realist, praqmatik, sosioloji prizmadan, Tolstoy idealist, mistik, fəlsəfi prizmadan baxır. Obrazlı desək, Şedrin varlıq evinin üçüncü, Tolstoy beşinci mərtəbəsində yaşayır. Eyni mülahizəylə Axundov da Füzulini bəyənmirdi, Zakiri ondan üstün tuturdu. Bütün maarifçi-demokratlar kimi Mirzə Fətəli də elmi-praqmatik, gerçəkçi düşüncəylə silahlanmışdı, tənqidi realizmdən başqa cərəyanları faydasız, əhəmiyyətsiz, hətta zərərli sayırdı. Hərçənd Füzuli məqamının Axundov məqamından iki mərtəbə yuxarı olduğu da yəqin düşüncə tarixinə bələd kimsədə şübhə doğurmaz. Biz bir toplum kimi Axundovun zamanına pis-yaxşı qədəm qoymuşuq, fəqət Füzulinin zamanından bizi azı min il ayırır.

Elə Tolstoy özü də nə Volteri, nə Şekspiri bəyənirdi. Məlum, Volter Şedrinlə mərtəbə qonşusuydu, Allaha da eşqlə yox, ağılla inanırdı, eynən Aristotel kimi Tanrının həyata ilk təkan verən, amma sonradan dünyanın işinə qarışmayan nəhəng, hüdudsuz ağıl, rasional büt olduğunu düşünürdü. Bu cür etiqad Lev Nikolayeviçi heç vaxt razı sala bilməzdi. Söz-sənət tarixində poetik təfəkkürün ən parlaq təmsilçilərindən olan Şekspirin isə Allaha inanıb-inanmadığını heç düz-əməlli bilmək də olmur. Volterdən bir qat yuxarıda, Tolstoydan bir qat aşağıda mənzillənmiş Şekspirdən ötrü həyat aramsız aldanışlar, qanlı faciələr silsiləsidir, Tolstoy isə Anna Kareninanın aqibətindən söz düşəndə belə “tragizm” ifadəsini yaxına buraxmır, onu lağa qoyur, çünki o dünyaya, haqq divanına, ruhun ölməzliyinə inanan adam üçün dünyada heç bir faciə ola bilməz. Bu səbəbdən Tolstoy nə Şekspirin, nə də sevimlisi Çexovun pyeslərini bəyənir. Eyni yanaşmaya ötən əsrin dini-mistik ruhlu yazıçılarından biri Fransua Moriakın Prust haqqında essesində rast gəlmişəm; “İtirilmiş vaxtın sorağında” silsiləsinin müəllifini sənətkar kimi göylərə qaldırsa da, Moriak yana-yana yazırdı ki, hayıf Prustun əsərində Allah yoxdur.

Analoji müqayisəni “Madam Bovari” ilə “Anna Karenina” arasında da apara bilərik. Həyatı faciə janrında qavramaqda Şekspirin xələfi, Çexovun sələfi sayılmağa layiq Flober təbiətin bəxş elədiyi duyğularına azadlıq verdiyinə görə zavallı Emmanın bəlalı başına addımbaşı peşmançılıq külü ələyir, onu ta o həddə gətirir ki, madam Bovari o kül yağışının altında qalıb əzabla canını müəllifinə tapşırır. Flober üçün fani həyatda bundan başqa sonluq yoxdur, ehtirasla sevgi bir hissin iki adıdır, ən alovlu duyğular belə sönməyə məhkumdur, bütün sevgilər nakam, bütün xəyallar puçdur. “Madam Bovari”nin həyatdan küskün subay müəllifi (yeri gəlmişkən, varlıq evinin dördüncü mərtəbəsində yaşayan böyük yazıçıların çoxu ömrünü subaylıqla keçirib: Stendal, Balzak, Qonçarov, Turgenev, Zolya, Mopassan, Çexov, Prust, Kafka...) bir çətən külfət yiyəsi Tolstoydan fərqli olaraq ömrün davamına ümid bəsləmir, dini-mistik illüziyalara könül vermir. Tolstoy isə bir-birinə çürük ehtiras kəndiriylə bağlanmış Anna-Vronski cütlüyünün qarşısına gerçək xristian məhəbbətinin, xristian ailəsinin timsalı kimi Levin-Kiti cütlüyünü çıxarır, Annanı Emmanın vasil olduğu cəhənnəmə göndərir, Levini isə cənnətlə müjdələyir. İki yazıçının başlıca düşüncə fərqi də elə bu məqamda üzə çıxır: Flober üçün yaşamaq cəhənnəm əzabıdır, həyat hər zövqü-səfanı gec-tez insanın burnundan gətirən işgəncə mexanizmidir; Tolstoy isə dünyanı cənnət-cəhənnəmə bölür, varlığın ətəyindən yapışanları cənnətə, yoxluğa dartınanları cəhənnəmə göndərir.

***

Son iki yüz ilin fəlsəfi fikir tarixini nəzərdən keçirsək, burada da üç düşüncə modelinin varlığın beş mərtəbəli binasının üçüncü, dördüncü, beşinci mərtəbələrində necə yerləşdiyini görərik. Lebon, Maks Veber, Fromm, Adler, Qumilyov, Kramer, Taylor, Frezer, Lombrozo, Rassel kimi alim başlar üçüncü mərtəbədə, Şopenhauer, Ştirner, Kyerkeqor, Freyd, Şpenqler, Haydegger kimi şair ruhlular dördüncü mərtəbədə, Nitsşe, Berqson, Hüsserl, Yunq, Yaspers kimi peyğəmbər xislətlilər beşinci mərtəbədə məskunlaşıblar. Bu bölgü kiməsə qəribə görünə bilər, ancaq mən, məsələn, həzzə can atmağın ölümə şüursuz dartınma olduğunu, ölmək, yoxa çıxmaq, qeyri-üzvi varlığa (yəni əslində yoxluğa) çevrilmək kimi acı bir aqibətə qovuşmağın hər bir üzvi varlığın, o cümlədən insanın ümdə məqsədi olduğunu deyən Ziqmund Freydin təfəkkürünü elmi yox, poetik təfəkkür sayıram. Fərdi şüursuzluqla yanaşı kollektiv, bəşəri təhtəlşüurun da olduğunu sübuta yetirən, insanlığın ortaq yaddaşında Allahın barmaq izlərini axtaran Karl Yunqun düşüncəsini elmi yox, mistik düşüncə sayıram.

Hətta Fridrix Nitsşe kimi ateizm, materializm peyğəmbəri də sonda əbədiyyətsiz keçinə bilmədi, əbədiyyətə guya iddiası olmayan təbiət kahini təbiət qoynunda əbədi qayıdış haqqında mif uydurdu. Nitsşe beşinci mərtəbədə yaşayanların dini-mistik inanclarını guya bölüşməsə də (ona görə guya deyirəm ki, onun təfəkkürü xalis dini-mistik tipli təfəkkürdür), dördüncü mərtəbə sakinlərinin arasında da yer almaq istəmirdi. Çılğın filosof qocalıb əldən düşmüş Allahı zəhərləyib öldürdü, ancaq onun taxtına yeni allah çıxara bilmədi. Beşinci mərtəbənin həqiqətinə inanmadan üst qatda mənzil kirayələmək istəyi onun ilahi insana qarşı fövqəlinsanı, Xristə qarşı Antixristi, Mehdiyə qarşı Dəccalı çıxarmasıyla nəticələndi. Materiya allahının yerə-göyə sığmayan elçisinin haqq aşiqliyinə qarşı qoyduğu hakimiyyət iradəsi sonda onu bəyənib əyninə geyinmədiyi bir çuxanın astarına, peyğəmbərlər məqamında yalançı peyğəmbərə çevirdi.

Bu baxımdan İsa Məsihə onun ən qəddar düşməni Nitsşe qədər yaxın bir kimsə yoxdur. Anlaqlı ömrünün son dəqiqəsində qamçılanan atın boynunu qucaqlayıb ağlayan qəzəbli filosof xəzan vurmuş xəyalında yəqin qardaşı İsaya sarılıb, öz əliylə zəhərlədiyi xəstə, qoca Atasına ağlayırdı...

***

Biz elmi-praqmatik təfəkkürün hakim olduğu üçüncü eranın, zənnimcə, onda doqquzunu geridə qoymuşuq. Bu eranın mənəvi qəhrəmanları alimlər (sözün geniş mənasında), fiziki qəhrəmanları tacirlərdir. Ancaq elmin də imkanları tükənməz deyil. Təqribən iki-üç əsrdən sonra bəşəriyyət varlığın dördüncü mərtəbəsinə qalxıb yeni eraya qədəm qoyacaq. O dövrün dominant düşüncə tipi poetik təfəkkür olacaq. Poetik düşüncənin ictimai həyatda üstünlük qazanacağı eranın qəhrəmanları şairlər (sözün geniş mənasında), tənhalıqdan özünə ev quran zahidlər, dünyanı fərdin mülkü sayan, sərhəd tanımayan gəzərgi anarxistlər olacaq.

İnsan oğlu minillik bir dönəmi də geridə qoyandan sonra toplumun həyatında mistik düşüncənin hakim mövqe tutacağı bir dövrana girəcək. Varlıq evinin beşinci mərtəbəsi bəşərin üzünə açılacaq (kimlərsə artıq çoxdan yuxarı mərtəbələrdə yerini tutub). O dövrün qəhrəmanları peyğəmbərlər, dərvişlər, kamil insanlar olacaq. Bu deyilənlər, əlbəttə, münəccimlik qabiliyyətinin bəhrəsi deyil, bəşəriyyətin parlaq zəkalarının dünyaya gətirdiyi ideyaların çeşidlənməsindən çıxarılan nəticələrdir.

Mənə elə gəlir beş qatlı təfəkkürün, beşmərtəbə varlıq evinin ayaq dəyməmiş çardağı, altıncı mərtəbəsi də var. Söz yox ki, bunu demək üçün əlimizdə tutarlı fəlsəfi dəlil yoxdur. Ancaq gəlin təfəkkür mərtəbələrini aşağıdan başlamaqla bir də dolaşıb onlara keşik çəkən mənəvi-fiziki qəhrəmanlarla, yəni düşüncəmizə həkk olunmuş arxetiplərlə bir də tanış olaq: şaman (animistik təfəkkür), kahin (teokratik təfəkkür), alim (praqmatik təfəkkür), şair (poetik təfəkkür), peyğəmbər (mistik təfəkkür).

Bəs peyğəmbərdən yuxarıda kim durur? Əlbəttə, Allah! Allah - duyğuların ən alisi, arxetiplərin ən ucası, varlığın, təfəkkürün adı hələ tapılmamış altıncı qatıdır.

İndi də bu arxetiplərə tərs üzdən baxaq: ovçu, çoban, tacir, zahid, dərviş.

Dərvişin başı üstündə yalnız bir varlıq ola bilər - Tanrı! Tanrı bizim düşüncəmizin son instansiyası, inanclı-inancsız cəmi bəşəriyyətin ən uca idealıdır. Onun gerçək dəyəri, dəqiq tərifi hələ də verilməyib...

F.Uğurlu

Paylaş:
Baxılıb: 453 dəfə
Multi-media

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xarici siyasət

Prezident bu gün

Prezident bu gün

10 Avqust 10:25

Siyasət

Azərbaycan vaxt qoydu

10 Avqust 10:17

Xəbər lenti

Xəbər lenti

Maraqlı

444 il əvvəl...

09 Avqust 11:20

İqtisadiyyat

İqtisadiyyat

Prezident bu gün

Prezident bu gün

09 Avqust 11:00

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Xarici siyasət

İqtisadiyyat

Siyasət

Xarici siyasət

Gündəm

Beşinci zəng...

09 Avqust 10:00  

Xəbər lenti

Neft cüzi ucuzlaşıb

09 Avqust 09:57

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31