Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Bütün yollar Azərbaycana aparır!

Bütün yollar Azərbaycana aparır!

25.05.2022 [10:18]

Asiya ilə Avropanı birləşdirən tranzit qovşağı

Taleh AĞAVERDİYEV

Qlobal iqtisadiyyatın əsas komponentlərindən biri logistikadır. Ukraynadakı müharibə artıq koronavirus pandemiyasından ciddi şəkildə zərər çəkmiş ticarət əlaqələri sahəsində vəziyyəti daha da gərginləşdirib. Rusiyaya qarşı tətbiq edilən sanksiyalar və onun ölkələr arasında uzun illər mövcud olan qlobal logistika sistemindən kənarda qalması ciddi çətinliklərə səbəb olub. İsveçrənin Mediterranean Shipping Company (MSC), Danimarkanın Maersk, Fransanın CMA CGM, Almaniyanın Hapag-Lloyd daşıyıcısı, Ocean Network Express (ONE) Sinqapur alyansı və tayvan operatoru Yang Ming kimi aparıcı xarici logistika şirkətləri Rusiya bazarında işləməkdən imtina ediblər. Qlobal nəqliyyat və sığorta xərcləri artdı, bu da qida, avtomobil, tikinti, neft-kimya və nəqliyyat da daxil olmaqla, geniş spektrdə əsas sahələr üzrə qlobal istehsal-təchizat zəncirlərinə təsir etdi. Hətta Çin yükgöndərənləri mallarının təhlükəsizliyindən ehtiyat edərək, Rusiyadan keçməklə Aİ-yə mallarının tranzitini tədricən azaltmağa başlayıblar.

Çin və Avropa arasında ümumi ticarət dövriyyəsi ildə təxminən 120 milyon ton yük təşkil edir. Eyni zamanda, bu yüklərin xeyli hissəsi Rusiya ərazisindən keçən dəmir və avtomobil yolları ilə daşınıb. Buna görə də, sanksiyaların sərtləşdirilməsindən sonra Avropa İttifaqı narahatlıqla Çinin malların çatdırılması üçün logistikaya hansı istiqamətdə yenidən baxacağını və bunun son nəticədə Aİ iqtisadiyyatına nə qədər başa gələcəyini gözləyirdi.

Yaranan geosiyasi şəraitdə Azərbaycanın Avrasiya üçün mühüm nəqliyyat və ticarət qovşağı kimi əhəmiyyəti sürətlə artmağa başladı. Mövcud vəziyyət qlobal nəqliyyat şirkətlərini daha sabit və alternativ marşrutlar haqqında düşünməyə vadar edib. Və bu baxımdan Cənubi Qafqaz və Mərkəzi Asiya yeganə dayanıqlı tranzit imkanları kimi qiymətləndirilir. Qeyd edək ki, Azərbaycan ərazisindən keçən tranzit marşrutlarının bir sıra üstünlükləri var: siyasi sabitlik, müəyyən edilmiş qanunvericilik bazası, qısa tranzit məsafələri, marşrutların şaxələndirilməsi (Azərbaycanda istənilən istiqamətə çıxış imkanları var), malların çatdırılma sürəti. Bu gün Azərbaycan bütün maraqlı tərəflərə öz nəqliyyat və logistika potensialından daha da geniş istifadə etməyi təklif edə bilər. Məsələn, 2017-ci ildə açılan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunu (TMTM, Orta Dəhliz kimi də tanınır), hansı ki, Cənub-Şərqi Asiya və Çindən başlayır, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan, Türkiyədən keçməklə Avropaya kimi uzanır.

Artıq aprel ayında Çin Rusiyadan yan keçməklə Azərbaycan və Qazaxıstan ərazisindən Mannheim (Almaniya) istiqamətində yeni dəmir yolu marşrutundan istifadə etməyə başlayıb. Qatarlar Qazaxıstan, Azərbaycan, Rumıniya, Macarıstan, Slovakiya və Çexiyadan keçir. İdman malları ilə yüklənmiş ilk qatar aprelin 13-də Sian şəhərindən bu marşrutla yola düşdü. Qeyd edək ki, əvvəllər Çindən Avropaya qatarlar yeni marşrutun əhatə etdiyi ölkə və regionlardan çox nadir hallarda keçirdi.

Mayın 10-da Rusiyada fəaliyyətini dayandırmış Finlandiyanın “Nurminen Logistics” nəqliyyat-logistika şirkətinin də ilk konteyner qatarı yeni marşrutla yola düşüb. Marşrut Çinin Çuntsin bələdiyyəsindən başlayıb və Qazaxıstan, Azərbaycan, Gürcüstan və Rumıniyadan keçərək Mərkəzi Avropaya gedib.

Mayın 18-də məlum olub ki, dünyanın ən böyük nəqliyyat və logistika şirkət qruplarından biri olan Danimarkanın A.P. Moller-Maersk şirkəti, həmçinin Çin və Avropanı birləşdirən yenilənmiş dəmir yolu servisini işə salıb. Yükdaşımalar Qazaxıstan, Azərbaycan, Gürcüstan və Rumıniya əraziləri ilə həyata keçiriləcək. Çatdırılma müddəti təxminən 40 gündür. Konteynerlər Çin və Qazaxıstan sərhədindəki Xorqos məntəqəsini keçdikdən sonra dəmir yolu ilə Qazaxıstanın Aktau stansiyasına çatır və oradan Bakıya gedən barjalara yenidən yüklənir. Onlar Azərbaycan paytaxtından dəmir yolu ilə Poti limanına, Gürcüstanın APM Terminals Poti operatorunun terminalına çatdırılır, oradan Rumıniyanın Konstansa limanına gedən gəmilərə yüklənir və oradan yük dəmir yolu ilə Avropanın müxtəlif məntəqələrinə çatdırılır.

Rusiya da öz ixrac-idxal yükləri üçün alternativ marşrutlar axtarır ki, bunlar arasında Azərbaycanın ərazisi getdikcə daha çox yada salınır - ölkəmiz “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin, eləcə də Türkiyə limanlarına çıxışı olan “Şimal-Qərb” nəqliyyat dəhlizinin keçdiyi məkandır.

Orta Dəhlizin inkişafına artan ehtiyaclar konkret addımların atılmasını tələb edir. TMTM-in inkişafı üçün Azərbaycan, Qazaxıstan və Gürcüstan martda tariflər, yük bəyannaməsi, vahid IT həllərdən istifadə və tranzit yüklərin konsolidasiyası ilə bağlı məsələləri həll edəcək birgə müəssisənin yaradılması barədə razılığa gəliblər. Birgə müəssisə 2023-cü ilin əvvəlində və ya ortalarında qeydiyyatdan keçəcək. Yeni qurum çərçivəsində beynəlxalq Şimal-Cənub dəhlizinin Xəzər dəniz limanlarına qoşulması və dəhlizin İran, Fars körfəzi ölkələri, Şimali Afrika və Hindistanı daxil etməklə genişləndirilməsi nəzərdə tutulur.

Xatırladaq ki, aprelin ortalarında Qazaxıstan və Azərbaycanın dəmir yolu idarələri logistika sahəsində birgə layihələrin həyata keçirilməsinə dair Saziş imzalayıb, TMTM üzrə multimodal daşımaların gələcək inkişafı məsələlərini müzakirə ediblər. Bundan başqa, Azərbaycan, Gürcüstan və Qazaxıstanın hakimiyyət orqanlarının tranzitin asanlaşdırılmasına dair üçtərəfli saziş layihəsini imzalamağı planlaşdırdığı açıqlanıb. Bu layihə hələ 2016-cı ildə Asiya İnkişaf Bankının maliyyə dəstəyi ilə Azərbaycan, Gürcüstan və Qazaxıstan gömrük xidmətləri tərəfindən hazırlanıb. Saziş TRASEKA dəhlizində (Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin təşkili üzrə Aİ və tərəfdaş ölkələr arasında beynəlxalq əməkdaşlıq proqramı) daşıyıcıların işini təkmilləşdirəcək və sadələşdirəcək. Gürcüstan tərəfindən bu sistemin işə salınması 2023-cü il yanvarın 1-dən gözlənilir. İndiki şəraitdə TRASEKA nəqliyyat dəhlizinin inkişafı da həm Azərbaycan daşıyıcıları, həm də ölkənin tranzit potensialının inkişafı baxımından son dərəcə vacibdir. Bundan əlavə, mayın 19-da Azərbaycanın yüklərin tranziti üçün yol vergisinin ləğvinə yönəlmiş qanun layihəsi hazırladığı açıqlanıb. Həmçinin beynəlxalq yükdaşımaların elektronlaşdırılması çərçivəsində eTIR prosedurunun işə salınması nəzərdə tutulur.

Azərbaycan ərazisindən keçən marşrutlara marağın artması ölkəmizin iqtisadi mövqeyini gücləndirməklə yanaşı, dövlət gəlirlərini də artırmağa imkan verir. Belə ki, bu ilin yanvar-mart aylarında TRA?E?A çərçivəsində Azərbaycan ərazisindən daşınmış yüklərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,7%, yük dövriyyəsi isə 6,3% artıb. Azərbaycanın Avropa ölkələri ilə ticarət dövriyyəsi də kəskin artıb. 2022-ci ilin yanvar-aprel aylarında o, 8,197 milyard dolları (105,29 faiz və ya 4,204 milyard dollar artıb) ötüb və Avropa dövlətlərinin Azərbaycanın ümumi xarici ticarət dövriyyəsindəki payı 79,74 faiz (artım 11,73 faiz) təşkil edib. Ümumilikdə, 2022-ci ilin yanvar-aprel aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi bütövlükdə ötən ilin müvafiq dövrü ilə müqayisədə 60,35 faiz və ya 5,97 milyard dollar artaraq 9, 893 milyard dollardan 15, 863 milyard dollara yüksəlib.

Beləliklə, yeni geosiyasi reallıq Azərbaycana dünya səviyyəli və əhəmiyyətli tranzit qovşağına çevrilmək, Avropa ilə Asiya arasında bir növ körpü olmaq üçün tarixi şans verib. Bütün bunlar isə uzun illər əvvəl ölkəmizdən keçən nəqliyyat marşrutlarına kommersiya tələbatını proqnozlaşdıran Prezident İlham Əliyevin uzaqgörən siyasəti ilə bağlıdır. Dövlətimizin başçısının həyata keçirdiyi siyasət çərçivəsində son illər ölkənin nəqliyyat potensialının inkişafı istiqamətində çox böyük işlər görülüb, nəqliyyat sektorunun sabit inkişafı təmin edilib. Genişmiqyaslı tədbirlərin, iri infrastruktur layihələrinin (Bakı-Tbilisi-Qars dəmir yolu, dəmir yolu sisteminin yenidən qurulması, dəmir yolu parkının yenilənməsi, bərə və quru yük donanmasının inkişafı, Ələt azad iqtisadi zonasının yaradılması) həyata keçirilməsi Azərbaycanın nəqliyyat və logistika infrastrukturunun inkişafına töhfə verdi ki, bu da hazırda beynəlxalq dəhlizlər üzrə yüklərin daşınmasını xeyli asanlaşdırır.

Paylaş:
Baxılıb: 958 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30