Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Müasir təhsil tarixinin Şuşa səhifəsi

Müasir təhsil tarixinin Şuşa səhifəsi

24.05.2022 [10:14]

Şuşa Real Məktəbi şagirdlərin reallaşan arzusu olacaq

Məktəbin bərpasına 1 milyon manat ayrılıb

Günel ABBAS

İşğaldan azad olunan ərazilərdə bərpa quruculuq işlərinin aparılması postmüharibə dövrünün ilk günlərindən Azərbaycan dövlətinin əsas missiyalarından birinə, məqsədinə çevrilib. Həmin ərazilərdə çoxsaylı vəhşilik qurbanı olan məşhur, tarixi tikililər mövcuddur. Təhsil tariximizdə özünəməxsus yer tutan, xalqımıza tanınmış yazıçılar, ziyalılar, ədiblər bəxş edən Şuşa Real Məktəbi də mənfur qonşularımızın vəhşiliyinin qurbanı olan, bilik, elm məbədgahlarımızdandır. Son vaxtlar məktəbin bərpasını sürətləndirmək və əvvəlkindən daha gözəl bir məkana çevirmək istiqamətində əsaslı işlər görülür. Mayın 20-də Prezident İlham Əliyevin Şuşa şəhərində Şuşa Real Məktəbinin binasının layihələndirilməsi və bərpası ilə bağlı tədbirlər haqqında Sərəncam imzalaması bu prosesin hüquqi əsasını qoydu. Sərəncama əsasən, Şuşa şəhərində Şuşa Real Məktəbinin binasının layihələndirilməsi və bərpası məqsədilə 2022-ci il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitdən Təhsil Nazirliyinə ilkin olaraq 1 milyon manat ayrılıb.

Real Məktəbin yeni görkəmi necə olacaq?

Ötən gün Təhsil Nazirliyi bərpasına başlanılan Şuşa Real Məktəbinin gələcək görüntüləri ilə bağlı video paylaşıb. Videoda məktəbin maket versiyası olduqca füsunkar görünməklə yanaşı, həm də məkanın geniş olması nəzərə çarpır. Video görüntülər ictimaiyyətə paylaşıldığı andan etibarən böyük rəğbətlə qarşılandı. Şuşa Real Məktəbinin şagirdlərin reallaşan arzusu olacağını demək mümkündür.

Məktəbin tarixi...

XIX yüzilliyin sonlarında müxtəlif sahələrdə baş verən dəyişikliklər Azərbaycanda mədəniyyətlə yanaşı,  maarifçiliyə meyillərin artmasına da özünün müsbət təsirini göstərirdi. Həmin dövrdə maarifçiliyin inkişafı nəticəsində dini təhsil sistemindən dünyəvi təhsil sisteminə keçid gücləndi. XIX əsrdə Azərbaycanda yeni tipli məktəblər meydana gəldi və inkişaf yoluna qədəm qoydu. Belə məktəblərin təsiri və maariflənmə səyləri baxımından Qarabağ bölgəsi, nəinki Azərbaycanda, eləcə də, Cənubi Qafqazda, öncül yerlərdən birini tuturdu. Bu ənənə XIX əsrin sonlarında daha da güclənmişdi.

Qeyd edək ki, XIX əsrin 80-ci illərində bir real məktəb Bakıda, bir klassik progimnaziya isə Gəncədə fəaliyyət göstərirdi. Bu isə bir tərəfdən əhalinin orta təhsilə olan ehtiyacını, digər tərəfdən isə sənaye və ticarətin artmaqda olan tələbini ödəyə bilmirdi. Şuşada isə bu tələb və ehtiyac özünü daha kəskin şəkildə büruzə verirdi. Burada orta məktəbə olan tələbat get-gedə artırdı. Belə ki, Şuşada progimnaziya təsisi sahəsindəki tələbin nəticəsiz qalmasını görən şəhər əhalisi 1880-ci il iyunun 30-da Peterburqa - Qafqaz komitəsinə müraciət edir. Müraciətdə qeyd olunurdu: “Şuşa şəhər sakinlərinin təhsilə olan cidd-cəhdinə, (Şəhər məktəbində 400-dən artıq şagirdin oxuması bu cəhdi bir daha təsdiq edir) və şəhər ictimaiyyətinin arzusuna əsaslanan Gəncə qubernatoru Şuşa şəhərində 6 sinifli realnı məktəb açmağı xahiş edir. Şəhər ictimaiyyəti həmin məktəbi müvafiq bina ilə təmin etməyi və ildə 7500 manat pul ilə kömək etməyi öhdəsinə götürür”. Edilən müraciət öz həllini tapır və 1881-ci il sentyabrın 20-də Şuşada 6 sinifli Real Məktəbin əsası qoyulur. Hazırlıq və üç əsas sinifdən ibarət bu məktəbə ilk dəfə 159 şagird qəbul edilir. Tarixi mənbələrdə qeyd edildiyi kimi, 1886-cı ildə məktəbə 7.500 manat vəsait xərclənmişdi.

Dövrünün nümunəvi maarif ocağı sayılan Şuşa Real Məktəbinə maraq gündən-günə artmaqda idi. Qafqaz maarif nazirinin nümayəndəsi 1890-cı ildə şahzadə Ziaəddövlə Ənişirəvan mirzə Qacarı və antropoloq Şantrı buraya gətirmişdir. Onlar məktəbdə tədrislə və davamiyyətlə maraqlandıqları zaman üzrlü və üzrsüz dərs buraxanların 7,64 faiz olduğu müəyyən olub. Bu faizin özü xalqımızın elmə, maarifə həvəsinin əvvəlki illərə nisbətən artdığını göstərirdi. Xalq o zaman başqa xalqların dillərini də öyrənirdi. Həmin dildə danışmağa və oxumağa cəhd göstərirdi. Seçimdə hamı sərbəst və azad idi. 1890-cı ildə Tiflis məktəblərində alman dili məcburi dil kimi öyrədilirdi, ancaq Şuşa məktəbində bu, könüllülük prinsipi əsasında aparılırdı. Yeni açılan məktəblərdə ədəbiyyatın tədrisinə xüsusi diqqət yetirilirdi. Ona görə ki, ədəbiyyat əsas tərbiyə vasitəsi kimi yetişdirmək qüdrətinə malik idi.

Məktəbdə görkəmli ziyalılar dərs keçirdi

Şuşa Real Məktəbində tanınmış maarifçilər Haşım bəy Vəzirov, Mirzə Salah bəy Zöhrabbəyov, Yusif bəy Məlikhaqnəzərov dərs deyib.  Əslən şuşalı olan şəxsiyyətlərin hər biri ən savadlı, sayılıb-seçilən insanlar olub. Məsələn, görkəmli pedaqoq Mirzə Salah bəy Zöhrabbəyov Fransada və Rusiyada təhsil almış görkəmli ziyalılardan idi. Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasının məzunu olan Yusif bəy Məlikhaqnəzərov müəllim, eyni zamanda aktyor və rejissor kimi məşhur idi. Pedaqoq, publisist, tərcüməçi, jurnalist, yazıçı və naşir kimi tanınan Haşım bəy Vəzirov Şuşada “müsəlman-rus” məktəbi yaradılanda bu məktəbə direktor vəzifəsinə dəvət edilir. Məktəbdə işləməklə bərabər Şəhər bələdiyyə idarəsinə qlasnı seçilir. Bundan başqa, o, Şuşa Real Məktəbinin hazırlıq sinfində ana dilindən dərs keçirdi.

Tanınmış məzunlar...

Burada təhsil almış şagirdlər də onlara dərs keçən müəllimləri kimi sonradan məşhur şəxslər kimi tanınıblar. Məktəbin yetirmələri olan Əbdüləli bəy Muxtarov, Həsən bəy Bağırbəyov, İsmayıl bəy Şəfibəyov, Muxtar bəy Muradov, Yusif Vəzir Çəmənzəminli, Əbdürrəhim bəy Haqverdiyev, Qara bəy Əliverdilər, Cabbar bəy Vəlibəyov, Rüstəm bəy Axundov, Xan Şuşinski fəaliyyətləri ilə dövrlərinin ən parlaq şəxsiyyətləri kimi yadda qalıblar.

Digər təhsil müəssisələrinə qapılarını açan Real Məktəb

Öz missiyasını uğurla həyata keçirən, xalqın maariflənməsi, elmə yiyələnməsi işində müstəsna xidmətləri olan, Azərbaycan ədəbiyyatına bir sıra məşhur yazıçılar, ədiblər, bəxş edən Real Məktəbin binası sonralar bir sıra təhsil müəssisələrinin fəaliyyət göstərməsi üçün gözəl məkana çevrilmişdi. Belə ki, Şuşanın qədim tikililərindən sayılan təhsil ocağının binasında 1960-cı ilədək Şuşa Pedaqoji Texnikumu, 1960-cı ildən 1989-cu ilədək Riyaziyyat təmayüllü 2 nömrəli internat məktəbi fəaliyyət göstərib. Binanın sonuncu sakinləri isə APİ-nin (indiki Azərbaycan Dövlət Pedaqoji Universitetinin) Şuşa filialı olub. 1989-cu ildən 1992-ci ilədək bu binada fəaliyyət göstərən ali təhsil müəssisəsinin Şuşa filialında tələbələr əsasən pedaqoji fakültələrdə təhsil alırdılar.

Real məktəb özünün ən real dövrünü yaşayır...

Təhsilimizin inkişafına əvəzsiz töhfələr vermiş əzəmətini, tarixi görkəmini, qədimliyini qoruyan Şuşa Real Məktəb çox təəssüf ki, 1992-ci ilə qədər ayaqda durmağı bacardı. Belə ki, 1992-ci ilin may ayında Şuşa şəhəri işğal edildikdən sonra erməni vandalları orada bir çox tarixi, dini yerlərimizi məhv etdikləri kimi Şuşa Real Məktəbini yandıraraq xarabazara çevirdilər. Ancaq torpaqlar işğaldan azad ediləndən sonra o yerlərə həyatın hər bir hissəsi qaytarılır. Eləcə də doğma Şuşamıza da təhsilimiz qayıdır. Ölkə başçısı Şuşaya səfəri zamanı erməni vandalizminin qurbanı olmuş Şuşa Real Məktəbinin dağıdılmış binası ilə tanış olarkən bu günlərin müjdəsini vermişdi. Bu gün artıq müasir təhsil tariximizdə yenidən Şuşa səhifəsi açılır. Heç şübhəsiz, Şuşa Real Məktəbi təmir-bərpa işlərindən sonra fəaliyyətə başlayacaq və xalqımız üçün ziyalı şəxsiyyətlər yetişdirməyə davam edəcək. Nəhayət, bir əsr sonra məktəb fəaliyyəti dövründə öz şagirdlərinə müstəqil Azərbaycan tarixini, mədəniyyətini, dövlətçilik irsini doğma Azərbaycan dilində tədris edə biləcək.

Paylaş:
Baxılıb: 224 dəfə
Multi-media

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Dünya

Ədəbiyyat

Ədəbiyyat

Sosial

Siyasət

Xəbər lenti

Karantin qayıdacaq?

11 Avqust 10:19

İqtisadiyyat

Prezident bu gün

Prezident bu gün

11 Avqust 10:09

İqtisadiyyat

Xəbər lenti

Xəbər lenti

Xarici siyasət

Prezident bu gün

Prezident bu gün

10 Avqust 10:25

Siyasət

Azərbaycan vaxt qoydu

10 Avqust 10:17

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31