Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Müharibənin cəbhəsi genişlənir

Müharibənin cəbhəsi genişlənir

06.05.2022 [10:29]

Mübariz ABDULLAYEV

Bütün dünyaya böyük narahatlıqlar gətirən Rusiya-Ukrayna müharibəsi ən pis ssenari üzrə davam etməkdədir. Bu gün tam qətiyyətlə demək mümkündür ki, müharibə Rusiya-Ukrayna qarşıdurması səviyyəsindən çıxaraq daha geniş müstəviyə keçməkdədir. Rəsmən elan olunmasa da, Avropa İttifaqı (Aİ) dövlətlərini, ABŞ-ı, bütövlükdə Şimali Atlantika Alyansını - NATO-nu müharibə tərəfi kimi səciyyələndirməyə hər cür əsas var. Verilən xəbərlərdən o qənaət hasil olur ki, yaxın perspektivdə Rusiyaya qarşı yeni cəbhələrin açılacağı tam realdır.

Finlandiya sərhədlərə qoşun yığır

Bu arada Ukraynaya hərtərəfli yardımlar göstərən ABŞ və Avropa dövlətləri NATO üzvü olmayan Finlandiyaya dəstəyi artırıblar. Ekspertlər bunu təsadüfi saymırlar. Bu ölkə Rusiya ilə 1340 km sərhəd xəttinə malikdir. Əvvəllər, konkret desək, Krımın ilhaqına qədər Rusiya ilə Finlandiya arasında münasibətlər yaxşı səviyyədə olub. Regionda baş verən son proseslər, ələlxüsus da Rusiyanın sərhədlərindən kənarda “təhlükəsizlik zolağı” yaratmaq planları Finlandiyanı öz taleyi barədə daha real düşünməyə sövq edib. Ölkə milli təhlükəsizliyini qorumağın ən optimal yolunu NATO çətiri altında görür. Öz növbəsində şimal qonşumuzun sərhədlərinə yaxınlaşmağı strateji məqsəd kimi müəyyənləşdirən Şimali Atlantika Alyansı Finlandiyanın istəyinə “hə” deyib və bu ölkəni öz sıralarına mümkün qədər tez qatmaq üçün hər şeyi etməyə çalışır.

Proseslərin bu cür gedişi, təbii ki, sərhədlərinin yaxınlığında NATO qüvvələrini görmək istəməyən Rusiyanın əks reaksiyasına səbəb olacaq. Kremlin mətbuat katibi Peskov açıqlamasında bunun anonsunu da verib. O, NATO-ya üzv olacağı təqdirdə, Finlandiyanın barış və stabillik əldə edə bilməyəcəyini söyləyib.

NATO Rusiyaya dirsək göstərir

NATO-nun 1997-ci ildə Rusiya tərəfi ilə imzaladığı pakt Şimali Atlantika Alyansının Şərqi Avropada hərbi iştirakının genişləndirilməsini dayandırmayacaq. “The Financial Times”-ın yazdığına görə, bunu qurumun hərbi komitəsinin rəhbəri Rob Bayer bəyan edib. Sözügedən sənədə əsasən, alyans bloka yeni üzv olan ölkələrdə atom silahını yerləşdirə və onların qorunması üçün yerlər təşkil edə bilməz. Bundan başqa, Rusiya və NATO 1997-ci ildə bir-birlərinə rəqib gözündə baxmayacaqları, hərbi doktrinaları və digər istiqamətlər üzrə informasiya mübadiləsi aparacaqları barədə razılığa gəliblər. Ekspertlərin qənaətləri belədir ki, artıq NATO Rusiyaya dirsək göstərir. Bayerin sözlərinə görə, bəhs olunan sənəd qüvvədə qalsa da, alyansın planlarının həyata keçirilməsində maneələr yaratmayacaq. “Biz sənədi dəfn etmirik, ancaq o bizi zəruri saydığımız tədbirlərdən dayandıra bilməz”, - deyə NATO rəsmisi vurğulayıb.

Rumıniyada Striker batalyonu

Rumıniya prezidenti Klaus Yohannis ölkəsində müdafiə sahəsində NATO tapşırıqlarının icrası məqsədilə Amerikanın Striker batalyonunun yerləşdirilməsinə razılıq verib. Bu barədə məlumat “Stiri pe surse” portalında yer alıb. Portalın yazdığına görə, ölkəyə Striker batalyonu ilə yanaşı, Amerikaya məxsus qırıcı-bombardmançı F-35 təyyarələri də gətiriləcək. Bu təyyarələrdən Şimali Atlantika Alyansının hava hücumundan müdafiə imkanlarının möhkəmləndirilməsi məqsədilə istifadə olunacaq.

Rumıniya prezidenti parlamentə ünvanladığı təqdimatında ölkəsinin müdafiə qabiliyyətinin möhkəmləndirilməsi barədə qərarın Rusiyaya məxsus qüvvələrin Ukraynada və Qara dəniz regionunda gərginliyi artırması fonunda qəbul edildiyini bildirib. Yohannisin sözlərinə görə, Şimali Atlantika Alyansı regionda vəziyyəti ətraflı araşdırdıqdan sonra Qara dənizdə yeni dislokasiyalar həyata keçirmək qərarını qətiləşdirib.

Estoniyadan sərhəd iddiaları

Müharibə tərəfi olan şimal qonşumuza qarşı növbəti sərhəd iddiaları Estoniyadan gəlib. Belə ki, Estoniyanın mühafizəkar xalq partiyasının parlamentdəki müxalifət fraksiyası Rusiya Federasiyası ilə 2014-cü il 18 fevral tarixində imzalanan sərhəd müqaviləsinin altındakı imzadan imtina edilməsi təklifini irəli sürüb. Parlamentə ünvanlanan müraciətdə bildirilir ki, sözügedən müqavilə Rusiya Federasiyası tərəfindən Estoniya Respublikasının ərazisinin işğalının davam etməsinə hüquqi əsaslar yaradır. Halbuki, Estoniya Rusiyaya təhvil verilən ərazilərə görə heç bir kompensasiya almayıb. Müxalifət fraksiyasının müraciətində vurğulanır ki, Rusiya Estoniyanın ərazisinin 5,2 faizini qeyri-qanuni şəkildə öz nəzarətində saxlayır. Həmin ərazilər II Dünya müharibəsinədək 1920-ci ildə imzalanan Tartusk sülh müqaviləsinə əsasən Estoniyanın tabeçiliyində olub. Söhbət Pskovsk və Leninqrad vilayətlərinin ərazilərinin bir hissəsindən gedir. Öz növbəsində Rusiya iki ölkə arasında sərhədlərin yenidən müəyyənləşdirilməsində maraqlı görünmür. Rusiyadan verilən açıqlamalarda bimənalı şəkildə vurğulanır ki, bu ölkə Tartusk sülh müqaviləsinə yalnız tarixi bir sənəd kimi yanaşır və onun heç bir hüquqi qüvvəsi yoxdur.

Rusiyanın indiki çətin dönəmində bu ölkə ilə sərhəd münaqişələrini çözmək istəyən ölkələrin siyahısı daha uzundur. Lakin sadalanan faktlar vəziyyət barədə konkret təsəvvür yaratmaq üçün kifayətdir. Belə görünür ki, ayrı-ayrı ölkələr yaranmış fürsətdən istifadə edərək Rusiya ilə “saqqallı münaqişələri”ni, nəhayət, çözməyə qərar veriblər. Şimal qonşumuz ona qarşı açılan bütün cəbhələrdə müqavimət göstərə biləcəkmi?

Paylaş:
Baxılıb: 596 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Analitik

Siyasət

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31