Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / “Mozalan”ın iynəsini kim qırdı?

“Mozalan”ın iynəsini kim qırdı?

05.05.2022 [11:14]

Müşfiqə BAYRAMLI

1971-ci ildən bu günə kimi “Mozalan” həyatımızdadır. Ölkədəki neqativ hallara qarşı mübarizə aparıb, lentə alıb  və bunu satirik və təndiqi formada xalqa çatdırıb. Hər zaman milli koloritimizə uyğun süjetlər çəkib. Bu illər ərzində 200-ə yaxın nömrə ilə tamaşaçıların görüşünə gəlib. Sovet dövründə tənqidi problemli məqamları işıqlandırmaq hər igidin işi deyildi. O qədər sevilmişdi ki, kinoteatrlarda hər seansdan əvvəl “Mozalan” nümayiş edilirdi. Şübhəsiz ki, hamının sevimlisinə çevrilən “Mozalan”ı sevməyənlər də vardı. İşlərində əyər-əskiyi olan bəzi insanlar “Mozalan”dan çəkinər, onun dilinə düşməkdən qorxardılar. Bir sözlə, dövrünün həqiqət aynası olmağı bacarmışdı.

 Mozalançılar sırasında kimlər yox idi ki? Arif Babayev, İsi Məlikzadə, Seyfulla Bədəlov, Rasim Ocaqov, Rafiq Tağızadə və başqaları, eləcə də Eyvaz Borçalı jurnalın baş redaktoru olduğu tarixlərdə (1971-1984) Oqtay Mirqasımov, Ziyafət Abbasov, Mirzə İbrahimov, Abbas Abdulla, Fərman Kərimli, Anar, Elçin, Məmməd Araz, Sabir Rüstəmxanlı, Ramiz Rövşən, Fikrət Qoca, Vaqif Mustafayev, Ceyhun Mirzəyev kimi nəhənglər cəlb olunmuşdu. Bir sözlə, Azərbaycanın ən böyük satirik jurnalında böyük bir yaradıcı ordusu toplanmışdı. “Mozalan”ı “Molla Nəsrəddin”in ekran variantı səviyyəsinə qaldırmağı bacarmışdılar.

Maraqlı bir haşiyəyə çıxaq, məşhur arı vızıltısı səsini rejissor və aktyor Ceyhun Mirzəyev səsləndirmişdi.

Heydər Əliyev əsas təşəbbüskarı idi

Heydər Əliyev “Mozalan” jurnalının əsas təşəbbüskarı olub. Heydər Əliyev yeni formalaşan yaradıcı heyətin işini daim diqqətdə saxlayıb.

Kinojurnalın baş redaktoru Eyvaz Borçalı müsahibələrindən birində deyib: “Bəzi süjetlərin mövzularından razı qalmırdılar. Amma birinci şəxs - Heydər Əliyev “Mozalan”ı həmişə müdafiə edib. MDB ölkələri içərisində satirik ilk dəfə Azərbaycanda tele-jurnalı nəşr olunub. Bu da Heydər Əliyevin təklifi ilə olub. O, hakimiyyətə yeni gəlmişdi və Azərbaycanı tamam yeni bir istiqamətə yönəltdi. Hesab edirəm ki, o çox düzgün mövqe tutmuşdu. Kəm-kəsirləri, nöqsanları üzə çıxarıb ifşa etmək üçün belə bir tele-jurnalın nəşrinə göstəriş vermişdi”.

Artıq “vızıltısı” uzaqdan gəlir...

Öz dövründə çox iynələr sancmış bu şah əsərin indi “vızıltısı” uzaqdan gəlir. Əfsuslar olsun ki, “Azərbaycanfilm” kinostudiyasının nəzdində fəaliyyət göstərən “Mozalan” studiyası bu gün durğunluq dövrünü yaşayır. Bəs, problem nədir? Niyə 50 illik tarixi olan “Mozalan”ın əvvəlki şöhrətindən əsər-əlamət qalmadı? Tənqid ediləcək mövzu yoxdur, yoxsa pul?

Yazıçı-senarist Orxan Fikrətoğlundan sonra studiyanın idarəçiliyi gənc Əli-Səttar Quliyevə həvalə edildi. 2015-ci ildən etibarən “Mozalan”a rəhbərlik edən Ə.Quliyevlə bu barədə söhbətləşdik:

- Əli-Səttar bəy, “Mozalan”ın köhnə fraqmentləri hələ də böyük maraqla izlənilir və insanların simasında təbəssüm yaradır. “Mozalan” nə vəziyyətdədir? Hər kəs yenilik gözləyir. Bu gözləntini doğrultmaq üçün hansı addımlar atacaqsınız?

- Sovet dövründən bəri “Mozalan” aktuallığını itirməyib. Ömür boyu aktual olaraq qalacaq. 2015-ci ildən kinojurnal yox, studiya kimi fəaliyyət göstəririk. Bu müddət ərzində 5 nömrə çəkmişik. Yeni nizamnamələrə görə, süjetlər ilə yanaşı, bədii və sənədli filmlər də çəkirik. Bütün işlər internetdə, eləcə də “Youtube” platformasında paylaşılır.

- Keyfiyyəti sizi qane edir? Əvvəlkilərin yerini verirmi?

- 90 faiz yox.

- Səbəbi nədir?

- “Mozalan” dövlət proyektidir. Studiyamız Mədəniyyət Nazirliyinin nəzdində fəaliyyət göstərir. Layihə və ssenarilər öncə nazirliyə təqdim edilir. Qurum hansına icazə verirsə, onu da çəkə bilirik. Biz özəl bir şirkət deyilik ki, istədiyimizi çəkək. Bizə bir az sərbəstlik lazımdır. Sovet dövründə daha çox baxımlı olmasının səbəbi məhz sərbəst olması idi. Nazirlik bizə desin bu mövzunu çək, biz də çəkək. Kifayət qədər gənc ssenaristlərimiz və peşəkar aktyorlarımız var. Öhdəsindən məharətlə gələ bilərik.

- “Mozalan” yeni formada təqdim olunacaq deyə müsahibənizin üzərindən 7 ildən çox vaxt keçdi. Tamaşaçılar o yenilikdən niyə hələ də bixəbərdir?

- Ötən il Dövlət Televiziyası ilə birgə layihə hazırladıq. İki ay ərzində yeni çəkilən süjetlər ilə yanaşı, köhnə nömrələr telekanalda nümayiş olundu.

“Mozalan” yox, “Dadaş Dadaşlinski” lazımdır

- Bəs niyə dayandı?

- 5 nömrə çəkmişdik. Onlar da bitdi. Birgə əməkdaşlıq üçün həm AZTV-yə, həm də İctimai kanala dəfələrlə müraciət etdim. Lakin onlardan müsbət cavab almadım. Kanal rəhbərliyi deyir ki, mənim “Dadaş Dadaşlinski” kimi layihəm var. Mən sadəcə təklifimi vermişəm. Başa düşürəm ki, hər kanal öz siyasətini yürüdür.

Onlara “Mozalan” lazım deyil.

- Onda belə çıxır ki, kanallara “Mozalan” yox, “Dadaş Dadaşlinski” lazımdır?

- Bilmirəm... Məndən yox, özlərindən soruşun.

- Bu qədər tənqidi mövzu varkən niyə xırdası olmayan avtobus sərnişini barədə süjet çəkmək istədiniz? Qəpik süjetinə ehtiyac var idimi?

- Bu süjet 2016-cı ildə çəkilib. Biz həmin ili nazirliyə bir çox ssenarilər təqdim etmişdik. Mövzuların arasında aktual və ictimaiyyətin gözlədiyi mövzular da var idi. Nəticədə, Mədəniyyət Nazirliyi tərəfindən bu qəbul edildi.

- Bəs, yeni nazirin dövründə aktual ssenarilərlə yenidən müraciət etdiniz?

- Bu günlərdə Prezident İlham Əliyevin müvafiq Fərmanı ilə Mədəniyyət Nazirliyinin tabeliyində “Azərbaycan Respublikasının Kino Agentliyi” (ARKA) publik hüquqi şəxs yaradılıb. Agentliyinin icrasından sonra “Mozalan”ın da taleyi bəlli olacaq.

“Mozalan”ın iki işçisi var

- Gənc aktyor və ssenaristləri “Mozalan” ətrafına toplamaq istəyirik deyə bir açıqlama vermişdiniz. Hazırda heyətdə neçə düşünən beyin var?

- Bizdə heyətdə sadəcə iki nəfər çalışır. Bir direktor (özü), bir də mühasib.

- Yəni 50 illik tarixi olan “Mozalan”ın iki işçisi var?

- Bəli. Biz layihə olanda işləyirik, olmayanda yox. İşçiləri ştatda saxlaya bilmərik. Gərəkli olanda yaradıcı heyət toplayırıq. 91-ci ildən sistem belədir.

- “Mozalan”a yeni və gənc baxış lazım idi. Sizcə, rəhbər olduğunuz quruma yeni nəfəs gətirə bildiniz?

- Bəli. Bu müddət ərzində iki böyük filmə imza atmışıq. İlk filmimiz “Əlvida Şmidt” oldu. Çox keyfiyyətli iş ərsəyə gətirdiyimizi düşünürəm. Tamaşaçılar tərəfindən də çox sevildi. Film beynəlxalq festivallarda da nümayiş edildi və bəyənildi. Əminliklə deyə bilərəm ki, 20 il keçsə də, bu film izlənəcək.  Bundan başqa, ötən il “Olimpiya” və “İkinci planetin qırmızı rəngi” bədii filmlərini hazırlamışıq. Çalışırıq ki, işlərimiz beynəlxalq festivallarda yer alsın.

Paylaş:
Baxılıb: 851 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30