Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Milonov “Vahid Rusiya”ya qarşı?

Milonov “Vahid Rusiya”ya qarşı?

08.01.2022 [00:38]

Duma üzvünün Xankəndiyə qanunsuz səfəri Azərbaycan-Rusiya əlaqələrinə xələl gətirə bilər

Heç kim beynəlxalq hüququn normalarını pozmamalıdır!

Pərviz Sadayoğlu

Xəbər verildiyi kimi, Rusiya Dövlət Dumasının deputatı Vitali Milonov Azərbaycan ərazilərinə növbəti dəfə qanunsuz səfər edib. Hakim “Vahid Rusiya” partiyasının üzvü Yeni il bayramı günlərində Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan Azərbaycan ərazilərinə qeyri-qanuni səfər edərək bir sıra görüşlər keçirib. APA-nın əldə etdiyi məlumata görə, Milonovun bu addımı Azərbaycanın dövlət rəhbərliyinin kəskin etirazına səbəb olub. Belə ki, Azərbaycan Prezidenti İlham Əliyev “Vahid Rusiya” partiyasının sədri Dmitri Medvedevə məktub göndərərək, onun rəhbərlik etdiyi partiya üzvünün Azərbaycan ərazilərinə qeyri-qanuni səfər etməsinə qəti etirazını bildirib.

Qeyd edək ki, V. Milonov bundan əvvəl də Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qarşı dəfələrlə hörmətsizlik nümayiş etdirib. Ümumiyyətlə, Rusiya ilə Azərbaycan arasında münasibətlərin dinamik və strateji xarakter daşıdığını nəzərə alsaq, rusiyalı parlamentarinin bu hərəkəti qəbulolunmazdır. Digər tərəfdən, onun bu addımı 2020-ci ilin 10 noyabr üçtərəfli Bəyanatına ziddir. Ekspertlər qeyd edirlər ki, Milonov bu addımı ilə öz ölkəsinin mövqeyinə də hörmətsizlik nümayiş etdirir.

Məsələ ilə bağlı fikirlərini bölüşən Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Şahin İsmayılov bildirib ki, Vitali Milonovun Qarabağa qeyri-qanuni səfəri ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevin “Vahid Rusiya” partiyasının sədri Dmitri Medvedevə ünvanladığı məktub bütövlükdə Azərbaycan xalqının və dövlətinin vahid mövqeyidir. Rusiyanın hakim partiyasının Dövlət Dumasında təmsil olunan deputatının Azərbaycanın ərazisinə qanunsuz səfər etməsinin birbaşa təmsil etdiyi dövlətin mövqeyinə zidd olduğunu deyən Ş.İsmayılov onu da qeyd edib ki, Milonov 2020-ci ildə imzalanan üçtərəfli Bəyanata imza atan tərəflərdən birinin Rusiya dövləti olduğunu unutmamalıydı. Çünki Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanan bu sənəddə bütün məsələlər açıq şəkildə öz əksini tapıb: “Cənab Prezidentimiz bununla həm də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdikləri Azərbaycan ərazilərindəki fəaliyyəti ilə bağlı da mövqe ortaya qoydu. Sülhməramlılar öz fəaliyyətlərini beynəlxalq hüquq çərçivəsində, müəyyənləşmiş qaydalar əsasında, o cümlədən üçtərəfli Bəyanatın müddəalarına uyğun olaraq tənzimlənməlidirlər. Hər hansı bir dövlətin nümayəndəsinin, hazırkı situasiyada Rusiya Dövlət Dumasının üzvünün Azərbaycan torpaqlarına qanunsuz səfəri yolverilməzdir. Bu, həm də Rusiya Azərbaycan münasibətlərinin ruhuna ziddir”.

Ölkə Prezidentinin məktubunu, eyni zamanda, bir mesaj adlandıran YAP İdarə Heyətinin üzvü vurğulayıb ki, bu bir daha onu göstərir ki, Azərbaycan hər zamankı prinsipial mövqeyindən geri çəkilməyib və çəkilməyəcək. “Əvvəlki dövrlərdə də Azərbaycan torpaqlarına qeyri-qanuni səfərlər olmuşdu və dövlətimiz bu məsələlərə kəskin şəkildə etirazını bildirmişdi. Hazırkı məsələdə isə dövlət başçısı tərəfindən münasibət ortaya qoyuldu. Fikrimcə, bu açıq bir mesajdır və nəticəsini də yaxın gələcəkdə görəcəyik. Azərbaycanın ərazi bütövlüyü heç bir zaman müzakirə mövzusu olmayıb və olmayacaq da. Qarabağ münaqişəsi artıq tarixdə qalıb, ərazi bütövlüyümüz bərpa edilib”, - deyən Ş.İsmayılov onu da bildirib ki, bu səfər sülh prosesinin gedişinə də mənfi təsir göstərir. Millət vəkilinin fikrincə, “Vahid Rusiya” partiyası yaxın zamanda bununla bağlı mövqe ortaya qoymalı, deputat olan üzvünün hərəkətinə müvafiq qiyməti verməlidir.

Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Cavid Osmanov bildirib ki, “Vahid Rusiya” Partiyasından olan Duma üzvü Vitali Milonovun Rusiya sülhməramlı kontingentinin nəzarətində olan Azərbaycan ərazilərinə qeyri-qanuni səfəri birmənalı şəkildə Azərbaycan-Rusiya münasibətlərinə bir zərbədir. Millət vəkili qeyd edib ki, Milonov həm də qanunverici orqanın üzvü kimi beynəlxalq hüquqa hörmət göstərməlidir: “Bu, Milonovun həmin ərazilərə ilk səfəri deyil. Rusiyalı deputat bu hərəkəti ilə ilk növbədə, təmsil etdiyi dövlətə və onun qanunverici orqanına qarşı hörmətsizlik edib. Azərbaycanın tarixi və suveren ərazilərinə səfər etmək üçün icazə məhz Azərbaycanın müvafiq strukturlarından alınmalıdır. Məsuliyyətsiz davranışları ilə həm dövlətlərarası münasibətlərin ruhuna xələl gətirən rusiyalı deputatın hərəkəti öz dövlətinin mövqeyinə də ziddir. Rusiya Qarabağı Azərbaycanın suveren ərazisi kimi tanıyır və bu fikri Rusiya dövlət başçısı dəfələrlə bildirib. Milonov isə bu addımı ilə dövlətinin mövqeyinə qarşı gəlib”.

Millət vəkili qeyd edib ki, Azərbaycan Prezidentinin “Vahid Rusiya” Partiyasının sədrinə ünvanladığı məktub Azərbaycanın dəyişməz mövqeyini göstərir. YAP İdarə Heyətinin üzvü əmin olduğunu bildirib ki, bununla bağlı “Vahid Rusiya” Partiyası lazımi addımları atacaq.

Azərbaycan-Rusiya parlament­lərarası əlaqələr üzrə işçi qrupunun üzvü, Milli Məclisin deputatı Vahid Əhmədov Rusiya ilə Azərbaycan arasında yüksəksəviyyəli münasibətlərin mövcud olduğunu, hətta tərəflərin strateji müttəfiq münasibətlərinə malik olduqlarını diqqətə çatdırıb. Onun sözlərinə görə, Rusiya Dövlət Dumasının deputatının Qarabağa qeyri-qanuni səfəri bu münasibətlərin ruhuna ziddir, ikitərəfli əlaqələrə xələl gətirir: “Vitali Milonov əgər Qarabağa səfər etmək istəyirsə, gəlsin Azərbaycana. Buradan da icazə alıb Qarabağa səfər edə bilər. Artıq müharibə bitib, Azərbaycan öz ərazi bütövlüyünü təmin edib. Heç kim beynəlxalq hüququn normalarını pozmamalıdır. Bu, Rusiyanın regiondakı sülhməramlı kontingentinə də mənfi münasibət yaradır. Rusiyalı deputatın addımı qəbulolunmazdır. Laçın dəhlizində Rusiya sülhməramlı kontingentinin varlığından istifadə edərək bu kimi addımlar atmaq yolverilməzdir. Hesab edirəm ki, Zəngəzur dəhlizi açıldıqdan sonra Laçın dəhlizində Azərbaycanın nəzarətinin gücləndirilməsi ilə bağlı bir sıra addımlar atılmalıdır”.

V.Əhmədov Azərbaycanın dövlət başçısının D.Medvedevə etiraz məktubunu haqlı sayıb. Bildirib ki, “Vahid Rusiya” partiyası Rusiyanın hakim partiyasıdır və bu partiyanın üzvləri, millət vəkilləri atdıqları addımlarda mütləq şəkildə diqqətli olmalıdırlar. “Dost, strateji əlaqələrə malik dövlətlər arasında belə və buna bənzər hallar olmamalıdır. 2020-ci ildə imzalanan üçtərəfli Bəyanatda Rusiya dövlət başçısının da imzası var. Mironov öz dövlətinin mövqeyinə hörmətsizlik etməməlidir”, - deyə V.Əhmədov əlavə edib.

Paylaş:
Baxılıb: 793 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Siyasət

Xəbər lenti

Siyasət

Növbəti təxribat

28 Mart 10:05

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31