Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Günün adı – “Respublika”, yoxsa “Müstəqillik”?

Günün adı – “Respublika”, yoxsa “Müstəqillik”?

12.10.2021 [10:31]

Siyasi partiyalar “Müstəqillik Günü haqqında” yeni qanun layihəsinin qəbulunu necə dəyərləndirirlər?

 

Milli Məclisin iclasında “Müstəqillik Günü haqqında” yeni qanun layihəsi qəbul edilib. Yeni qanun layihəsinə əsasən Azərbaycanda 28 May - Respublika Gününün adı dəyişdirilərək “Müstəqillik Günü” kimi qeyd edilib. Eyni zamanda, 18 Oktyabr - Dövlət Müstəqilliyi Günü də bundan sonra “Müstəqilliyin Bərpası Günü” adlandırılacaq.

“Yeni Azərbaycan” qəzeti bu dəyişikliyin ölkənin siyasi palitrasında necə qarşılanması ilə bağlı sorğu keçirib.

 

“Müstəqillik Günü” adı “Respublika günü”ndən daha uğurludur

 

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu bu dəyişikliyi yüksək qiymətləndirib. Onun fikrincə, bayramlara məzmununa uyğun olaraq ümumiləşdirilmiş ad verilməlidir. 28 Mayın Azərbaycan tarixində xüsusi yerə malik olduğunu diqqətə çatdıran ADP sədri bildirib ki, 1918-ci ilin məhz bu günündə Azərbaycan Xalq Cümhuriyyəti öz müstəqilliyini elan edib: “Bu mənada, “Müstəqillik Günü” adını “Respublika günü”ndən daha uğurlu sayıram. “Respubilka” dövlətin quruluşunu, tipini göstərir. Təbii ki, hər bir dövlətin tarixində müxtəlif mərhələlər olub. Amma müstəqillik günü daha ümumiləşdirilmiş və məntiqli addır. Çünki 1918-ci ilin mayın 28-də bizim müstəqilliyimizin əsası qoyulub. O cümlədən 18 oktyabr müstəqilliyimizin bərpası günüdür. Konstitusiya Aktında da bu fakt öz əksini tapıb”.

 

Bu, daha məntiqlidir

 

Azərbaycan Respublikaçılar Partiyasının sədri Sübut Əsədov isə adlar arasında prinsipial fərqin olmadığını deyib. Onun sözlərinə görə, qanun layihəsi işlənən zaman onun dəyərləndirilməsi aparılıb və adların dəyişdirilməsinə ehtiyacın izahı da mövcuddur: “28 May bizim ilk respublikamızın müstəqilliyinin elanı günüdür. 1991-ci ildə müstəqilliyi bərpa edilmiş müasir Azərbaycan isə məhz Xalq Cümhuriyyətinin varisidir. Yəqin ki, 18 oktyabr tarixi məhz bu əsasla “Müstəqilliyin Bərpası Günü” kimi qeyd edilməlidir. Bu, daha məntiqlidir”.

 

Həm köhnə, həm də yeni adlar doğrudur

 

Milli Vəhdət Partiyasının sədri Yunus Oğuz isə həm köhnə, həm də yeni adları doğru sayır. Onun fikrincə, “Müstəqilliyin Bərpası Günü” kimi 30 avqustun tarixə düşməsi daha doğru olardı. Çünki müstəqilliyin bərpası ilə bağlı ilk bəyanat məhz 1991-ci ilin 30 avqustunda verilib: “Bununla belə, bayramların yeni adları da məqbul sayıla bilər. 28 May bizim müstəqilliyimizin elanı günüdür. Bu tarixdə biz həm də Şərqdə ilk respublikanı qurmuşuq. Fikrimcə, köhnə-yeni adın hər ikisi eyni mahiyyəti, mənanı özündə ehtiva edir. Bəlkə də, “Müstəqillik Günü” adı daha uyğun gəlir. 18 oktyabrda isə biz həqiqətən də müstəqilliyimizi bərpa etmişik. Günündən, tarixindən və adından asılı olmayaraq, biz öz dövlətimizlə qürur duyuruq. Əsas odur ki, bizim müstəqil dövlətimiz, onun atributları var”.

 

Dəyişiklikləri yüksək qiymətləndirirəm

 

Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev də yeni dəyişikliyi müsbət dəyərləndirir. Onun fikrincə, 28 May tarixi Azərbaycanın müstəqilliyinin elan edildiyi gün kimi əbədiləşməlidir: “28 May müstəqillik günümüzdür. Məhz bu tarixdə Azərbaycan Xalq Cümhuriyyəti öz müstəqilliyini elan edib. Bu məntiqlə də 18 Oktyabr müstəqilliyimizin bərpası günüdür. Dəyişiklikləri yüksək qiymətləndirirəm”.

 

28 mayın Müstəqillik Günü kimi qeyd olunması tariximizi kiçiltməyə cəhd edənlərin əsassız iddialarını puç edəcək

 

Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə isə bildirib ki, Azərbaycan 1918-ci ildə müstəqillik əldə edib. 28 May gününün “Müstəqillik Günü” adlandırılması olduqca ədalətlidir: “Bu, həm də tarixi ədalətin bərpasıdır. Azərbaycanı istəməyən bir sıra qüvvələr ölkəmizin yalnız 1991-ci ildən müstəqil dövlət kimi təşəkkül tapması ilə bağlı iddialar irəli sürməklə tariximizi kiçiltməyə cəhd edirdilər. Son dövrlərdə də bu cəhdlərin şahidi olurduq. Bu baxımdan, 28 mayın Müstəqillik Günü kimi qeyd olunması onların əsassız iddialarını puç edəcək. 1991-ci ilin 18 oktyabrında qəbul olunmuş Konstitusiya Aktında isə müasir, müstəqil Azərbaycanın məhz 1918-ci ildə elan olunmuş respublikanın varisi olması öz əksini tapıb. Buna görə də 18 oktyabrın “Müstəqilliyin Bərpası Günü” kimi qeyd edilməsi olduqca doğrudur. Bunu, vaxtında atılmış addım sayıram”.

 

Məzmun dəyişmir

 

Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadənin fikrincə, bayramların adlarının dəyişdirilməsi məzmunu dəyişmir. Onun sözlərinə görə, bayramların adları köhnə variantda qalsaydı, daha yaxşı olardı: “Bununla belə, bu dəyişikliyi də prinsipial bir məsələ hesab etmirəm”.

 

Tam, dəqiq və məzmuna uyğun

 

Azərbaycan Sosial Rifah Partiyasının sədri Əsli Kazımova da sözügedən bayramların adlarının dəyişdirilməsini məqsədəuyğun hesab edib. Onun fikrincə, 1918-ci ilin 28 mayında Azərbaycan müstəqilliyini elan edib: “Bu tarix həm də Şərqdə ilk demokratik respublikanın elan olunduğu gündür. Bu mənada əvvəlki ad da səhv deyildi. İndiki halda isə tam, dəqiq və məzmuna uyğunlaşdırılmış bir ad verilib - Müstəqillik Günü. 1991-ci ilin 18 oktyabrında qəbul edilmiş Konstitusiya Aktı isə 1918-ci ildə elan edilmiş müstəqilliyin bərpasına yol açdı. Bu bayramın da yeni adı öz məzmununa uyğundur”.

 

Pərviz Sadayoğlu

 

Paylaş
Baxılıb: 131 dəfə

Xəbər lenti

Hamısına bax

Manata inam artır

27 Noyabr 10:15

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30