Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / “Vatsap”da yazıram ona...

“Vatsap”da yazıram ona...

02.10.2021 [12:19]

Bilirəm ki, cavab verməyəcək

Səhər Musaqızı: “Ondan sonra şeiri bəyənmədim”

 

Bəlkə də borcundan çıxmadım, Vətən,

Ömür bahar deyil bir də qayıtsın.

Ölsəm də qoynunda qoy ölüm ki, mən

Çürüyum bir ovuc torpağın artsın!

O, Vətəni belə sevmişdi. İsmayıllının kiçik Buynuz kəndini hamımız üçün Vətən edən adam idi Musa Yaqub. Öz diliylə desək, “bu dünyadan bir Musa Yaqub keçdi”:

Dartdı əllərimdən o biri dünyam,

Dartdı - dartmağına inanmadığım.

Dünya fani imiş, ömrümüz ani,

Bitdi - bitməyinə inanmadığım.

Onun haqqında necə yazasan, kəlmələri necə düzəsən ki, böyük söz adamına layiq olsun? Yox, bu ağır yükdür, buna həddim çatmaz. Sadəcə bu gün şairin qızı ilə söhbətləşib onu yad etmək, böyük dünyasına boylanmaq istəyirəm. Müsahibim Səhər Musaqızıdır:

- Səhər xanım, hansı rüzgar atdı sizi Avropaya?

- Bəzi həyat şərtləri. 14 ildir Avstriyanın İnsbruk şəhərində yaşayırıq. Gələndə uşaqların 14 yaşı var idi. Bura gələndən sonra sanki rollarımız dəyişdi, əvvəl biz onlara böyüklük edir, yol göstərirdik, sonra onlar burada bizə yol göstərdilər. Çətin idi dil öyrənənə, alışana qədər. Uşaqlar məktəbə gedirdilər deyə, onlara daha asan oldu. Həm də bizim kimi el-oba insanlarına belə soyuq ruhu olan şəhərdə yaşamaq çox çətin gəlirdi. Hərdən deyirəm ki, almanların, avstriyalıların əyinlərində bircə uniformaları çatışmır. Hamısı soyuq, nizam-intizamlı, sanki hamısı əsgərdir.

- Atanız Avstriyaya yanınıza gəlirdi?

- Hə, bir neçə dəfə gəldi. Elə qaldığım evi də atamı nəzərə alaraq tutmuşdum. Burada belə bir qayda var. Dövlətin kirayəçisi olursan, ərizə verirsən, 2-3 il sonra məktub gəlir ki, növbəniz çatdı, ev alırsınız, dövlətə kirayə ödəyirsiniz. Mən də atamı nəzərə alaraq 3 otaqlı ev tutdum ki, gələndə ona rahat olsun, darıxmasın. Atam əslində, 80 yaşına qədər çox yaxşı qalmışdı, deyirdim, ay Dədə, sən bizdən yaxşı görünürsən. Biz ona həmişə Dədə deyə müraciət etmişik. Anam Zöhrə xanımın yoxluğu, gedişi yıxdı onu - atam anamdan sonra sanki yetim qaldı, yaman xiffət çəkirdi, psixoloji sarsıntı keçirdi.

- Ömür yolunu qoşa keçmiş, birlikdə yaşlanmışdılar. Yəqin ki, bu itki ən çox onu göynətdi.

- Elədir. Anam atamın şagirdi olmuşdu. Atam anamı çox sevərdi, amma məncə anam onu daha çox... Dədəmin Musa Yaqub olmasında anamın əməyi böyük idi. Atam kimi bir kişinin yanında Zöhrə xanım kimi bir qadın olmalıydı. Anam bütün ömrünü ona həsr etmişdi. Bir dəfə evimizdə qonaq olan yazıçı Əzizə Cəfərzadə anama dedi ki, sən Musa Yaqubun universitetini bitirmisən. Ədəbiyyatı gözəl bilirdi anam. Eyni sözü bacım Yaqutla mənim haqqımda Seyran Səxavət də demişdi. Deyirdi siz Musa Yaqub universitetinin məzunlarısınız. Ruhumuz atamın ruhuna əkiz idi sanki.

- Hər qız ata ilə dost, sirdaş ola bilmir. Sizdə bu alınırdı?

- Hə, biz atamla onun yaradıcılığı barədə çox söhbətlər edir, müzakirələr aparırdıq. Yaqutla mən onun ilk oxucuları idik. Nəyisə bəyənməyəndə, təkrarçılıq görəndə deyirdik, o da düzəldirdi. Şəhriyar çox qarışmırdı bu söhbətlərə. Atam bacımla mənim onun yaradıcılığı barədə dediyimiz fikirlərə güvənirdi. Yaqut filoloqdur, mən Xarici Dillər Universitetini bitirmişəm, şeir bizim ruhumuzla bir bütün təşkil edirdi. Biz anadan poeziya vurğunu kimi doğulub, poeziyaya bələnmişik. Əslində, bu, heç də yaxşı hal deyil.

- Niyə?

- Xüsusən indi, hər şeyin maddiyatla ölçüldüyü bu dünyada şeir adamı olmaq, həssas ürək sahibi olmaq bədbəxtlikdir, məncə. Poeziya insanı yaşamağa qoymur.

- Atanızdan başqa ən çox kimlərin şeirlərini oxuyursunuz, bəyənirsiniz?

- Bacımla tez-tez bir-birimizə Ramiz Rövşəndən şeirlər oxuyardıq. Bəzən heç müəllifin kim olduğunu bilmirəm, şeir ağlıma həkk olunur. Atam ona şeir oxuyan gənc şairlərin heç vaxt ürəyini qırmazdı. Bu mənada, mən zalımam, bəyənməyəndə dilə gətirirəm. Vaqif Bayatlı demiş “Mən zalım adamam, kamança”. Şeir insanın ruhunu tərpətməlidir, zəlzələ yaratmalıdır. Şeir dünyanın görünməyən tərəfidir. Atamın diliylə desəm:

Gözəgörünməzdə qeybin dodağı,

Bir sirr pıçıldayır haçandan mənə.

Musa Yaqubdan sonra şeiri bəyənmədim. Şeir ilahi vergidir, söz elə-belə israf edilməməlidir. Atam şeirə bərəkət deyərdi, çörək deyərdi. Musa Yaqub üçün söz çörək kimi müqəddəs idi, “çörək qapısı” deyildi. Özü də çox qısa, lakonik danışardı. Bir kəlməsi ilə neçə cümləni, neçə fikri ifadə edərdi.

-Səhər xanım, çox poetik nitqiniz var, axıcı, şairanə. Özünüz də yazırsınız?

- Musa Yaqubdan sonra mən o yükü çiyinlərimə götürə bilməzdim. Yazanda gərək ondan gözəl yazasan. Bu da mümkün deyildi. Musa Yaqub kimi yazmaq üçün gərək Musa Yaqub ömrü yaşayasan. Onun dünyaya baxışı fərqliydi, o, təbiətin hər xırda parçasında gözəllik tapmağı bacarırdı. Ruh adamına bu dünyada yaşamaq çətindir. Hərdən mənə elə gəlir ki, mən bu dünyanın özündə də qürbətdəyəm.

- Təbiət adamıydı. Niyəsə, mənə həmişə elə gəlib ki, Musa Yaqub şeirlərini otaqda yox, dağ çayının şırıltısını eşidə-eşidə, bir ağacın kölgəsində, çəməndə oturub yazıb.

- Biz onun şeir yazdığını çox zaman görmürdük. Bəzən gecələr işləyərdi. Dədə deyirdi ki, şeir qəlbimdə böyüyür, ancaq dünyaya göz açmaq məqamı yetişəndə gəlib bu masada doğulur. Deyirdi yazmaq, toxum atmaq kimidir. Şeirlərinə övladları kimi baxırdı. Oxuduğu hər qəzetin kənarında mütləq bir misra, yaxud fikir olurdu. Dədənin yazısı olan balaca bir kağızı belə atmırdıq. Sonra onlar bir-bir, ayrı-ayrı şeirə dönürdü. Bədahətən gəlirdi bəzən, deyirdi,bir yerə qeyd edirdik ki, unudulmasın.

- Bəxtiyar Vahabzadə deyərdi ki, insan göydə Ay kimidir, görünməyən tərəfi var. Hamımızın bizdən biri, çox sadə el adamı kimi tanıdığımız Musa Yaqubun görünməyən tərəfləri var idi? Ailə başçısı, ata, bir elin, bir evin kişisi Musa Yaqub necə adam idi?

- Özü-sözü bir adam idi. Həm ata kimi, həm Musa Yaqub kimi. Mən hərdən deyirəm ki, mən dədəmlə Musa Yaqubun bütövləşmiş ruhunun balasıyam. Necə görünürdüsə eləydi. Dədəm maddi dünyanın adamı deyildi. Biz həmişə dünyaya atamızın gözləri ilə baxmışıq. O, həmişə böyüklüyü ilə yox, təvazökarlığı ilə təəccübləndirib, heç vaxt onun “mən” dediyini eşitmədim. Evindən-eşiyindən heç vaxt qonaq-qarası əskik olmadı. Hələ kənd müəllimi işlədiyi, kasıbyana güzəran keçirdiyimiz vaxtlarda da hamıya süfrə açıb, xalq içində tanınanda da qapısını açan hər kəsə sevinib. Allah bəlkə də bu səbəbdən heç vaxt ruzisini kəsmədi. O boyda xətri-hörməti var idi, ömrü boyu kiməsə özü üçün ağız açmazdı. Birinin xahişi olsa, mütləq kömək edərdi. Kimin işindən ötrü hara lazımdırsa, gedərdi. Məsələn, millət vəkili olanda bir qonşumuzun Kürdəmirdə problemi yaranmışdı, onun yük maşınına minib həmin rayona getdi, həll edib qayıtdı.

- Deyirlər şairlərin ruhu bal arısı kimi çiçəkdən-çiçəyə qonur. Musa Yaqubun gözəl sevgi şeirləri var idi. Sizcə, bütün sevgi şeirlərini ananıza ithaf edirdi ya başqa “ilham pəriləri” də var idi? Ananız necə qarşılayırdı bu şeirləri?

- Anam onu bir başqa cür sevirdi. Şeirlərinə də, özünə də xüsusi həssaslıqla yanaşırdı. Atamın o qədər nümunəvi həyatı olub ki, biz ondan heç bir zaman bu mənada incik düşməmişik. Amma o yalan sözdür ki, insan yalnız bir dəfə sevə bilər. Yox, insan ömrünün hər dövründə bir dəfə sevir. Hər dəfə sevgi bir başqa libasda qonaq gəlir insanın ömrünə. Şairin ruhu titrəməliydi ki, qələmindən elə zərif kəlmələr tökülsün. Sevgi əməkdir, sevmək bir istedaddır, sevgi başqa bir fitrətdir, Allah onu hər ürəyə göndərməz. Biz onun sevgi şeirlərini də çox sevirdik, hörmətlə qarşılayırdıq. Amma anam atamın dünyasıydı. O, olmasaydı, Musa Yaqub bu böyüklükdə olmayacaqdı. Heç söz-söhbətləri olmazdı. Atamın anama dediyi ən sərt söz, ən hövsələsiz vaxtında işlətdiyi kəlmə “a zalımın qızı” idi.

- “Mən bir az, balaca uşaq kimiyəm” deyirdi şair. Siz də hiss edirdiniz bunu?

- 83-cü doğum gününə sayılı günlər qalmışdı, danışanda dedim, Dədə, sənə gələndə nə alım gətirim? Dedi, heç nə, elə özün çıx gəl. Sonra gəlnimizə, Gülərə deyib ki, Səhərə de, mənə bir mədəni jaket alıb gətirsin.

Mən də alıb apardım. Çox vaxt yatanda da çıxarmırdı əynindən. Avstriyaya gəlişimə bir gün qalanda dedi ki, bu gün yanımda yat. Mən də yerdən döşək atıb, yatdım yanında. O gecəni rahat yatdı, səhəri ikimiz də bir yerdə açdıq.

- İki bacı - sizin ruhunuz onun şeirlərinə bələnib, ayrılmaz parçasına çevrilmisiniz Musa Yaqub poeziyasının. Şeirlərində qardaşınız Şəhriyarı yad etməmiş olmaz.

- Şəhriyarsız olardımı? Şəhriyara yazmışdı bu sözləri.

Bəxtdə varsız, bağda barsız,

Dağda qarsız qalsan belə,

Heç demə ki, zaman belə,

Dövran belə, insan belə...

Yeri bağlı, göyü bağlı,

Kibrit çöpü olsan belə,

Bir kimsənin çırağını

Yandırmamış söndünsə heç.

- Dediniz ki, dünya mənim qürbətimdi. Musa Yaqub atadan öncə ruhunuzun adamıydı, əkiziydi sanki, onun gedişiylə lap qərib olmadımı bu dünya sizə?

- Bu dəfə gedəndə atamı yerində tapmadım. Yeri boş, pəncərəsindən körpüyə, körpüdən də dostlarına qədər süzülüb gedən o baxışları yox. Yandırırdı məni o baxışlar. Bilirdim ki, darıxır. Qucaqlayırdım, öpürdüm onu ki, gülsün. O da mənim xətrim qalmasın deyə, ağızucu gülümsəyərdi. Ruhu göylərlə əlləşirdi. Atamın ölümünə inanmıram. Onun məzarına baxıb fikirləşirəm ki, burada yatan Musa Yaqub deyil. Bəlkə də, ölən Musa Yaqub poeziyasındakı mənəm.

“Vatsap”da yazıram ona. Yoxluğunu bilə-bilə. Bilirəm ki, cavab verməyəcək, amma hansısa ümidlə baxıram, cavab gözləyirəm. Son zamanlar “Vatsap”a baxa bilmirdi, hərdən görüntülü danışırdıq. Zəng vururdum ona, ürəyimdə deyirdim ki, bir gün onun səsini telefonun o başında eşitməyəndə nə edəcəyəm? Sanki mənim üçün yazmışdı bu misralarını.

Bir də sızım-sızım göynəyəcəksən,

Sonra bu qışa da öyrənəcəksən...

Susuram. Beynimdən nə zamansa ürəyimin tellərini tərpətmiş bir misrası keçir ölümsüz insanın:

Bilmədik qədrini, ötürdük yaşı,

Allah verdiyinə biz olduq naşı.

Söhbətləşdi: İlhamə Rəsulova

Paylaş:
Baxılıb: 457 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Maraqlı

Mədəniyyət

Sosial

İqtisadiyyat

MEDİA

Siyasət

ABŞ izi azdırır

19 Aprel 10:23

Xəbər lenti

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30