Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Paqon daşımaq mənim üçün daha cəlbedici idi...

Paqon daşımaq mənim üçün daha cəlbedici idi...

01.10.2021 [15:50]

Azərbaycanda polis peşəsinə maraq göstərən qadınların sayında artım müşahidə olunur. Hər dəfə şəhərdə qadın polislərilə qarşılaşanda cəmiyyət tərəfindən böyük hörmət və rəğbətlə qarşılandığını görürük. Gündəlik məişət qayğıları ilə yanaşı, gərgin peşələrinin də öhdəsindən məharətlə gələn qadın polislər bu gün həmcinsləri üçün bir növ nümunədir. Heç şübhəsiz, bu peşəyə yiyələnmək istəyən minlərlə qadınımız var.

“Polis olmaq kişi işidir” stereotipləri üzündən arzularından imtina edənlərin sayı isə heç də az deyil. Cəmiyyət nə deyər düşüncəsilə arzularına başlamadan son verən qadınlarımız üçün bu yazımızda mayak olmağa çalışacağıq. Bu məqsədlə də, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı, polis mayoru Həmdizadə Ağgül Mehman qızı ilə həmsöhbət olduq. Qadın üçün polis olmağın özəllikləri və çətin tərəfləri barədə danışdıq.

Ağgül Həmdizadə artıq on ildir ki, daxili işlər orqanlarında xidmət edir. Bir çox həmcinsləri kimi müəllim və ya həkim olmağı heç ağlının ucundan da keçirmədiyini deyən Ağgül xanımın kiçik yaşlarından arzusu polis olmaq imiş: “Qadın peşəsi dedikdə, adətən müəllim, pedaqoq, yaxud da həkimliyi düşünürlər. Valideynlərim peşə seçimi zamanı mənə müəyyən qədər təsir edir, deyirdilər ki, müəllim ol, səhər get, günorta gəl. Məncə, insan gərək sevdiyi işlə məşğul olsun. Mundir daşımaq, paqonlu olmaq mənim üçün cəlbedici idi”.

Nəslində mundirli məmur - polis olmayan Ağgül xanım birtəhər valideynlərini razı sala bilir. 2007-ci ildə ali məktəbə sənəd verəndə o zamanlar Polis Akademiyasına qadınların qəbulu olmadığı üçün BDU-nun hüquqşünaslıq fakültəsini seçir. Düşünür ki, hüquq təhsili alsam, hüquq-mühafizə orqanlarında çalışa bilərəm.

Bakı Dövlət Universitetinin hüquqşünaslıq fakültəsində bakalavr və magistr pilləsini fərqlənmə diplomu ilə başa vuran Ağgül xanımın şans üzünə gülür. Məzun olduğu il – 2011-ci ildə daxili işlər orqanlarında hüquq təhsilli namizədlər üçün xidmətə qəbulla bağlı müsabiqə keçirilir. Beləcə, Ağgül Həmdizadə 100 ballıq sistemlə 92 bal toplayaraq DİN-də işə qəbul olur.

Polis leytenantı kimi işləməyə başlayanda nişanlı olan A.Həmdizadə bu qərarının qarşı tərəfdən narazılıqla qarşılanmadığını deyir: “Həyat yoldaşımla öncədən tanışlığımız olduğu üçün o mənim seçimimdən də xəbərdar idi - polis olmağıma etiraz etmədi. Əksinə, dəstək verdi. İşimiz saat 9:00-da başlayır, 18:00-da bitir. Bəzən iş saatından da əlavə qalıb çalışmalı oluram. Subay olarkən bunun fərqində olmursan, amma ailə qurduqdan sonra uşaq və ev qayğıları da artır. İki uşaq anasıyam. Onlar da gələcəkdə polis olmaq istəyirlər. Mən də onlara hər zaman seçimlərində dəstək olmağa çalışacağam. Çox şanslıyam ki, ən böyük dəstəkçilərim mənim ailəmdir. Hərdən işdən yorğun gəlib, sadəcə istirahət etmək istəyirəm, gəzintiyə belə çıxmağa gücüm olmur. Dərhal valideynlərim deyirlər, “Hə, gördün, biz sənə daha rahat peşə seç deyirdik. Bizə qulaq asmadın (red-gülür). Belə deməklərinə baxmayaraq, mənimlə qürur duyduqlarını bilirəm. Forma ilə məni görəndə çox fərəhlənirlər. Onların düşüncələrini dəyişə bilmişəmsə, bu mənə zövq verir. Fikirləşirəm ki, əziyyət də olsa, işləyəcəyəm. Bu mənə xoşdur”.

İşinin gərginliyinə baxmayaraq o yorulmadığını deyir: “Deyirlər ki, xoşbəxt o insandır ki, səhər işə, axşam evə tələsir. Məndə də belədir. Məzuniyyətdə oluram, evdə qala bilmirəm, işim üçün darıxıram. Bayram günlərində gücləndirilmiş iş rejimi ilə çalışırıq. Ailəm istirahət planları quranda mən işdə oluram. Evdən çıxanda zarafatyana deyirəm ki, siz rahat istirahət edin. Azərbaycan polisi sizi qoruyur.  Bu  peşənin stimullaşdırıcı xüsusiyyəti insanla, mənəviyyatla bağlı olan məsələdir. Bunun izahı yoxdur. Çünki insanları mənəviyyat birləşdirir”.

Polis əməkdaşlarının sayı barədə məlumatlar məxfi hesab edildiyi üçün qadın polislərin statistikasını sizə təqdim edə bilmirik. Amma müsahibimin sözlərinə görə, son zamanlar qadın polislərin sayında artım müşahidə edilir. Ölkəmizdə Daxili İşlər Nazirliyi orqanlarında çalışan qadınlar əsasən 102 qaynar xətt, statistika, kadrlar, istintaq və digər bölmələrdə çalışırlar.

Ən çətin iş, məsuliyyətli peşə bir qadın olaraq onun taleyinə qismət olub. O, bundan qürur və iftixar hissi keçirdiyini, polis adı, polis andının uca olması üçün çalışdığını deyir: “Fəaliyyətim ictimaiyyətlə əlaqəli olduğu üçün iki ildir ki, DİN-in fəaliyyəti ilə bağlı mətbuatda çıxışlarım olur. Keçirilən tədbirlər, üstü açılan cinayət işləri haqda məlumatları səsləndirirəm. İctimaiyyət üçün maraqlı olan, rezonans doğuran məsələlərlə bağlı çalışırıq ki, operativ cavablar verilsin”.

Polis necə olmalıdır ki, hamı razı qalsın? Bunun düsturu varmı? 24 saat sabit əhvalda qalması nə qədər mümkündür? Ancaq polis 24 saat təmkinli, sakit, diqqətli, məsuliyyətli olmalıdır, həm də bunu hamı 24 saat ərzində tələb edib gözləyirsə...: “Nəzərə alaq ki, polis ən çətin, təhlükəli və məsuliyyətli peşədir. Bu peşə, həssaslığı ilə digər sahələrdən fərqlənir. Ona görə insanlar polisə güzəştsiz yanaşır, davranışlarını izləyir, hər addımını müzakirə edirlər. Polisin hər bir hərəkəti hadisədir. Dünyamız nə qədər rəqəmsallaşsa da, polisdən rəqəmsal münasibət gözləyənlər bilməlidirlər ki, polis də insandır. Polisin də hissləri var. O, ağır iş rejimində çalışır. Elə günlər olur ki, sutkalarla yuxusuz qalır, ailəsini, uşaqlarını görə bilmirlər”.

Müşfiqə BAYRAMLI

Paylaş
Baxılıb: 110 dəfə

Xəbər lenti

Hamısına bax

Manata inam artır

27 Noyabr 10:15

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30