Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Onların məqsədi bəllidir

Onların məqsədi bəllidir

01.10.2021 [15:48]

Araz Əlizadə: AXCP və “Müsavat” Qarabağın işğaldan azad olunmasını istəmədi

Müsahibimiz Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadədir:

- Araz müəllim, ötən ilin bu günlərində əsgərlərimiz əlində silah düşmənə qarşı vuruşur, cəmiyyətimiz isə qələbə üçün milli birliyin daha da güclənməsinə çalışırdı. Həmin dövr həm də siyasi partiyaların nümayiş etdirdiyi həmrəyliklə yadda qaldı. Bu siyasi həmrəylik qələbəmizdə hansı rolu oynadı, cəmiyyətimizə nə qazandırdı?

- Həqiqətən də, ötən ilin bu günləri dövlətimiz, xalqımız üçün çox ağır və ağrılı günlər idi. Həmin günlərdə siyasi dünyagörüşündən, tutduğu mövqedən asılı olmayaraq, hər kəs Vətən üçün, dövlət üçün səfərbər olmuşdu. Cəmiyyətimizin bir hissəsi olan siyasi partiyalar da qələbə üçün həmrəyliyin vacibliyini dərk edirdilər. Bu mənada, imzalanan birgə bəyanatlar həm də milli birliyin güclənməsinə xidmət göstərdi. Siyasi həmrəyliyimizin qələbəmizdə mühüm payı var və bu, cənab Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən də dəfələrlə vurğulanıb. Digər tərəfdən, bu həmrəylik nəticəsində Azərbaycandakı siyasi qüvvələr arasında dialoq daha da gücləndi. Dialoq isə normal münasibətlərin əsasıdır. Əgər insanlar bir-biri ilə danışmasalar, görüşməsələr, eyni məqsədə qulluq edə bilməzlər. Azərbaycandakı siyasi partiyaların əksəriyyətinin mövqeyi xalqımızın yaxşı yaşaması, dövlətimizin güclənməsi yönündədir. Belə olan halda, birgə işləmək mütləq lazımdır. Bir zamanlar iqtidarla müxalifət arasındakı münasibətlər tamam fərqli rakursda idi. Bu gün artıq hər kəs bir-birinə tərəf müqabili kimi baxır. Nəticədə isə Azərbaycandakı siyasi qüvvələrin əksəriyyəti birləşirlər və Vətənə xidmət edirlər. Təbii ki, özünü bu dialoqdan kənarda saxlayanlar da tapılır. Onların məqsədləri bəllidir - öz şəxsi mənafelərini güdürlər, hansısa anti-Azərbaycan qüvvələr ilə işləyirlər, əməkdaşlıq edirlər. Belələri dialoqdan da, əməkdaşlıqdan da kənardadırlar.

- Yəqin ki, həmrəyliklə bağlı siyasi

partiyaların birgə bəyanatlarına imza atmayan AXCP ilə Müsavat Partiyasını nəzərdə tutursunuz. Sizcə, onların bu bəyanatlara imza atmamalarının səbəbi nədir?

- Vaxtilə dövlət çevrilişi yolu ilə hakimiyyətə gələn bu partiyaların nələr etdiyi hər kəsin yaddaşındadır. Bir il ərzində ölkəni taladılar və vətəndaş müharibəsi qarşısında qoyub qaçdılar. Həmin vaxtdan bəri də “bəlkə də, qaytardılar” havası ilə yaşayırlar. Amma əmin olmalıdırlar ki, heç nə qayıtmayacaq. Onların hakimiyyəti dövründə Azərbaycan torpaqları Ermənistan tərəfindən işğal edildi. 2020-ci ildə - Vətən müharibəsi ərəfəsində isə siyasi partiyaların birgə bəyanatını imzalamamaqla onlar öz mövqelərini ortaya qoydular. AXCP və “Müsavat” Qarabağın işğaldan azad olunmasını istəmədi. Çünki onlar Qarabağ faktorundan siyasi məqsədləri üçün istifadə edirdilər. Qarabağ azad olunacağı təqdirdə bu imkandan məhrum olacaqdılar. Çünki özlərinin erməniyə verdikləri torpaqlar qayıdırdı. Bu isə onların, onsuz da, olmayan “hakimiyyətə gəlmək şansları”nı heçə endirirdi.

- Cəmiyyətdə belə bir qənaət də var ki, AXCP ilə Müsavat Partiyası həmrəylik bəyanatlarını imzalamamaqla anti-Azərbaycan mərkəzlərlə işbirliyinə, onların sifarişlərini yerinə yetirməyə hazır olduqlarını göstərdilər. Sizcə də, bu, belə idimi?

- Bəli, bütünlüklə cəmiyyətin vahid amal uğrunda birləşməsi həm də dediyiniz ermənipərəst mərkəzlər üçün açıq qapı qoymamışdı. Amma bu iki partiya birgə bəyanatlara imza atmamaqla Azərbaycana qarşı olanlarla əməkdaşlıq etmək niyyətlərini ortaya qoymuş oldular. Onlar göstərdilər ki, biz dövlətə, xalqa yox, həmin dairələrə sadiqik. Bu isə özlüyündə ən böyük xəyanətdir.

- Həm AXCP, həm də “Müsavat” təmsilçiləri qazanılan tarixi Zəfərə sevinmək əvəzinə dezinformasiyalar yaymaqla, təxribat xarakterli paylaşımlar etməklə məşğuldurlar. İşğaldan azad edilmiş ərazilərimizdə aparılan abadlıq-quruculuq işlərini bir dəfə olsun təqdir etməyən Əli Kərimli, Arif Hacılı kimilər sosial şəbəkələrdə görülən işlərə kölgə salmağa cəhd göstərirlər. Bu, nədən xəbər verir?

- Başqa işləri yoxdur axı. Onların əl atdıqları bu metod şayiə mexanizmidir. Bunlar hakimiyyətə can atırlar və bu yolla guya cəmiyyətin münasibətini dəyişmək niyyətindədirlər. Vaxtilə də bu metoddan istifadə edirdilər, onlara qarşı olan insanları müxtəlif adlarla damğalamağa çalışırdılar. İndi də bu cür şayiələrlə, yalanlarla xalqı iqtidara qarşı döndərmək istəyirlər. Anlamırlar ki, bu, mümkün deyil. Apardıqları bu antimilli təbliğat ilə yalnız özlərini ifşa edirlər. Özləri deyirdilər ki, “Azərbaycan üçün nə qədər pisdirsə, bizim üçün o qədər yaxşıdır”. Əldə olunan müvəffəqiyyətlərə görə isə bağırları çatlayır. Bu əsəblə də qarayaxma ilə məşğul olurlar.

- Bu gün parlamentdə bir sıra partiyalar təmsil olunur, vaxtilə siz də millət vəkili olmusunuz. Amma nə parlamentdə təmsil olunan, nə də parlamentdən kənar partiyaların sədrlərini cəmiyyət arasında cangüdənlə görmüşük. Əli Kərimlinin yanından isə cangüdən əskik olmur. Sizcə, bunun səbəbi nədir?

- Mənim heç bir zaman cangüdənim olmayıb və olmayacaq da. Cangüdən dövlət rəhbərləri üçün vacibdir. Partiya sədri adi bir insandır və onun cangüdənə ehtiyacı yoxdur. Əli Kərimli kimilər cangüdən gəzdirməklə öz aləmlərində “bazburut” saxlayırlar. Bunlar kimdir ki?!

- Bu cür mənəvi aşınmaya məruz qalmış düşərgə təmsilçilərinə Azərbaycan cəmiyyətinin münasibəti necədir?

- Onların bir zamanlar siyasi proseslərə təsir imkanları sıfır dərəcəsində idisə, bu gün ondan da aşağıdır.

Pərviz Sadayoğlu

Paylaş
Baxılıb: 90 dəfə

Xəbər lenti

Hamısına bax

Manata inam artır

27 Noyabr 10:15

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30