Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Fransanın Azərbaycan “dərdi”

Fransanın Azərbaycan “dərdi”

22.10.2024 [09:22]

Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini təmin etməsi Fransaya rahatlıq vermir. Görünən odur ki, Fransa ermənilərdən çox ermənilik edir. Paris əsassız olaraq ölkəmizin beynəlxalq imicinə zərbə vurmağa çalışır. Fransanın Avropa və xarici işlər naziri Jan Noel Baronun “France Inter” kanalına müsahibəsi zamanı “Azərbaycanın Ermənistana münasibətdə beynəlxalq hüququ pozduğunu” bildirməsi də bu yanaşmanın təzahürüdür.

Əsassız yanaşma...

Əlbəttə ki, Jan Noel Baronun bu fikirlərinin heç bir əsası yoxdur. Məlumdur ki, Azərbaycan ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra Fransa ölkəmizə qarşı aqressiv siyasət yürüdür. Demək olar ki, bütün rəsmi səviyyələrdə Azərbaycana qarşı böhtan kampaniyası aparır. Nümunə üçün deyə bilərik ki, Fransa parlamenti 2020-ci ildən etibarən dəfələrlə ölkəmizə qarşı qərəzli qətnamələr qəbul edib. Sonuncu dəfə bu ilin yanvarında Fransa Senatının qəbul etdiyi sənəddə də Azərbaycanafobiya, ayrı-seçkilik açıq-aşkar nümayiş olundu. Özünü “demokratiyanın beşiyi” adlandıran və BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan Fransa parlamentinin bu qətnaməsi beynəlxalq hüququn açıq-aşkar tapdanması, işğalçılıq siyasəti yürütmüş Ermənistanın və erməni separatçılarının dəstəklənməsi isə hərbi cinayətlərə şərik olmaq demək idi. Həmin sənədin Senatda müzakirə olunması zamanı Fransanın o vaxtkı Avropa və Xarici İşlər naziri Stefan Sjurnenin çıxış etməsi, “fəxri qonaq” qismində isə Ermənistanın Fransadakı səfiri Hasmik Tolmacyan və separatçıların Fransadakı nümayəndəsi Hovhannes Gevorgyanın da iştirak etməsi Fransa tərəfindən Azərbaycanın ərazi bütövlüyünə açıq hörmətsizliyin nümayişi idi. Hətta Fransa prezidenti Emmanuel Makronun sentyabrın 25-də BMT Baş Assambleyasında çıxışı zamanı Azərbaycanın guya Ermənistana “təzyiq” göstərdiyini və “ərazi iddiası” irəli sürdüyünü iddia etməsi də bundan qaynaqlanır.  Makron çıxışında “Azərbaycanın Ermənistana təzyiqləri və ərazi iddiaları şəraitində Fransanın Ermənistanla çiyin-çiyinə dayandığı”nı da iddia etmişdi.

Tarixin arxivinə göndərilmiş ATƏT-in Minsk qrupunun həmsədri olmuş bu ölkənin təcavüzkar Ermənistanı dost və müttəfiq hesab etməsi, Ermənistana dəstək göstərməsi ilk növbədə Fransanın özünə zərbədir. Xatırladaq ki, adıçəkilən Minsk qrupunda “həmsədr ölkə” kimi çıxış edən Fransa heç vaxt ədalətli mövqe tutmayıb. Bütün dünya Ermənistanın 30 il işğal altında saxladığı Azərbaycan torpaqlarında vandalizm törətdiyini təsdiqləyir - Fransa isə heç vaxt Ermənistanı işğalçı siyasətə son qoymağa çağırmayıb, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin yerinə yetirilməsini tələb etməyib. Əksinə, Azərbaycan 44 günlük Vətən müharibəsində torpaqlarını işğaldan azad etməklə Təhlükəsizlik Şurasının qətnamələrini icra edərkən Fransa açıq-aşkar Ermənistana dəstək verdi. Qarabağda bir günlük antiterror tədbirləri nəticəsində erməni separatizminin kökünün kəsilməsi isə Fransaya rahatlıq vermir. Bütün bunlar, rəsmi Parisin gerçək üzünü ortaya çıxarır.

Azərbaycana qarşı qərəzli münasibət...

Yeri gəlmişkən, Azərbaycanın Xarici İşlər Nazirliyi Fransanın Avropa və xarici işlər naziri Jan Noel Baronun sözügedən fikirlərinə münasibət bildirib. Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə deyib ki, Jan Noel Baronun “France Inter” kanalına müsahibəsi zamanı səsləndirdiyi fikirlər bu ölkənin Azərbaycana qarşı növbəti əsassız və qərəzli münasibətin, beynəlxalq hüquqa dayaz və səthi yanaşmanın göstəricisidir. Azərbaycanın bütün addımlarında beynəlxalq hüququ və ədaləti əsas götürdüyünü diqqətə çatdıran XİN rəsmisi qeyd edib ki, ölkəmizin beynəlxalq hüquqa zidd davrandığını iddia etmək absurddur və Fransanın bunun əksini sübut edəcək heç bir dəlili yoxdur: “Maraqlıdır ki, özünü beynəlxalq hüququn təbliğatçısı və ədalətin təminatçısı kimi təqdim edən Fransa heç zaman Azərbaycana münasibətdə beynəlxalq hüququn bütün norma və prinsiplərinin kobud şəkildə pozulmasını tənqid etməyib. Bir milyona yaxın azərbaycanlını öz doğma yurd-yuvasından didərgin salmış, kütləvi qırğınlar və insanlığa qarşı cinayətlər törətmiş, Ermənistan ərazisindən kütləvi şəkildə deportasiya edilmiş yüz minlərlə azərbaycanlının qayıdış hüququnu heçə sayan Ermənistanı qurban kimi təqdim etmək yanlış siyasətdən xəbər verir. Dünyanın bir çox yerlərinə münasibətdə xarici siyasəti iflasa uğramış Fransanın bölgəmizdə destruktiv fəaliyyətinə son qoyulmasını bir daha tələb edirik”.

Alen Simonyandan daha erməni  - Jan Noel Baron...

Nəzərə alaq ki, bir neçə gün öncə Ermənistan parlamentinin sədri Alen Simonyan “Azadlıq” radiosunun erməni xidmətinə müsahibəsində “Azərbaycanın Qarabağdakı hərbi əməliyyatları legitim əsaslara, eləcə də BMT-nin qətnamələrinə söykənirdi”-deyib. Simonyan, həmçinin Ermənistan tərəfinin İkinci Qarabağ müharibəsi dövründə beynəlxalq ictimaiyyətdən lazımi reaksiya almadığını da qeyd edib: “Buna səbəb, həm də bizim tərəfdən legitim hüquqların mövcud olmaması ilə əlaqədar idi. Azərbaycan Qarabağda əməliyyatları BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə istinad edərək həyata keçirmişdi”. Göründüyü kimi, Ermənistanın rəhbər şəxslərindən biri Azərbaycanın keçirdiyi hərbi əməliyyatların beynəlxalq hüquqa əsaslandığını etiraf edib. Hansı ki, BMT TŞ-nın qəbul etdiyi məlum dörd qətnaməyə Fransa da səs verib. Belə olan halda, Fransanın rəsmi şəxslərinin, o cümlədən XİN başçısı Jan Noel Baronun Azərbaycan haqqında dedikləri cəfəngiyyatdan başqa bir şey deyil.

Müharibə təhrikçisi...

Ümumiyyətlə, Fransanın mövcud xarici siyasət kursu qarşıdurmalara əsaslanır - bu fakt Ermənistanda olduğu kimi Ukrayna müharibəsinə münasibətdə də özünü açıq şəkildə göstərir. Maraqlıdır ki, son vaxtlar Ukraynaya yalnız Fransa açıq və birbaşa dəstək verməklə, diqqəti çəkir. Belə ki, rəsmi Paris prezident Volodimir Zelenskinin sülh planını dəstəklədiyini bəyan edib. Halbuki, həmin sülh planını Ukrayna savaşının dayandırılmasından daha çox kollektiv Qərbin, xüsusilə də, NATO-nun Rusiya ilə müharibəyə birbaşa qatılmasını nəzərdə tutur.

Fransadan fərqli olaraq Aİ-nin digər dövlətləri bu planı dəstəkləmir. Məsələn, rəsmi Berlin Almaniyanın bundan sonra Ukraynaya daha hərbi texnika göndərməyəcəyini açıq mətnlə bəyan edir. Almaniya kansleri Olaf Şolts Rusiya prezidenti Vladimir Putinlə danışıqlara hazır olduğunu bəyan edib. Kansler hesab edir ki, Ukrayna savaşının dayandırılması ilə bağlı şərtlərin müzakirə edilməsinin vaxtı çatıb. Lakin Fransa Kiyevə silah tədarükünü davam etdirməkdə israrlıdır. Sülhə çalışmaq əvəzinə Ukraynanı və Ermənistanı silahlandırmaqda qərarlı olması rəsmi Parisin regionda gərginliyin davam etməsinə maraqlı olduğunu təsdiqləyir.

Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 231 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Hədəfimiz bəllidir...

13 Dekabr 10:41  

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Bir gün qaldı...

13 Dekabr 09:14

Analitik

62 ildən sonra...

13 Dekabr 08:34  

Dünya

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31