Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Qərbin Gürcüstan planı...

Qərbin Gürcüstan planı...

22.10.2024 [09:01]

Seçkiöncəsi siyasi vəziyyətin gərginləşməsi gözlənilir

Gürcüstanda parlament seçkiləri öncəsi siyasi proseslər gərginləşməkdədir. Son aylarda Qərb ilə rəsmi Tbilisi arasındakı fikir ayrılıqlarının daha fərqli müstəvilərə transfer olunması gözlənilir. Xüsusilə seçkiöncəsi proseslərdə aktivliyin artması müşahidə olunur ki, bu da gözləniləndir. Xatırladaq ki, bu ilin mayında Gürcüstanda “Xarici təsirin şəffaflığı haqqında” qanunun qəbulu ilə başlanan “siyasi konflikt” ötən dövrdə artan xəttlə inkişaf edib. Bu müddət ərzində Gürcüstanın Avropa İttifaqına inteqrasiyası prosesi dayandırılıb, Tbilisiyə göstərilən yardımlar sanksiyalaşdırılıb.  Qəbul olunan qanun isə Qərbin Gürcüstana təsir imkanlarını məhdudlaşdırır. Qanunun qəbul olunması sırf milli maraqlara yaranan təhdidlərin qarşısını almaq zərurəti ilə bağlıdır. Qanuna əsasən, illik gəlirinin 20 faizdən çoxunu xarici dövlətlərdən, beynəlxalq təşkilatlardan, Gürcüstan vətəndaşı olmayan qurum və şəxslərdən əldə edən və dövlət tərəfindən təsis edilməyən media orqanları və QHT-lər Gürcüstandakı “xarici gücün maraqlarını güdən təşkilat” kimi reyestrdən keçməli olacaqlar. Reyestrdən keçməyənləri isə maliyyə sanksiyaları gözləyir. Lakin onun normaları fiziki şəxslərə şamil edilməyəcək. Gəlirlərinin 20 faizdən çoxu xaricdən gələn qeyri-kommersiya hüquqi şəxslər və mətbuat orqanları qanunun təsir dairəsində olacaqlar. Gürcüstan hakimiyyəti verdiyi izahatlarda bildirir ki, ölkənin milli maraqları bu qanunun qəbul olunmasını zəruri edib.

Məğlubiyyətin göstəricisi...

Vurğulandığı kimi, oktyabrın 26-da keçiriləcək parlament seçkiləri ərəfəsində siyasi vəziyyət daha da gərginləşir. Oktyabrın 20-də Tbilisidə təşkil olunmuş mitinq də bunu sübut edir. Belə ki, ötən bazar günü Gürcüstanın qeyri-hökumət təşkilatları tərəfindən mitinq təşkil olunub. Gürcüstan prezidenti Salome Zurabişvili “Gürcüstan Avropa İttifaqını seçir” şüarı ilə keçirilən aksiyada iştirak edib. Mitinqi “Gürcüstanın Avropa Orbiti” QHT və “Mənim səsim Aİ-də” koalisiyası təşkil edib. Mitinqin tələbləri isə bəllidir - onlar yüxarıda bəhs olunan qanunun deaktiv olunmasını istəyir.

Gürcüstanın hakim partiyası isə bu mitinqi uğursuz sayıb. Gürcü Arzusu” partiyasının icraçı katibi Mamuka Mdinaradze deyib ki, müxalifət bu mitinqlə parlament seçkilərini bir həftə öncə uduzduğunu elan etmiş oldu: “İnsanları bütün Gürcüstandan gətirmişdilər. Dörd partiya və QHT sektorunun zəngin təbəqəsi bu aksiyanın təşkilatçılığı ilə məşğul idi. Buna baxmayaraq, onlar çarəsiz vəziyyətdə qaldılar. Onları buna kim məcbur etdi ki? Rustaveli prospektinə yığılsaydılar, orada daha çox adam olduğu görünərdi”.

Təzyiqlərin neytrallaşdırılması prosesi...

Gürcüstanı təzyiqlər altında saxlamaq istəyən Qərb dairələri qanunu “anti-demokratik” adlandırır. Qanunun hələ müzakirə mərhələsində olduğu vaxtlarda gürcü müxalifətinin təşkil etdiyi mitinqlərdə, konkret olaraq may ayında Avropa İttifaqına üzv olan Litva, Estoniya, İslandiya və Latviyanın xarici işlər nazirlərinin iştirak etməsi də Qərbin açıq-aşkar təzyiqlərinin göstəricisi idi. Lakin Gürcüstan hakimiyyəti geri çəkilməyərək sözügüdən qanunu qəbul etdi. Belə bir şəraitdə ABŞ və Avropa İttifaqı Gürcüstan hökuməti ilə əməkdaşlığa yenidən baxılacağı və sanksiyaların tətbiqi ilə hədələyib. Artıq Avropa İttifaqı Gürcüstanın təşkilata üzvlük məsələsi ilə bağlı danışıqları dayandırıb. Eləcə də, Tbilisiyə bəzi maliyyə yardımlarının kəsildiyi də elan edilib.

ABŞ isə öz növbəsində Gürcüstana qarşı “MEGOBARI aktı”nı qəbul edib. Konqresin Xarici əlaqələr komitəsində keçirilən səsvermədə 41 konqresmen sənədi dəstəkləyib, 6-sı isə əleyhinə səs verib. Sənəddə Gürcüstanda demokratik geriləmənin olduğu, bu səbəbdən Gürcüstan hökumətinin fəaliyyətinə və onun Rusiya ilə eləcə də “digər avtoritar rejimlərlə” əlaqələrinə nəzarətin gücləndirilməsi çağırışı edilib.

3 milyon 508 min 294 nəfər “seçim” edəcək...

Bütün bunların fonunda Gürcüstan hakimiyyəti dövlət maraqlarını qorumaq naminə Qərbə dirəniş göstərməkdədir. Qarşıdan gələn parlament seçkiləri isə gələcək proseslərə aydınlıq gətirə bilər. Hakimiyyət bu seçkilərin azad və demokratik keçiriləcəyini bəyan edib. Yeri gəlmişkən, Gürcüstan Mərkəzi Seçki Komissiyası (MSK) bəyan edib ki, oktyabrın 26-da keçiriləcək parlament seçkilərində 3 milyon 508 min 294 seçici səs verə biləcək. Onlardan 135 min 922-si ilk dəfə səs verəcək. Seçicilərin 95 min 910 nəfəri xarici ölkələrdə səs verəcəklər. Bildirilib ki, parlament seçkiləri ilə əlaqədar 3 min 111 seçki məntəqəsi açılacaq. Bunlardan 3 min 44-ü Gürcüstanda, 67-si isə 47 xarici ölkənin 53 şəhərində olacaq. Ölkə daxilində yaradılacaq 3 min 44 məntəqənin 13-ü penitensiar müəssisələrdə və psixi xəstələrin yerləşdirildiyi mərkəzlərdə, 12-si isə həbsxanalarda açılacaq. Səsvermə üçün 3 milyon 325 min 100 bülleten çap olunacaq. Bunlardan 2 milyon 838 min 600 mini elektron səsvermə, 486 min 500-ü isə köhnə qayda ilə səs vermək üçün yaradılan məntəqələrdəki seçicilər üçün nəzərdə tutulub.

Qeyd edək ki, proporsional sistem üzrə keçiriləcək parlament seçkilərində 5 faizlik baryeri keçən siyasi partiyalar parlamentdə təmsil oluna biləcəklər.

N.BAYRAMLI

Paylaş:
Baxılıb: 248 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Hədəfimiz bəllidir...

13 Dekabr 10:41  

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Bir gün qaldı...

13 Dekabr 09:14

Analitik

62 ildən sonra...

13 Dekabr 08:34  

Dünya

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31