Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Nümunəvi və təşəbbüskar ölkə...

Nümunəvi və təşəbbüskar ölkə...

11.10.2024 [10:42]

Bakıda keçirilən Pre-COP29 tədbirində Azərbaycanın planetin ekoloji təhlükəsizliyinə verdiyi töhfə yüksək dəyərləndirilib

Oktyabrın 10-da Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Tərəflərin İlkin Konfransı (Pre-COP29) keçirilib. COP29-a hazırlıq prosesinin mühüm platforması hesab edilən bu tədbirdə iqlim sammitində iştirak edəcək ölkələrin ekologiya nazirləri təmsil olunub. Tərəflər COP29-la bağlı görülən işlər və qarşıda duran məsələləri müzakirə edib, məsləhətləşmələr aparıblar.

Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən edilmiş prezidenti Muxtar Babayev bildirib ki, COP29 Sədrliyi tərəfindən 14 əsas təşəbbüs irəli sürülüb. Həmin təşəbbüslərin müəyyən olunması zamanı dünya ictimaiyyətinin gözləntiləri nəzərə alınıb və aktual problemlərə diqqət yetirilib. Azərbaycan ev sahibi olaraq qısa müddət ərzində təşkilatı işlərin böyük hissəsini yekunlaşdırıb, COP29 Sədrliyinin ofisi formalaşdırılıb, həmçinin COP29 Azərbaycan Əməliyyat Şirkəti təsis edilib. Bakı Olimpiya Stadionu əsas tədbir məkanı olaraq seçilib. Tədbirlərin Bakı Olimpiya Stadionu ilə yanaşı, digər məkanlarda da keçirilməsi istisna olunmur. Tədbir ərazisi iki zonadan ibarətdir. Bunlardan biri BMT üçün nəzərdə tutulan mavi zona, digəri isə iqlim ictimaiyyəti və şirkətlərin cəlb olunacağı yaşıl zonadır.

Cənub-Şərqi Asiyadan ABŞ-a qədər...

Azərbaycan qlobal iqlim dəyişiklikləri ilə mübarizəni ümumi strateji məqsədlərindən biri hesab edir və qarşısına qoyduğu vəzifələri layiqincə yerinə yetirməkdədir. Ölkəmiz hələ iqlim sammitinə namizədliyinin irəli sürülməmişdən əvvəl COP sammitlərində də fəal iştirak edib, özünün təşəbbüskarlığı ilə seçilib, karbon-dioksid (CO2) emissiyasının azaldılması üçün beynəlxalq koalisiyanı daha sıx əməkdaşlığa dəvət edib. Həmçinin, İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının tamhüquqlu üzvü kimi istilik effekti yaradan qaz tullantılarının kadastrının hazırlanması, müntəzəm olaraq yenilənməsi, milli məlumatların hazırlanması kimi öhdəlikləri də tam şəkildə yerinə yetirib.

Respublikamız qlobal ekoloji mühiti də daim izləyərək müvafiq təhlillər aparıb, COP28-dən sonrakı ilk altı ay ərzində 41 milyard dollara çatan ekstremal hava şəraitinin iqtisadi nəticələrini qlobal alyansla müzakirə edərək təxirəsalınmaz tədbirlər planının hazırlanmasını təklif edib. Hazırda “Yaqi” tayfunundan əziyyət çəkən Cənub-Şərqi Asiya ölkələrinin, habelə “Milton” qasırğasının ağır təsirlərinə məruz qalan ABŞ-ın üzləşdiyi bu fəlakətlərin qarşısının alınmasında öz təşəbbüslərini ortaya qoyur. Bu baxımdam ölkəmiz COP29-a Sədrliyi dövründə planetin ekoloji təhlükəsizliyi naminə ambisiyaları artırmaq və fəaliyyətləri gücləndirməyə yönəlmiş baxışı ilə diqqəti cəlb edir.

COP-un Şəffaflıq Platforması Bakıda təsis edilib

Ölkəmiz, həmçinin rəsmi prosesə əlavə olaraq COP29 Fəaliyyət Proqramını əlavə etməklə COP ailəsində öz yeni yanaşmalarını da təqdim etməkdədir. Builki COP-un əsas mövzusu həm də iqlim maliyyələşməsinin təmin olunmasıdır. Bu məsələ ötən illər ərzində öz həllini tapmayıb, iştirakçı ölkələr tərəfindən müxtəlif fikirlər fonunda fərqli maliyyə sxemləri təklif olunub, maliyyəni verən və qəbul edən tərəflərin konsensusu formalaşmayıb. Digər problem maliyyənin şəffaflığı ilə bağlıdır, çünki iqlim maliyyəsi onun şəffaf mexanizmlərə söykənməsini tələb edir. Bu konteksdən tərəflər arasında maliyyənin bölünməsi və maliyyə resurslarının cəlb edilməsində açıqlıq, hesabatlılıq əsas şərtdir. Ötən COP sammitlərində tərəflər bu məsələdə bir araya gələ bilməsə də , Azərbaycanın Sədrliyi dövründə şəffaflıq prinsipi mövzusu da həllini tapıb, “Bakı Qlobal İqlim Şəffaflığı Platforma”sı təsis edilib. Platforma çərçivəsində kommersiya tərəfi olan ölkələr noyabrda keçiriləcək 29-cu sessiyaya qədər öz şəffaflıq hesabatlarını təqdim edəcəyini bildirib.

Azərbaycan COP-un maliyyə təsisatını da formalaşdırıb

Respublikamızın səyi ilə aparılan səmərəli danışıqlar və diplomatik uğurların nəticəsində iqlim maliyyəsi siyasətini koordinasiya edəcək beynəlxalq təsisat - İtki və Zərərə cavab verən Fondun maliyyə büdcəsi də formalaşdırılıb. Həmin Fondun yaradılması barədə qərar COP27 sammitində qəbul olunsa da, 2 il ərzində heç bir addım atılmayıb. Ancaq Azərbaycanın iradəsi sayəsində qlobal iqlim dəyişmələri ilə bağlı mübarizə tədbirlərində həlledici rol olan maliyyələşmə mexanizmi də cari ildə təmin edilib.

Göründüyü kimi Azərbaycan bu sammitə daha məsuliyyətlə və xüsusi təşəbbüskarlıqla hazırlaşır. Bunu BMT Baş katibinin müavini Əminə Ceyn Məhəmməd də bəyan edib. O, Pre-COP29 tədbirində çıxışı zamanı bildirib ki, Azərbaycanın məsuliyyətli ölkə kimi üzərinə götürdüyü öhdəlikləri layiqincə yerinə yetirərək beynəlxalq iqlim çağırışları ilə bağlı ümumi razılaşmaların əldə olunmasına töhfə verir, eyni zamanda nümunəvi modelləri ortaya qoyur.

COP29-un İqlim şəffaflığı üzrə yüksək səviyyəli həmkarı, İtaliyanın iqlim dəyişikliyi üzrə xüsusi nümayəndəsu Françesko Korvaro isə qeyd edib ki, Azərbaycanda mühüm bir platformanın əsası qoyuldu, tərəflər maliyyələşmə mexanizmi həll edildikdən sonra şəffaflığa xüsusi diqqət ayırmalı və ehtiyacı olan bütün tərəflərə kömək etməlidir.

Qlobal Cənub və Şimal arasında körpü...

COP29 çərçivəsində ölkəmiz beynəlxalq və yerli şirkətlərin bərpa olunan enerji mənbələrinin inkişafı və istifadəsinə təşviqini də sürətləndirib, müxtəlif iqtisadi stimullar, vergi-gömrük güzəştləri, digər innovativ yenilikləri tətbiq etməklə biznes koalisiyasını günəş və külək enerjisi, “yaşıl hidrogen” və s. enerji mənbələrinin istehsalı və nəqlinə səfərbər edib. Mövcud imkanlar düzgün və səmərəli şəkildə qiymətləndirərək hazırlıq çərçivəsində “yaşıl texnologiyalar”a, “yaşıl enerji”yə keçid istiqamətində də çoxplanlı işlər sayəsində qlobal “yaşıl enerji” həmrəyliyi inkişaf etdirilib və xarici tərəfdaşlarla çoxsaylı memorandumlar imzalanıb. Dünyanın bir çox ölkələri və beynəlxalq təşkilatlarla qurulmuş səmərəli əməkdaşlıq sayəsində “yaşıl enerji” layihələrində sərmayə tərəfdaşlığı da təmin olunub. Cari ilin ötən 9 ayı ərzində böyükhəcmli “yaşıl sərmayələr”ə dair açar sazişləri imzalanıb, xüsusilə də körfəz ölkələrindən Birləşmiş Ərəb Əmirliklərinin “Masdar”, Səudiyyə Ərəbistanının “ACWA Power” şirkətləri ilə bərpa olunan enerji sektorunda böyükhəcmli sərmayə layihəsinin əsası qoyulub. Təkcə “Masdar şirkəti ilə dəyəri 1 milyard dollar olan 3 saziş imzalanıb. Ümumilikdə, “yaşıl sərmayələrin” həcmi 2,5 milyard dollara çatıb.

Həmçinin, “ACWA Power” şirkətləri ilə SOCAR arasında Naxçıvan Muxtar Respublikasında 500 MVt gücündə bərpa olunan enerji layihələrinin inkişafına dair Anlaşma Memorandumu imzalanıb. Ötən həftə SOCAR və bp arasında Cəbrayıl rayonunda “Şəfəq” layihəsinin icrasına dair saziş imzalanıb. Bundan başqa, digər investorlar - “BP”, “Fortescue Future Industries”, “China Gezhouba Group”, “Total Energies”, “Nobel Energy”, “Czech Engineering”, “Baltech” və digər şirkətlərlə bərpa olunan enerji layihələri ilə bağlı əməkdaşlığa başlanılıb.

Xarici ölkələr və beynəlxalq maliyyə institutları ilə “yaşıl sərmayə” anlaşmaları...

Azərbaycan COP29 ili çərçivəsində beynəlxalq maliyyə institutları ilə iqlim həlləri üzrə də intensiv əlaqələri artırıb, ətraf mühitin qorunmasını təşviq edən müxtəlif layihələrlə bağlı faydalı müzakirələr aparılıb, bu sahəyə sərmayələrin cəlb edilməsində razılıqlar əldə olunub. Dünya Bankı (DB), Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB), Asiya İnkişaf Bankı (AİB) da COP29 və “yaşıl hidrogen” istehsalında Azərbaycana öz maliyyə dəstəyini göstərəcəyini bəyan edib. DB Azərbaycanda 760 MVt gücündə Bankə və Biləsuvar günəş enerjisi layihələrinin enerji sisteminə qoşulması, günəş panelləri, “yaşıl hidrogen” və sahələrə investisiyalara açıq olduğunu bəyan edib. Avropa Bankı da bərpa olunan enerji və regional “yaşıl enerji” dəhlizinin həyata keçirilməsində maliyyə donorluğuna razılıq verib. AYİB isə 2027-ci ilədək 8 külək və günəş elektrik stansiyasının istismara hazırlanmasına kreditlər ayırmaqla bağlı Bakı ilə razılaşıb.

Etimadın növbəti nümunəsi...

Respublikamız bərpa olunan enerjinin ixracının reallaşması istiqamətində qətiyyətli addımlar atıb, ilk yaşıl ixrac kabelinin hüquqi-iqtisadi əsası qoyulub, Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında “yaşıl enerji”nin ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında saziş imzalanıb. Bu, enerji layihəsinin digər predmetləri yekunlaşmaq üzrədir və “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” adlanan layihəyə əsasən, Avropaya “yaşıl enerji” ixracı gerçəkləşəcək. Azərbaycan bununla Bakı-Tbilisi-Ceyhan neft, TAP qaz kəmərlərinin ardınca, Avropada yeni enerji dəhlizinin müəllifinə çevriləcək.

Prezident İlham Əliyevin vurğuladığı kimi bizim üçün bu, bizim üçün misilsiz bir şansdır ki, ən yüksək liqaya daxil oluruq. “Biz təkcə təşkilati baxımdan işlər görmürük, mahiyyət baxımından da təşəbbüslər irəli sürürük. Biz inkişaf etmiş ölkələrlə fəal şəkildə işləyirik. Biz Qlobal Cənub və Qlobal Şimal arasında körpülər qururuq”.

Azərbaycanın xarici tərəfdaşlarla əməkdaşlığı Pre-COP29 çərçivəsində imzalanmış sazişlərə daha da güclənib. Belə ki, Braziliya və ölkəmiz arasında iqlim tərəfdaşlığı üzrə Anlaşma Memorandumu imzalanıb ki, bu sənəd tərəflərin birgə iqlim hədəflərinin inkişaf etdirilməsini nəzərdə tutur. Belə ki, COP29-a Sədrlik edən Azərbaycan estafeti COP30-a ev sahibliyi edəcək Braziliyaya təhvil verdikdən sonra qlobal iqlim təşəbbüslərinin və dayanıqlı inkişafın təşviqi sahəsində birlikdə addımlar atacaq. Bu, Azərbaycana olan növbəti etimadın nümunəsidir.

ELBRUS CƏFƏRLİ

Paylaş:
Baxılıb: 249 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

İqtisadiyyat

Siyasət

Gündəm

Bir güllə atılmadan...

03 Dekabr 09:46  

Siyasət

Dekabrın 10-da...

03 Dekabr 09:38

Sosial

Xəbər lenti

Dünya

Analitik

1014 gün...

03 Dekabr 09:08

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31