Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Zelenski sülhə ümid bəsləyir

Zelenski sülhə ümid bəsləyir

11.10.2024 [09:10]

Bəs müharibənin qalibi kim olacaq?

Ukrayna Prezidenti Volodimir Zelenski Avropa ölkələrinə səfəri zamanı yenidən sülh planını gündəmə gətirib. O, Xorvatiyaya səfəri çərçivəsində bu ölkənin Baş naziri Andrey Plenkoviçlə uzunmüddətli dəstək və əməkdaşlıq haqqında saziş imzalayıb. Xorvatiya ilə saziş də Ukraynanın təhlükəsizliyinə dair digər sazişlər kimi 10 il müddətinə qüvvədə olacaq. Bu saziş ilə Xorvatiya müharibədə qələbə qazanana qədər Ukraynanı dəstəkləmək borcunu təsbit edir. Digər məsələlərlə yanaşı, söhbət iki ölkənin müdafiə-sənaye kompleksləri arasında əməkdaşlıqdan gedir. Ölkələr, həmçinin rəqəmsal dayanıqlıq və kibertəhlükəsizlik sahəsində qarşılıqlı əlaqələri möhkəmləndirmək və kəşfiyyat məlumatları mübadiləsi imkanlarını araşdıracaqlar. Ümumilikdə, Ukrayna artıq 20-dən çox ölkə ilə təhlükəsizlik haqqında sazişlər bağlayıb, onların arasında ABŞ, Böyük Britaniya, Almaniya, Fransa, Niderland və digər Avropa dövlətləri yer alıblar.

Münaqişə 2025-ci ildən gec olmayaraq başa çata bilərmi?

Volodimir Zelenski Xorvatiyada keçirilən Ukrayna-Cənub-Şərqi Avropa sammitində deyib ki, Ukrayna münaqişənin 2025-ci ildən gec olmayaraq başa çatmasına ümid bəsləyir: “Oktyabr, noyabr və dekabr aylarında vəziyyəti sülhə və davamlı sabitliyə doğru irəlilətmək üçün real şansımız var. Döyüş meydanındakı vəziyyət bu seçimi 2025-ci ildən gec olmayaraq başa çatdırmağa imkan yaradır”. O, əlavə edib ki, Ukrayna noyabra qədər nizamlanma ilə bağlı yeni sülh konfransında təqdim olunması gözlənilən sənəd hazırlayacaq. Lakin o, konfransın nə vaxt keçiriləcəyini açıqlamayıb.

Zelenski onu da deyib ki, Ukraynanın NATO-ya dəvət edilməsi və alyansa gələcək üzvlüyü sülh yolunda real addımlar ola bilər. Bu, Avropanı maraqlandırmalıdır. “Ukraynanın NATO-da yeri varmı? Əgər bu, lazımi qaydada təsdiqlənərsə, Rusiya Avropanın sərhədləri, müstəqil dövlətləri və hər birinin öz gələcəyini seçmək hüququna malik olduğunu qəbul etməlidir”, - deyən, dövlət başçısının sözlərinə görə, həqiqət budur ki, Rusiyanın bu reallığı qəbul etməsi yalnız Ukraynaya qarşı bir daha Rusiya tərəfindən müharibənin edilməyəcəyini anlamaqdan başlaya bilər.

Xatırladaq ki, Zelenskinin sülh planı 3 əsas elementdən ibarətdir. Bunlara Ukraynaya daha çox silah yardımı, Rusiyanı sülhə məcbur etmək üçün beynəlxalq miqyasda diplomatik səylər göstərmək, 2022-ci il qarşıdurmalarına görə Moskvanın məsuliyyət daşıması kimi müddəalar daxildir. Ukrayna lideri ötən ay BMT Baş Assambleyasının 79-cu sessiyasında iştirak etmək üçün Nyu-Yorka səfəri zamanı bu planı ABŞ prezidenti Co Baydenlə və vitse-prezident Kamala Harrislə  müzakirə etmişdi.

Kiyevin Kursk əməliyyatı, Rusiyanın ələ keçirdiyi yeni şəhərlər...

Ümumiyyətlə, Zelenskinin münaqişənin 2025-ci ildən gec olmayaraq başa çatmasına ümid bəsləməsi bir qədər təəccüblü görünür. O, bu fikrini döyüş meydanındakı vəziyyətlə əlaqələndirməyə çalışır. Nəzərə alaq ki, hazırda döyüş meydanında Kiyevin əhəmiyyətli üstünlüyü yoxdur. Ukraynanın Rusiyanın Kurs vilayətində müəyyən  qədər irəliləyişi döyüş meydanındakı vəziyyəti onun xeyrinə dəyişməyib. Çünki Kiyevin bu hücumu Rusiya ordusunun  Donbasda irəliləməsinin qarşısını ala bilməyib. Əksinə, Kursk əməliyyatından sonra Rusiya Ukraynanın iki şəhərini və bir sıra kəndlərini ələ keçirib.   Belə olan halda, Zelenskinin müharibənin 2025-ci ildən gec olmayaraq başa çatması haqda bəyanatı real görünmür. İndiki halda, problem Rusiyanın üstünlüyü ilə başa çata bilər. Kiyevin qələbə qazanması üçünsə ona göstərilən hərbi dəstək kifayət qədər artmalıdır.

Zelenski bəlkə də, Ramştayn platorması çərçivəsində dövlət başçılarının görüşünə ümid edir. Ukrayna Müdafiə Təmas Qrupunun Almaniyanın Ramştayn hava qüvvələri bazasında təşkil olunacaq toplantısı oktyabrın 12-nə planlaşdırılmışdı. Lakin ABŞ Prezidenti Co Bayden Birləşmiş Ştatlarda tüğyan edən “Milton” qasırğası ilə əlaqədar bu görüşdə iştirakını təxirə salıb. Kansler Olaf Şolts “Ölkəmdə belə fırtınalar baş verərsə, mən də belə qərar qəbul edərdim” deyərək bu qərarı anlayışla qarşıladığını vurğulayıb.

Təmas qrupu Ukraynaya silah və sursat yardımı göstərən 50 ölkəni əhatə edir. Ramştaynda müdafiə nazirləri səviyyəsində indəyədək bir neçə toplantı keçirilib. Oktyabrın 12-də keçirilməsi nəzərdə tutulan görüş isə dövlət başçıları səviyyəsində ilk toplantı olacaqdı.

Müharibə davam edərsə, qazanan Qərb olacaq

Avropa İttifaqına sədrlik edən Macarıstanın Baş naziri Viktor Orban isə Avropa Parlamentində çıxışı zamanı deyib ki, Aİ Kiyevin müharibədə məğlubiyyətini istəmirsə, Ukrayna ilə bağlı strategiyasını dəyişməlidir: “Avropa İttifaqı Ukraynada müharibə ilə bağlı yanlış siyasət aparır. Əgər biz qalib gəlmək istəyiriksə, bu uğursuz strategiyanı dəyişməliyik”. O, Avropa İttifaqını münaqişənin həlli üçün səy göstərməyə çağırıb: “Əgər bunu etməsək, müharibəyə daha çox cəlb olunacağıq və vəziyyət daha çıxılmaz olacaq. Biz müzakirə apararkən yüz minlərlə insan öləcək”. Bir müddət öncə Viktor Orban bütün Avropa ölkələrinin tezliklə Ukraynadakı münaqişənin sülh yolu ilə həlli üçün çalışacağını da demişdi.

Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Leyen isə Macarıstanın baş naziri Viktor Orbanla debatda onun Ukraynadakı münaqişənin həlli istiqamətindəki səylərini sərt şəkildə tənqid edib. Xanım Leyen deyib ki, Kiyevə nəyin bahasına olursa-olsun bütün sahələrdə dəstəyin davam etdirilməsi vacibdir. O, Ukraynanı dəstəkləmək zərurətindən danışaraq, Macarıstanın təşkilatdakı sədrliyini tənqid edib. “Ukrayna və Avropada ədalətli sülhə nail olmağın yeganə yolu var. Biz Ukrayna müqavimətini gücləndirməyə davam etməliyik, ona siyasi, maliyyə və hərbi dəstək verməliyik”, - deyə fon der Leyen bildirib. Onun fikrincə, avropalılar Ukraynanın Moskva ilə münaqişədə təslim olmasını istəmirlər.

Görünən odur ki, Qərb bu müharibənin davam etməsində maraqlıdır. Çünki müharibədə nə Rusiya, nə də Ukrayna qazanmayacaq. Belə davam edərsə, qazanan yalnız Qərb olacaq.

N.BAYRAMLI

Paylaş:
Baxılıb: 201 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Asan gömrük dəhlizi

04 Dekabr 10:48

İqtisadiyyat

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Ədəbiyyat

İqtisadiyyat

Siyasət

Gündəm

Bir güllə atılmadan...

03 Dekabr 09:46  

Siyasət

Dekabrın 10-da...

03 Dekabr 09:38

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31