Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Hindistan dərvişi

Hindistan dərvişi

11.10.2024 [08:12]

Rabindranat Taqorun “Gitancali” mistik toplusu haqqında

Taqor hind xalqının peyğəmbəridir - sözün həm məcazi, həm də gerçək mənasında.

Hələ atası induizmə (onun fikrincə) sonradan sırınmış bütpərəstliyi, çoxallahlılığı inkar eləyir, ümməti qədim arilərin unudulmuş monoteist dünyagörüşünə qayıtmağa, xristianlığa, islama bənzər təktanrılı dinə tapınmağa çağırırdı. Bu baxımdan onun da, sonralar dünya şöhrəti qazanası oğlunun da missiyası onlardan üç min il əvvəl yaşamış yəhudi peyğəmbərlərinin missiyasına çox bənzəyir.

Üstəlik, bu missiya hind xalqının, benqal dilinin sərhədləriylə çərçivələnməmişdi, başda Avropa olmaqla bütün qitələrə, bütün millətlərə təsir göstərmişdi. Qoca qitənin bəzi parlaq zəkaları hətta bu fikirdəydilər ki, Taqorun mistik nəğmələri, duaları onlara xristianlığı yenidən dəyərləndirmək, Məsihin təlimini daha dərindən anlamaq imkanı yaradıb.

***

“Gitancali” poemasının adını dilimizə dəqiq çevirmək üçün benqal dilinin incəliklərini bilmək gərəkdir. Təqribən belə də demək olar: “Dua-səna nəğmələri”. 157 şeirdən ibarət toplu orijinalda nəzmlə qələmə alınsa da, ingiliscəyə mənsur şeir janrında çevrilib. Tərcüməçi də bir özgəsi yox, müəllif özüdür.

Əsərin çevrilmə tarixçəsi belədir: 1912-ci ilin martında Taqor Avropa səfərinə çıxmağı planlaşdırır, ancaq bərk xəstələnməsi ucbatından səfər yazqabağı yox, mayın sonlarında baş tutur. Bu müddət ərzində yeni nəsə yazmağa halı olmayan işgüzar, məhsuldar şair bekar oturmamaq üçün “Gitancali”ni ingilis dilinə çevirməyə, daha doğrusu, onu ingiliscə yenidən yazmağa başlayır. Bu toplunu o, dörd-beş il ondan qabaq, əlli yaşı ərəfəsində qələmə almışdı, indi, özünün deməsinə görə, bir zaman yaslı-yaralı könlündə bayram tonqalı qalamış duyğuları, həyəcanları başqa dil vasitəsilə yenidən yaşamaq istəyirdi.

Londona çatanda müəllif “Gitancali”nin tərcüməsindən ibarət bir neçə dəftəri oxumaq üçün dostu, tanınmış incəsənət adamı Uilyam Rotenşteynə verir. Rotenşteyn əsəri bir gecəyə gözünə təpir, sonra dəftərləri irland əsilli məşhur ingilis şairi Uilyam Yeytsə ötürür. Yeytsin təşəbbüsü, həm də ön sözüylə toplu elə həmin 1912-ci ildə Londonda çap olunur. 1913-cü ildə isə Rabindranat Taqor “Gitancali”yə görə ədəbiyyat üzrə Nobel mükafatına layiq görülür. O, bu mükafatı alan ilk asiyalı qələm adamıydı.

***

“Gitancali” poetik topludan çox dini kitaba bənzəyir. Burada yer almış mənsur şeirlər Allahla söhbət, Tanrıya ünvanlanmış dualar, müəllifin aşiq olduğu fövqəlbəşər qüvvənin dərgahına göndərilən sevgi, mədhiyyə, yalvarış dolu məktublardır.

Dövrün pessimist-tragik Avropa poeziyası, skeptik-ateistik ədəbi-ictimai ovqatı fonunda Taqorun duaları unudulmuş bir dinin ehyası kimi zühura gəlir. Bu mistik nəğmələri induizmin Vedalarına, Upanişadlarına, buddizmin Dhammapadasına, zərdüştiliyin Qatalarına, Əhdi-ətiqin Zəburuna, Əhdi-cədidin İncilinə, Quranın Məkkə surələrinə qohumluq telləri bağlayır. Əsərin dünya savaşı ərəfəsində qaranlığa qərq olmuş Avropada böyük uğur qazanmasının bir səbəbi də, görünür, elə bu qohumluq, insanların dini-mistik duyğularını yerindən tərpətməsi, haqqa inam, gələcəyə ümid aşılaması, göylər səltənətinə yeni cığır açmasıydı.

Qərbdə o, şairdən də artıq neçə min il yaşı olan Şərq müdriki, din xadimi, gündoğandan zühur eləmiş peyğəmbər kimi qavranırdı. Bunu da unutmayaq ki, Rabindranat Taqor brahman nəslindən idi, ona belə bir rütbə anadangəlmə verilmişdi.

Hərçənd oxuduğu duaların Avropada qazandığı uğur hamıdan çox müəllifin özünü təəccübləndirmişdi, Taqor hesab eləyirdi ki, ingilis dilini çox pis bilir.

***

Müəllif sufi şairlər sayaq Tanrıya sevgilisi, dostu, sirdaşı kimi üz tutur:

“Sən mənə nəğmə oxumaq əmri verəndə sanıram qəlbim qürurdan parçalanacaq. Sənin üzünə baxıram, gözlərim yaşla dolur.

Həyatımın hər dərdi, həyəcanı şirin ahəngə dönür, ruhum dəniz üzərində uçan şən quş kimi qanadlanır.

Bilirəm ki, nəğməm sənə xoş gəlir. Bilirəm ki, hüzuruna yalnız nəğmələrimlə yol aça bilərəm.

Nəğmələrimin gen açılmış qanadlarıyla sənin qədəmlərinə toxunuram, halbuki əvvəllər buna əsla cürət eləməzdim.

Mən nəğmələrimin verdiyi sevincdən sərməst olub özümü unuduram və səni - mənim Allahımı öz dostum adlandırıram”.

Taqorun lirik qəhrəmanı özünü öz bütündə əridib itirməyə, sufilərin təbirincə desək, Allahda fəna olmağa çalışır. Bu duanı əsərin başlıca hədəfi, proqramı da saymaq olar: “Qoy mənim heç bir diləyim başa gəlməsin, qoy ömrüm başdan-başa sənin iradənin təcəssümünə çevrilsin”. Bunu deməklə şair tanrısından onu özbaşına buraxmamağı diləyir, özünü Allaha tapşırır, öz arzusundan, niyyətindən, planlarından üz döndərib həyatını, varlığını büsbütün Yaradanın ixtiyarına verir, özünü Tanrıya təslim eləyir:

“Mən yalnız sənin hökmünə müntəzirəm ki, nəhayət, ona təslim olum. Bax buna görə də mən bunca fürsəti əldən verməkdə suçluyam.

Üstümə gəlib qanun-qaydalarla mənim əl-qolumu möhkəm-möhkəm bağlamaq istəyirlər. Amma mən onlardan qaçıram. Çünki yalnız sənin hökmünə müntəzirəm ki, nəhayət, ona təslim olum.

Adamlar məni qınayıb laqeyd adlandırırlar. Şübhə yox ki, onlar haqlı qənaətə gəliblər.

Bazar bağlandı, işləyənlər azad oldu, məni çağırmaqdan yorulanlar hay vermədiyimi görüb qəzəblə uzaqlaşdılar. Mənsə yalnız sənin hökmünə müntəzirəm ki, nəhayət, özümü ona təslim eləyim”.

İnsan öz cılız ağlıyla xeyirin harada, ziyanın harada olduğunu anlamaya bilər, faydalı sandığı bir yolun onu fəlakətə apardığını qanmaya bilər, ancaq fövqəlbəşər qüvvəyə bütün bunlar əyandır. Böyük Şahmatçı bütün gedişlərin sonunu görür, odur ki, mömin bəndənin hələ bu dünyadaykən özünü Ona təhvil verməkdən, Onun iradəsinə təslim olmaqdan doğru yolu yoxdur.

Elə “təslim” kəlməsiylə bir kökdən yaranmış “islam” anlayışının da mənası, mahiyyəti budur: öz iradəni, niyyətini, qürurunu şeytana təhvil verib Tanrının ssenarisində rol almaq, ilahi iradəyə könüllü tabe olmaq, Tolstoyun təbirincə desək, dərk olunan azadlıqdan əl çəkib hiss olunmayan asılılığı qəbul eləmək.

***

Eynən qədim peyğəmbərlər kimi o da Allaha qəzalar, fəlakətlər içindən sıyrılıb pənah aparmışdı. 1902-ci ildə həyat yoldaşının vəfatından sonra qırx bir yaşlı şair bu itkinin acısıyla “Yaddaş” adlı poetik silsilə qələmə aldı. Ancaq fələk hələ onunla haqq-hesabı çürütməmişdi - 1903-cü ildə qızlarından biri vərəmdən, 1907-ci ildə kiçik oğlu vəbadan öldü. Bu aralıqda onun müdrik kimi yetişməsinə böyük təsir göstərmiş, ona həm mənəvi, həm maddi dayaq olmuş sevimli atası da dünyadan köçdü.

Qırx yaşını yenicə geridə qoymuş bir insan üçün bunlar dözülməz itkilərdir, bir başqası belə ağır cəzaya görə dinindən, imanından dönər, allahına asi düşərdi. Taqor isə tanrısını qətldə suçlamadı, Yaradanın əlini doğmalarının qanına batırmadı, fələyin başına gətirdiyi bəlalara, canına kəsdiyi cəzalara, işgəncələrə Allahı sevməklə, şərdən, şeytandan Ona sığınmaqla cavab verdi. Buna görə də ağrılardan, əzablardan qəzəb yox, əsər yarandı:

“Mənə işıq ver, işıq! Onu arzularının coşqun alovunda yandır!

Sənin qismətin sönməz bir çıraq olmaqdır, ey ürək! Ah, ölüm sənin ən gözəl nəsibindir!

Fəlakət sənin qapını döyüb xəbər verir ki, Allahın oyaqdır, səni gecənin zülmətində görüşə çağırır.

Göyləri bulud alıb, yağış durmadan yağır. Bilmirəm məni belə həyəcanlandıran nədir, bilmirəm mənə nə olub.

Bir anlığa parlayan şimşək qaranlığı daha da qatılaşdırır, qəlbim məni gecənin musiqisinin apardığı cığırla əlhavasına, qarasına addımlayır.

İşıq ver mənə, işıq! Onu arzularının coşqun alovunda yandır!

Göy guruldayır, külək coşur. Gecə kömür kimi qapqara. Dağıt qaranlığı! Öz həyatınla sevgi çırağını yandır!”

F.Uğurlu

Paylaş:
Baxılıb: 254 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Asan gömrük dəhlizi

04 Dekabr 10:48

İqtisadiyyat

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Ədəbiyyat

İqtisadiyyat

Siyasət

Gündəm

Bir güllə atılmadan...

03 Dekabr 09:46  

Siyasət

Dekabrın 10-da...

03 Dekabr 09:38

Sosial

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31