Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / İstənilən sanksiyalara qəti şəkildə qarşıyıq!

İstənilən sanksiyalara qəti şəkildə qarşıyıq!

10.10.2024 [09:24]

Vaşinqtonun “sanksiya siyasəti” öz marağına əsaslanır

İlham Əliyev: Biz milli səviyyədə özümüzə qarşı, həm də təkcə bizə deyil, tətbiq olunan bütün sanksiyalara münasibətdə bu mövqeyi ifadə edirik

Son illərdə qlobal siyasi mühitdə yaşanan gərginliklər vahid “hədəfə” tuşlanıb. Belə ki, ABŞ-ın apardığı “vahid qütb olmaq uğrunda” mübarizə bütün müstəviləri aşmaqdadır. Xüsusi vurğulanmalıdır ki, Vaşinqton bu uğurda bütün addımları atır və atmağa da hazır görünür - hətta beynəlxalq hüququn tələblərinin pozulması, beynəlxalq konvensiyaların gözardı edilməsi, eyni zamanda, dünya dövlətlərinin bununla bağlı mövqeyinin nəzərə alınmaması faktları ortadadır. ABŞ özünün marağı olmadığı yerdə avtomatik olaraq sanksiyaları işə salır - başqa sözlə, Vaşinqtonun marağına xidmət etməyən siyasət birmənalı şəkildə “sanksiyalarla cəzalandırılır”. Və bu məsələdə heç bir dəyər və ya hüquq gözlənilmir.

ABŞ-ın nankorluğu...

Qeyd edildiyi kimi, ABŞ və bütövlükdə, Qərb dünyası “sanksiyalaşdırma”nı əlində soyuq silaha çevirib. Vahid qütb olmaq üçün “mənim dediyimi təkrarlamayan məndən deyil” prinsipi ilə davranmaq XXI əsrin çağırışları və düşüncəsi ilə uzlaşmır - tam əksinə, ABŞ-ın hazırda apardığı siyasi xətt birmənalı olaraq özbaşınalığa və korporativ maraqlara söykənir.

30 ilə yaxın işğaldan əziyyət çəkmiş, təcavüzə uğramış, soyqırımı ilə üzləşmiş, işğal altında saxlanılan 20 faiz ərazisi tamamilə dağıdılmış Azərbaycan da bu və ya digər şəkildə haqsızlıqlara uyğrayıb. Uzun illər böyük güclərin tətbiq etdiyi ikili standartdan əziyyət çəkən ökəmiz isə bunun əksinə səbrlə və təmkinlə bütün mənalarda beynəlxalq ədalətin, hüququn yanında yer alıb - böyük güclər isə Ermənistanın bu qədər qanunsuz addımlarına qarşı loyal davranış nümayiş etdiriblər və hansısa haqlı sayılacaq sanksiyaya əl atmayıblar.

Bəli, hər zaman hüququn aliliyi prinsipini prioritet qəbul edən Azərbaycan Qərbin siyasi dəyənəyinə çevrilmiş “sanksiyalaşdırma siyasəti”nin bir parçası olmayıb.  Tam əksinə, sanksiyalara qarşı bütün beynəlxalq ictimaiyyətin mövqe bildirməsinə üstünlük verib - çünki, biz hətta ortada olan ən kəskin problemlərin belə dialoq vasitəsilə həllinə inanırıq və bunu təbliğ edirik. Bu mənada, Azərbaycan hər zaman sanksiyaya qarşı mövqe sərgiləyib. Prezident İlham Əliyev oktyabrın 8-də Moskvada “Rossiya-1” televiziya kanalına müsahibəsində bildirib ki, sanksiyalar siyasətinin ümumiyyətlə, mövcud olmağa haqqı yoxdur, xüsusilə də bu sanksiyalar qeyri-qanuni olduqda və tamamilə əsassız və selektiv şəkildə tətbiq edildikdə: “Ona görə də biz istənilən sanksiyalara qəti şəkildə qarşıyıq və hesab edirəm ki, beynəlxalq ictimaiyyət öz mövqeyini vahid qaydada bildirməlidir. Biz milli səviyyədə özümüzə qarşı, həm də təkcə bizə deyil, tətbiq olunan bütün sanksiyalara münasibətdə bu mövqeyi ifadə edirik”.

ABŞ Əfqanıstandan qaçana qədər...

Konkret Azərbaycana gəldikdə isə vurğulandığı kimi, ölkəmiz daim haqsızlıqlara uğrayıb. Məsələn, 1992-ci ildə ABŞ konqresi tərəfindən qəbul edilən “Azadlığa Dəstək Aktı”nın 907-ci maddəsinə düzəliş ABŞ-ın Azərbaycana birbaşa dövlət yardımını qadağan edən bir sanksiya idi.  Erməni lobbisinin təşəbbüsü ilə qəbul edilən bu qadağa Azərbaycanı iqtisadi və siyasi sabitliyi asanlaşdırmaq üçün ABŞ hökumətindən birbaşa yardım almayan yeganə postsovet dövlətinə çevirdi. Qadağanın tətbiqinin “səbəbi” isə birmənalı şəkildə haqsız və ədalətsiz formada əsaslandırılmışdı. Belə ki,  ermənipərəst konqresmenlər tərəfindən hazırlanan bu qadağa layihəsi guya Azərbaycanın Ermənistana və “Dağlıq Qarabağa” qarşı blokadasından irəli gəlirdi. Halbuki, həmin dövrdə və ondan sonra 30 ilə yaxın müddətdə Ermənistan Azərbaycan torpaqlarını işğal etmiş, Qarabağda separatizm yuvası yaratmış, Naxçıvanı bu gün də davam edən blokadaya salmışdı. Prezident İlham Əliyev müsahibəsində bildirib ki, bizə sanksiyalar 1992-ci ildə, Azərbaycan ərazilərinin Ermənistanın işğalı altında olduğu bir vaxtda ölkəmizin “Ermənistanı blokadada saxlaması” barədə qondarma ittihamla tətbiq edilmişdi.

Amma bu sanksiyalar 2001-ci ildə dayandırıldı - həmin ilin 11 sentyabr hadisələrindən sonra Azərbaycanın beynəlxalq terrorizmlə mübarizədə dəstəyini təmin etmək məqsədilə ABŞ Konqresi prezidentə düzəlişin hüquqi qüvvəsini dayandırmaq səlahiyyəti verdi. Dövlət başçısı “Rossiya-1” televiziya kanalına müsahibəsində bildirib ki, bu sanksiyalar 2001-ci ildə, ABŞ-ın öz yüklərini hava, quru və dəniz yolu ilə Azərbaycan ərazisindən Əfqanıstana tranzit daşımalı olduğu vaxt aradan qaldırılmışdı: “Partiya mənsubiyyətindən asılı olmayaraq, Birləşmiş Ştatların Prezidenti ABŞ Əfqanıstandan qaçana qədər hər il bu sanksiyaları öz qərarı ilə ləğv edirdi. Bundan sonra bizə qarşı həmin sanksiyalar yenidən tətbiq olundu. Mən onları nankorluqda ittiham edəndə, hesab edirəm ki, bu, həmin kontekstdə istifadə olunacaq ən sərt söz deyil”.

Həmin dövrdə Azərbaycan beynəlxalq terrorizmə qarşı mübarizədə səmimi şəkildə ön sırada dayanırdı. Azərbaycan həmin dövrdə quru, hava və su yolu ilə yüklərin daşınmasında fəal rol oynadığı kimi, həm də bu mübarizədə təmsil olundu - “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Əfqanıstanda Təhlükəsizliyin Dəstəklənməsi üzrə Beynəlxalq Qüvvələrin Türk taburunun tərkibində fəaliyyət göstərəcək Azərbaycan tağımına dair Saziş”ə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələri iki taqımla Türkiyə Cümhuriyyəti Silahlı Qüvvələrinin taburu tərkibində və NATO strukturlarının ümumi komandanlığı altında Əfqanıstanda yerləşdirildi, müvafiq əməliyyatlarda iştirak etdi. Azərbaycan Silahlı Qüvvələrinin 22 nəfərlik sülhməramlı tağımı 2002-ci il noyabr ayının 20-dən Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri (İSAF) tərkibində fəaliyyət göstərməyə başlayıb. 2008-ci il yanvarın 15-dən Azərbaycanın Əfqanıstandakı sülhməramlı kontingentinin sayı artırılaraq bölük səviyyəsinə çatdırılıb. 2008-ci il oktyabrın 2-dən Azərbaycan Respublikasının Milli Məclisi Əfqanıstandakı sülhməramlı kontingentin 2 dəfə artırılması barədə qərar qəbul edib. Müvafiq olaraq, 2009-cu il fevralın 19-dan etibarən Azərbaycan Respublikası SQ-nin 90 nəfər sülhməramlı kontingenti Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri (İSAF) əməliyyatlarında Türkiyə taboru tərkibində fəaliyyət göstərib. Paralel olaraq 2010-cu il oktyabrın 5-dən Azərbaycan NATO-nun Əfqanıstanda keçirdiyi Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri (İSAF) üzrə əməliyyatlarında Azərbaycan Respublikası Sülhməramlı qüvvələrinin töhfəsinin artırılması məqsədilə 2 hərbi həkim və 2 mühəndis-istehkam ixtisası üzrə zabit göndərilib. 2015-ci ilin yanvar ayından isə NATO-nun Əfqanıstanda keçirdiyi yeni “Qətiyyətli Dəstək” adlı qeyri-döyüş missiyasında Silahlı Qüvvələrin 94 nəfərlik kontingenti 6 aylıq rotasiya planına uyğun olaraq xidmət edib.

2020-ci ilin fevralından isə ABŞ qüvvələri Əfqanıstanı tərk etdi. Beləliklə, bu sirrli və tələm-tələsik çıxışın ardından ABŞ yenidən öz köhnə ampluasına geri döndü. Yenə də ermənipərəst maraq əsas götürüldü və Azərbaycana qarşı bu haqsız davranış davam etdirildi. Bu isə birmənalı şəkildə hüquqa barmaqarası baxış deməkdir - Vaşinqtonun davranışı özünü qlobal güc mərkəzi hesab edən bir dövlətin davranışından uzaqdır. Ən azından bəyan etdiyi demokratik dəyərlərə belə qiymət verməyən Ağ ev özünün əsl simasını növbəti dəfə dünyaya göstərmiş oldu...

P.İSMAYILOV

Paylaş:
Baxılıb: 206 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

İqtisadiyyat

Siyasət

Gündəm

Bir güllə atılmadan...

03 Dekabr 09:46  

Siyasət

Dekabrın 10-da...

03 Dekabr 09:38

Sosial

Xəbər lenti

Dünya

Analitik

1014 gün...

03 Dekabr 09:08

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31