Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Qələbələrimizin təməlində Heydər Əliyev ideyaları dayanır

Qələbələrimizin təməlində Heydər Əliyev ideyaları dayanır

03.10.2024 [10:53]

Heydər Əsədov

Milli Məclisin deputatı

Heç təsadüfi deyildir ki, indiyədək bəşər tarixinin yetişdirdiyi ən yüksək keyfiyyətlərə malik dahi şəxsiyyətlər sırasında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin adı birincilər sırasında çəkilir. Bu əminliyimizə zəmin yaradan hansı amillərdir? Sualın cavabını tapmaq üçün qısaca olaraq tarixi faktlara müraciət etmək zərurəti yaranır. Faktlar isə sübut edir ki, dünya binə olandan indiyədək tarixin elə bir mərhələsi olmayıb ki, hər hansı bir lider öz xalqını iki dəfə zamanın sərt sınaqlarından, ağır imtahanlarından sağ-salamat çıxarsın, onu məhv olmaq təhlükəsindən xilas edərək inkişaf, tərəqqi yoluna istiqamətləndirsin. Tərəddüd etmədən demək olar ki, dünya tarixində belə bir çətin missiyanı ilk dəfə məhz Ulu Öndər Heydər Əliyev böyük məharətlə yerinə yetirib.

1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. Ümummilli Lider millətimizi və milli dövlətçiliyimizi ikinci dəfə məhv olmaq, tarix səhnəsindən silinmək təhlükəsindən xilas etməsindən söhbət açmamışdan əvvəl Dahi Liderin xalqın iradəsi, çağırışı və təkidli tələbi ilə hakimiyyətə qayıdışı ərəfəsindəki Azərbaycanın siyasi, hərbi, iqtisadi, sosial və iqtisadi həyatında cərəyan edən mənfi tendensiyalara qısa nəzər yetirmək zərurəti yaranır. Həmin dövrdə yenicə müstəqilliyini elan etmiş ölkədə yaranmış xaos, anarxiya, özbaşınalıq şəraitindən istifadə edərək hakimiyyəti silah gücünə qamarlamış AXC-Müsavat cütlüyünün xəyanəti nəticəsində ərazilərimiz biri-birinin ardınca Ermənistan hərbi birləşmələri tərəfindən işğal olunur, iqtisadiyyat çökür, sosial gərginlik pik həddə çatırdı. Bir sözlə, ölkə sürətlə uçuruma yuvarlanır, vətəndaş müharibəsinin ayaq səsləri günlər keçdikcə daha gur eşidilirdi. Ölkəmiz üçün belə bir taleyüklü məqamda xalqın təkidli çağırışlarını səs verərək, əgər belə demək mümkündürsə, artıq batmaqda olan gəminin - gənc Azərbaycan dövlətinin sükanı arxasına keçən Ulu Öndər Heydər Əliyevin həmin vaxt söylədiyi aşağıdakı fikirlər bu Vətən fədaisinin Azərbaycan xalqını və dövlətini hətta öz canından da çox sevməsinin aydın təzahürü idi: “Bu zamanın, bu dəqiqələrin, bu saatın hökmünü nəzərə almaya bilməzdim... Xalqın bu əhval-ruhiyyəsini, tələblərini nəzərə alaraq bütün məsələləri götür-qoy etdim. Mən öz taleyimi xalqa tapşırmışam və xalqın iradəsini, yəqin ki, indi bu müddətdə, bu çətin dövrdə yerinə yetirməliyəm”.

Bəli, xilaskar Lider bu dəfə də vədinə sadiq qaldı. Özünün dərin zəkasına, tükənməz intellektual potensialına, yenilməz siyasi iradəsinə, zəngin dövlətçilik təcrübəsinə və təbii ki, Onun gücünə güc qatan canından da artıq sevdiyi, uğrunda hətta ölümə belə getməyə hazır olduğu xalqının etibarına, etimadına arxalanaraq gənc müstəqil Azərbaycan dövlətini tarix səhnəsindən silinmək təhlükəsindən xilas etdi.

Heydər Əliyev milli maraqlara əsaslanan fəaliyyəti ilə ölkədə milli həmrəyliyi və inkişafı təmin etdi. Asayiş və qayda-qanun bərqərar edildi, soyğunçuluğa, vətəndaşların əmlakının qəsb olunmasına son qoyuldu. Ən əsası, nizami ordu yaradıldı, Birinci Qarabağ müharibəsində atəşkəs əldə edildi, münaqişənin dinc yolla nizama salınmasına dair danışıqlara başlandı. Qanunsuz silahlı qruplaşmaların dövlət çevrilişləri cəhdlərinə son qoyuldu. Müstəqil Azərbaycanda ilk parlament seçkiləri keçirildi, referendum yolu ilə Milli Konstitusiyamız qəbul edildi. Mətbuat üzərində senzura aradan qaldırıldı. Dünyanın tanınmış transmilli şirkətləri ilə haqlı olaraq sonralar “Əsrin müqaviləsi” adını alan neft müqavilələrinin imzalanması ilə Azərbaycanın iqtisadi dirçəlişinin əsası qoyuldu. Eyni zamanda, respublikamızın beynəlxalq əlaqələrinin formalaşdırılması və inkişaf etdirilməsi, ölkənin dünya birliyinə inteqrasiyası prosesinə başlanması dövlətimizin tərəqqi yolunda inamla irəliləməsinə yol açdı. Həmçinin Ulu Öndərin müəyyənləşdirdiyi və həyata keçirdiyi rasional, praqmatik xarici siyasət kursu sayəsində beynəlxalq münasibətlərin aktoru kimi çıxış edən dövlətlərlə müxtəlif sahələrdə qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan tərəfdaşlıq münasibətləri formalaşdırıldı.

Həmin dövrdə gənc, müstəqil dövlətimizin xarici siyasətində Azərbaycan lobbisi problemi həllini gözləyən vacib məsələlər sırasına daxil edilmişdi. Heydər Əliyevin çoxsaylı xarici səfərləri zamanı Azərbaycan diasporu ilə keçirdiyi səmimi görüşləri onun bu məsələyə hansı səviyyədə diqqət və qayğı ilə yanaşdığının göstəricisi idi. Məhz dahi şəxsiyyət Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra istər daxildə, istərsə də qürbətdə yaşayan soydaşlarımız arasında milli Azərbaycan dövlətçiliyinin varlığına və gələcəyinə inam yarandı, onların Vətənlə əlaqələri genişlənərək bu proses ardıcıl xarakter aldı.

Bəli, 1993-cü ilin prezident seçkilərindən ötən 31 illik zaman məsafəsi xalqımızın o dövrdəki seçiminin nə dərəcədə düzgün və  ədalətli olduğunu bir daha sübut edir. Məhz xalqımızın o dövrdəki doğru seçiminin nəticəsidir ki, bu gün ümumxalq məhəbbəti qazanmış Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qalib və məğrur Azərbaycan dövləti Ümummilli Liderin həmişəyaşar ideyaları əsasında uğurla inkişaf edərək yeni zirvələr fəth edir. Ulu Öndərin özü qədər inandığı və şah əsəri olan müstəqil Azərbaycan dövlətinin sükanını etibar etdiyi cənab İlham Əliyev ölkəyə rəhbərlik etdiyi 21 ildə ölkəmizin müstəqilliyini daha da möhkəmləndirdi və əbədi etdi. Prezident İlham Əliyev ata vəsiyyətini layiqincə yerinə yetirdi, xalqımızın başını uca etdi. Ali Baş Komandan Vətən müharibəsi günlərində və lokal antiterror tədbirləri zamanı Azərbaycan xalqını bir daha milli şüur, özünüdərk və Ulu Öndərin müəllifi olduğu azərbaycançılıq məfkurəsi ətrafında bir yumruq kimi birləşdirdi.

Torpaqlarımızın işğaldan azad edilməsi fonunda Qarabağ və Şərqi Zəngəzurda aparılan abadlıq-yenidənqurma işləri xüsusilə diqqət çəkir. Bu kontekstdə keçmiş köçkünlərin dogma yurda qayıdış məsələsi öz aktuallığını qoruyur. Böyük Qayıdış proqramı üzrə Cəbrayıla ilk köç sentyabrın 26-da gerçəkləşib. 31 ildən sonra Cəbrayıl şəhəri doğma sakinlərinə qucaq açıb. Sentyabrın 28-də daha bir köç karvanı Bakı şəhərinin Qaradağ rayonundan Cəbrayıla yola düşüb. İndiyədək Cəbrayıl şəhərində 117 ailənin (364 nəfər) daimi məskunlaşması təmin edilib. O cümlədən 20 ailə Biləsuvar rayonu ərazisindəki köçkün şəhərciyindən Cəbrayıla qayıdıb. 2021-ci il oktyabrın 4-də dövlətimizin başçısı Cəbrayıl şəhərinin bərpasının təməl daşını qoyub. Yeni evlərinə köçən sakinlər bu il ilk dəfə 4 oktyabr – Cəbrayıl Şəhəri Gününü doğma yurdda qeyd edəcəklər.

Prezident İlham Əliyevin 31 iyul 2023-cü ildə imzaladığı Sərəncamla 4 oktyabr – Cəbrayıl şəhəri günü kimi təsis edilib. Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başladığı əks-hücum nəticəsində aparılan uğurlu döyüş əməliyyatları ilə oktyabrın 4-də Cəbrayıl şəhəri erməni işğalından azad edilib. Döyüşlərin ilk günündə cəbhəni yaran Azərbaycan Ordusu düşməni geri çəkilməyə məcbur edib. Bir neçə gün ərzində Cəbrayıl rayonunun xeyli kəndi işğaldan azad olunub. Cəbrayıl şəhərinin işğaldan azad edilməsini isə Prezident, Ali Baş Komandan İlham Əliyev oktyabrın 4-də xalqa müraciətində elan edib. Cəbrayıl 44 günlük Vətən müharibəsində işğaldan azad edilən ilk şəhər olub. Cəbrayıl əməliyyatı nəticəsində Ermənistan ordusunun xeyli canlı qüvvəsi və texnikası məhv edilib.

Bu gün Azərbaycan xalqı xoşbəxtdir ki, dahi Heydər Əliyev kimi Ulu Öndəri olub və qətiyyətli, sözü ilə əməli bir, milli-mənəvi dəyərlərimizə, tariximizə, Vətən torpağına ürəkdən bağlı olan və gücünü xalqımızdan alaraq dəmir yumruğu ilə tarixi haqq-ədaləti bərpa edən İlham Əliyev kimi Prezidenti, Ali Baş Komandanı var.

Paylaş:
Baxılıb: 153 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

İqtisadiyyat

Siyasət

Gündəm

Bir güllə atılmadan...

03 Dekabr 09:46  

Siyasət

Dekabrın 10-da...

03 Dekabr 09:38

Sosial

Xəbər lenti

Dünya

Analitik

1014 gün...

03 Dekabr 09:08

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31