Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / 4 ölkənin “yaşıl körpü”sü...

4 ölkənin “yaşıl körpü”sü...

05.09.2024 [09:35]

“Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi”nə dair Birgə Müəssisə yaradılıb

Rumıniyanın paytaxtı Buxarest şəhərində “Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in icrası məqsədilə 8-ci Nazirlər Komitənin iclası keçirilib. Tədbirdə Azərbaycanı energetika naziri Pərviz Şahbazov, Rumıniyanı energetika naziri Sebastian-İoan Burduja, Baş katib Mirça Abrudean, Gürcüstanı Baş nazirin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili, Macarıstanı isə xarici işlər və ticarət naziri Peter Siyarto təmsil edib. Görüşdə, həmçinin Bolqarıstanın, Avropa Komissiyasının, ötürücü sistem operatorlarının və “CESI” şirkətinin nümayəndələri də iştirak edib. Tərəflər “yaşıl enerji” dəhlizinin yaradılmasına dair texniki-iqtisadi əsaslandırmanın (TİƏ) cari vəziyyətini, dəhlizin fiber - optik komponentini, həmçinin Bolqarıstanın layihəyə inteqrasiyası imkanlarını müzakirə ediblər. 4 ölkənin birgə razılığı əsasında “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” layihəsinin icrasının sürətləndirilməsi məqsədilə Birgə Müəssisə yaradılıb.

“Yaşıl koalisiya”nın coğrafiyası genişlənir

Birgə Müəssisə - Yaşıl Enerji Dəhlizi Enerji Şirkəti statusuna malik olmaqla layihənin texniki-iqtisadi əsaslandırmasını maliyyələşdirəcək, icra proseslərinə nəzarət edəcək, iştirakçı ölkələr tərəfindən səlahiyyət verilmiş çərçivədə tədbirlər planını həyata keçirən qurum kimi fəaliyyət göstərəcək.

Qara dəniz kabeli adlanan bu layihənin tərəfdaş ölkələri Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya olsa da, əslində dəhliz üzərindən “yaşıl enerji” tədarükünə qoşulan ölkələrin sayının daha çox olması dəhlizin coğrafi hüdudlarını gələcəkdə daha da genişləndirəcək.

Bolqarıstan dördlük koalisiyası ilə sıx əməkdaşlıq edir və bu ölkənin layihəyə inteqrasiyası imkanları dəyərləndirilir. Bolqarıstan “Qara dəniz kabeli”nə qoşulmaqla Azərbaycanın külək və Günəş enerjisi stansiyalarından əldə edilən “yaşıl enerji”nin əldə edilməsinə nail ola bilər, eyni zamanda, Avropaya nəqlində tranzit ölkəyə çevrilməyə çalışır. Yaxın müddətdə rəsmi Sofiyanın da həmin koalisiyada yer alacağı istisna deyil.

Növbəti mərhələdə Mərkəzi Asiya ölkələri ilə Azərbaycan arasında qurulacaq “yaşıl enerji” dəhlizinin inkişafı da Qara dəniz kabelinin coğrafiyasını genişləndirəcək. Çünki enerji dəhlizi Xəzərin “yaşıl enerji” potensialının səfərbər olunmasını nə “yaşıl resurslar”ın geniş coğrafiyada təchizatının şaxələndirilməsinə, təmiz enerji keçidinə nail olmağa hesablanıb. Birgə Müəssisənin təsis edilməsində əsas maraqlı tərəflərdən biri kimi Avropa İttifaqı da dəhlizin Şərq-Qərb koridoruna çevrilməsini istəyir. Avropa İttifaqının Enerji Komissarlığı bəyan edib ki, təmiz enerjiyə keçidin ən etibarlı qollarından biri olan “Yaşıl enerji dəhlizi” böyük bir bölgəni əhatə etməklə təmiz enerjiyə keçid strategiyasının prinsiplərinə uyğun olaraq rəqabətqabiliyyətli bazarın formalaşmasına və bərpa olunan mənbələrdən elektrik enerjisinin çoxşaxəli mübadiləsini nəzərdə tutur. Bu mübadilədə Mərkəzi Asiya regionunun potensialı xüsusilə nəzərə alınmalıdır. Bu məqsədlə Aİ Mərkəzi Asiya ölkələrinə də bütün zəruri dəstəkləri verməyə hazır olduğunu bəyan edərək inteqrasiyanın hüquqi prinsiplərini tezləşdirməkdə israrlıdır. Bu prosesdə isə Aİ Azərbaycanın əlaqələndirici rolunu daha yüksək qiymətləndirir və Mərkəzi Asiya-Xəzər koridorunun birləşdirilməsini alqışlayır.

Avropa İttifaqı türk dövlətlərinin enerji potensialına arxalanır

Qeyd edək ki, bir müddət əvvəl Mərkəzi Asiya ölkələrinin energetika nazirlərinin Astanada keçirilən görüşündə Azərbaycan, Qazaxıstan və Özbəkistan enerji sistemlərinin birləşdirilməsi layihəsinin icrası ilə bağlı birgə müəssisə yaratmaq barədə razılığa gəlnib. Tərəflər bərpaolunan enerji mənbələri, enerji səmərəliliyi, hidrogen ixracı, enerji infrastrukturunun yaradılması kimi məsələlərdə birgə niyyətlərini ifadə edib. Bu razılaşmanın davamı kimi COP29 sammitinə qədər “yaşıl enerji”nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında dövlətlərarası sazişin imzalanması nəzərdə tutulur. Həmçinin, iqlim konfransı çərçivəsində Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) dövlət başçıları səviyyəsində Mərkəzi Asiya-Azərbaycan Enerji İnvestisiya Forumunun keçirilməsi planlaşdırılır ki, bu da regionun digər ölkələrinin də yaşıl koalisiyada birləşməsində əlavə təkanverici rol oynayacaq, Mərkəzi Asiya-Xəzər- Qara dəniz-Avropa formatı hüquqi olaraq rəsmiləşəcək.

Aİ-nin Enerji Komissarlığının qiymətləndirmələrinə görə, bərpaolunan enerji mənbələrinin ehtiyatlarına görə, Mərkəzi Asiya regionu və Azərbaycan daha böyük imkanlara malikdir. Asiya bölgəsində və Xəzər dənizində külək enerji istehsalı üçün təxminən 300 QVT mənbə vardır, təkcə Xəzərdə bu resurslar 157 QVt-dən çox qiymətləndirilir. Tədarükçü güclərdən biri olan Qazaxıstanın külək potensialı ildə 1 trilyon 820 milyard kilovat/saatdan çoxdur, günəş enerjisi isə 1 trilyon kilovat/saatdır. Özbəkistan hökuməti isə 2030-cu ilə qədər ümumi elektrik enerjisi istehsalında bərpaolunan enerjinin payını 25 faizə, çatdırmağı hədəfləyir. Ölkədə külək enerjisinin potensialı 520 QVt, günəş enerjisinin potensialı isə 2 trilyon 058 milyard kVt təşkil edir. 

Beləliklə, Qazaxıstan, Özbəkistan və Azərbaycanın “yaşıl gücləri” “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” ilə ixrac olunacaq enerjinin ən azı 80 faizini təşkil edəcək.

Birgə Müəssisə ölkələri “Digital Hub” ətrafında sıx birləşdirəcək

Birgə Müəssisə  və ya Yaşıl Enerji Dəhlizi Enerji Şirkəti, həm də Rəqəmsal İpək Yolunun tərkib hissəsi kimi fiber-optik kabel infrastrukturunun yaradılması və mövcud sistemlərin təkmilləşdirilməsi istiqamətində də öz səalhiyyətləri çərçivəsində tədbirlər görəcək. Bu, Xəzərin dibi ilə Trans-Xəzər fiber-optik kabel xəttinin çəkilişini nəzərdə tutur. Həmin rəqəmsal yol da məhz Asiya-Xəzər-Qara dəniz coğrafiyasını əhatə edəcək. Bununla bağlı Mərkəzi Asiyanın türk dövlətləri arasında razılaşma əldə edilib, Şuşada imzalanmış Qarabağ Bəyannaməsində də bununla bağlı bənd öz əksini tapıb. Avropa ilə Asiya arasında rəqəmsal telekommunikasiya dəhlizi hesab edilən  fiber-optik layihə nəhənf bir qlobal platforma kimi 10-dan çox ölkəni “Digital Hub” ətrafında sıx birləşdirəcək.

ELBRUS CƏFƏRLİ

Paylaş:
Baxılıb: 174 dəfə

Xəbər lenti

Hamısına bax

Hadisə

İqtisadiyyat

YAP xəbərləri

Siyasət

İqtisadiyyat

Sosial

Metroda sıxlıq...

12 Oktyabr 08:57

Dünya

Ədəbiyyat

Hindistan dərvişi

12 Oktyabr 08:16

Dünya

Zelenskinin Avropa turnesi

12 Oktyabr 07:53  

Ədəbiyyat

Maraqlı

Gözlərinizi qoruyun!

12 Oktyabr 07:06

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31