Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Bakı-Roma: Strateji tərəfdaşlıq münasibətləri

Bakı-Roma: Strateji tərəfdaşlıq münasibətləri

05.09.2024 [09:30]

Azərbaycanın milli maraqlar üzərində qurulan xarici siyasət kursu çoxvektorludur. Belə ki, respublikamız qısa müstəqillik tarixində həm Avropa İttifaqı (Aİ) məkanına daxil olan ölkələrlə, həm də geniş İslam dünyasını təmsil edən dövlətlərlə sıx münasibətlər qurub. Bu münasibətləri uzunömürlü edən əsas məqamlardan biri isə Azərbaycanın ardıcıl siyasətində ədalət prinsipinə əsaslanması və həmişə qarşılıqlı maraqlardan çıxış etməsidir. Azərbaycan dünyada ləyaqətli dövlət imici qazanıb. Respublikamız yüksək məsuliyyət nümayiş etdirərək qlobal həmrəyliyə davamlı töhfələr verir ki, bu da beynəlxalq səviyyədə Azərbaycanın və onun Liderinin nüfuzunun getdikcə artmasını şərtləndirir. Avropada siyasi təsir imkanları getdikcə artan, dünyanın 7-ci böyük iqtisadiyyatı sayılan, “Böyük Yeddilik”də təmsil olunan İtaliyanın Azərbaycanla əlaqələrin əhatə dairəsinin genişləndirilməsinə xüsusi maraq göstərməsi buna əyani nümunələrdən biridir.

Siyasi dialoqun yüksək səviyyəsi

Azərbaycanla İtaliya arasında mövcud olan yüksək səviyyəli siyasi dialoq iki ölkə arasındakı çoxvektorlu münasibətlərin təməlində dayan əsas amil qismində çıxış edir. “Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında strateji tərəfdaşlıq haqqında” Birgə Bəyannamə imzalanıb və qarşılıqlı münasibətlər də burada əksini tapan müddəalar əsasında inkişaf etdirilir.

İtaliya Respublikası Azərbaycan Respublikasının müstəqilliyini 1 yanvar 1992-ci ildə tanıyıb, 8 may 1992-ci ildə iki ölkə arasında diplomatik əlaqələr qurulub. 1997-ci ilin mart ayında İtaliyanın Azərbaycanda, 2003-cü ilin dekabr ayında isə Azərbaycanın İtaliyada səfirliyi təsis edilib.

Əlaqələrin dinamikasına hər iki ölkənin yüksəksəviyyəli rəsmilərinin müntəzəm hal alan səfərləri öz müsbət təsirini göstərir. Tarixə nəzər salsaq görərik ki, sabiq Prezident Heydər Əliyevin 1997-ci ilin sentyabrında İtaliyaya ilk rəsmi səfəri iki dövlət arasında bütün sahələrdə münasibətlərin inkişaf etdirilməsi üçün əhəmiyyətli addım olub. Həmin səfər zamanı Heydər Əliyev İtaliya Prezidenti, Baş nazir, Senatın və Deputatlar Palatasının sədrləri ilə görüşüb. İtaliya rəhbərləri Heydər Əliyevlə söhbət zamanı Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə ədalətli həllinə və Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasına tərəfdar olduqlarını bildiriblər. Heydər Əliyevin İtaliyaya səfəri nəticəsində iki dövlət arasında siyasi, iqtisadi, mədəni və texniki əməkdaşlıq üzrə yeddi saziş imzalanıb.

Beləliklə, qarşılıqlı münasibətlər və əlaqələr artan xətt boyunca inkişaf etməyə başlayıb və bundan sonra bir sıra səfərlər həyata keçirilib. İtaliya Prezidenti Sercio Mattarellanın 2018-ci ilin iyulunda Azərbaycana ilk dövlət səfəri də əlaqələrimizin inkişafında xüsusi yer tutur. Bu səfərdən sonra Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci ilin fevralında İtaliyaya dövlət səfəri reallaşdı. Böyük uğurla baş tutan dövlət səfəri çərçivəsində iki ölkə arasında siyasi, iqtisadi, enerji, mədəniyyət, turizm, kənd təsərrüfatı, hərbi, nəqliyyat, təhsil, idman, kosmos, investisiya və ixracın təşviqi və digər sahələri əhatə edən 28 sənəd imzalanıb. Romada, həmçinin Azərbaycanın dövlət başçısı və İtaliya Nazirlər Şurasının Sədri “Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə”ni imzalayıblar və mübadilə ediblər. Dövlətimizin başçısının 2022-ci ilin sentyabrında İtaliyaya baş tutan işgüzar səfərinin gündəliyi də kifayət qədər geniş olub. Səfər çərçivəsində Prezidentlər İlham Əliyev və Sercio Mattarella və digər yüksəksəviyyəli rəsmilər arasında aktual müzakirələr aparılıb. O cümlədən dövlətimizin başçısının iştirakı ilə Romada Azərbaycan Respublikasının səfirliyinin yeni binası açılıb, İtaliya-Azərbaycan Universiteti üzrə əməkdaşlıq çərçivəsi müəyyən edilib, fakültə və proqramların yaradılması ilə bağlı ADA Universiteti ilə İtaliyanın beş aparıcı ali təhsil müəssisəsi arasında akademik əməkdaşlığa dair imzalanmış sazişlərin mübadiləsi mərasimi keçirilib. Eyni zamanda, dövlətimizin başçısı Çernobbio şəhərində keçirilən beynəlxalq forumda iştirak və çıxış edib. Qeyd olunmalıdır ki, İtaliyanın dövlət və hökumət nümayəndələri, o cümlədən nazir və nazir müavinləri də Azərbaycana mütəmadi olaraq səfərlər həyata keçirirlər. Bu ilin iyununda İtaliyanın “Leonardo” şirkətinin istehsalı olan “C-27J Spartan” tipli hərbi nəqliyyat təyyarəsinin ölkəmizə təhvil verilməsi, həmçinin İtaliya-Azərbaycan Universitetinin faktiki olaraq fəaliyyətə başlaması, bu universitet üçün hazırda yeni müasir bina və təhsil kompleksinin inşa ounması tərəflərin qarşılıqlı razılaşmalara necə böyük önəm verdiklərini əyani şəkildə təsdiqləyir.

Bütün Avropa üçün önəm daşıyan enerji əməkdaşlığı

Azərbaycan və İtaliya siyasi dialoqun yüksək səviyyəsinə əsaslanmaqla iqtisadi sahədə əməkdaşlığı da davamlı şəkildə genişləndirirlər. O cümlədən ölkələrimizin enerji sahəsində əməkdaşlığı da yüksək səviyyədədir və nümunəvi olması ilə fərqlənir. İtaliya Azərbaycandan xam neft və neft məhsullarının ixracında ən iri ticarət tərəfdaşına çevrilib. Cənub Qaz Dəhlizi və onun tərkib hissəsi olan Trans-Adriatik qaz boru kəməri (TAP) ikitərəfli enerji əməkdaşlığını və İtaliyanın enerji təhlükəsizliyini möhkəmləndirən vacib amildir. Ötən il TAP kəməri vasitəsilə İtaliyaya təqribən 10 milyard kubmetr qaz ixrac olunub ki, bu da Azərbaycanın bu ölkənin enerji təhlükəsizliyinə töhfəsinin təzahürüdür. Ölkəmizlə Avropa İttifaqı arasında əldə edilən razılaşmaya əsasən, 2027-ci ilə qədər Azərbaycan qazının tədarükü ildə azı 20 milyard kubmetrə çatmalıdır. Təbii ki, bu həcmin Avropaya çatdırılmasında Cənub Qaz Dəhlizinin bir hissəsi olan TAP da mühüm rol oynayacaq. Bütövlükdə, İtaliyada istehlak olunan neftin təxminən 17 faizi respublikamızın payına düşür. Bu ölkənin bütün dünyada tanınan şirkətləri Azərbaycanın moderatorluğu ilə həyata keçirilən enerji layihələrinin fəal iştirakçılarıdırlar. Məsələn, İtaliyanın “ENİ” qrupu Azərbaycanın enerji sektoruna 1995-ci ildən etibarən cəlb olunub. Bu şirkət Bakı-Tbilisi-Ceyhan neft boru kəməri konsorsiumunda 5 faiz paya sahibdir. Saipem, ValvItalia, Renco, Bonatti, Enereco, Max Streicher, Honeywell SRL və s. şirkətlərə isə Cənub Qaz Dəhlizinin tikintisi üzrə 6 milyard avrodan artıq dəyərə malik təchizat və xidmət layihələri həvalə edilib.

Eyni zamanda, SOCAR və onun törəmə şirkətləri ilə İtaliyanın mühəndislik, tikinti və texnologiyalar sahəsində aparıcı şirkətləri arasında bir sıra iri həcmli müqavilələr imzalanıb. Bu müqavilələrə uyğun olaraq İtaliya şirkətləri Azərbaycanda neft-kimya sahəsində müəssisələrin tikilməsi və yenidənqurulması sahəsində layihələndirmə, mühəndislik və tikinti işlərinin yerinə yetirilməsinə cəlb olunublar. Lahihələrin bir çoxu tamamlanıb, digər layihələr üzrə isə əməkdaşlıq davam etdirilir. Prezident İlham Əliyev bildirib ki, neft-qaz sahəsindəki əməkdaşlığımız təkcə ölkələrimiz üçün deyil, bütün Avropa məkanı üçün önəm daşıyır.

İtaliyanın Cənubi Qafqazda əsas ticarət tərəfdaşı

İki ölkə arasında ticarət dövriyyəsinin əsasını Azərbaycanın ixracatı təşkil edir. 2023-cü ildə Azərbaycanın İtaliya ilə ticarət dövriyyəsinin həcmi 15,7 milyard ABŞ dolları, o cümlədən idxalın həcmi 0,5 milyard ABŞ dolları, ixracın həcmi 15,2 milyard ABŞ dolları təşkil edib, xarici ticarət saldosu isə müsbət 14,7 milyon ABŞ dolları olub.

İtaliyanın  Cənubi Qafqaz ölkələri arasında əsas ticarət tərəfdaşı Azərbaycandır. Bu ölkənin Cənubi Qafqaz ölkələri ilə ticarət dövriyyəsinin 85 faizini Azərbaycan ilə ticarət təşkil edir. 2023-cü ildə İtaliya Respublikasının Azərbaycan Respublikasının xarici ticarət dövriyyəsindəki payı 30,65 faiz

(1-ci yer), o cümlədən idxalda 2,76 faiz (7-ci yer), ixracda isə 44,86 faiz (1-ci yer) təşkil edib.

2024-cü ilin yanvar-iyul aylarında isə ticarət dövriyyəsinin həcmi 6,2 milyard ABŞ dolları, o cümlədən idxalın həcmi 0,3 milyard ABŞ dolları, ixracın həcmi 5,9 milyard ABŞ dolları təşkil edib.

İtaliya işgüzar dairələri, həmçinin Azərbaycanda böyük məbləğdə sərmayələr qoyur, həyata keçirilən bir sıra beynəlxalq əhəmiyyətli layihələrdə iştirak edirlər. Təkcə onu demək kifayətdir ki, Azərbaycanda 100-dən çox İtaliya investisiyalı kommersiya qurumu sənaye, kənd təsərrüfatı, nəqliyyat, tikinti, ticarət, xidmət və digər sahələrdə fəaliyyət göstərir. Ötən il fevralın 13-də Azərbaycanın müstəqillik dövrünün ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimində Prezident İlham Əliyev deyib: “Onu da bildirməliyəm ki, bizim əməkdaşlığımız təkcə energetika sahəsi ilə məhdudlaşmır. İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Azad edilmiş torpaqlarda bərpa-yenidənqurma işlərində də İtaliya şirkətləri çox fəal iştirak edirlər - dini abidələrin bərpası və tikintisi, qələbə muzeylərinin tikintisi və dizaynı. Yəni, bu, doğrudan da çox strateji tərəfdaşlıqdır və əlbəttə ki, bugünkü mərasim bunu bir daha göstərir”.

Bu ilin mayında İtaliya Senatında təşkil olunan “Azərbaycan, İtaliya, Aİ: ikitərəfli əməkdaşlıq və enerji təhlükəsizliyi” mövzusunda forum ölkələrarası əməkdaşlıqda müxtəlif istiqamətlərin müzakirəsi baxımından da əhəmiyyətli oldu.

Müstəqillik illərində daha da inkişaf edən humanitar əlaqələr

Humanitar sahə Azərbaycan - İtaliya münasibətlərinin mühüm bir istiqamətini təşkil edir. 2012-ci ildə Romanın görkəmli “Villa Borghese” parkında dahi Azərbaycan şairi Nizami Gəncəvinin abidəsinin açılışı olub. Bu abidə “Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 870 illik yubileyinin keçirilməsi haqqında” Azərbaycan Prezidentinin 2011-ci il 23 dekabr tarixli ?ərəncamına əsasən ucaldılıb. Həmin ?ərəncama əsasən, Nizami Gəncəvinin yubileyinə həsr edilmiş silsilə tədbirlər çərçivəsində Heydər Əliyev Fondunun dəstəyi ilə 2012-ci ilin aprelində abidənin açılışı olub. Mədəni əlaqələrdən danışarkən, Heydər Əliyev Fondunun təşəbbüsü ilə bərpa edilən Müqəddəs Marçellinio və Pietro katakombalarını da xüsusi qeyd etmək lazımdır. Bu baxımdan Vatikanda Heydər Əliyev Fondunun və şəxsən Azərbaycanın birinci xanımı

Mehriban Əliyevanın bəşəriyyət üçün dəyərli əsərlərin qorunması, gələcək nəsillər üçün saxlanılması istiqamətindəki səyləri çox yüksək qiymətləndirilir.

2020-ci ildə İtaliyada “Azərbaycan Mədəniyyət İli” elan edilməsi də ölkələrimiz arasında mədəni əlaqələrin yüksək səviyyəsinin daha bir göstəricisidir. Azərbaycan Dillər Universitetində italyan dili tərcüməsi ixtisası və İtalyan Dili Mərkəzi fəaliyyət göstərir. Təhsil sahəsində iki ölkə arasında əldə olunmuş ən əhəmiyyətli nailiyyət Prezident İlham Əliyevin 2020-ci ilin fevral ayında İtaliyaya dövlət səfəri zamanı Bakıda İtaliya-Azərbaycan Universitetinin yaradılması ilə bağlı razılıq əldə edilməsini göstərmək mümkündür.  İtaliya Avropada azərbaycanlı tələbələrin ali təhsil aldığı əsas ölkələrdən biridir. 2022-ci il aprelin 2-də isə Bakıda ADA Universitetinin kampusunda İtaliya-Azərbaycan Universitetinin təməlqoyma mərasimi keçirilib. Bu universitet ölkələrimiz arasında təhsil sahəsində əlaqələri daha da gücləndirəcək.

Beləliklə, qədim tarixə malik olan Azərbaycan-İtaliya mədəni əlaqələri müstəqillik illərində daha da inkişaf edir. Bu əlaqələrin möhkəmləndirilməsində Prezident İlham Əliyevin və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın böyük xidmətləri var.

Mübariz FEYİZLİ

Paylaş:
Baxılıb: 165 dəfə

Xəbər lenti

Hamısına bax

Hadisə

İqtisadiyyat

YAP xəbərləri

Siyasət

İqtisadiyyat

Sosial

Metroda sıxlıq...

12 Oktyabr 08:57

Dünya

Ədəbiyyat

Hindistan dərvişi

12 Oktyabr 08:16

Dünya

Zelenskinin Avropa turnesi

12 Oktyabr 07:53  

Ədəbiyyat

Maraqlı

Gözlərinizi qoruyun!

12 Oktyabr 07:06

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31