Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / İlk dayanacaq qəhrəman Nüvədi kəndi olacaq

İlk dayanacaq qəhrəman Nüvədi kəndi olacaq

06.08.2024 [11:05]

Nüvədinin sonuncu işğalından 33 il keçir

“Əminəm ki, gün gələcək, Qərbi Azərbaycandan olan soydaşlarımız tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar!”

İlham Əliyev      

Zəngəzur sıra dağlarının cənub-şərq ətəklərində salınmış, kənd camaatının rəyi soruşulmadan 1929-cu ildə Ermənistana verilmiş Nüvədi kəndi Araz çayının sol sahilində, bəzi yerlərdə Arazın 15-20 metrliyindən keçən Mincivan-Culfa dəmir yolundan təxminən 1,5-2 kilometr aralıda yerləşir. Başlanğıcını Hüseynbəy çimənliyindən alıb Araz çayına tökülən, uzunluğu təxminən 15-17 km olan  Nüvədi  (Sələnc) çayının sağ və sol sahillərində, Tütlar dibi adlanan ərazidən başlayaraq iki dağ arasındakı 2 kilometrlik ərazidə salınmış, 1991-ci il avqust ayının 8-nə kimi azərbaycanlıların yaşadığı qədim kənddir.

Ta keçmişdən əhalinin əsas peşəsi maldarlıq (davarçılıq) olmuşdur. Sonralar təbii şəraitə davam gətirə bilməyib qonşu da? kəndlərindən Nüvədiyə kö?ən tayfalar bağçılıqla da (üzüm, əncir, nar və s.) məşğul olublar. Deyilənlərə görə, meyvə ağacları, xüsusən də nar kolları buraya XIX əsr ədəbiyyatımızın böyük nümayəndəsi Seyid Əbülqasim Nəbatinin (1812-1873) vətəni, Cənubi Azərbaycanın Qaradağ vilayətinin Dizmir mahalının Araz çayı sahilindəki Üştibin qəsəbəsindən gətirilmişdir. Elmi ədəbiyyatda Atdişi adlanan şirəli, iri dənəli nadir nar növü də  kəndə Güney Azərbaycanın Yez kəndindən gətirilib. Nüvədililər indi də bu kimi bir sıra nadir ağac növlərini yaşadıqları bölgələrdə qoruyub saxlayır, ölkəmizə yayırlar. 1997-2000-ci illərdə Türkiyə Respublikasının Van şəhərində işləyərkən həmin Atdişi (Yez) nar növünə orada da rast gəldim. Cənubi Azərbaycandan 50-60 kilometr məsafədə yerləşən Vana da bu növ nar kolları İrandan gətirilmişdir.

İnsanın ilkin törəmə mənbəyi hələ də sirr olaraq qalır. Füzuli şəhərindən 14 km şimal-qərbdə, dəniz səviyyəsindən 900 metr hündürlükdə yerləşən, daş dövrü insanlarının yaşadığı Azıx mağara kompleksinin 1960-cı ildə Məmmədəli Hüseynovun rəhbərliyi ilə AMEA-nın “Paleolit Arxeoloji Ekspedisiyası” tərəfindən aşkar edilməsi Cənubi Qafqazın qədim yaşayış yeri olması haqqında qəti fikir söyləməyə imkan verir. Mağarada Quruçay mədəniyyəti, Aşel mədəniyyəti və Mustye mədəniyyəti dövründə yaşayış olduğu müəyyən edilmişdir. Arxeoloji qazıntılar zamanı Azıx mağarasında bir neçə daş məmulatı ilə birlikdə ibtidai insana məxsus çənənin də aşkar olunması, çənə üzərində professor Dəmir Hacıyevin apardığı elmi-tədqiqat işləri də əvvəl deyilənlərə sübutdur. Bütün bunlar göstərir ki, insan bu yerlərdə çox-çox qədimdən yaşayıb, daha ermənilər kimi son 200 ildə bu torpaqlara köçməyib. 

Ümummilli Lider Heydər Əliyev demişdir: “...XX əsrin 20-ci illərində, yəni sovet hakimiyyəti təzə qurulan zaman Qafqazda respublikaların sərhədləri yaranarkən Azərbaycana qarşı ədalətsizlik edilibdir. Azərbaycanın qədim torpaqları olan Zəngəzur mahalı və başqaları Ermənistana verilibdir. Bununla əlaqədar Zəngəzurun Araz çayı sahilində yerləşən, qədim Azərbaycan torpağı olan Mığrı rayonu da Ermənistana verilibdir. Beləliklə, böyük Azərbaycan ilə onun ayrılmaz hissəsi olan Naxçıvan arasında coğrafi nöqteyi-nəzərdən müəyyən çətinliklər yaranıbdır”.

Nüvədi kəndi Meğri ərazisi ilə birlikdə Ordubad qəzasına daxil edilərək, 1849-cu ildə yaradılmış İrəvan quberniyasına, bir neçə il sonra isə mərkəzlə məsafə uzaq olduğuna görə Gəncə quberniyasinin Zəngəzur qəzasına qatılmışdır. Zəngəzur 1920-ci ildə Azərbaycan torpaqları hesabına yaradılmış Ermənistan Respublikasına veriləndən sonra Zəngilan rayonu ilə sərhəddə yerləşən Nüvədi kəndi 1929-cu ilə qədər Cəbrayıl qəzasına tabe olmuşdur. Nüvədililər hər hansı bir sənəd almaq üçün və ya məhkəmə işləri ilə bağlı Cəbrayıl qəzasının  mərkəzi olan Malakan şəhərinə gedərmişlər. Həmin Malakan şəhərinin adı sovet dövründə dəyişdirilərək əvvəl Qarabulaq (Böyükbulaq), sonra Karyagin,  1959-cu ildən isə dahi Azərbaycan şairinin şərəfinə Füzuli şəhəri adlandırılmışdır.   

Zaqafqaziya Sovet Federativ Sosialist Respublikası fəhlə, kəndli, qızıl ordu və matros deputatları sovetlərinin Mərkəzi Komitəsi Rəyasət Heyətinin 18 fevral 1929-cu il tarixli  iclasının qərarı ilə  Nüvədi, Ernəzir və Tuğut kəndləri öz torpaqları ilə Azərbaycan SSR-in Cəbrayıl qəzasından Ermənistan SSR-in Mığrı qəzasının inzibati idarəçiliyinə verilmişdir (3 №-li Protokol). Bu sənədə 26 noyabr 1968-ci ildə Azərbaycan KP MK-nın Bürosunda da baxılıb, Azərbaycan SSR Ali Sovetinin 7 may 1969-cu il tarixli fərmanı ilə sənəd “qanuniləşdirilib”, kəndlər Zəngilan rayonunun tərkibindən çıxarılıb. Nüvədililər dəfələrlə yuxarı instansiyalara müraciət etsələr də, hüququ əsası olmayan bu fərmanı ləğv etdirə bilməyiblər.  

Tarixi faktlar sübut edir ki, təxminən 1000-1500 illik keçmişi olan Nüvədi kəndi Sələnc çayının kənarında yerləşən, xarabalığa çevrilmiş Kəndçayı kəndi və Ataman, Angizet, Qarçinik, Ernəzir, Sultan Səlim kimi digər qədim dağ kəndlərinin hesabına yaradılmışdır. Nüvədililər öz kəndlərinin əsasının qoyulmasını iki əfsanəvi şəxsin - Məlik Əbil və Məlik Abbasın adı ilə əlaqələndirirlər. Çox-çox illər əvvəl bu iki əmioğlu yaxın adamları ilə birgə Kəndçayı adlanan yerdən köçüb gələrək indiki Nüvədinin şimal tərəfində, Sələnc çayı sahilində kənd salmış, kəndin adını burada yaşamış ulu babaları Kəlba Kazımın şərəfinə Kazımlı qoymuşlar. Köhnə kənd xarabalıqlarına baxarkən söyləmək olar ki, Sultan Səlimdə, Qaraçı yurdunda (Qərçinik), Kəndçayıda, Peyğəmbər izində, Əbdul-Atada, Cavgittə, Ataman düzündə, Ernəzirdə (Yernəzir) və s. ərazilərdə insanlar tayfa-tayfa yaşayırmışlar. Təbiətin yaratdığı çətinliklər bu tayfaları bir yerə toplanıb birgə yaşamağa məcbur etmişdir. Kazımlılar da yaz vaxtı daşqından çox ziyan çəkdiklərinə görə indiki Nüvədi ərazisinə köçmüşlər.

Nüvədinin adı haqqında bir neçə müxtəlif fərziyə, fikir var. Onlardan ikisini açıqlamaq istəyirəm. Kazımlılar onu “Novdeh”, yəni “Yenikənd” və ya “Təzəkənd” (farsca “nov” yeni, təzə, “deh” isə kənd deməkdir) adlandırmışlar.

Atam Əhmədəli Əliyevin “Azərbaycan dilinin Meğri şivələri” (Bakı, “Elm”, 2003-cü il, 581s., 2-ci nəşr Bakı, “Elm”, 2023-cü il, 482 s.) monoqrafiyasi bu ərazilərin ən qədim Azərbaycan  torpaqları olduğunu bir daha təsdiqləyir. Əhmədəli müəllim toponimlərin izi ilə gedərək kəndin ilk adının Nohvadı (“noh” farsca doqquz deməkdir) - doqquz vadinin kəsişdiyi ərazidə oldugu ücün Nohvadi adlandırıldığını söyləyirdi. Bu söz zamanla dəyişərək Nügədi, Nüyədi, Nüvəd? və s. şəkillərə düşmüsdür.

Nüvədililərin onuncu ulu babası Əbil kişiyə məlik rütbəsi I Şah Abbasın (1587-1629) dövründə verilmişdir. Xatırladım ki, Şah Abbas Şah İsmayılın (1501-1524) nəticəsi, Şah Təhmasibin (1524-1576) nəvəsi, Məhəmməd Xudabəndinin (1578-1587) oğludur. 

Xatirələrdə yaşayan onuncu babamız Əbil kişinin ölüm ayağında Nüvədini, Kəndçayının yurd yerlərini, vətəninin səfalı yaylaqlarını yada salıb çəkdiyi bayatılar nüvədililərin dilindən  indi də düşmür:

Əzizim dilə bir də,

Savxanı dilə bir də,   

İçəydim Kəhlan suyun,                                           

Çıxaydım Dülə bir də...

Bayatıda anılan Savxa, Dül yurdu, Kəhlan bulağı çağdaş Nüvədi gənclərinin görmədiyi kəndimizin dilbər guşələrindəndir.

Qədim Kəndçayı kəndinin sağında, 1,5-2 km hündürlükdə yuxarı dağ Əbdül-Ata, aşağısında isə dərə Əbdül-Ata ziyarətgahı yerləşir. 1991-ci ildə Nüvədi ermənilər tərəfindən üçüncü dəfə işğal olunana qədər kənd camaatı həmin abidələri tez-tez ziyarət edirdi.Nüvədi kəndindəki Qarqar yazıları öz qədimliyi, mükəmməlliyi, ümumtürk tarixi üçün əhəmiyyəti baxımından “Orxon-Yenisey” abidələrindən geri qalmır. Kənd ərazisində yerləşən Baba Hacı ziyarətgahını tədqiqatçılar Babəkin adı ilə əlaqələndirirlər.    

Qərbi Zəngəzurun Mığrı rayonunun Nüvədi kəndində anadan olmuş bir azərbaycanlı kimi bu bölgə haqqında bildiklərimi oxuculara çatdırmağı özümə borc bilirəm. Doğma yurdumuzu parçalayan, Naxçıvanı Azərbaycanın qalan hissəsindən ayıran 45 kilometrlik məsafənin 24 kilometri Nüvədi kəndinin ərazisinə düşür. İşğala qədər Naxçıvana və İrəvana gedən qatarlar Zəngilan rayonunun qonşu Ağbənd kəndi ilə Mığrı rayonunun Astazur kəndi arasında (Ağbənd stansiyasından sonra) üç yerdə - Nüvədi ərazisində yerləşən Sığırtda, sonra stansiya Nüvədidə (Gəmidüzü), daha sonra razyezd Nüvədidə bir neçə dəqiqə dayanırdı. Razyezd Nüvədidən ermənilər yaşayan Astazur kəndinə kimi ərazi sərt dağlıq olduğuna görə dəmiryol xəttinin bu ərazidən keçən hissəsini bəzən Araz çayından 15-20 metr məsafə ayırır. Texniki imkanların çox da böyük olmadığı bir dövrdə dəmiryol xəttinin keçməsi üçün həm Sığırtda, həm də razyezd Nüvədidə tunel qazılmışdır. Həmin tunelləri yerli sakinlər SSRİ dövləti tərəfindən yaradımış qarnizondan maaş almaqla mühafizə edirdilər. Sığırt və razyezd Nüvədidə yerləşən sərhəd zastavaları Araz çayı boyu çəkilmiş tikanlı məftillərə elektrik cərəyanı buraxılmaqla rus  əsgərləri tərəfindən qorunurdu. Nüvədi kəndinin suvarılan torpaqlarına Araz çayından su vurmaq üçün hər gün zastavadan icazə alınmalı idi.

Ulu Öndər Heydər Əliyev ötən əsrin 80-ci illərinin ortalarında Moskvada işləyərkən bilavasitə onun təşəbbüsü ilə Nüvədi ərazisindən keçməklə Bakı-Naxçıvan şosse yolu çəkilməyə başlanmışdı. Həmin yol Bakıdan Nüvədi zastavasına qədər (434 km), Naxçıvandan isə Meğri rayonunun Aldərə kəndinə qədər çəkilmişdi. Erməni şovinistləri Nüvədi-Astazur arasındakı təxminən 15 km-lik və Astazur-Aldərə arasındakı təxminən 5 km-lik asfalt yolun çəkilməsinə, bununla da Bakı-Naxçıvan birbaşa yolunun açılmasına imkan vermədilər. Moskvaya bildirdilər ki, Bakı-Mincivan-Qafan-Oxçu-Maralzəmi-Lehvaz-Mığrı-Naxçıvan marşrutu üzrə hazır yol var, Nüvədi-Aldərə yolunun çəkilməsi artıq xərcdir. Bununla onlar həm Bakı-Naxçıvan yolunu 140 km uzadır, həm də payız-qış aylarında dağ şəraitində gediş-gəlişi mümkünsüz edirdilər.

Nüvədi şəhər tipli müasir kənd idi. 1940-cı ildə inşa olunmuş Bakı-Culfa dəmir yolu buradan keçmiş, 1949-cu ildə kəndə elektrik işığı çəkilmişdi. Nüvədidə iki və üçmərtəbəli yaşayış evləri, müasir məktəb binası, xəstəxana, poçt, teleqraf, əmanət kassası, baytarlıq məntəqəsi, bir sözlə, lazım olan bütün sosial-mədəni xidmət sahələri var idi. Hər evdə televizor, telefon, maye qaz balonlarından istifadə olunurdu. Nüvədi qadınlarının toxudugu xalı və kilimlər, rəngbərəng geyimlər, xurcunlar, yun corablar və s. adamı valeh edirdi. Nüvədinin çirişini, caşırını, qoz və palıd ağaclarının koğuşunda arıların bağladıgı balı, ovçuların ovladığı kəklikləri, dağ keçilərini, cüyürləri nüvədililər indi də xoş ovqatla xatırlayırlar.

Nüvədi öz gözəlliyi, təbii sərvətləri, dadlı meyvələri, şəffaf bulaqları, Baba Hacı, Sultan Səlim, Əbdül Ata kimi tarixi abidələri ilə ad çıxarmışdı. Ərazisinə görə Ermənistanda ən böyük kənd idi. Nüvədinin 19 min hektarlıq torpaq sahəsinin 16 min hektarı əkinə, bağçılığa yararlı idi. Kənd hər il dövlətə 1000 ton nar, 500 ton üzüm, 100 ton əncir, 16 ton yun, 90 ton ət, orta hesabla hər gün 2 ton süd verirdi (Əhmədəli Əliyev. “Nüvədi axıracan vuruşdu...”, Respublika qəzeti, 12 fevral 1998-ci il). Meyvə plantasiyalarının salınmasında kənd rəhbərlərindən Aslan Məmmədovun, Yadulla Quliyevin, İnşallah Cəfərovun, Əhmədəli Əliyevin, Məhiş Abbasovun, Cəlal Əliyevin, Həzi Musayevin, Həsən Musayevin, Mayıl Əmənovun, Nadir Cəfərovun, Məmməd Rüstəmovun və başqalarının xidmətləri həmişə iftixarla yad olunur.

Ermənilər ilk dəfə 1918-ci ildə Zəngəzurun bir hissəsini, o cümlədən Mığrının azərbaycanlılar yaşayan kəndləri ilə birgə Nüvədini işğal edərək soydaşlarımızın bir qismini dəhşətli işgəncələrlə məhv etmişdilər. Həmin ilin payızında isə nüvədililər daşnakların hücumlarına davam gətirə bilməmiş, Araz çayını keçərək qonşu İran dövlətinin Misən kəndinə, eləcə də Ordubad və Zəngilan bölgələrinə pənah aparmışdılar.

O vaxt kəndin hörmətli adamlarından olan Mustafa uşaqları - Kərbəlayı Nəbi, Ələsgər, Cahangir qardaşları, Malik Əjdər, Kərbəlayı Ələkbər qardaşları, Kərbəlayı Əhmədəli oğlu İsmayıl, Durna oğlu Aslan, Hacı Musa oğlu İsrafil, Əsəd bəy oğlu Fərhad bəy, Xanlar bəy, Məşədi Həsənəli oğlu Məşədi Seyfulla, Kərbəlayı Hüseyn oğlu Qara Yunus, Əsəd oğlu Aslan, İsrafil oğlu Gödək Qara, Hacı Qulu oğlu Məşədi Zeynal, Məşədi Heydərqulu, Kərbəlayı Fərəc oğlu Abdulla, Məşədi Oruc oğlu Kərbəlayı İsmayıl, Rüstəm oğlu Gürşad, Kərbəlayı Əlı oğlu İldırım, Kərbəlayı Məhərrəm oglu Abbas, Kərbəlayı Babat oğlu Oruc, Ağalar qardaşları və başqaları öz mal-qarasını satıb silah almış, kənddən çıxsalar da, düşməni rahat buraxmayıb ona qan uddurmuşdular. Bu qəhrəmanlar o vaxt Nüvədi camaatının torpağı əkib-becərməsi, məhsulunu Misənə və qaçqınlıq şəraitində yaşadığı digər yerlərə aparması üçün şərait yaradırmışlar.

İsmayıl Əliyev, 

Bakı Dövlət Universietinin kafedra müdiri, professor

Paylaş:
Baxılıb: 254 dəfə

Xəbər lenti

Hamısına bax

Hadisə

İqtisadiyyat

YAP xəbərləri

Siyasət

İqtisadiyyat

Sosial

Metroda sıxlıq...

12 Oktyabr 08:57

Dünya

Ədəbiyyat

Hindistan dərvişi

12 Oktyabr 08:16

Dünya

Zelenskinin Avropa turnesi

12 Oktyabr 07:53  

Ədəbiyyat

Maraqlı

Gözlərinizi qoruyun!

12 Oktyabr 07:06

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31