Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Könhə ssenari təkrarlanır...

Könhə ssenari təkrarlanır...

03.08.2024 [11:20]

ABŞ seçkilərində Rusiya izi?

Amerika Birləşmiş Ştatlarını (ABŞ) son dərəcə isti payız gözləyir. Söhbət iqlim dəyişmələrindən, qlobal istiləşmənin ABŞ-a da nüfuz etməsindən deyil, noyabrda bu ölkədə keçiriləcək növbəti prezident seçkiləri ətrafında getdikcə artan ajiotajdan gedir. Bu ölkədə dövlət başçısı postu uğrunda mübarizə həmişə gərgin mübahisələr və bir sıra hallarda, necə deyərlər, haqsız rəqabət şəraitində baş tutub. Seçki marafonunda izlənilən proseslər onu deməyə əsas verir ki, növbəti seçkilər də bu cəhətdən istisnalıq təşkil etməyəcək.

Xarici təbliğat ola bilər”

“Vaşinqton Rusiyanın amerikalı seçicilərə təsir etmək səylərini görür”. Belə bir sensasiya sayıla biləcək xəbərlə “Reuters” agentliyi çıxış edib. Agentlik ABŞ-nin Milli Kəşfiyyat İdarəsinin (MKİ) sözçüsünə istinadən bu məlumatı yaydığını bildirib. “ABŞ Rusiyanın amerikalı seçicilərin müəyyən demoqrafik qruplarına təsir göstərməyə çalışdığını görməyə başlayır,” - deyə MKİ-nin rəsmisi qeyd edib.

Belə məlumatlar həmçinin digər mənbələrdən də gəlməkdədir. “Kreml ABŞ-da prezidentlik postu uğrunda gedən mübarizə ilə bağlı dezinformasiya yaymaqla məsuliyyətsiz amerikalıların ictimai rəyinə fəal şəkildə təsir etməyə cəhd göstərir”. “Associated Press” agentliyi bildirib ki, ABŞ-nin Milli Kəşfiyyat İdarəsinin təmsilçiləri jurnalistlər üçün keçirilən brifinqdə belə açıqlama veriblər.  Kəşfiyyat rəsmilərinin fikrincə, seçkilərə inamı sarsıtmaq üçün interneti Amerika demokratiyası ilə bağlı yalan iddialarla doldurmaq əzmi bəzi ölkələrdə dəyişməz olaraq qalır. “Amerika ictimaiyyəti bilməlidir ki, internetdə, xüsusən də sosial mediada oxuduqları istənilən kontent, hətta onun yerli vətəndaşdan və ya əslən ABŞ-dan çıxmış şəxsdən gəldiyi görünsə belə, xarici təbliğat ola bilər”, - deyə Milli Kəşfiyyat İdarəsinin direktorunun ofisinin təmsilçisi deyib. 

Kəşfiyyat rəsmiləri bildiriblər ki, Kremlə bağlı qruplar getdikcə daha çox Rusiyadakı marketinq və kommunikasiya şirkətlərini rəqəmsal təbliğat işlərinin bir hissəsini autsorsinq (şirkətin qeyri-profil funksiyalarını digər təşkilata həvalə etmək) məqsədi ilə fəaliyyətə cəlb edirlər. Məhz iki belə şirkət ABŞ-nin mart ayında elan etdiyi yeni sanksiyaların hədəfinə çevrilib. ABŞ səlahiyyətliləri iki rus şirkətinin Kremlin dezinformasiyasını yaymaq üçün saxta veb-saytlar və sosial media profilləri yaratdığını iddia edirlər. 

Rusiyanın ABŞ seçkilərinə müdaxiləsi mövzusu yeni deyil. Belə qənaət hasil olur ki, ABŞ-da köhnə ssenari təkrarlanır.  Xatırladaq ki, ABŞ kəşfiyyat orqanları tərəfindən Rusiyanın 2016-cı il prezident seçkilərinə Demokratlar Partiyasından namizəd Hillari Klintonu məğlub edən Respublikaçılar Partiyasının namizədi Donald Trampın xeyrinə müdaxilə etdiyi barədə məlumatlar yayılmışdı. Bildirilirdi ki, müdaxilə metodlarına onlayn dezinformasiyanı yaymaq üçün kiberəməliyyatlardan istifadə edilib. Kəşfiyyat orqanlarının qənaətinə görə,  qlobal əməliyyatları Rusiyanın bir sıra qurumları və şəxsləri, o cümlədən Federal Təhlükəsizlik Xidməti və digər təhlükəsizlik qurumları, habelə biznes xadimləri həyata keçiriblər. Mətbuata da sızdır?lan məlumatlarda vurğulanırdı ki, ruslar nağd pul, kriptovalyuta, elektron pul köçürmələri və dəbdəbəli hədiyyələrlə ödəniş edirlər. Onlar maliyyələşdirmənin mənşəyini qorumaq üçün pulu müxtəlif qurumlar vasitəsilə köçürürlər. Bu qurumlara fondlar, beyin mərkəzləri, mütəşəkkil cinayət qrupları, siyasi məsləhətçilər və Rusiyanın dövlət müəssisələri daxildir. Hətta ödənişlərin Rusiya səfirliyinin hesabları və resursları vasitəsilə  gizli şəkildə edildiyi barədə də ehtimallar irəli sürülürdü. Belə bir məqama xüsusi olaraq diqqət çəkilirdi ki, Asiya ölkələrindən birində Rusiya səfiri prezidentliyə namizədə milyonlarla dollar pul verib. 

Paralel şəkildə transmilli mediada ictimai rəy formalaşdırmaq üçün sonradan feyk çıxan silsilə xəbərlər yayılırdı. Məsələn, “The New York Times” nəşri bu barədə informasiyalar yeni yayılan vaxt ABŞ kəşfiyyatına istinadən yazmışdı ki, Rusiya 2014-cü ildən bəri 20-dən çox ölkədə siyasi partiyalara, məmurlara və siyasətçilərə gizli şəkildə ən azı 300 milyon dollar xərcləyib və siyasətə və seçkilərə təsir göstərmək məqsədilə daha yüz milyonlarla pul köçürməyi planlaşdırır.

Ehtimallarda həqiqət payı varmı?

ABŞ kəşfiyyatının D.Trampın ötən və indiki seçki marafonunda “Rusiya izi” axtarması mülahizələrə yol açır. Səsləndirlən ehtimalların və yaxud yayılan məlumatların mahiyyəti çox ciddidir. Burada əslində söhbət iki qarşı duran supergüc dövlətdən birinin digərinin daxili işlərinə müdaxiləsindən gedir. Bəs əli dünyanın dörd bir tərəfinə çatan ABŞ belə təsirləri nə üçün zamanındaca önləmir? Axı bu, milli təhlükəsizlik məsələsidir ki, Ağ Ev bunu özünün qırmızı xətti hesab edir. 

ABŞ-nın gücünü və iddialarını nəzərə aldıqda hazırda başı uzun sürən müharibəyə qarışan Rusiyanın bu ölkədə əhəmiyyətinə və miqyasına görə bir nömrəli siyasi tədbir sayıla biləcək prezident seçkilərinə müdaxilə ehtimalları fantastika kimi görünə bilər. Axı indiyədək dünyaya aşılanıb ki, ABŞ-nin Mərkəzi Kəşfiyyat İdarəsi elə şəbəkələşmiş struktura malikdir ki, hətta iki qonşunun balkon söhbətlərini belə izləmək iqtidarındadır. Bu vahimə yaradan imic hara, Moskvanın Vaşinqton seçkilərinə müxadilə ehtimalları hara? Kifayət qədər təzadlı məqamdır. 

Burada bəzi qənaətlər ifadə etmək mümkündür. Seçkilər yaxınlaşdıqca bu cür mülahizələrin gündəmə gətirilməsi demokratlar tərəfindən işlənmiş bir siyasi texnologiya ola bilər. Məlumdur ki, ilk debatdan sonra Donald Tramp seçki marafonunda təşəbbüsü ələ alıb. Xüsusilə də bir qədər bundan əvvəl törədilən terror aktı onun Amerika cəmiyyətində nüfuzunu əhəmiyyətli dərəcədə artırıb. Belə demək mümkündürsə, hazırda Donald Tramp məqsədinə çatmaq yolunda iri addımlarla irəliləyir və seçki triumfuna çox yaxındır. Onunla müqayisədə demokratların C.Baydeni əvəzləyən yeni namizədi Kamala Harrisin populyarlığı xeyli aşağıdır. O, ABŞ cəmiyyətində xarizması zəif olan, hətta vitse-prezidentlik vəzifəsində yeni təşəbbüslərdən çıxış etməyən, daha çox birinci şəxsin kölgəsində qalan, səlahiyyətlərini lazımi şəkildə yerinə yetirə bilməyən birisi kimi imic qazanıb. Seçki marafonunun başa çatmasınadək qalmış müddətdə onun və ətrafının bu imici dəyişəcəyinə inam azdır. Bu reallıq fonunda, belə görünür ki, rəqibin nüfuzunun aşağı salınması kimi ənənəvi texnologiya işə saınıb. Burada Rusiya kartından istifadə olunması da təsadüfi sayıla bilməz. Məlumdur ki, baş verən geosiyasi hadisələr, xüsusilədə Ukrayna ilə müharibə fonunda ABŞ ictimaiyyətində  Rusiyaya əsasən mənfi münasibət yaranıb. Məhz bu məqam da Trampın rəqiblərinin işinə yarayır. Onlar cəmiyyətin həssas nöqtəsinə basmaqla seçki marafonunda üstün mövqeyə çıxmaq niyyətindədirlər. Seçkilərdə Rusiya izinin gündəmə gətirilməsi, hətta mümkün təsirlərin həqiqət kimi qələmə verilməsi, heç şübhəsiz ki, Mərkəzi Kəşfiyyat İdarəsinin, bütövlükdə ABŞ-nin  nüfuzuna ağır zərbədir. Belə görünür ki, işə salınan siyasi texnologiyada strateji məqsədlər naminə  bu uğrsuzluğu həzm etmək nəzərə alınıb.

Rusiya təkzib edir...

“ABŞ-dəki prezident seçkilərinə müdaxiləmiz barədə bəyanatlar absurddur”.  “Interfax”ın xəbərinə  görə, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. O, seçki günü yaxınlaşdıqca analoji açıqlamaların intensivliyinin artacağını da istisna etməyib. D.Peskovun sözlərinə görə, ABŞ-də həm Rusiyanı, həm də Prezident Vladimir Putini siyasi mübarizənin önəmli faktoru hesab edirlər.

Bəhs olunan mövzuda Rusiya Təhlükəsizlik Şurası rəhbərinin müavini Dmitri Medvedev də danışıb. O, TASS-ın suallarını cavablandırarkən bildirib ki, ABŞ-də prezident seçkilərinin nəticəsi amerikalıların işidir, Rusiya bu prosesə qarışmır, həm də gələcəklə bağlı heç bir illüziyası yoxdur. Fikirlərinə davam edən D.Medvedev vurğulayıb: “Biz, şübhəsiz ki, bu ştatın daxili işlərinə qarışmayacağıq. Kim seçiləcəksə, o da seçiləcək, məsələ seçicilərindir. Baxmayaraq ki, qoca Baydenin intellektual qabiliyyətləri ilə bağlı ilkin məlumatlar çox illüziya yaratmır”.

MÜBARİZ

Paylaş:
Baxılıb: 266 dəfə

Xəbər lenti

Hamısına bax

Hadisə

İqtisadiyyat

YAP xəbərləri

Siyasət

İqtisadiyyat

Sosial

Metroda sıxlıq...

12 Oktyabr 08:57

Dünya

Ədəbiyyat

Hindistan dərvişi

12 Oktyabr 08:16

Dünya

Zelenskinin Avropa turnesi

12 Oktyabr 07:53  

Ədəbiyyat

Maraqlı

Gözlərinizi qoruyun!

12 Oktyabr 07:06

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31