Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Analitik / Əyalət seçkilərində sürprizlər...

Əyalət seçkilərində sürprizlər...

03.09.2024 [09:22]

Almaniyada sağçılar önə keçirlər

Almaniyada əyalət seçkilərinin qızğın vaxtıdır. Bu seçkilər öz mahiyyətinə görə ölkədə gələn il keçiriləcək federal seçkilərə hazırlıq xarakteri daşıyır. Hakim və müxalifət partiyaları əyalət seçkilərində öz qüvvələrini sınayırlar və nəticələr cəmiyyətdə partiyaların hansı səviyyədə dəstəkləndiklərini ortaya qoyur. Buna görə də belə deyirlər ki, federal seçkilərə yol əyalət seçkilərindən keçir. Ancaq Almaniyada əyalət seçkiləri hazırkı iqtidar komandası üçün heç də ürəkaçan deyil. Belə ki, əyalət seçkilərində bir-birinin ardınca sürprizlər qeydə alınır.

Əyalət seçkilərində sağçıların qələbəsi

İfrat sağçı “Almaniya üçün alternativ” partiyası İkinci Dünya müharibəsindən sonra ilk dəfə Almaniyanın Türingiya vilayətinin parlamentində ən böyük qüvvəyə çevrilib. Seçkilərdə bu partiya 33,5 faiz səslə Xristian Demokrat İttifaqı (24,5 faiz) və Sara Vaqenknext İttifaqını (14,5 faiz) qabaqlayıb.

Diqqətçəkən məqamlardan biri də ondan ibarətdir ki, Türingiya əyalətindəki yerli seçkilərdə rusiyayönümlü partiyalar ümumilikdə 61,7 faiz  səs toplayıb. Bu barədə “Bild” məlumat yayıb. Nəticələr göstərir ki, əksər seçicilər öz iqtisadi rifahlarından narahatdırlar və hakimiyyətdən qeyri-qanuni miqrasiyanın dayandırılması və daxili təhlükəsizlik təhdidlərinin aradan qaldırılması üçün daha sərt tədbirlər tələb edirlər.

Almaniyanın şərqindəki Saksoniya federal əyalətində də Landtaqa seçkilər keçirilib. Yerli statistika idarəsi ilkin nəticələri açıqlayıb.  İfrat sağçı “Almaniya üçün Alternativ” (AfD) 30,6faiz, Sara Vaqenknext İttifaqı (BSW) - 11,8 faiz, Sol Partiya - 4,5 faiz səs toplayıb. Onların hamısı Ukraynanı dəstəkləməyin əleyhinə, Rusiyanı sakitləşdirməyə və Vladimir Putinlə dialoqa tərəfdardırlar.

 İndi regionun partiyalarını yeni hakim koalisiya yaratmaq üçün uzunmüddətli danışıqlar gözləyir. Heç biri AfD ilə müttəfiq olmaq istəmir. Bu partiya isə artıq solçu BSW də daxil olmaqla hamı ilə dialoqa açıq olduğunu bildirib. CDU, SPD və Yaşılların əvvəlki koalisiyası artıq mümkün deyil.

Avropada sağçıların revanşı

Ümumiyyətlə, sağçıların önə çıxması son vaxtlarda ümumavropa tendensiyasına çevrilib. Almaniyada sorğular göstərir ki, “Almaniya üçün alternativ” partiyası son iki il ərzində tərəfdarlarının sayını 10 faizdən 22 faizə yüksəldib. Başqa bir anti-immiqrant partiya olan “Reconquista” üçün 5 faiz əlavə etdikdə ifrat sağçılar ölkədəki ən böyük səsvermə blokuna çevrilirlər. Niderlandda islamofoblar, miqrasiya əleyhdarları və populistlər hakimiyyətə gəliblər. Fransada ən böyük ifrat sağçı partiya olan “Milli Birlik” (RN) böyük dəstəyə malikdir. Xatırladaq ki, Fransada iyunun 9-da Avropa Parlamentinə keçirilən seçkilərdə sağçı “Milli birlik” partiyası 31,36 faiz səs toplayaraq Makron koalisiyasını iki dəfədən çox üstələyib. Partiyasının Avropa seçkilərində iflasından sonra Makron parlamentin aşağı palatasını buraxaraq növbədənkənar seçkilər elan etdi. Bu qərar əslində Makronun revanş cəhdi idi. Ancaq Makronun ikinci seçki cəhdi də uğursuz oldu. Belə ki, Milli Assambleyaya seçkilərin həm birinci, həm də ikinci turunda “İntibah” partiyası məğlubiyyət acısı yaşadı. Fransada ifrat sağçıların fəaliyyəti hər prezident seçkilərində xüsusilə yüksəlir. Son seçkilərdəki yüksək nəticələr  sağçıların lideri olan Marin Le Penin 2027-ci ildə keçiriləcək növbəti prezident seçkilərində qalib gəlmək şansını artırır.

Avropada ifrat sağçılar hökumətlərin bahalı benzin, istilik və elektrik, iqlim dəyişikliyi ilə mübarizə siyasətindən yararlanırlar. Onlar bütün bunları hakim komandaların yanlış siyasətlərinin nəticəsi kimi izah etməklə cəmiyyətlərin rəğbətini qazanırlar. Sağçı qüvvələrin fəallaşmasına həmçinin xarici amillər də güclü təsir göstərir. Bu sırada hazırda Avropanın üzləşdiyi miqrant böhranını xüsusi qeyd edə bilərik. Qeyri-leqal miqrant axınının kəskin artdığı Avropada hazırda yaranmış vəziyyət BMT tərəfindən “İkinci Dünya müharibəsindən bəri dünyada ən böyük qaçqın böhranı” hesab olunur. Qitəyə üz tutanların əksəriyyəti hazırda münaqişələrin, daxili müharibələrin, terrorizmin, xaosun hökm sürdüyü ölkələrdə yaşayış şəraitinin, humanitar vəziyyətin kəskin pisləşməsi ilə əlaqədar evlərini tərk etmək məcburiyyətində qalanlardır. Təqdim olunan statistika son dərəcə kədərli mənzərəni əks etdirir. 2023-cü ilin sonlarına olan məlumata əsasən, Avropa İttifaqı məkanında, o cümlədən Norveç və İsveçrədə 800 mindən çox sığınacaq ərizəsi təqdim edilib. Bu, 2016-cı ildən bəri ən yüksək göstəricidir. Sığınacaq üçün müraciətlər ünvanlayan ölkələrin sayı isə 30-a çatıb.

Avropaya miqrant axınında artım dinamikası cari ildə də kifayət qədər yüksəkdir. 2024-cü ilin yanvar-iyul aylarında İspaniyaya 29 mindən çox qeyri-qanuni miqrant gəlib. Bu rəqəmi Krallığın Daxili İşlər Nazirliyi açıqlayıb. Məlumata görə, altı ayda ölkəyə gələn miqrantların sayı 2023-cü ilin analoji dövrü ilə müqayisədə 79,5 faiz artıb. Eyni zamanda, ən çox miqrant Kanar adalarına gəlib - təxminən, 21,5 min nəfər. Bu, ötən ilin yanvar-iyul aylarında qeydə alınan göstəricidən 152,4 faiz çoxdur. 2023-cü ildə Kanar adalarında qeyri-qanuni mühacirlərlə bağlı vəziyyət kəskinləşib. Belə ki, arxipela?a 39,9 min miqrant gəlib və onların sayı 2022-ci illə müqayisədə 154,5 faiz artıb.

Oxşar vəziyyət Böyük Britaniyada da müşahidə edilir. Təkcə avqustun 17-də 500-ə yaxın miqrant 9 qayıqla La-Manş boğazını keçərək Böyük Britaniyaya gəlib. Bu barədə Britaniya Daxili İşlər Nazirliyi məlumat yayıb. Məlumatda deyilir ki, avqustun 11-də 703, 12-də 125, 14-də isə 107 miqrant qayıqlarla Britaniyaya keçməyə nail olub. Bununla da, 2024-cü ildə kiçik qayıqlarla Böyük Britaniyaya keçən qanunsuz miqrantların ümumi sayı 19 min nəfəri ötüb. “İpsos” şirkətinin açıqladığı yeni anket-sorğunun nəticələrinə əsasən immiqrasiya indi britaniyalıların ən vacib hesab etdiyi məsələlər siyahısında birinci yerdədir.

Sağçıların miqrantlar əleyhinə çağırışları 2015-ci ildən etibarən artmışdı. Bu hərəkat pandemiya dövründə müəyyən qədər səngisə də, hazırda yenidən aktiv fazaya daxil olub. Sağ təmayüllü siyasətçilər sosial tələblər, “arzuolunmaz qonaqlara” qarşı şüarlar səsləndirməklə, həmçinin İslama fobiya təbliğatı aparmaqla ümumavropa siyasətində önə çıxmağı bacarıblar. Yeni mərhələdə isə onlar ayrı-ayrı ölkələrdə hakimiyyət iddialarını reallaşdırmaqdadırlar.

Almaniya kansleri ultrasağçıların qələbəsindən narahatdır

Şərqi Almaniyanın həm Saksoniya, həm də Türingiya əyalətlərində təhlükəsizlik rəsmilərinin “sağçı ekstremist” hesab etdiyi AfD-nin idarəçilik ehtimalı azdır, çünki digər partiyalar indiyədək çoxluq yaratmaq üçün onunla işləməkdən imtina ediblər.

Bununla belə, millətçi, immiqrantların əleyhinə olan bu partiya hakimlərin və ya yüksək təhlükəsizlik məmurlarının təyin edilməsi kimi üçdə iki səs çoxluğu tələb edən qərarların qarşısının alınmasında hər iki əyalətdə kifayət qədər yer qazana bilər və bu, ona görünməmiş güc verəcək.

Buna görə də qeyd olunan əyalətlərdə sağçıların seçkiləri udmaları sükutla qarşılanmır. Almaniya kansleri Olaf Şolts ifrat sağçı “Almaniya üçün Alternativ” (AfD) partiyasının böyük qələbələri və onun koalisiyasının məğlubiyyətləri ilə nəticələnən iki regional seçkinin nəticələrini “xoşagəlməz” adlandırıb və əsas partiyaları sağ ekstremistlərin olmadığı hökumət qurmağa çağırıb.

Kansler Şolts “Reuters”

agentliyinə açıqlamasında Saksoniya və Türingiya əyalətlərində AfD-nin seçki nəticələrinin narahatlıq hissi doğurduğunu deyib. O əlavə edib: “Bazar günü keçirilən seçkilərin nəticələri xoşagəlməzdir. AfD Almaniyaya ziyan vurur, iqtisadiyyatı zəiflədir, cəmiyyəti parçalayır və ölkəmizin reputasiyasını ləkələyir”.

MÜBARİZ

Paylaş:
Baxılıb: 150 dəfə

Xəbər lenti

Hamısına bax

Hadisə

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Səmərəli fəaliyyət

10 Sentyabr 14:50

Xəbər lenti

YAP xəbərləri

Gündəm

Siyasət

Siyasət

İdman

4-ü qızıl olmaqla 11 medal

10 Sentyabr 08:57  

Siyasət

Bakının vasitəçiliyi...

10 Sentyabr 08:54  

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30