Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Heydər Əliyev Fondu -Xalqımızın ümid çırağıdır

Heydər Əliyev Fondu -Xalqımızın ümid çırağıdır

25.04.2024 [10:40]

Məlum olduğu kimi 10 may 2004-cü ildə Heydər Əliyevin xatirəsinə Azərbaycan xalqının ehtiramını ifadə etmək, onun zəngin mənəvi irsini əks etdirmək, milli dövlətçilik ideyalarını yeni nəsillərə aşılamaq məqsədilə Heydər Əliyev fondu yaradılmışdı.

Heydər Əliyev fonduna yarandığı gündən Azərbaycanın birinci xanımı, Azərbaycan Respublikasının birinci vitse-prezidenti və ?SESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva rəhbərlik edir.

Fond Heydər Əliyevin Azərbaycanın sosial-iqtisadi, mədəni tərəqqisi, sivil dünya birliyinə inteqrasiyası, xalqın maddi rifahının yaxşılaşması naminə müəyyən etdiyi, işləyib hazırladığı siyasətin öyrənilməsinə, təbliğinə və bu ideyaların həyata keçirilməsinə xidmət edir. 

Ölkə üzrə elm, təhsil, səhiyyə, mədəniyyət, idman, ekoloji sahələrə aid hazırlanmış proqram və layihələrin reallaşmasına kömək etmək fondun əsas prioritetlərindəndir.  

Respublikanın beynəlxalq nüfuzunun artırılması ilə bağlı tədbirlərin həyata keçirilməsinə yardım göstərmək, Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq, dini tolerantlığın bərqərar olmasına, vətəndaş cəmiyyəti quruculuğuna, qloballaşan dünyaya inteqrasiya prosesində milli-mənəvi dəyərlərin qorunmasına dəstək vermək fondun fəaliyyətində xüsusi əhəmiyyət kəsb edir.

Ötən 20 il ərzində Ümummilli ?iderin qurub-yaratdığı müstəqil Azərbaycanın daha da çiçəklənməsində yaxından iştirak etmək, insanlara daim kömək əli uzatmaq, xeyirxah işlər görmək Heydər Əliyev fondunun və onun prezidenti Mehriban xanım Əliyevanın fəaliyyətinin əsas qayəsini təşkil edir.

Ulu Öndər 1993-2003-cü illərdə gərgin fəaliyyəti ilə ölkəni qısa müddətdə dinamik inkişaf yoluna çıxardı, müasir müstəqil Azərbaycanın parlaq gələcəyinin koordinatlarını, milli həmrəyliyini, müstəqilliyin qorunması, əhalinin firavan həyatının, inkişaf strategiyasının təmin olunması yollarını müəyyənləşdirdi.

Ümummilli Liderin tarixi xidmətlərini hər zaman böyük minnətdarlıqla xatırlayan xalqımız Heydər Əliyev ideyalarını ölkəmizin inkişafının təminatçısı kimi qəbul edir və onun müəyyənləşdirdiyi yolu dəstəkləyirlər.

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev Heydər Əliyev fondunun 2004-cü ilin may ayının 10-da keçirilən açılış mərasimindəki çıxışında demişdir: “Fond Heydər Əliyevin siyasi irsini öyrənəcək, onu təhlil, tədqiq və təbliğ edəcəkdir. Fondun qarşısında böyük vəzifələr durur. Fond ictimai təşkilatdır. Ümid edirəm ki, Azərbaycanın ictimai həyatında Fondun rolu böyük olacaqdır.” Dövlətimizin başçısının qeyd etdiyi bu fikirlər ötən 20 il ərzində Heydər Əliyev fondunun fəaliyyətində öz əksini tapdı.

Fond ötən müddət ərzində ölkə həyatının bütün sahələrində irimiqyaslı layihələr həyata keçirib, insanlara, ehtiyacı olanlara kömək əlini uzadıb, onlara sevinc bəxş edib. Heydər Əliyev Fondu və onun prezidenti Mehriban xanım Əliyeva bu gün Azərbaycanla yanaşı, ölkə hüdudlarından çox çox uzaqlarda insanların böyük sevgisini qazanıb.

Ötən müddətdə təhsil, səhiyyə, mədəniyyət, idman sahələrində, xalqımızın mədəni irsinin qorunması və təbliği, Ermənistan-Azərbaycan Qarabağ   münaqişəsində ölkəmizin ədalətli mövqeyinin dünya birliyinə çatdırılması işində və digər istiqamətlərdə Heydər Əliyev Fondu çoxşaxəli fəaliyyət həyata keçirərək mühüm nailiyyətlərə imza atıb.

Elm və Təhsil sahəsindəki fəaliyyəti

Təbii ki, ölkənin müasir təhsil sisteminin qurulması, gənclərimizin yüksək şəraitə malik təhsil ocaqlarında oxumaları Ümummilli Liderin ideyalarının tərkib hissəsi idi. Bu gün Azərbaycanın hər bir bölgəsində təhsil müəssisələri bərpa edilir və ya yeniləri tikilir. Görülən bütün bu işlərə Heydər Əliyev Fondu da öz dəstəyini verir.

Fondun prezidenti Mehriban xanım Əliyeva və vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə reallaşdırılan “Uşaq evləri və internat məktəblərinin inkişafı”, “Yeniləşən Azərbaycana yeni məktəb”, “Təhsilə dəstək”, “Məktəbəqədər  təhsil müəssisələrinin inkişafı” və digər proqramlar çərçivəsində Azərbaycanda, həmçinin ölkə hüdudlarından kənarda təhsilin yüksəldilməsi məqsədilə xeyli işlər görülmüşdür.

2005-ci ildən icrasına başlanılan “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı çərçivəsində 100 mindən artıq şagirdin təhsil aldığı 500-dən çox məktəb binası inşa olunub və ya yenidən qurulub. Bu məktəblərin hər birində müasir laboratoriyalar, kitabxanalar, yeməkxanalar, ən son avadanlıqlarla təchiz edilmiş kompüter otaqları, emalatxanalar, idman zalları yaradılıb.

“Uşaq evləri və internat məktəblərinin inkişafı” proqramı çərçivəsində ölkə ərazisində onlarla uşaq müəssisəsi əsaslı şəkildə yenidən qurulub, müasir avadanlıqla təchiz olunub, əlavə yardımçı binalar inşa edilib və kommunal şərait yaxşılaşdırılıb. Həmçinin bu proqram çərçivəsində uşaq evlərində tərbiyə almış, yaşı 18-dən yuxarı olan qızlar üçün yaşayış binaları tikilib, uşaq evlərində və internatlarda təhsil alanların asudə vaxtlarının səmərəli təşkili məqsədilə kütləvi tədbirlər, festivallar, müsabiqələr keçirir.

“Təhsilə dəstək” proqramı çərçivəsində mütəmadi olaraq qaçqın, məcburi köçkün ailələrindən olan birinci sinif şagirdlərinə məktəb ləvazimatları hədiyyə olunur.

“Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” proqramı çərçivəsində paytaxtla yanaşı bölgələrimizdə də yüksək standartlara cavab verən 175 körpələr evi-uşaq baxçası tikilərək istifadəyə verilmişdir.

Fond tərəfindən Gürcüstanda, Hollandiyada, Misirdə, Pakistanda, Ruminiyada, Rusiya Federasiyasında bir sıra məktəblər yenidən qurulmuş və əsaslı təmir olunmuşdur.

2013-cü ildə ABŞ-ın Merilend ştatında yerləşən məktəblərdə interaktiv lövhələrin və əlil uşaqlar üçün müvafiq avadanlığın alınmasına maliyyə yardımı edilmiş, Bosniya və Hersoqoviniyanın paytaxtı Sarayevoda kor və zəif görən uşaqlar və gənclər üçün mərkəz yenidən qurulmuşdur.

Gürcüstanın azərbaycanlılar yaşayan bölgələrindəki məktəblərə, həmçinin Azərbaycanın Qax, Zaqatala və Balakən rayonlarında tədrisin gürcü dilində aparıldığı məktəblərə də mütəmadi olaraq yeni dərslik və tədris ləvazimatları göndərilib.

Fond məktəblilərin yaradıcı potensialının, bilik və bacarıqlarının aşkara çıxarılması məqsədilə olimpiadalar təşkil edir, mütəmadi olaraq xarici ölkələrin tanınmış elmi-tədqiqat mərkəzləri ilə alimlərin mübadiləsini həyata keçirir.

Səhiyyə sahəsində həyata keçirilən layihələr

Ümummilli lider Heydər Əliyev Azərbaycanda səhiyyə sistemini dünyanın bu sahədə qabaqcıl ölkələrindəki səviyyəyə qaldırmağı qarşıya əsas vəzifə kimi qoymuşdu. Ölkəmizdə səhiyyənin inkişafına dövlətimizin başçısı İlham Əliyev də xüsusi diqqət və qayğı göstərir. Bu gün paytaxt Bakıda və ölkəmizin bütün bölgələrində yüksək standartlara cavab verən, ən müasir tibbi avadanlıqlarla təchiz edilmiş səhiyyə müəssisələri istifadəyə verilir, peşəkar kadrlar hazırlanır, əhali pulsuz müayinə və müalicə olunur.

Heydər Əliyev Fondu da dövlətimiz tərəfindən bu sahədə görülən işlərə hər zaman öz dəstəyini verir. “Diabetli uşaqlara ən yüksək qayğı”, “Talassemiyasız həyat naminə”, “Tibb müəssisələrinin yenidən qurulması və inşası” kimi bənzərsiz layihələr, bir çox xeyriyyə aksiyaları Ümummilli Liderimizin bu sahə ilə bağlı ideyalarının reallaşması istiqamətində atılan addımlara mühüm töhfələrdir. Mehriban Əliyevanın diqqət və qayğısı sayəsində Bakıda müasir Talassemiya Mərkəzi, Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzi, Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün reabilitasiya Mərkəzi, Mərkəzi Neftçilər Xəstəxanasında Cərrahiyyə və Orqan Transplantologiya Mərkəzi, Psixonevroloji Uşaq Mərkəzi və digər səhiyyə ocaqları inşa olunub və ya əsaslı şəkildə yenidən qurularaq istifadəyə verilib. Bu sahədə reallaşdırılan layihələr Azərbaycanın bütün regionları ilə yanaşı, ölkəmizin hüdudlarından kənarda da uğurla həyata keçirilib. Cibutidə, Bosniya, Herseqoviniyada, Rusiyada, Gürcüstanda icra edilən layihələr bütün dünyaya Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın simasında Azərbaycan xalqının insanpərvərliyini, nəcibliyini nümayiş etdirir.

Mədəniyyətimizə hamilik missiyası

Ulu öndər Heydər Əliyev mədəniyyəti xalqın böyük sərvəti hesab edir, bu sahənin inkişafına xüsusi diqqət yetirirdi. Tez-tez mədəniyyət xadimləri ilə görüşən Ümummilli Lider onlarla səmimi söhbət edər, mövcud problemlərlə maraqlanardı. Müstəqilliyin ilk illərində tənəzzül dövrünü yaşayan mədəniyyətimiz Ulu Öndərin hakimiyyətə qayıdışından sonra yeni inkişaf mərhələsinə qədəm qoydu, bağlanmış teatrlar, muzeylər öz qapılarını yenidən insanların üzünə açdı, ölkəni tərk etmiş istedadlı incəsənət adamları Vətənə qayıtdılar.

Bu gün də Azərbaycan mədəniyyəti dövlət qayğısından bəhrələnərək yeni-yeni uğurlara imza atır. Tarixi-mədəni abidələrin bərpası, yeni mədəniyyət ocaqlarının tikilib istifadəyə verilməsi, mədəniyyət işçilərinin sosial rifahının yaxşılaşdırılması istiqamətində atılan addımlar isə bu sahənin tərəqqisini, yeni-yeni uğurların qazanılmasını şərtləndirən əsas amillərdir. Qazanılan nailiyyətlərdə

Heydər Əliyev Fondunun mühüm töhfəsi xüsusi qeyd olunmalıdır. Fond həyata keçirdiyi layihələrlə daim Azərbaycan mədəniyyətinin inkişafında yaxından iştirak edir. Bu xüsusda tarixi-mədəni abidələrimizin qorunması və bərpası, yeni mədəniyyət obyektlərinin istifadəyə verilməsini qeyd etmək lazımdır. Ötən illərdə Gəncədə Cavad xanın qəbri üzərində məqbərənin ucaldılması, Gəncə qapılarının, “Qu quşları” fəvvarə kompleksinin bərpası, çoxsaylı muzeylərin-Azərbaycan Xalça, Daş salnamə, Dəmirçi Arxeologiya və digər muzeylərin açılması, yeni-yeni mədəniyyət saraylarının, muğam mərkəzlərinin, musiqi məktəblərinin istifadəyə verilməsi Heydər Əliyev Fondunun bu sahədə gördüyü irimiqyaslı işlərin tərkib hissəsidir. Həmçinin Fondun təşkilatçılığı ilə keçirilən və ənənə halını alan müxtəlif musiqin layihələrini, o cümlədən Qəbələ, Aşıq, “Muğam aləmi”,  Mstislav Rostropoviç, Üzeyir Hacıbəyli beynəlxalq festivallarını, muğam televiziya müsabiqələrini, çoxsaylı konsertləri xüsusi qeyd etmək lazımdır. 2011-ci ildə “Eurovision” beynəlxalq mahnı müsabiqəsində qalib gələn Azərbaycan 2012-ci ildə Heydər Əliyev Fondunun yüksək tərəfdaşlığı ilə müsabiqəyə uğurla ev sahibliyi etdi.

Fondun xarici ölkələrdə tarix-mədəniyyət abidələrinin bərpası və yeni mədəniyyət obyektlərinin inşası sahəsində fəaliyyətinə 2006-cı ildə Gürcüstanın Tiflis şəhərində Azərbaycanın görkəmli şəxsiyyətlərinin - Mirzə Şəfi Vazehin, Mirzə Fətəli Axundovun, Həsən bəy Ağayevin, Fətəli xan Xoyskinin qəbirüstü abidələrinin yenidən qurulması və xiyabanın yaradılması, 2007-ci ildə Parisdə Versal Sarayının parkındakı ümumbəşəri abidələrin bərpası, 2008-ci ildə Luvr Muzeyinin bərpası, 2011-ci ildə İkinci Dünya müharibəsi zamanı yanmış və dağıdılmış Berlin qəsrinin bərpası, 2012-ci ildə Romanın Villa Borqeze parkında Nizami Gəncəvinin abidəsinin ucaldılması, Vatikanda Roma katakombalarının bərpası, Moskvada M.İ.Rudomino adına Ümumrusiya Dövlət Xarici Ədəbiyyat kitabxanasının atriumunda Azərbaycanın görkəmli yazışısı, filosofu və humanisti Mirzə Fətəli Axundovun abidəsinin ucaldılması, 2013-cü ildə Romada Kapitolini Muzeyinin “Filosoflar zalı”nın təmirini misal göstərmək olar.

Həmçinin bir sıra xarici ölkələrdə Azərbaycan Mədəniyyət Mərkəzlərinin  açılması Fondun fəaliyyəti nəticəsində mümkün olmuşdur.   

Ümumiyyətlə, Heydər Əliyev Fondunun reallaşdırdığı hər bir layihə yüksək təşkilatçılığı, kütləviliyi, zəngin mədəniyyətimizə istinad olunması ilə seçilməklə maariflənməni, sülhü, bəşəri dəyərlərə hörməti təbliğ edir. 2018-ci ildə Azərbaycanda ilk dəfə təşkil olunan Nəsimi - şeir, incəsənət və mənəviyyat Festivalı da özündə məhz bu dəyərləri ehtiva edirdi. Fondun həyata keçirdiyi mədəniyyət layihələri, rəngarəng tədbirlər, o cümlədən simpoziumlar, sərgilər, konsertlər, tamaşalar cəmiyyətimiz tərəfindən daim rəğbətlə qarşılanır və böyük auditoriya toplayır. Məhz buna görə Azərbaycan cəmiyyəti Mehriban xanım Əliyevanı həm də mədəniyyətimizin banisi kimi qəbul edir.

Ekologiya sahəsində həyata keçirilən layihələr

2007-ci ildə Heydər Əliyev Fondu ətraf mühitin mühafizəsi və ekoloji durumun yaxşılaşdırılması məqsədilə “Hərəmiz bir ağac əkək!” aksiyasını həyata keçirməyə başladı.  Ətraf mühitin qorunmasına yönəlmiş layihə çərçivəsində ölkə ərazisində bir milyondan çox ağac əkilmişdir. 2014-cü ildə Heydər Əliyev Fondu və IDEA İctimai Birliyinin birgə start verdiyi “Ağacların kəsilməsinə yox!” proqramı çərçivəsində “Təbiətə təcili yardım” qaynar xətti və mobil qrupu yaradılıb.

Ekoloji təhlükəsizliyin təmin edilməsi və ətraf mühitin mühafizəsi sahəsində gənclərin biliklərinin artırılması məqsədilə mütəmadi olaraq maarifləndirmə tədbirləri, iməciliklər, müsabiqə və turnirlər, sərgi və konfranslar keçirilir, yay məktəbləri təşkil olunur.

Fondun təşəbbüsü ilə 2010-cu ildən Bakının Qala qəsəbəsi ərazisində tullantıların düzgün idarə edilməsi sisteminin qurulması üçün “Təmiz Qala” layihəsi həyata keçirilir. Layihənin məqsədi tullantıların yığımını və daşınmasını, o cümlədən sonrakı utilizasiyasını müasir standartlara uyğun təşkil etməkdir.

İnsanları israfçılıqdan yayındırmaq və onların malik olduğu əşyaları düşünmədən zibil qutularına atmaq vərdişindən çəkindirmək məqsədilə 2012-2014-cü illərdə Heydər Əliyev Fondunun, “İçəri şəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin və “Təmiz Şəhər” ASC-nin birgə təşkilatçılığı ilə Qala Dövlət Tarix Etnoqrafiya Qoruğunda “Tullantıdan sənətə” adlı beynəlxalq sərgi keçirilmişdir.

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Heydər Əliyev Fondunun dəstəyi ilə ekologiyanın və təbii mühitin tarazlığının qorunması, ekoloji tarixin və ölkə ərazisindəki bioloji müxtəlifliyin mühafizəsində müstəsna əhəmiyyət daşıyan “Azərbaycan Respublikası ərazisində ceyranların mühafizəsi, reintroduksiyası və tarixi areallarının yenidən bərpası” layihəsini həyata keçirir.

İctimaiyyətin diqqətini nəsli kəsilməkdə olan “Qafqaz beşliyi”nə cəlb etmək məqsədilə Heydər Əliyev Fondu IDEA ekoloji kampaniyası çərçivəsində hazırladığı ceyran maketlərini “Qız qalası” Beynəlxalq Festivalında nümayiş etdirir.

Azərbaycanın dünyada təbliği işinə dəyərli töhfələr

“Azərbaycan xalqı dünya xalqları içərisində öz yüksək mədəniyyəti ilə, elmi, zəkası ilə seçilən bir xalqdır. Bizim - bugünkü nəsillərin, gələcək nəsillərin vəzifəsi bunu dünyaya göstərmək sonrakı nəsillərə çatdırmaqdan ibarətdir”, - deyən Heydər Əliyev hər bir Azərbaycan vətəndaşının qarşısında ciddi vəzifələr qoyurdu. Fəaliyyətində Ulu Öndərin ideyalarına, qarşıya qoyduğu vəzifələrə söykənən Heydər Əliyev Fondu bu istiqamətdə də ciddi işlər görür. Fondun çoxşaxəli fəaliyyətinin əsas istiqamətlərindən biri də dövlətçilik ənənələrimizin, tariximizin dünyada təbliği işinə yönəlib. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində hər il silsilə tədbirlər reallaşdırılır. Məhz bu tədbirlərin nəticəsidir ki, artıq Xocalı faciəsinin soyqırımı olması faktını dünyanın bir çox ölkələri və beynəlxalq təşkilatlar tanıyıb. Kanada, Meksika, Kolumbiya, Peru, Pakistan, Bosniya və Herseqovina, Rumıniya, Çexiya, İordaniya, Honduras və digər ölkələrin parlamentləri, eləcə də ABŞ-ın bir sıra ştatlarının qanunverici orqanları və İslam Əməkdaşlıq Təşkilatı Xocalı soyqırımını tanıyıb., Romada, Vatikanda, Berlində, Londonda, Varşavada, Parisdə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi, həmçinin dövlət müstəqilliyimizin bərpasının 20-ci ildönümünə həsr olunmuş müxtəlif tədbirlərin təşkili ölkəmizin, zəngin dövlətçilik ənənələrimizin dünyada tanıdılması işinə əvəzsiz töhfələrdəndir. Fondun təşkilatçılığı ilə mötəbər beynəlxalq qurumlarda, dünyanın möhtəşəm şəhərlərində ölkəmizlə bağlı sərgilər, mədəniyyət gecələri və digər tədbirlər keçirilir. Londonda, Parisdə, Berlində “Bakıya uçuş. Müasir Azərbaycan incəsənəti” sərgiləri, həmçinin dünyanın müxtəlif şəhərlərində nümayiş etdirilən “Azərbaycan - tolerantlıq məkanı” adlı fotosərgilər, Venesiya Biennalesində təşkil olunan Azərbaycan pavilyonlarındakı sərgilər Azərbaycanın dünyada daha yaxından tanıdılması istiqamətindəki xüsusi əhəmiyyəti ilə yanaşı, beynəlxalq ictimaiyyətin də ölkəmizə olan marağının daha da artmasına xidmət edib. Əlbəttə, bütün bu təşəbbüslərin, görülən işlərin təməlində gərgin əmək, Vətənə, xalqa bağlılıq, insanlığa, bəşəriyyətə sonsuz sevgi dayanır. Mehriban xanım Əliyevanın təşəbbüsləri, ideyaları əsasında fəaliyyət istiqamətini genişləndirən Heydər Əliyev Fondu hər zaman ehtiyacı olanların, kimsəsizlərin yanında olur, cəmiyyətimizi narahat edən hər bir məsələnin həllində yaxından iştirak edir.

Azərbaycanda xeyriyyəçilik institutunun dirçəlməsi və inkişaf etməsi Mehriban Əliyevanın adı ilə bağlıdır. 2008-ci ildə AZƏRTAC-a müsahibəsində özünün xeyriyyəçilik fəaliyyətinin istiqamətləri barədə danışarkən demişdi: “Mən bizim çox zəngin mədəni ənənələrimizin qorunub saxlanması, nadir tarixi və memarlıq abidələrinin mühafizəsi, təbii mühitin qorunması, istedadlı gənclərə dəstək, bədən tərbiyəsi və idmanın inkişafına kömək məsələlərini də xeyriyyəçilik fəaliyyətinin üstün istiqamətlərinə aid edərdim”. Ötən illərdə görülən işlərə nəzər salsaq bütün bu sahələrdə Mehriban Əliyevanın xeyriyyəçilik missiyasının dərin izlərinin şahidi olarıq. Aztəminatlı ailələri, şəhid ailələrini, məcburi köçkünləri, istedadlı gəncləri əhatə edən bu xeyirxahlıq missiyası Mehriban Əliyevaya milyonların sevgisini qazandırmışdır. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva ilk Avropa Oyunlarının və IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin rəhbəri kimi fəaliyyəti bu yarışların Olimpiya Oyunları səviyyəsində təşkilində mühüm rol oynadı. Uzunmüddət bütün dünyanın diqqət mərkəzində olan Azərbaycan məhz Mehriban Əliyevanın yüksək təşkilatçılıq qabiliyyətinin sayəsində bu mötəbər tədbirlərə uğurla ev sahibliyi etdi. Təsadüfi deyil ki, ilk Avropa Oyunlarının təşkilindəki böyük xidmətlərinə görə Mehriban Əliyeva “Heydər Əliyev” ordeni ilə təltif olundu. Həmçinin Mehriban xanım Əliyevaya idman sahəsindəki xidmətlərinə görə Avropa Olimpiya Komitələrinin ən yüksək mükafatı olan Ali Orden, Beynəlxalq Ədalətli Oyunlar Komitəsinin “Xüsusi xidmətlərə görə” medalı, Beynəlxalq Olimpiya Akademiyasının “Olympic Excellence” xüsusi fəxri mükafatı da təqdim edilib.

Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci vitse-prezidenti Mehriban xanım Əliyeva müxtəlif sahələrdəki xidmətlərinə görə bir çox xarici ölkələrin ən ali orden və medalları, digər çoxsaylı mükafatları ilə təltif olunmuşdur. Bütün bunlar Mehriban xanımın, onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun dünyadakı nüfuzunun, onun fəaliyyətinə verilən yüksək qiymətin göstəricisidir.

“Tolerantlığın ünvanı-Azərbaycan” layihəsi

Azərbaycanda tolerantlıq ənənələrinin qorunmasına xüsusi əhəmiyyət verən Heydər Əliyev Fondu “Tolerantlığın ünvanı - Azərbaycan” layihəsini həyata keçirir. Layihə çərçivəsində dini abidələrdə, ziyarətgahlarda və tikililərdə təmir-bərpa işləri aparılır, mövzuya aid sərgilər təşkil olunur.

2005-ci ildə Bakının Mərdəkan qəsəbəsində XVI əsrə aid Pir Həsən ziyarətgahında, 2006-cı ildə Bakının Binə qəsəbəsindəki Möhsün Səlim məscidində, əsaslı təmir və bərpa işləri aparmışdır. Həmin ildə Gəncədəki Həzrəti Zeynəb məscidi yenidən qurulmuşdur.

2008-ci ilin sentyabrında Heydər Əliyev Fondu və Roma Katolik dini icması arasında imzalanmış Anlaşma Memorandumu çərçivəsində Bakıdakı Müqəddəs Məryəm kilsəsinin asma tavan şüşələri dini mövzuda və klassik vitraj texnikasında işlənmiş bədii şüşələrlə əvəz edilmiş, məbədin fasadında keramik panno yerləşdirilmişdir.

2007-2009-cu illərdə Buzovna qəsəbəsindəki Cümə məscidində, 2012-2013-cü illərdə Binə qəsəbəsindəki İmam Rza və Mərdəkan qəsəbəsindəki Heydər Cümə məscidlərində əsaslı təmir və yenidənqurma işləri aparılmışdır.

2010-2013-cü illər ərzində Azərbaycan ərazisində, bütövlükdə Cənubi Qafqazda və Yaxın Şərqdə ən qədim müsəlman məbədlərindən olan Şamaxı Cümə məscidində əsaslı təmir və yenidənqurma işləri aparılmış, Qəbələdə isə yeni məscid inşa olunmuşdur.

2009-cu ildə Strasburq kafedralının XIV əsrə aid olan beş pəncərəsi bərpa edilmişdir. 1320-1340-cı illərdə salınmış vitraj şüşələrinin üzərində Müqəddəs Məryəmin və İsapeyğəmbərin həyatı əks olunub. 2013-cü ildə Rusiya Federasiyasının Həştərxan şəhərində, MüqəddəsVladimir kilsəsinin qarşısındakı meydanda Knyaz Vladimirin abidəsi ucaldılmışdır.

Həmin ildə Nyu-Yorkda BMT-nin mənzil-qərargahında, Parisdə Azərbaycan Mədəniyyət Mərkəzində, 2014-cü ilin aprelində isə Moskvada Yəhudi Muzeyi və Tolerantlıq Mərkəzində “Azərbaycan - tolerantlıq məkanı” adlı fotosərgi keçirilmişdir. Sərgidə “Tolerantlığın ünvanı - Azərbaycan” layihəsi çərçivəsində Azərbaycana dəfələrlə yaradıcı səfərlər etmiş fotoqraf Reza Deqatinin Azərbaycanda dini tolerantlığı əks etdirən fotoşəkilləri sərgilənmişdir.

Talan edilmiş abidələrimizin bərpası işləri

İşğaldan azad edilən Qarabağda və ətraf rayonlarda minlərlə maddi-mədəni, dini irs nümunəmiz var ki, onların da çox böyük  bir hissəsi işğal dövründə erməni vandalizminə məruz qalıb, düşmən tərəfindən təhqir olunub, dağıdılıb.

Məlum olduğu kimi, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyeva 2020-ci il dekabrın 8-də fondun işğaldan azad edilən ərazilərdəki mədəni-dini abidələrin, məscidlərin bərpası üzrə layihəyə başladığını bəyan etdi. Mehriban xanımın göstərişi ilə icrasına başlanılan layihəyə yerli mütəxəssislərlə yanaşı, xarici ekspertlər də dəvət olundular. Hazırda bərpa prosesində Avstriya, Böyük Britaniya, Bolqarıstan, İtaliya, Latviya, Rusiya, Türkiyə, Gürcüstan və digər ölkələrdən mütəxəssislər iştirak edirlər.

Layihənin icrası üçün xüsusi işçi qrupu yaradılıb və bərpa olunacaq  abidələrin öyrənilməsi məqsədilə ilkin qiymətləndirmə aparılıb. Bərpa işləri dini mənsubiyyətindən asılı olmayaraq bütün abidələri əhatə edir.

Heydər Əliyev Fondu Qarabağda bərpa layihələri ilə yanaşı bölgədə sürətlə aparılan quruculuq işlərinə töhfə vermək məqsədilə yeni dini və mədəniyyət obyektlərinin inşası da nəzərdə tutulur.

Həmin layihə əsasında fond artıq bir sıra mədəniyyət abidələrinin bərpasını başa çatdırıb. 2022-ci ilin avqust ayında Şuşa şəhərində Molla Pənah Vaqifin muzey məqbərə kompleksinin təmir-bərpa və yenidənqurma işləri yekunlaşıb və istifadəyə verilib. Kompleksdə işlərə Heydər Əliyev Fondu tərəfindən 2021-ci ilin mart ayından başlanıb və  abidə tarixi görkəminə uyğun olaraq bərpa edilib. Ötən müddətdə, həmçinin böyük  Azərbaycan şairi  Molla Pənah Vaqifin büstü, görkəmli  bəstəkar  Üzeyir Hacıbəylinin heykəli fondun dəstəyi ilə Şuşa şəhərində yenidən ucaldılıb.

Ümumiyyətlə, Şuşa şəhərində 150-dən çox tarixi abidə mövcuddur. Prezident İlham Əliyevin Şuşanın mədəniyyət paytaxtı elan edilməsi barədə Sərəncam imzalaması şəhərin xüsusi əhəmiyyətə malik olduğunu bir daha göstərir. Buna görə də Şuşanın bərpası və yenidən qurulması xüsusi həssaslıqla aparılır.

Birinci vitse-prezidentin tapşırığına əsasən Heydər Əliyev Fondu Qarabağ ərazisində ermənilər tərəfindən dağıdılan, Azərbaycan xalqının milli sərvəti olan məscidlərin, dini-mədəni abidələrin bərpası ilə yanaşı, həm də bu bölgədəki mədəni ənənələrimizi də bərpa edir.

Təməl prinsiplərində Ulu Öndərin ideyalarına söykənən Heydər Əliyev Fondu Mehriban xanım Əliyevanın rəhbərliyi ilə ötən 20 ildə ölkəmizin inkişafına mühüm töhvələrini verməklə xeyirxahlıq missiyasını, Azərbaycanın bütün sahələrindəki uğurlarını beynəlxalq aləmə təqdim etməklə vətənimizə və xalqımıza ləyaqətlə xidmət göstərmişdir. Heydər Əliyev Fonduna gələcək fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq.

Nazim İsmayılov,

Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü

Paylaş:
Baxılıb: 134 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Sosial

Ədəbiyyat

Kuklaxana

04 May 11:50

Analitik

Siyasət

Xəbər lenti

Siyasət

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31