Yeni Azərbaycan Partiyasının (YAP) təşəbbüsü ilə keçirilən “Şəhid ailələrinə qayğı” aksiyası çərçivəsində YAP Tərtər rayon təşkilatının üzvləri rayondakı şəhid ailələri və qazilərlə görüşləri davam etdirir. Növbəti belə görüş isə fevralın 18-də keçirilib.
Belə ki, YAP Tərtər rayon təşkilatının sədri Ramiz Şabanov, rayon təşkilatının Şura üzvü Azər Ağayev, Kamil Məmmədov və bir qrup fəal YAP üzvü rayonun İsmayılbəyli kəndindən olan şəhid Əlizadə Elşən Faiq oğlunun və Sarıcalı kəndindən olan şəhid Məmmədov Mehdi Elçin oğlunun ailələrini ziyarət ediblər.
Qeyd edək ki, Tərtər rayonunun Suqovuşan qəsəbəsinin azad olunması uğrunda gedən döyüşlərdə şəhid olan hər iki qəhrəman vətən övladı göstərdiyi şücaətə görə (ölümlərindən sonra-red) “Suqovuşanın azad olunması uğrunda” medalı ilə təltif edilib. Şəhid ailələri ilə keçirilən görüşlərdə 44 günlük Vətən müharibəsinin tariximizə qızıl hərflərlə yazılmasında şəhidlərimizin rolundan danışılıb.
Şəhid valideynləri isə Vətənimizin ərazi bütövlüyünün bərpa olunmasında onların övladlarının da iştirakından qürur duyduqlarını deyib, ölkəmizdə şəhid ailələrinə və qazilərə dövlət tərəfindən göstərilən dəstəkdən, xüsusilə də Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısından razılıqlarını bildiriblər.
Rayon təşkilatının sədri Ramiz Şabanov şəhid valideynlərinin problemləri ilə maraqlanıb, şəhid ailələrinə bəzi problemlərinin həlli məqsədilə köməklik göstərilib.
- Oxunub: 2280 |
- Tarix: 23-02-2021 |
-
Çap et |