“Ölkə Prezidenti İlham Əliyevin son 17 ildə həyata keçirdiyi uğurlu siyasətin bariz nəticəsi Azərbaycanın 30 ilə yaxın davam edən münaqişədə qalib tərəfə çevrilməsi və ərazi bütövlüyümüzün birmənalı təsdiqi ilə özünü ifadə edir”. Bu fikri Yeni Azərbaycan Partiyası (YAP) Gəncə şəhər təşkilatı Qadınlar Şurasının sədri, millət vəkili Pərvin Kərimzadə deyib.
Pərvin Kərimzadə bildirib ki, illərdir torpaqlarının 20 faizi düşmən tapdağı altında qalan Azərbaycan “Qarabağ Azərbaycandır!” reallığını cəmi 44 gün ərzində tarixə şərəflə həkk etdirdi. Müzəffər Azərbaycan Ordusu cəbhənin bütün istiqamətlərində uğurlu əks-hücum əməliyyatları keçirərək işğal olunmuş ərazilərimizdən yağı düşməni qovdu, işğalçı Ermənistan hakimiyyətinə layiq olduğu yeri göstərdi. Bu savaş xalq-iqtidar birliyindən güc alan Azərbaycanın qüdrətinin, milli birliyinin sarsılmazlığının göstəricisi oldu. Eyni zamanda, Azərbaycan xalqının qazandığı zəfərin möhtəşəmliyi ölkə başçısı İlham Əliyevin mümkünsüzü mümkünə çevirmək qüdrətindən bəhrələndi. Bu qələbə son əsrlərin ən böyük qalibiyyəti, münaqişənin birdəfəlik bitməsi, Qarabağla yanaşı, Naxçıvanla kommunikasiyaların bərpası, dünya azərbaycanlılarının bir yumruq kimi birləşməsi ilə tarixə yazıldı.
Onun sözlərinə görə, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması, işğalçı Ermənistan hakimiyyətinin təslimçilik aktını imzalaması Azərbaycan xalqının zəfər dastanını yazdı. Zəfərimizin bir parçası olan Şuşanın azad edilməsi müzəffər Azərbaycan Ordusunun gücünün, qüdrətinin dünya hərb salnaməsində xüsusi yer tutmasına haqq qazandırdı. Xan qızı Natavanın, dahi Üzeyirin, bənzəri olmayan, əsrarəngiz səsli Xan Şuşinskinin vətəni olan Şuşanın azad olunması böyük qələbəyə gedən yol oldu.
- Oxunub: 2400 |
- Tarix: 19-11-2020 |
-
Çap et |