“Vətən müharibəsində biz tam qələbə qazanmışıq. Üç ölkə rəhbərinin imzaladığı birgə bəyanat Azərbaycanın maraqlarına cavab verir. Razılaşmaya əsasən, Ağdam, Kəlbəcər və Laçın boşaldılır. İşğaldan azad etdiyimiz bütün məntəqələr və yüksəkliklər bizdə qalır. Eləcə də məcburi köçkünlərimiz bütün Qarabağ ərazisindəki yurdlarına qayıdacaqlar. Razılaşmaları və atəşkəsi təmin etmək üçün bölgədə məhdud sayda sülhməramlılar yerləşdiriləcək. Vəziyyətə nəzarət etmək üçün Rusiya ilə birgə Türkiyə sülhməramlılarının da fəaliyyət göstərəcəkləri ortaq mərkəz yaradılır”. Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov deyib.
V.Seyidov bildirib ki, razılaşmanın mühüm məqamlarından biri Naxçıvanla Azərbaycanın əsas hissəsi arasında kommunikasiyaların bərpa olunmasıdır. Ən əsası isə Dağlıq Qarabağdakı ermənilərə hər hansı status verilməyəcək.
Onun sözlərinə görə, bütün Qarabağda yalnız Azərbaycan bayrağı dalğalanacaq: “Bizə verilən vədlər işğalçının vaxt uzatmaq niyyətinə xidmət edirdi. “Münaqişənin hərbi yolla həlli yoxdur” demək, bu torpaqları gələcək nəsillərə unutdurmaq, işğal faktı ilə bizi barışdırmaq, bizə bu vəziyyəti qəbul etdirmək üçün idi. Ancaq Azərbaycan Prezidenti qətiyyətlə və dəfələrlə qeyd etdi ki, işğal faktı ilə barışmayacağıq. Budur nəticə! Ermənistanın hərbi-siyasi rəhbərliyi artıq diz çöküb. Paşinyan özü, müdafiə naziri və qondarma rejimin rəhbəri etiraf edirlər ki, əgər onlar təslim aktına imza atmasaydılar, bu, onlar üçün fəlakətlə nəticələnə bilərdi. Əslində, hadisələr ermənilər üçün sözün bütün mənalarında hərbi, siyasi, iqtisadi və ictimai xarakterli fəlakətlərlə nəticələnib. Bu gün Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qeyd etdiyi kimi, Paşinyanın qorxaqlar kimi zirzəmidə imzaladığı təslim aktı bizim tam qələbəmizdən xəbər verir. Azərbaycan Ordusu sübut etdi ki, Qarabağ Azərbaycandır!”.
- Oxunub: 2190 |
- Tarix: 18-11-2020 |
-
Çap et |