“Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin imzaladıqları birgə bəyanat torpaqlarımızın 30 ildir davam edən işğalına son qoydu. Belə ki, Ermənistanın təslim olması, sülhə məcbur edilməsi və işğal olunmuş torpaqlardan düşmən qoşunlarının çıxarılması dövlətimiz, xalqımız üçün çox əhəmiyyətli hadisədir”. Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatı Qadınlar Şurasının sədri Məhəbbət İbrahimova deyib.
M.İbrahimovanın sözlərinə görə, Şuşanın işğaldan azad edilməsi, müharibənin dayandırılmasını və Azərbaycanın işğal altındakı ərazilərinin qeyd-şərtsiz boşaldılmasını təmin edən 10 noyabrda elan edilən üçtərəfli bəyanat Azərbaycanın tarixinin zəfər səhifələridir: “Ali Baş Komandanın müdrikliyi, qətiyyəti və Azərbaycan Ordusunun öz gücü və qüdrəti hesabına Azərbaycan böyük qələbə qazandı. Hazırda Azərbaycanın üçrəngli bayrağı Qarabağın ən yüksək zirvələrində dalğalanır”.
“Bütün dünya ictimaiyyəti də Azərbaycan dövlətinin, Azərbaycan Ordusunun nəyə qadir olduğunu bir daha gördü. Bizim cəbhədə əldə etdiyimiz qələbələr qarşı tərəfi təslim olmağa, illərdir istehkamlar qurduqları Laçın, Kəlbəcər, Ağdam rayonlarını boğaltmağa məcbur etdi. Eyni zamanda imzalanan birgə bəyanatdakı bütün müddəalar Azərbaycan maraqlarına cavab verir. Beləliklə, illərdir məcburi köçkün həyatı yaşayan soydaşlarımız həsrət qaldıqları öz yurdlarına qovuşacaqlar. İşğal altındakı 3 rayonun qısa müddətdə boşaldılması ilə yanaşı, Azərbaycanın əsas ərazisi ilə Naxçıvan Muxtar Respublikası arasında quru nəqliyyat yolunun təmin olunması böyük uğurdur. Ən əsası isə Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasına görə Ali Baş Komandana minnətdarıq”, - deyə M.İbrahimova vurğulayıb.
- Oxunub: 2640 |
- Tarix: 17-11-2020 |
-
Çap et |