“Dağlıq Qarabağ münaqişəsi Azərbaycan xalqının xeyrinə həll olundu. Heç bir əsgər bu döyüşlərdə qanından, canından qorxmadı. Əsgərlərimiz 44 gün ərzində Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Hadrut, Şuşa, Suqovuşan, Talış və digər ərazilər uğrunda gedən döyüşlərdə hərb salnaməsinin şanlı səhifələrini yazdılar. Düşmən məğlubiyyətini etiraf edərək, digər torpaqlarımızdan da çəkilməyə razılaşdı. Güclü Azərbaycan Ordusunun cəbhədəki zəfəri ilə yanaşı, siyasi müstəvidə də qələbəni təmin etdik. Böyük zəfərin mübarək, Azərbaycan!”. Bu fikirləri qəzetimizə açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) Nəsimi rayon təşkilatı Gənclər Birliyinin sədri Salman Salmanov deyib.
S.Salmanov bildirib ki, bu, Azərbaycanın həm cəbhədə, həm də siyasət masasında qazandığı qalibiyyətdir: “Cənab Prezidentin yürütdüyü uğurlu siyasi xətt sayəsində yaranmış xalq-iqtidar birliyini hər kəs gördü. Qalib xalq olaraq biz bundan sonra Prezidentimizin ətrafında bir yumruq kimi daha da sıx birləşəcəyik. Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə şanlı ordumuz əks-hücum əməliyyatları ilə torpaqlarımızı addım-addım düşmən işğalından azad etdi. Qazandığımız bu qələbə, həmçinin gəncliyimizə örnək oldu. Onlar gördülər ki, Prezidentin ətrafında bir yumruq kimi birləşən xalq yenilməzdir. Xalqımız neçə illərdən bəri bu qələbənin həsrətində idi. Əsgərlərimizin göstərdiyi qəhrəmanlıq nümunəsi bütün dünyada heyrət doğurub. Belə fədakarlıq yalnız ali məqsəd uğrunda və vətənə olan sonsuz məhəbbət naminə ola bilər. Bir sözlə, sentyabrın 27-dən başlanan zəfər yürüşü xalqımızın Qarabağ torpaqlarında ərazi bütövlüyünün təmin edilməsi ilə başa çatdı”.
- Oxunub: 1800 |
- Tarix: 13-11-2020 |
-
Çap et |