“İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi. Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi qələbəni döyüş meydanında qazandıq. Bu sevinci bizə yaşatdığı üçün Ali Baş Komandan İlham Əliyevə və Onun rəhbərliyi ilə işğalçıları torpaqlarımızdan qovan hərbçilərimizə minnətdarıq”. Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Goranboy rayon təşkilatı Gənclər Birliyinin sədri Həsən Şirinov qəzetimizə açıqlamasında deyib.
H.Şirinov bildirib ki, YAP Goranboy rayon təşkilatının təşəbbüsü ilə 8 noyabrda Şuşa şəhərinin işğaldan azad olunması və 9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə rayon təşkilatının Gənclər Birliyinin könüllü gəncləri Goranboy rayonunda vətəndaşlara 1000-dən artıq bayraq paylayıblar. Bundan başqa, həm də gənclər arasında veloyürüş təşkil edilib.
“Şübhəsiz ki, bu, xalqımızın həyatında ən böyük və yaddaqalan hadisələrdən biridir. Sentyabrın 27-dən başlanan zəfər yürüşü ərazi bütövlüyümüzün təmin edilməsi ilə başa çatdı. Qalan ərazilərin dinc yolla geri qaytarılması hərbi və diplomatik uğurların davamı, məcburi köçkünlərin öz dədə-baba torpaqlarına dönüşü isə bu uğurların ən gözəl nəticəsi olacaq”, - deyə H.Şirinov söyləyib.
- Oxunub: 1650 |
- Tarix: 13-11-2020 |
-
Çap et |