Azərbaycan 44 gün davam edən Vətən müharibəsində itirilmiş torpaqlarını geri qaytardı. 30 il işğal altında olan və çoxlarının işğaldan azad olunacağına inamsız yanaşdığı Qarabağ azad edildi.
Bu müharibə və onun uğurlu nəticəsi Azərbaycan tarixində qızıl səhifədir. Qızıl səhifədir, ona görə ki, vaxtilə Azərbaycan xəritəsi Şərqin ən böyük coğrafiyalarından birinə mailk idi. Təəssüflər olsun ki, tarix boyu itirə-itirə gəlmişik. İtirdiklərimizin geri qaytarılması isə, son 300 ildə tamamilə yeni bir səhifədir. Azərbaycan tarixinə qızıl hərflərlə həkk olunmuş bu səhifəni isə xalqımızın Qəhrəman Oğlu, Ali Baş Komandan, Prezident İlham Əliyev yazdı. Qarabağ müharibəsinin qalibi İlham Əliyev bu möhtəşəm zəfəri ilə yenilməz sərkərdə və çox mahir diplomat kimi adını tarixə yazdırdı.
Şah İsmayıl Xətai dönəmindən başlayaraq xəritəsi zaman-zaman kiçilən Azərbaycan Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə çoxəsrlik tarixində tarixi dönüşə imza atdı.
Tarixi tapdalanmış, qüruru əzilmiş, milli mənliyi şübhə altına alınmış Azərbaycan xalqı işğalçıları it kimi qovmaqla, torpaqlarının əsl tarixinə qaytarmaqla özünü bir millət kimi təsdiq etdi. Bu gün bu torpaqlarda bizimdir, qürurumuz da, ləyaqətimiz də bizimdir. Bu qüruru, bu ləyaqəti, torpaq namusunu Azərbaycan xalqı öz qanı ilə, canı ilə dəmir kimi möhkəm birliyi ilə geri qaytardı.
Tarixi hər zaman misilsiz və müqayisəsiz üstün fərqli keyfiyyətləri özündə cəm edən şəxsiyyətlər və sərkərdələr yazıb. Bu gün Azərbaycan xalqının şanlı tarixini də Ali Baş Komandan İlham Əliyev yazdı. O, bu qələbəni xalqının inamına və iradəsinə arxalanaraq, əsl zərgər siyasəti ilə qazandı. Böyük Sərkərdəmiz İlham Əliyev bu qələbəni güc ilə, hər zaman düşmənə tərəf tuşladığı dəmir yumruğu ilə qazandı.
Bu müharibəni Azərbaycan qazandı. Çünki bu onun haqq işi idi. Bu müharibəni xalqımız qazandı. Çünki onun Ulu Öndər Heydər Əliyevin oğlu İlham Əliyev kimi yenilməz Lideri vardır. Prezident İlham Əliyev zəmanəmizin “Qarabağnamə”sini yazdı.
Bu gün Qarabağımız azaddır. Mayası bu torpaqdan yoğrulmuş hər bir azərbaycanlı indi başını dik tutur, qürurludur, azad nəfəs alır. İndi hər birimiz hər qarışı Şəhid Qanına boyanmış müqəddəs Qarabağ torpağından halallıq almaq istəyirik. Birinci vitse-prezident Mehriban xanım Əliyeva Vətən müharibəsinin ilk günlərində bir çağırış etdi. O, bu çağırışında bir müqəddəs diləyini, duasını dilə gətirdi - “Qoy Uca Tanrı hər bir Azərbaycanlıya müqəddəs Qarabağ torpağını öpməyi nəsib etsin”. Bəli, o dua, o dilək bu gün bizim nəsibimizdir, qismətimizdir.
“Qarabağ Azərbaycandır!” deyən Prezident İlham Əliyev onu tariximizin gerçəkliyi etdi.
Bəli, bu gün Qarabağ Azərbaycandır! Kimin nə deməsindən, bu xalqa, bu millətə həmişə yara olmuş yarasaların, istər xaricdəki, istərsə də daxildəki murdarların nə üfunət yaymasından aslı olmayaraq Qarabağ Azərbaycanındır! Bu böyük həqiqətin altında isə bir imza var - Ali Baş Komandan, Prezident İlham Əliyev.
Hüseyn Paşayev
YAP Siyasi Şurasının üzvü,
YAP Mətbuat Xidmətinin rəhbəri
- Oxunub: 1710 |
- Tarix: 12-11-2020 |
-
Çap et |