Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / YAP İcra Katibliyində Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev mətbuat konfransı keçirib

YAP İcra Katibliyində Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev mətbuat konfransı keçirib

01.11.2019 [09:52]

Muxtar Babayev: Birinci vitse-prezident Mehriban xanım Əliyevanın 650 min ağac əkilməsi ilə bağlı təşəbbüsü cəmiyyətimizdə böyük rəğbətlə qarşılanır
Oktyabrın 31-də Yeni Azərbaycan Partiyasının (YAP) İcra Katibliyində Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev mətbuat konfransı keçirib. M.Babayev bildirib ki, Azərbaycanda ətraf mühitin qorunması dövlət siyasətinin prioritetlərindən biridir və Prezident İlham Əliyev bu məsələni xüsusi diqqət mərkəzində saxlayır. Onun sözlərinə görə, ekologiyanin qorunması, ətraf mühitin mühafizəsi hər kəsin vətəndaşlıq borcudur. Nazir bu istiqamətdə Yeni Azərbaycan Partiyası ilə birgə fəaliyyət proqramı həyata keçirildiyini qeyd edib. M.Babayevin fikrincə, birgə səylərin göstərilməsi, ictimai dəstək qarşıya qoyulan məqsədlərin uğurla reallaşmasına böyük stimul verir. Dünyanın əsas qlobal çağırışlarından olan ekoloji tarazlığın qorunması, ətraf mühitin mühafizəsi kimi məsələlərin həllinə birgə dəstəyimiz əsasında töhfələr vermək faydalıdır. “ETSN-də Yeni Azərbaycan Partiyasının 5 mindən artıq üzvü çalışır. Gənc kadrlar irəli çəkilir və keyfiyyət cəhətdən təşkilatlanmaqda davam edir. 2019-cu ilin 5 iyul tarixində YAP-la ətraf mühitin mühafizəsi və ekoloji layihələrin həyata keçirilməsi istiqamətində birgə fəaliyyət proqramı imzalanıb. Proqram çərçivəsində “Gənc nəslin ətraf mühitin mühafizəsində rolu” mövzusunda yay məktəbi, 12 avqustda “Xəzər günü” ilə əlaqədar Buzovna çimərliyi ərazisində dəniz sahilinin plastik və digər tullantılardan təmizlənməsi məqsədilə “Xəzərin mühafizəsində birik, birlikdəyik” devizi altında iməcilik keçirilib” – deyə nazir vurğulayıb.
Nazir xüsusilə qeyd edib ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə 2019-cu ilin payız əkin mövsümündə böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar respublikamızın bütün bölgələrində bir gün ərzində 650 min ağac əkilməsi planlaşdırılır. Onun sözlərinə görə, əkiləcək ağaclar ölkəmizdə yetişdirilib. M.Babayev deyib ki, ağacların əkilməsindən sonra onlara aqrotexniki qulluğun göstərilməsi də vacib məsələdir. “Ona görə də, bütün ölkə ictimaiyyətini bu prosesdə fəal olmağa çağırırıq. Bütövlükdə, Mehriban xanım Əliyevanın 650 min ağac əkilməsi ilə bağlı təşəbbüsü cəmiyyətimizdə böyük rəğbətlə qarşılanır” – deyə nazir vurğulayıb.
M.Babayev söyləyib ki, atmosfer havasının çirkləndirilməsinin qarşısının alınması ilə bağlı mütəmadi olaraq tədbirlər görülür. Belə ki, atmosfer havasına atılan tullantıların zərərsizləşdirilməsi məqsədilə ölkənin iri şəhərlərində 500-ə yaxın iri ictimai-iaşə obyektində təmizləyici qurğuların quraşdırılması təmin olunub. Nəqliyyat sektoruna gəlincə, hazırda istismar olunan 1 milyon 402 mindən artıq nəqliyyat vasitəsindən 35%-nin istehsal tarixi 10 ildən, 23%-nin istehsal tarixi 20 ildən, daha 19,1%-nin istehsal tarixi isə 30 ildən yuxarıdır. 2016-cı illə müqayisədə 2018-ci ildə avtomobil idxalı 5 dəfədən çox artıb. Nəqliyyat sektorundan atmosferə zərərli təsirlərin azaldılması üçün ölkənin avtomobil parkının yenilənməsi, habelə ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrindən istifadənin genişləndirilməsini təşviq edən müxtəlif vergi, gömrük güzəştləri, subsidiyaların tətbiq edilməsi səmərəli ola bilər. Ölkədə ekoloji vəziyyəti yaxşılaşdırmaq, eləcə də yerli avtomobil istehsalını stimullaşdırmaq məqsədilə köhnəlmiş, texniki təhlükəsizlik baxımından və ekoloji cəhətdən yararsız nəqliyyat vasitələrinin dövriyyədən çıxarılması məqsədilə İqtisadiyyat Nazirliyi tərəfindən nəqliyyat vasitələrinin utilizasiyası proqramı hazırlanır.
Su məsələlərinin də daim diqqət mərkəzində olduğunu deyən nazir bildirib ki, ölkənin su ehtiyatları Cənubi Qafqazın su ehtiyatlarının 15%-ni təşkil edir. Su ehtiyatlarımız son onilliklərdə azalıb və beynəlxalq iqlim modellərinə əsasən su ehtiyatlarının gələcəkdə də azalma ehtimalı var. Bildirilib ki, Kür çayının aşağı axımında suyun səviyyəsi müxtəlif məntəqələrdə 2018-ci il ilə müqayisədə 20 sm-dən 100 sm-dək aşağıdır. Mingəçevir su anbarının səviyyəsi təkcə oktyabr ayı ərzində 33 sm azalıb və hazırda 68,54 m təşkil edir (2018-ci ilin oktyabrında səviyyə 70,78 m təşkil edirdi). Ölkədə il ərzində su mənbələrindən götürülən 12.8 milyard m3 suyun 3.6 milyard m3 (28%) itkiyə gedir.
Əsas su itkiləri torpaq məcrada tikilmiş suvarma kanalları və təsərrüfatdaxili suvarma şəbəkələrində baş verir. Suların dəqiq uçotunun aparılması, eləcə də tullantı suların təkrar dövriyyəyə qaytarılaraq texniki məqsədlər üçün istifadə olunmasına qədər bütün sistemin təkmilləşdirilməsi təklif olunur.
M.Babayev, həmçinin qeyd edib ki, iqlimin sürətlə istiləşməsi tendensiyası ölkəmizdə də özünü büruzə verir: “Hava-iqlim prosesləri ilə bağlı risklər artır. Araşdırmalar göstərir ki, 1991-2017-ci illər ərzində Azərbaycanda havanın orta temperaturu 1,4 dərəcə yüksəlib. İki dövr arasında - 1961-1990 və 1991-2017-ci illər üzrə aparılmış müqayisəli təhlillərə görə, Azərbaycanda atmosfer yağıntılarının miqdarı orta hesabla 14% azalıb. Bu proseslərin qarşısını almaq mümkün deyil, lakin beynəlxalq təcrübə göstərir ki, əvvəlcədən xəbərdarlıq verməklə onların fəsadlarını nisbətən yumşaltmaq olar. Təhlükəli hidrometeoroloji hadisələrə qarşı dayanıqlılığı təmin etmək məqsədi ilə ölkədə erkən xəbərdarlıq sisteminin təkmilləşdirilməsi istiqamətində işlərə başlanılıb. Hidrometeoroloji proqnoz və xəbərdarlıqların dəqiqliyinə xidmət göstərən müasir müşahidə sistemləri olan radarların, atmosferdə müxtəlif hündürlüklər üzrə baş verən dəyişmələri izləmək üçün radiozondların, dəniz avtomat hidrometeoroloji stansiyaların tətbiqi və modernləşdirilməsi işləri görülür”.
Nazirin sözlərinə görə, azmeşəli ölkə kimi Azərbaycanda meşələrin artırılması və mühafizəsi prioritet istiqamətlərimizdən biridir. Ölkə ərazisinin 95%-nin qazla təmin olunması hesabına meşələrə neqativ təsirlərin miqyası əhəmiyyətli dərəcədə azalıb. Meşəyə qulluq məqsədilə tədarük olunan oduncaq, hələ ki, qazlaşmayan yaşayış məntəqələrinin sakinlərinə, Təhsil, Səhiyyə müəssisələrinə, Müdafiə Nazirliyinin, Daxili və Sərhəd Qoşunlarının hərbi hissələrinə qış yanacağı kimi verilir. Meşə fondunun açıq sahələri ərzaq təhlükəsizliyini təmin etmək və ərzaq bolluğu yaratmaq məqsədilə hüquqi və fiziki şəxslərə aqrobağların salınması üçün uzunmüddətli icarəyə verilir. Meşələrin mühafizəsini və yanğından təhlükəsizliyini təmin etmək məqsədilə Zaqatala, Şəki, Qax, Oğuz və Qəbələ rayonlarında müşahidə kameraları quraşdırılıb və bu istiqamətdə işlər davam edir. Meşələrin dayanıqlı inkişafını təmin etmək məqsədilə kənar təsirlərə daha çox məruz qalan yerlərdə yüngül konstruksiyalı çəpərləmə işləri aparılır.
Kadr potensialını artırmaq məqsədilə meşə mühəndislərinin hazırlanması üçün gənclər Rusiya Federasiyasının və Türkiyə Respublikasının ali məktəblərinə göndərilir. Ümumilikdə son 1 il ərzində nazirliyin 10% işçisi treninqlərə cəlb olunub.
Nazir eyni zamanda qeyd edib ki, “Azərbaycan Respublikasında plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirinin azaldılmasına dair 2019-2020-ci illər üçün Tədbirlər Planı” icra olunur. Geniş istifadə olunan plastik torbalardan istifadənin mərhələli şəkildə məhdudlaşdırılması və alternativ materiallardan istifadənin genişləndirilməsi üçün tədbirlər görülür. Azərbaycanda yüngül çəkili polietilen torbaların dövriyyəsinin məhdudlaşdırılması ilə bağlı təkliflər aidiyyəti qurumlarla razılaşdırılaraq Nazirlər Kabinetinə təqdim edilib. Qalınlığı 15-50 mikron olan polietilen torbaların ödənişli olması ilə bağlı sənəd layihəsi isə razılaşdırma mərhələsindədir.
Ekoturizmin inkişaf etdirilməsinə gəlincə, M.Babayevin sözlərinə görə, xüsusi mühafizə olunan ərazilərin genişləndirilməsi çərçivəsində dövlət başçısının Fərmanı ilə Qızılağac Milli Parkı yaradılıb, həmçinin Zaqatala-Balakən regionunda ölkədə ilk biosfer qoruğun yaradılması və turizm potensialı olan ərazilərdə ekoturizmin inkişaf etdirilməsi istiqamətində işlər aparılır. Milli parklara bu ilin 9 ayı ərzində 82680 nəfər səfər edib. Sevindirici haldır ki, əvvəlki illərdə yalnız Göygöl milli parkına turist marağı qeydə alınırdısa, 2019-cu ildə digər milli parklara səfər edən turist sayı orta hesabla 3 dəfəyədək artıb. Milli parklarda 111 turizm marşrutu yaradılıb, beynəlxalq ekspertlərin iştirakı ilə “Milli parklarda ekoturizmin davamlı inkişafına dair” 2020-2023-cü illər üzrə Fəaliyyət Planının işlənilməsinə başlanılıb.
Diqqətə çatdırılıb ki, Heydər Əliyev Fondunun və IDEA ictimai birliyinin dəstəyi ilə 12 baş Avropa bizonu Azərbaycan təbiətinə buraxılıb. Ceyranların tarixi ərazilərinə köçürülməsi işləri davam etdirilib və reintroduksiya olunmuş ceyranların sayı 220 başa çatdırılıb.
Qeyd olunub ki, Azərbaycan Respublikasının geoloji, coğrafi, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbiət obyektlərinin qorunması istiqamətində YUNESKO ilə əməkdaşlıq genişləndirilir. YUNESKO-nun Ümumdünya İrs Komitəsinin bu il Bakıda keçirilmiş 43-cü sessiyasında qəbul edilmiş Qətnamə ilə Azərbaycan Respublikası Hirkan meşələrinin Ümumdünya Təbii İrs Siyahısına salınması üçün dəvət edilmişdir. Hirkan meşələri nominasiyasına paralel olaraq, həmçinin ölkəmizdəki palçıq vulkanlarının Ümumdünya İrs Siyahısına daxil edilməsi ilə bağlı müvafiq sənədləşmə işlərinə başlanılıb.
Göstərilən xidmətlərin təkmilləşdirilməsi, şəffaflığın artırılması və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə dövlət ekoloji ekspertizası üzrə müvafiq icazələrin, eyni zamanda vəhşi heyvan və balıq ovuna icazələrin verilməsi “ASAN xidmət” mərkəzi vasitəsilə həyata keçirilməyə başlanılıb.
Daha sonra M.Babayev jurnalistlərin suallarını cavablandırıb.
Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 608 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Siyasət

Xəbər lenti

Siyasət

Növbəti təxribat

28 Mart 10:05

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31