
Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 26-cı ildönümü münasibətilə YAP Sumqayıt şəhər təşkilatında tədbir keçirilib. Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə Yeni Azərbaycan Partiyasının fəaliyyətinə həsr olunmuş qısametrajlı film nümayiş etdirilib.
Tədbirdə çıxış edən YAP Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov YAP-ın yaranma tarixindən, həmin dövrlərdəki siyasi proseslərdən, ölkədə hökm sürən hərc-mərclikdən bəhs açıb. Qeyd edilib ki, Ulu öndər Heydər Əliyevin qurucusu olduğu YAP-ın təsis konfransı 1992-ci il noyabrın 21-də Naxçıvanda keçirilib. Natiq qeyd edib ki, YAP-ın yaranması tarixi zərurətdən irəli gəlib və bu gün YAP regionun ən mütəşəkkil siyasi təşkilatıdır: “Azərbaycan xalqı əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən, özündə milli maraqlarımızı ehtiva edən siyasi kursun ətrafında birmənalı şəkildə birləşib. Regionun lider dövləti olan Azərbaycanın nailiyyətlərinin arxasında vətəndaş həmrəyliyi və aparılan uğurlu dövlət siyasəti dayanır”.
Çıxış edən YAP Sumqayıt şəhər təşkilatının veteranı Əvəz Lələdağ Yeni Azərbaycan Partiyasının tarixi zərurətdən, sosial sifarişdən yaranması və ağır ictimai-siyasi proseslərdən şərəflə çıxmasından, ötən 26 il ərzində qazanılan uğurlardan geniş söhbət açıb.
Tədbirdə çıxış edən Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısının 1-ci müavini Teymur Səmədov, Sumqayıt Dövlət Universitetinin Azərbaycan və Şərqi Avropa tarixi kafedrasının müdiri, tarix elmləri doktoru Şirxan Səlimov, YAP Sumqayıt şəhər təşkilatı idarə heyətinin üzvü Nigar Cəfərova və Uşaq xəstəxanasının şöbə müdiri, ərazi ilk partiya təşkilatının sədri Sehri Babayeva Azərbaycan xalqının arzu və istəklərindən yaranan, ölkəmizin avanqard siyasi qüvvəsinə çevrilən Yeni Azərbaycan Partiyasının əldə etdiyi nailiyyətlərdən danışıb, ötən 26 ildə hər zaman dövlət maraqlarının keşiyində dayandığını qeyd ediblər.
Tədbirdə YAP Sumqayıt şəhər təşkilatının ictimai-siyasi həyatında fəal iştirakına görə bir qrup partiya fəalına Fəxri fərmanlar, YAP sıralarına qəbul olunmuş gənc üzvlərə isə partiya vəsiqələri təqdim olunub.
- Oxunub: 7350 |
- Tarix: 23-11-2018 |
-
Çap et |