
Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 26-cı ildönümü münasibətilə YAP Şirvan şəhər təşkilatı tədbir keçirib. Tədbir iştirakçıları öncə Ulu öndər Heydər Əliyevin abidəsi önünə tər çiçəklər düzüblər, Ümummilli liderin xatirəsi ehtiramla yad olunub.
Daha sonra tədbirdə geniş məruzə ilə çıxış edən YAP Şirvan şəhər təşkilatının sədri Samid Abıyev partiyanın yaranma tarixindən, ötən illər ərzində əldə edilən nailiyyətlərdən bəhs açıb. Bildirilib ki, ötən 26 ildə Yeni Azərbaycan Partiyası hər zaman milli maraqların keşiyində dayanan, xalqımızın, dövlətimizin mənafeyinə xidmət göstərən siyasi qüvvə kimi tanınıb: “Yeni Azərbaycan Partiyası Ulu öndər Heydər Əliyev ideyaları əsasında yaranan partiyadır. Ötən illər ərzində xalqın partiyasına çevrilməyi bacaran YAP bu gün də cəmiyyətimizin aparıcı qüvvəsidir. Ətrafında 100 minlərlə üzvü birləşdirən Yeni Azərbaycan Partiyası ötən 26 ildə keçirilən bütün seçkilərdə mühüm qələbələr əldə edib. Bu, xalqımızın partiyamıza olan sevgisinin bariz nümunəsidir”.
Tədbirdə Şirvan şəhər Gənclər və İdman İdarəsinin rəisi Azər Quliyev “Yeni Azərbaycan Partiyası və gənclər siyasəti”, Şirvan şəhər Təhsil Şöbəsinin müdiri Rövşən Allahverdiyev “Müstəqillik illərində Azərbaycan təhsilinin inkişafı”, 14 saylı tam orta məktəbin direktoru Samirə İsmayılova “Ulu öndər Heydər Əliyevin Azərbaycançılıq ideologiyası və müasir dövr” mövzularında çıxış ediblər.
Tədbirdə YAP-ın yaranmasının 26-cı ildönümü münasibətilə şəhər məktəbliləri arasında keçirilən yazı müsabiqəsinin qalibləri də Fəxri fərmanlarla mükafatlandırılıblar.
Pərviz SADAYOĞLU
- Oxunub: 9270 |
- Tarix: 23-11-2018 |
-
Çap et |