“Əsrlərboyu bizi xalq kimi, millət kimi qoruyub saxlayan bizim ana dilimizdir. Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan dilinin qorunması hamımızın vəzifəsidir”. Bu fikirləri Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlı deyib.
Sabir Rüstəmxanlı bildirib ki, cənab Prezidentin Azərbaycan dili haqqında səsləndirdiyi fikirlər, ortaya qoyduğu mövqe yüksək qiymətə layiqdir. Prezidentimizin söylədiyi kimi, zənginliyi nöqteyi-nəzərindən Azərbaycan dilinin dünya dilləri arasında xüsusi yeri var. Onun sözlərinə görə, Prezident İlham Əliyev çox doğru olaraq söyləyib ki, Mədəniyyət Nazirliyi Azərbaycan Milli Elmlər Akademiyası, Təhsil Nazirliyi və digər aidiyyəti qurumlarla birlikdə Azərbaycan dilinin qorunması üçün çox ciddi işlər aparmalıdır. Müxtəlif tədbirlər görülür, proqramlar var, ancaq gündəlik həyat onu göstərir ki, biz bəzi hallarda dilimizin saflığının pozulmasını görürük.
“Azərbaycan dilinin qorunması dövlət müstəqilliyini qazanandan təxminən 30 il ərzində davamlı olaraq müzakirə olunan mövzudur. Ana dilinin qorunması ilə bağlı müvafiq komissiya da yaranıb. Cənab Prezidentin dil məsələsinə toxunması Azərbaycanın ardıcıl apardığı dil siyasətinin yeni təzahürüdür. Dilimiz mütləq qorunmalıdır. Azərbaycan dili indiki şəraitdə dünyaya da açıq olmalıdır. Çünki ölkəmiz dünyaya açıq ölkədir. Dünya ölkələri ilə əlaqələrimiz mövcuddur. Həmçinin sosial media vasitəsilə də dilimizə xaricdən kənar sözlər, terminlər daxil olur. Əgər bu sözlər maneəsiz formada dilimizə daxil olarsa, dil öz təmizliyini qoruyub saxlaya bilməz. Ona görə də bu məsələlər daimi nəzarətdə olmalıdır”, - deyən partiya sədri qeyd edib ki, bu gün dünyada 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir.
S.Rüstəmxanlı söyləyib ki, Şuşanın Azərbaycanın mədəniyyət paytaxtına çevrilməsi, “Vaqif poeziya günləri”nin keçirilməsi, ənənələrimizin bərpası, eləcə də ana dilimizə mədəniyyətimizin bir parçası kimi baxmaq lazımdır.
NARDAR
- Oxunub: 1650 |
- Tarix: 12-01-2021 |
-
Çap et |