Dünyanı öz ağuşuna alan yeni növ koronavirus infeksiyasına qarşı mübarizə davam edir. Artıq bir müddətdir ki, ölkəmizdə peyvəndləmə ilə bağlı aparılan işlər yekunlaşmaq üzrədir. Bu da onu deməyə əsas verir ki, yaxın zamanda Azərbaycanda peyvəndləmənin tətbiqinə başlanılacaq. Ekspertlərin sözlərinə görə, peyvənd olunana qədər 3 qızıl qayda yenə də qüvvədə qalmalıdır. Yəni əllərin yuyulması, tibbi maska taxılması və sosial məsafənin gözlənilməsi vacibdir.
Öz növbəsində həkim-terapevt Səbinə Həmidova deyib ki, tibbi maska qoruyucu vasitədir, ondan istifadə etməməklə həm özümüzü, həm də ətrafımızı yoluxdura bilərik: “Bir tibbi maskadan dəfələrlə istifadə etmək, onu çantada, cibdə gəzdirmək və yenidən istifadə etmək yoluxma riskini artırır. Qoruyucu maskanın istifadəsi ilə yanaşı, əl və respirator gigiyena qaydalarına əməl olunmalıdır. Asqırarkən, öskürərkən ağzımızı dirsək bükümü ilə örtməliyik və ya birdəfəlik salfetlərdən istifadə etməliyik ki, virusu yaymayaq. Bunlar hamısı qoruyucu tədbirlərdir. Qeyd edim ki, şəxsi gigiyenaya əməl etmək bir sıra infeksiyalardan qorunmaqda mühüm rol oynayır”.
Həkim vurğulayıb ki, nə qədər ki, karantin qaydalarına əməl etməyənlər, mövcud gigiyenik tələblərə etinasız yanaşanlar var koronavirus həyatımızdan çəkilib getməyəcək: “Özündə xəstəliyin əlamətlərini hiss edən şəxs evdən bayıra çıxaraq işə gedir və ya qonaqlıqda iştirak edir. Yaxud müalicə olunan xəstə bir həftə sonra səhhətində bir az yaxşılaşma baş verən kimi çölə-bayıra çıxaraq ətrafdakıları yoluxdurur. Məsuliyyətsizlik nəticəsində başqalarının da yoluxması, xəstələnməsi və müxtəlif fəsadlarla üzləşməsinə səbəb olanlar isə mütləq ictimai qınağa tuş olmalı və hətta cəzalandırılmalıdırlar”.
Həkim-terapevt onu da qeyd edib ki, qidalanma zamanı C vitamini ilə zəngin sitrus meyvələrindən çox istifadə etmək lazımdır: “Həmin meyvələrə qarşı allergiyası olanlar isə kartof, bolqar bibəri, gül və brokkoli kələmindən istifadə edə bilərlər. Eyni zamanda, xörəklərdə soğan və sarımsaqdan istifadə etmək də faydalıdır. Paxlalı bitkilər də təbii immunomodulyator sayılır və onlardan istifadə etmək də səmərəlidir. Həftədə iki-üç dəfə onlardan istifadə etmək olar”.
MÜŞFİQƏ
- Oxunub: 1920 |
- Tarix: 12-01-2021 |
-
Çap et |