Rauf Əsədov
Mühafizə Alayının komandiri
vəzifəsini icra edən ədliyyə mayoru
1918-ci ilin may ayının 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə Azərbaycanda dövlətçiliyin demokratik əsaslarla formalaşması prosesi başlandı. Azərbaycan Xalq Cümhuriyyəti Şərqdə ilk dövlətçilik ənənələrinin təməlini qoydu, yeni hüquq sistemi formalaşdı və qanunvericilik aktları qəbul olundu.
Demokratik Cümhuriyyətdə hökumətin və parlamentin gördüyü işlər müstəqil dövlətin möhkəmləndirilməsinə xidmət edirdi. Azərbaycan Ordusunun yaranması, iqtisadiyyatın gücləndirilməsi və mədəniyyətimizin inkişafı yolunda böyük işlər görüldü və bir sıra hüquqi aktlar qəbul olundu. Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə bir gündə Ədliyyə Nazirliyi də təsis edildi. 1918-ci ilin noyabr ayının 22-də Ədliyyə Nazirliyinin Əsasnaməsi təsdiq olundu. Müstəqil Azərbaycan Cümhuriyyəti Ədliyyə Nazirliyi dövlətçiliyin inkişafında mühüm rol oynadı. Ədliyyə Nazirliyi ölkənin hüquq sahəsində qanunçuluğu təmin etmək məqsədilə qısa müddət ərzində məhkəmə sistemində mühüm işlər görə bilmişdir. Azərbaycan Xalq Cümhuriyyətində prokurorluq orqanları müstəqil olaraq fəaliyyət göstərmiş və Azərbaycan məhkəmə sisteminin nizamnaməsi qəbul olunmuşdur. Bununla yanaşı, cəzaçəkmə müəssisələri Ədliyyə Nazirliyinin tabeçiliyinə verilmişdir.
Azərbaycan Xalq Cümhuriyyəti Sovetlər imperiyası tərəfindən süquta uğradıldıqdan sonra 13 may 1920-ci ildə Ədliyyə Nazirliyi ləğv edilmiş və əvəzində Xalq Ədliyyə Komissarlığı qurulmuşdur. Xalq Ədliyyə Komissarlığı məhkəmə kadrlarının hazırlanması, məhkəmə və prokurorluq orqanlarına nəzarəti, həmçinin notariat orqanlarının işini təşkil etmişdir.
1970-ci ildə Azərbaycan SSR Ali Sovetinin qərarı ilə Ədliyyə Nazirliyinin yenidən qurulması Azərbaycan Ədliyyəsinin tarixində mühüm rol oynamışdır.
Azərbaycan Ədliyyəsinin bu mərhələdə inkişaf tarixi Ümummilli Lider Heydər Əliyevin sovet Azərbaycanına rəhbərlik etdiyi bir dövrə təsadüf edir. SSR-nin süqutundan sonra Azərbaycan yenidən öz müstəqilliyini elan etdi. Müstəqillik illərinin ilk vaxtlarında Azərbaycanda yaranan xaos və hərc-mərcliyin qarşısının alınması məqsədilə xalqın təkidi ilə Ulu Öndər Heydər Əliyev hakimiyyətə qayıtdı. Heydər Əliyevin hakimiyyətə qayıdışı ölkədə sabitliyin, hüquqi-demokratik dövlətin yaranmasının qarantı oldu. Ümummilli Lider ölkə vətəndaşlarının hüquq və azadlıqlarının təmin edilməsi, müstəqil məhkəmə sistemi yaradılması prinsiplərinə əsaslanan ədliyyə orqanlarının yenidən təkmilləşdirilməsini təmin etdi. 11 noyabr 2000-ci il tarixli Sərəncamla, 22 noyabr Ədliyyə Nazirliyinin ilk Əsasnaməsi təsdiqləndiyi gün Respublikamızda ədliyyə işçilərinin peşə bayramı günü kimi qeyd olunmağa başladı.
Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ədliyyəsi inkişaf yolunda bir çox uğurlar əldə etmişdir. Prezident İlham Əliyevin sərəncamları ilə Azərbaycan Ədliyyəsinin inkişafına dair dövlət proqramı ilə təsdiq olunmuş müsbət göstəricilər əldə olunmuşdur.
Qeyd edə bilərəm ki, Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri sayəsində formalaşan və inkişaf yoluna qədəm qoyan Azərbaycan Ədliyyəsi bu gün Prezident Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə öz şərəfli vəzifəsini uğurla davam etdirir.
Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Mühafizə Alayı müstəqil dövlətimizin və xalqımızın inkişafı yolunda hər zaman dövlətə və dövlətçiliyə sadiqliyini nümayiş etdirmişdir. Mühafizə alayının əsas vəzifələri Penitensiar Xidmətin cəzaçəkmə müəssisələrinin mühafizəsi və müdafiəsidir. Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Mühafizə Alayında aparılan islahatlar nəticəsində Alayın əməkdaşlarının və müddətli həqiqi hərbi qulluqçularının sosial rifahının və məişət şəraitinin yaxşılaşdırılması Alayda xidmətin hüquqi qanuni akt və nizamnamələrin tələblərinin əsasında qurulmasını təmin edir.
Azərbaycan Ədliyyəsinin bu ilə təsadüf edən 102 yaşı daha əlamətdardır. Çünki 2020-ci il Azərbaycan xalqı üçün tarixi ildir. Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrimizin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun apardığı uğurlu əks-hücum əməliyyatları nəticəsində Ermənistanın 30 ilə yaxın davam edən işğalçılıq siyasətinə son qoyuldu. Qeyd etmək istərdim ki, işğal olunmuş torpaqların azad edilməsi və ərazimizin bərpa olunması həm də vətəndaşlarımızın hüquqlarının bərpası və güclü bir dövlətin əsasını bərqərar edir. Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanının rəhbərliyi ilə 44 gün ərzində əldə etdiyimiz böyük qələbə hərb tarixinə düşəcək uğurlarımızdandır. Azərbaycan Ədliyyəsinin 102 illiyinin əldə etdiyimiz şanlı qələbə ilə bir vaxta təsadüf etməsi bu tarixi daha da əhəmiyyətli edir.
- Oxunub: 2790 |
- Tarix: 20-11-2020 |
-
Çap et |